Xruşov Azərbaycan KP MK-nın birinci katibinə niyə qəzəblənmişdi?

«Yoldaş Mustafayev, siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz...” – bu ittihamları Nikita Xruşov yüksək səs tonu və qəzəblə 1959-cu ilin iyun ayında Mərkəzi Komitənin iclasında Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə ünvanlayıb.
Nikita Xruşov
Xruşovun qəzəb cə sərtliyinə, İmam Mustafayevə qarşı söylədiyi ittihamlara səbəb nə olub?
İmam Mustafayev Azərbaycana 1954-cü ildən rəhbərlik etməyə başlayıb. Yəni, o, Xruşovun hakimiyyətdə olduğu dövrdə bu vəzifəyə gəlib. Əslində, Xruşov Mustafayevi müttəfiq respublikaların ən yaxşı birinci katiblərindən biri kimi qəbul edib. Hətta Mərkəzi Komitənin müttəfiq respublikalarda partiya orqanlarına nəzarət şöbəsinin əməkdaşları Mustafayevin fəaliyyəti haqqında Xruşova mənfi arayış təqdim edəndə, baş katib bu arayışın qərəzli olduğunu bildirib. Amma həmin şöbənin müdiri Vladimir Semiçastnı və onun müavini İosif Şikin Xruşovla görüşərək arayışda heç bir qərəzin olmadığını „sübut” edəndə, baş katib məsələni Mərkəzi Komitənin iclasında müzakirəyə çıxarmağı qərara alıb.
Beləliklə, Mərkəzi Komitənin geniş tərkibli iclasında Azərbaycanla bağlı məruzə dinlənilib. Məruzəçi İosif Şikin olub.
Şikin məruzəsinə Azərbaycanın iqtisadi vəziyyətindən başlayıb. O, qeyd edib ki, respublikada pambıqçılığın səviyyəsi sabit qalsa da, heyvandarlıq sahəsində böyük problemlər var. Belə ki, kolxoz və sovxozlarda iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, şəxsi adamlarda isə kəskin şəkildə artıb. Bunun nəticəsi olaraq, Bakının ərzaq mağazalarında ət və süd məhsulları defisitə çevrilib. Məruzəçi konkret rəqəmlərə istinad edərək qeyd edib ki, hazırda ailələrin şəxsi istifadəsində 2-3 inək, 50-60 qoyun var. Buna görə də həmin insanlar sovet cəmiyyətinə və sovet siyasətinə lazım olan kimi baxmırlar, bu isə ağır siyasi fəsadların yaranmasına səbəb ola bilər.

 Məruzənin bu məqamında Xruşov əlini stola çırpıb:
— Bax, bu da bizim kommunistlər, etibar etdiyimiz insanlar...

İosif Şikin daha “həssas” bir məqama toxunub:
— Respublikanın rəhbərliyi millətçilik ruhunu gizlətmədən Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin qərar və göstərişlərini icra etməməkdən belə çəkinmir. Bir faktı qeyd etmək kifayətdir. Azərbaycanın rəhbərliyi Qaradağ-Tbilisi qaz kəmərinin çəkilməsinə etiraz edərək, əsas gətiriblər ki, qaz onların özlərinə çatmır. Amma bu əsas səbəb deyil. Əsas səbəbi Bakı rəhbərlərindən biri dilə gətirib: „Qaz bizimdir və biz onu gürcülərə vermək istəmirik”.
Xruşov bu fakta qarşı daha da qəzəblənib:

— Deməli, belə çıxır ki, onlar istədikləri qədər qazdan istifadə edəcəklər, gürcülər və ermənilər isə qazsız qalacaqlar. Ola bilməz, bu mümkün deyil.

İosif Şikin sonra daha “incə məqamları” açıqlamağa davam edib:
— Məlum olduğu kimi, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili statusu alması ilə bağlı qanun qəbul edilib. Bu qanundan sonra respublika rəhbərliyi bütün müəssisələrdə Azərbaycan dilinə keçidlə bağlı sərt tələblər qoyublar. Nəzərə alınmayıb ki, 1950-ci illərin sonlarında respublika əhalisinin üçdə iki hissəsi qeyri-azərbaycanlılar olub. Və bu qanundan sonra qayri-azərbaycanlıların vəzifələrdən kütləvi şəkildə azad olunması başlayıb. Bu haqda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı Mirzə İbrahimov fikirlərini açıq bəyan etməkdən çəkinməyib: „İndi 20-ci illər deyil. Hazırda bizim kifayət qədər kadrlarımız var ki, qeyri-azərbaycanlıları əvəz etsin”.

İclasın stenoqramına nəzər salsaq şahidi olarıq ki, həmin iclasda Nikita Xruşov məruzəçinin çıxışını bir neçə dəfə kəsib, “bax, bu da bizim kommunistlər” deyə təəccübdən hiddətlənib.
İosif Şikin çıxışında həmçinin Mirzə İbrahimovun Azərbaycan Dövlət Universitetində keçirdiyi görüşlərin birində söylədiyi ifadələri də iclas iştirakçılarının diqqətinə çatdırb: „Ziyalı öz doğma dilində danışa bilmirsə, yaxud öz doğma dilini bilib danışmaq istəmirsə, o, alçaq, yaramaz və satqındır...”

Bu məqamda Xruşov üzünü iclasda iştirak edən İmam Mustafayevə tutub:
— Yoldaş Mustafayev, belə bir hadisə olub?
— Bəli, olub. Amma biz buna görə onu tutduğu vəzifədən azad etmişik.

Mustafayevin cavabı Xruşovun qəzəbini soyutmayıb:
— Belələrini təkcə işdən çıxartmaq yox, partiya sıralarından da xaric etmək lazımdır. Bu cür adamlar kommunist adını daşımamalıdır. Bunlar partiyamıza ziyan vuran millətçilərdir.

Əslində, Mirzə İbrahimovu bu məsələyə görə heç kim işdən azad etməyib. 1958-ci ildə yazıçı öz ərizəsi ilə bu vəzifədən gedib.
Sonda Xruşov növbəti dəfə üzünü İmam Mustafayevə tutub:
— Yoldaş Mustafayev, siz sadəlövh adam deyilsiniz və respublikada nələrin baş verdiyini yaxşı bilirsiniz. Belə bir vəziyyətdə siz çox şübhəli görünürsünüz. Siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz. Azərbaycandakı siyasi vəziyyət acınacaqlıdır. Kadr seçimində millətçilik açıq şəkildə özünü biruzə verir. Məruzədən də şahidi oluruq ki, respublikada yaşayan digər millətlərin hüquqları tam məhdudlaşdırlıb. Mən bütün bunları bədbəxtlik kimi qiymətləndirirəm ki, Azərbaycanda Kommunist Partiyasını başında sizin kimi adam durur...
 
Sonluq isə hamıya gün kimi aydın olub.  6 iyul 1959-cu ildə Azərbaycan KP MK-nın plenumunda İmam Mustafayev birinci katib vəzifəsindən azad edilib, həmçinin Mərkəzi Komitənin büro üzvlüyündən xaric olunub.

Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az

0 şərh