Rusiya işğalının başlanması. General Sisianov

Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları üzərinə yüklənməsındə general-leytenant Pavel Dmitriyeviç Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı əski gürcü əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya köçmüşdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk almışdı. "Qızılayaq yaranalın" (V.Zubovun) yürüşündə iştirak etmlş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdur.
1803-cü illn fevralında Tiflisə Qafqazın baş komandanı kimi varan Sisianov, Həştərxan general-qubernatoru və Gürcüstanın baş hakimi vəzifələrini tuturdu. Onun gəlişi ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyasəti yeridilməyə başlandı. XIX yüzilin rus hərb tarixçisi N.F.Dubrovin onun aşağıdakı sözlərini örnək olaraq almışdır: "Asiyada bütün andlaşma və danışıqlar heç, güc isə hər şeydir". Qafqaz Arxeoqrafıya Komissiyası aktlarının ikinci cildində onun 1803cü il 31 mart tarixli (Car camaatının silah gücü ilə çökdürülməsindən bir gün sonra) "Bütün Car camaatına əmri" verilmişdir. Bu yazı yalnız çar baş komandanın şəxsiyyətinin deyil, çarlıq siyasətinin açıqlanması baxımından fövqəladə dəyərə malikdir: "Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları [köməyə] çağırdınız, sonra da ürəklənib elə bir şey yazırsınız ki, ləyaqətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin, qoy gəlib ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, çocuq və qadınlarınızın içalatını çəkib çıxaracağam. Siz taxıl yığımına kimi sakit oturmağı düşünürsünüz, ancaq Tanrıya and içirəm, tələb olunanı (3520 kq ipək ödəncini - Red.) verməyincə siz Car çörəyi yeməyəcəksiniz. Budur siz xainlərə mənim axırıncı sözüm".

Car-Balakən torpagının işğalı

Quzey Azərbaycanın bu bölgəsində turklər, avarlar, inqloylar yüzillər boyu yanaşı yaşayırdılar. Avarların (onlar özlərini baqualal adlandırırlar) toplu halında burada yerləşməsi XV yüzilin sonunda başladı. O zaman kaxetlilər özlərini qorumaq üçün onları bu yaxın bölgəyə köçürüb qulluq işinə götürürdülər. Məhəmmədhəsən bəy Baharlıya görə, bu axın 1616-cı ildə şah Abbasın səyləri ilə başa çatdı.
XIX yüzilin başında rus rəsmi araşdırmaları üzrə "CarBalakən azad camaatları" adlanan bölgədə 35 kənd, 5191 kəndli həyəti (orta sayım ilə hər 10 həyətdə 15 ailə) yerləşirdi. Onlardan Car icması 20 kənd, 1861 həyət; Balakən icması 3 kənd, 800 həyət; Talı icması 5 kənd, 1410 həyət; Muxax icması 3 kənd, 1030 həyət tuturdu. Bununla yanaşı bölgədə "heç bir icmaya mənsub olmayan və bu icmalarda heç bir tabe kəndi olmayan" daha doqquz kənd (Katex, Matsex, Qaracalı və b.) var idi. "Tabe kəndlər" dedikdə, ingiloy və muğalların yaşayış yerləri nəzərdə tutulurdu. Birinci ad türkləşərək islama keçmiş kaxetlilərə, ikincisi isə türkləşmiş moğollara aid edilirdi.
Azərbaycan türkləri haqqında isə rus rəsmi qaynağında bildirilirdi: "Düzənlikdə yerləşən bütün kəndlər ingiloy adlansa da, sonradan məskunlaşan və tatar (türk - Red.) dilində danışan kəndlərdə yaşayanlar onların (ingiloyların - Red.) sayından çıxılmalıdır". Bunlar aşağıdakı kəndlər idi (qaynaqda yer adları təhrif olunmuş, yüngülcə "gürcüləşmiş" şəkildə yazıya alınmışdır): Çobanqolu (30 həyət), Keymur (50), Bazar (30), Almalı (360), Lələli (300), Göglər (20), Katalparax (?), Göndərqala (30), Boymatlu (8), Patara Lahıc (60), Didi Lahıc (15), Kürdəmir (20), Padar (30), Paidar (?), Muğanlı (300), Babalı (8), Qarabaldur (30). Başqa sözlə, bölgənin 35 kəndindən 17-i və onlarda olan 5191 kəndli həyətindən 1233-ü türkcə danışan toplum idi.
Car-Balakən bölgəsinə qoşun yeritmək üçün Sisianov Gürcüstanda gedən iç çəkişməni, mərhum çar İraklinin oğlu Aleksandrın gəlib buraya sığınmasını bəhanə etdi. Rusiya qulluğunu öz ata yurdunun və millətinin mənafeyindən uca tutan Sisianov, Kartli çar nəslini Gürcüstandan yox etməyi qarşısına məqsəd qoymuşdu. O, gürcü çar ailəsini bütünlüklə Peterburqa köçürdü (zor işlədildiyi üçün çarın arvadı Deda Vala ermənilərdən olan general-mayor Lazarevi xəncərlə vurub öldürmüşdü). Yalnız İraklinin oğlu Aleksandr ələ keçməmişdi. O, Azərbaycan xanlarının və İran şahının yardımı ilə KartliKaxet çarlığını bərpa etmək, dədə-baba hakimliyini özünə qaytarmaq istəyirdi. Buna görə kiçik bir döyüş dəstəsinin başında, Gəncəli Cavad xanın araçılığı və yardımı ilə Car torpağına sığınmışdı.
Sisianov kobudcasına carlıları suçlayaraq, çar oğlu Aleksandrın dərhal ona verilməsini tələb etdi. Mirzə Adıgözəl bəyə görə: "Knyaz (Sisianov) ənbər iyli qələmi ilə məktublar yazdı, onlara (carlılara - Red.) nəsihət edib bildirdi..." İş isə Rusiya monarxı qarşısında nökərçiliyi üstün tutan XIX yüzil tarixçimizin yazdığı kimi deyildi. Car camaatının başçıları Sisianova təmkinlə dolu bir cavab göndərmişdilər. Burada deyilirdi ki, çar oğlu Aleksandr onların çağırışı ilə deyil, özü gəlib qonaq kimi bizdən yer istəmişdir, ancaq qonağın, ona düşmən olan bir kimsəyə verilməsi bizim adətimizdə yoxdur. Özü gəldiyi kimi, özü də gedər.
1803-cü il martın başında sayca böyük olmayan rus əsgəri qüvvəsi beşminlik gürcü qoşunu ilə Car torpağına soxuldu. Qoşuna iki general-mayor (Orbelian və Qulyakov) başçılıq edirdilər, amma keçmiş tarixçilər Sisianovun da burada olduğunu yazırlar. Carlılar Qanıq çayı üstündə çadırlarını qurub düşmənlə qarşılaşdılar. Sisianovun qoşunu çayın keçidində carlıları əzdi, aramsız yüyürüb onların "möhkəm aman evi və ümidgahı olan Balakəni dağıtdılar. Onlara gözəl bir qulaqburması verdilər..." (Mirzə Adıgözəl bəy). Amma tarixçinin "gözəl qulaqburması" kimi qələmə verdiyi iş əslində Balakənin bütünlüklə dağıdılması demək idi. Rusiyanın o zamankı hərb tarixçiləri döyüş taktikası baxımından buna heç bir lüzum olmadığını yazırlar. Ancaq Sisianovun yuxarıda göstərilən 31 mart tarixli əmri yerli əhaliyə qarşı amansız döyüş taktikasının bilərəkdən işləndiyini göstərməkdədir.
Martın 29-da carlılar çökdürüldü. Onların təmsilçiləri Tiflisə çağırılıb, orada təslim olmaq kağızı imzaladılar. Təslim şərtləri üzrə onlar Rusiyaya 220 pud (3520 kq) ipək bac ödəməli, sadiq olacaqlarını bildirmək adına girovlar verməli, rus qoşununun burada yerləşməsinə razı olmalı idilər. Bununla yanaşı, yerli əhali çar oğlu Aleksandrı və dağlı silahlı dəstələri öz torpağına buraxmamağı öhdəsinə almalı olmuşdu. Amma bu kağız imzalandıqdan sonra da Sisianov əhaliyə qarşı amansız davranışına ara vermirdi. 23 iyun 1803-cü il tarixli müraciətində o, Car-Balakən əhalisi qarşısında öyünüb deyirdi: "Güc kimin əlindədirsə, gücsüz ilə alış-verişə girməz, ona yalnız buyruq verər".
1804-cü ilin yanvarında general Qulyakov, rus gücü qarşısında dilsiz qul olmaq istəməyən carlılar üzərinə yenidən yürüşə qalxdı. Carı da ələ keçirərək yaxıb yandırdı. Oradan Zaqatala üzərinə yeridi. Ancaq dar dağ dərəsində qoşunu ilə mühasirəyə düşüb öldürüldü. Car döyüşçülərinin bu savaşı qazanması ruhlandırıcı olsa da, uzun sürmədi. 1804-cü ilin yanvarında Car-Balakən camaatları yenidən Rusiya hökmünə tabe edildilər.

Gəncə yürüş qarşısında

Sisianovun hərbi strateji planında Gəncənin işğalı mühüm yer tuturdu. O, əvvəlcə Gəncəni dinc yolla ələ keçirməyə çalışırdı. Bunun üçün Cavad xana (xanlıq illəri 1785-1804) təsir göstərmək, onu təslim olmağa məcbur etmək istəyirdi. İlk günlər Sisianov sanki xanın əsəblərini yoxlayır, azğın istəyini pərdələməyə çalışırdı. Lakin Cavad xan onun nəyə qadir olduğunu və istəyinin nə olduğunu, görünür, yaxşı bilirdi. Gəncə xanı qəti müqavimət göstərməyə hazır idi.

1803-cü il: "Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfıq və dostcasına qonşuluq ilişkisi saxlamaq meylinizi gördüm. Bu sözlərin sidq ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı... lütfkar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla bağlı bütün işlərində şahid olacaqsız. Gürcüstanla, eləcə də sərhəd qonşuları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət hökmdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə uyğun ehtiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədənizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan başqa, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin klçik rəmzi klmi mehriban Gürgün bəylə hər biri on arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm".

Rusiyanın Gəncəyə göz dikməsi nədən irəli gəlirdi? Bu məktub qılınc kimi iti dislərini gizlətməyə çalışan bir yırtıcı davranışına bənzəyır. Gəncə üzərınə sadəcə qara buludlar deyil, ölümcül bir təhlükə yaxınlaşmada idi. Yağı onun hökmünü vermişdi artıq.
Başlıca məsələ Azərbaycanla bağlı idi. Gəncə böyük bir işə yalnız başlanğıc, bir körpü olacaqdı. Gəncə çökdürüldükdən sonra Sisianov bu şəhərin strateji dəyəri haqqında I Aleksandra yazmışdı: "Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq [imkanı verdiyindən] onun ələ keçirilməsini Rusiya üçün çox önəmli saymağa əsas verir". İşin başlıca açımı burdadır: Gəncəni tutmaqla bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı yaranırdı.
Rus komandanlığının irəli sürdüyü başqa suçlamalar əslində bəhanə olsa da, onları bilmək gərəkdir. Dövlət müşaviri Kovalenkonun Sisianova 17 dekabr 1803-cü il tarixli raportu artıq Gəncəyə qarşı hazırlıq getdiyini göstərməkdədir. Bu raportda Gəncə hakimi Cavad xanın "çoxdan bəri Gürcüstana qarşı xeyirxah olmayan" davranışda bulunması bildirilir:
Cavad xan Gürcüstanın "qədimdən təbəələri olan 2000 Şəmşəddil erməni və türk ailəsini buradan köçüb öz torpağında yerləşməyə şirnikdirmişdir;
Çaroğlu qaçqın Aleksandrı "onun bütün dələduzları" ilə qəbul etmiş, sonra Car və Balakən başçıları ilə sözbirliyinə girərək oraya ötürmüşdü;
Rusiyaya "xeyirxah olmayan" millətlər və hakimlər ilə o sıradan gürcü çar evinin üzvləri ilə əlaqə saxlamaqdadır.
"Gürcüstana qarşı" (Rusiya çarlığı öz siyasətini Gürcüstanın adı ilə pərdələməyə çalışırdı) "xeyirxah olmayanlar" sırasında ilk öncə İran dururdu. Sonrakı yazışmada bu ittiham başlıca yer tutur. Əslində isə bu da bir bəhanə idi. Gəncə yenildikdən sonra Sisianov çar I Aleksandra raportunda bununla bağlı yazırdı: "Gəncəli Cavad xanla yazışmada Baba xan (Fətəli şah - Red.) sərdarı tərəfındən İran qoşunu və məmurunun [Gəncəyə] göndərilməsi bildirilsə də, S. i. h. (Siz imperator həzrətlərinə - Red.) mən inamla cəsarət edib söyləyirəm ki, heç bir zaman [Cavad] xanın yanında İran qoşunu olmamışdır, ancaq o, Asiya adəti ilə sadəcə məni [bununla] qorxutmaq istəyirdi".
Bütün bunlara görə, yazışmanın başlanğıcında Baş komandanın yumşaq, bir növ uyuducu sözlər işlətməsi Cavad xanın gözündən qaçmamışdı. O, işin nə yerdə olduğunu anlayırdı. Anladığı üçün də hazırlıq görürdü. 1803-cü ilin ap- relində Sisianovun kəşfıyyat qulluğu Cavad xanın Qarabağ hakimi İbrahim xanla barışığa gəldiyini, ondan iki top aldığını xəbər verdi. Burada bildirilirdi: "Cavad xan öz qalasını bərkitməkdədir, Gəncəyə yaxın əhatədə yaşayan əhalinin isə (mətndə: xalqların - Red.) qorunub saxlanmasını İbrahim xana tapşırır". Tezliklə Sisianov pərdəli sözləri atıb Cavad xana ultimatum verərək, sözsüz və qeyd-şərtsiz təslim olmağı tələb etdi.

Sisianovun Cavad xana ikıncı məktubu. Şəmkir, 29 noyabr 1803-cü il: Gəncə torpağına ayaq basıb bu gəlişimin səbəblərini Sizə bildirirəm. Birinci və başlıcası: Gəncə və onun ətrafı çariçə Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Bütün Rusiya imperatorluğu isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına aldığından, onun parçalanmasına göz yuma bilməz. Rus imperiyasının güc və ləyaqəti ilə Gürcüstanın qəniməti və bir parçası olan Gəncənin yabançıların əlində qalması bir yerə sığışa bilməz. İkinci, Gürcüstana gələrkən yazdığım məktubuma (həmin məktubda oğlunuzu əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda Siz zati-aliniz bildirirsiniz ki, İran padşahından ehtiyat edirsiz. Lakin unudursunuz ki, altı il bundan öncə Siz Rusiyanın tabeliyində idiniz və Gəncə qalasında şöhrətli Rusiya ordusu dururdu. Üçüncü, adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmətiniz tərəfındən razı salınmamışdır.
Həmin üç səbəbə görə də, mən öz ordumla gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan öncə etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri davasız-savaşsız təhvil verəsiz. Sizdən ikicə söz tələb edirəm. Birini seçin: "hə", ya "yox". Yəni təslim olursuz, ya yox? Yəqin bəlli olsun ki, belə pis havada ordu götürüb buralara gəlmişiksə, deməli artıq heç bir müqavilə bağlana bilməz. Buna görə də, Sizin təslim olmağınızı qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfkar padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiniz.
Yox, bunu istəmirsinizsə, bəxtinizdən küsün, bir zaman İzmayıl, Oçak (hər ikisi Osmanlıya aid - Red.), Varşava və bir çox başqa şəhərlərin aqibəti sizi gözləyir. Sabah günortaya kimi cavab almasam, döyüş tonqalı qalanacaq. Gəncəyə qılınc və atəşlə gələcəyəm. Onda sözümün üstündə necə dura bilməyimi görəcəksiniz".

Cavad xanın cavabı. Gəncə, 29 noyabr 1803-cü il "Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla bir kimsə inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. İnanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə buyruqları saxlanılmaqdadır. İraklinin və atamızın dövründə Gəncə ilə Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım Gürcüstanda vali olublar, bir kimsə bu sözə hörmətlə yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz.
Sən bir də yazırsan ki, altı il öncə mən Gəncə qalasını Rus Padşahına vermişdim. Bu doğrudur. Onda sənin Padşahın mənə fərman göndərmişdi, mən isə onun təkilfıni qəbul edib qalanı vermişdim. Əgər indi də sənin Padşahın fərman göndərmişsə, onu mənə göstər. Onun iradəsini bilsəm, götür- qoy edərəm.
Sən bir də yazırsan ki, guya bir zaman mən Gürcüstan asılılığında olmuşam. Qoy sənə bəlli olsun, sənin padşahının fərmanı indi də əlimdədir. Bax gör, orada mən Gəncə bəyl- ərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur ki, sözlərin tam yalandır.
Bundan başqa, Gəncəni sənin padşahına verəndə İran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən, bir böyük müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim. İndi isə
Allaha şükür, İran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlir-lər...
Mənimlə savaş fıkrinə düşmüsənsə, mən hazır. Əgər öz toplarınla öyünürsənsə, mənimkilər onlardan geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, uğur isə Allahın əlindədir. Mənə savaşa hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən savaşa hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. Qorxu gəlirsən ki, təklifıni qəbul etməsəm, başıma bəla gələcək. Əslində bədbəxtlik səni Peterburqdan qova-qova bura çəkib gətirib. Bunu zaman, bir də savaşın özü göstərəcək».

Sisianovun Gəncə ermənilərinə məktubu. Belə bir cavab Rusiya bas komandanı üçün çox gözlənilməz idi. CarBalakən doyuşlərındən sonra qarşıda yeni çarpışmalar durması aydın idi. Əsgəri qüvvəsinin çoxluğuna baxmayaraq, Sisianov "ayır-buyur!" siyasətinə əl atdı. 1803-cü il noyabrın 30-da o, Gəncə ermənilərinə belə bir fıtnəkar məktubla üz tutdu: "Qalib Bütünrusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Bütünrusiya taxt-tacının müdafıəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcəkdir".

Daha dörd ultimatum. Bundan sonra Sisianovdan Gəncə xanına daha dörd məktub gəldı. Dördü də hədə-qorxu ilə dolu idi. 9, 11, 26 və 29 dekabrda yazılan bu məktublarda o, diplomatiya qoxusu gəlməyən belə deməclər işlədirdi:
"Dünyada kim eşidib ki, rus qoşunu qala üzərinə gəlsin, amma onu ələ keçirmədən çıxıb getsin"; "lovğalananları qanına qəltan edəcəyəm"; "mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm"; "bu məktuba elə bu gün cavab verilməlidir" və s.
Belə bir üzdəniraq yazışma qarşısında Cavad xan "Asiya məğrurluğu"ndan dönmədi. Görünür, şəhərin və aqibətinin nə olacağını xan yaxşı anlayırdı. Yalnız bütün bu təhqirləri udaraq şərəfsiz bir davranış ilə Sisianovla barışığa gelmək olardı. Cavad xan milli varlıq və ləyaqətini bu ölçüdə endirib ayaq altına ata bilməzdi. Ölümü şərəfsizlikdən uca tutdu. Dekabrın 28-də yazdığı cavab bunu aydın göstərir: "Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. "Elə bu gün cavab ver". Bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir. Qaldı şəhərin verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalnız meyitimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra, özgə yolla yox!".
Sabahı gün Sisianovdan son məktub gəldi. Görəsən bir aya yaxın sürən hədə-qorxu qarşısında Cavad xanın ər dirənişi onu düşündürə bilmişmi idi? Sonuncu məktubun başında təəssüf bənzəyişli bir şey duyulmaqdadır: "Qalanı xoşluqla vermək meylinizin olmadığını görüb axırıncı dəfə təslim şərtlərini Sizə göndərməyi özümə borc bilirəm... Məktubla təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul sanıram". Hər halda Rusiya baş komandanı taktikanı azacıq da olsa dəyişdirirdi. İlk öncə o, heç bir danışıq aparmadan, heç bir andlaşma, müqavilə bağ- lanılmadan qalanın sözsüz verilməsini tələb edirdisə, indi "təslim şərtləri" irəli sürür, hətta Cavad xana Rusiya tabeliyində bir vassal kimi xanlığı idarə etmək hüququ vəd edirdi. Ancaq təklif olunan beş təslim şərti çox ağır, qılınc kimi kəskin idi. Budur onlar:
"Gəncəli Cavad xan tabeliyindəki bütün əhali ilə birgə Bütünrusiya padşahının təbəəliyinə and içir.
Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir.
Gəncəli Cavad xan Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804-cü ilə düşən məbləği əlüstü ödəyir.
Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir.
Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər.
Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş hakiminin yanında həmişəlik qalmaq üçün əmanət verir".

Gəncə döyüşçülərinin igidliyi

Quruqobu döyüşündən sonra rus əsgərləri şəhərə girib içəri qalanı sıx mühasirəyə almışdılar. Sisianovun göstərişi ilə qala müdafıəçilərinə bir ay içərisində dışarıdan su və odun verilmirdi. Ancaq Cavad xan qışa yaxşı hazırlıq görmüşdü. Mirzə Adıgözəl bəy yazır ki, Cavad xan hüçumları "igidlik və qoçaqlıqla dəf edirdi".
Sisianov Gəncə üzərinə 11 topu olan 6 piyada batalyonu, 3 eskadron, 200 kazak və 700 Qazax-Şəmşəddil-BorçalıDəmirçi atlısı ilə gəlmişdi. Şəhərə hücum edən birinci rus kolonu (gen-m. Portnyaginin başçılığı altında) tərkibində sonunculardan 600 atlı var idi. Qalanlarına qaladan bir kimsənin çıxıb qaçmamasına göz olmaq tapşırılmışdı. 1804-cü il 2 yanvar axşamı Sisianov rus qoşunlarına qalanı almaq əmri verdi. Miladi bayramın ikinci gecəsi müsəlmanlar üçün də bayram idi. Orucluq bayramının qarlı gecəsi Gəncə döyüşçülərinin qanına boyandı. Onlar qala divarlarını aşmaq istəyən rus piyadasının iki hücumunu dəf etdilər. Üçüncü basqında pozuldular. Çünki mayor Lisaneviçin gülləsilə Cavad xan öldürüldü. Oğlu Hüseynqulu ağa da şəhid düşdü. Döyüş qırğına çevrildi. Mirzə Adıgözəl bəydən fərqli olaraq Mirzə Camal Cavanşir hətta "ümumi qırğın" anlayışı işlədir.
Sisianovun hökmü ilə "şəhər əhalisinin köç-külfətini şəhərə, Cavad xanın ailəsini isə məscidə apardılar. Məsciddən də bir evə gətirib, üstündə qarovullar qoydular" (Mirzə Adıgözəl bəy). Başqa bir qaynaq üzrə xanın qadını Böyükxanım da başqala bürcü qapısının qorucuları sırasında əlində qılınc vuruşurdu. O, əri və oğlunun meyitlərini bürclərdən yerə endirtmiş, sonra isə xan sarayının kəllə otağına gətirtmişdi. Sisianov meyitlərin ardınca buraya gəlib çıxdıqda, Böyükxanım ərinin qılıncını qapıb, Rusiya sərdarını öldürmək istəmişdi. General Karnyagin öz gündəliyində bildirir ki, yanında yavəri olmasaydı, Sisianov qurtula bilməyəcəkdi. Yanvarın 5-də Cavad xan oğlu ilə Şah Abbas məscidi yanında dəfn edildi.
Gəncə döyüşünə Sisianov özü yekun vurmuşdur. Onun verdiyi arayış doğru sayılarsa (burada kiçiltmə də ola bilər), ruslar 3 zabit, 35 "aşağı rütbəli" (əsgər) itirmiş, 14 zabit və 192 "aşağı rütbəli" yaralanmışdı. O, qalada 12 top, 55 pud (880 kq) barıt, "çoxlu taxıl ehtiyatı" ələ keçirmişdi. Gəncəlilərin itgisi böyük idi: öldürülənlərin sayı 1500 (yara-lananların sayı bəlli deyil), əsir düşənlərin sayı isə 17222 göstərilir. Müdafıəçilərin toplu sayı 18722 idi.
Buradan aydın olur ki, Gəncə döyüşü əslində xalq müdafıəsi səciyyəsi daşımış, bu müdafıədə yalnız Gəncə əhli deyil (burada yaşayanların sayı 3 mindən bir az yuxarı idi), ətraf torpaqlarda yaşayan əhali də geniş iştirak etmişdir. Buna görə də, Azərbaycan tarixçilərinin Rusiya qoşunlarının gəlişini bir zaman "könüllü birləşmə" kimi qələmə verməyə çalışması tarixi gerçəkliyə uyuşmayan haqsız bir iş sayılmalıdır.

Çar hökumətinin Gəncə qırğınına baxışı

Çar hökuməti zəfərini qeyd etməkdə idi. Döyüş bitən günü, 1804-cü il yanvarın 3-də imperatorluq zərbxanasında Gəncənin alınmasında iştirakına görə döş medalı təsis edildi.
Gəncə qalası, xan sarayı qala divarları ilə birlikdə uçurulub yox edildi. Gəncə xanlığı ləğv edildi və dairəyə çevrildi. Minillik tarixi olan Gəncənin adı da tarixdən silindi, ona I Aleksandrın arvadı Yelizavetanın adı verildi. (Yelizavetpol). Gəncə şözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi.
Gəncə qırğını I Aleksandrın xoşuna gəldi. Sisianovun adına 5 fevral 1804-cü il buyruğunda çar "Gəncənin işğalı zamanı baş verən hadisələrdən" məmnun olduğunu bildirirdi. Burada deyilirdi: "... Asiya qüruru qarşısında güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin (Azərbaycanın - Red.) başqa hakimlərini də dikbaşlığa gətirərək,... sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi".
Çar hökuməti Car-Balakən torpağında da, Gəncədə də bilərəkdən cəza əməliyyatları səciyyəsi daşıyan qorxuducu savaş yolu seçmişdi. Əhalini qorxutmaq üçün Azərbaycan xanlıqlarına qarşı elan edilməmiş savaş açmışdı. I Aleksandrın buyruğunda öz baş Qafqaz komandanına çar bu fıkri aşağıdakı sözlərlə anladırdı: "Gəncənin başına gələnlər və general-mayor Qulyakova Car əyalətinin xəyanətinə görə cəzalandırma tapşırığının verilməsi o ölkə xalqına [dirəniş göstərərsə] aqibətinin nə olacağını aydınlığı ilə göstərəcəkdir".

Gəncə qətliamı keçmış yazarların gozu ilə

"Vazeh (təmiz) türki" dilində Qarabağnamələrdən birini yazan Mir- mehdi Xəzani (1809-1894) Gəncə savaşının "kütləvi qırğına", "qətliama" çevrildiyini bildirən ilk Azərbaycan müəllifıdir. O yazır: "Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) barui-həyatından sərazir oldu... soldatlar haman saat dörd tərəfdən hücum edib, daxili Ərk oldular. O bayram gününü onlara qarə edib, müddəti - üç saat tamam o şəhərdə xalqı kütləvi şəkildə qırdılar... Üç saatdan sonra sərdar (Sisianov) qadağan qıldı ki, dəxi səfəki-dəmadan əl götürüb, giriftar olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı xalqdan təmizləsinlər... Həqiqətən bu cür qala almaq və bütöv qətl (i)am olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə və məmalikdə görünməmişdi".
Mirzə Camal Cavanşirin oğlu Rzaqulu bəy də Gəncədə "ümumi qırğın" olduğunu yazır.
Kökcə erməni olan Mirzə Yusif Qarabaği Nersesov (1798-1864) "Tarixi-Safı"nin ayrıca bir bölümündə bu mövzuya toxunur: "Cavad xan isə düşməninə ağır zərbələr vuraraq özünü qəhrəmancasına müdafıə edirdi... rus əsgərləri qalanı zəbt etdilər. Əsgərlər hər tərəfdən qalaya daxil olub, onların orucluq bayramını qurban bayramına çevirdilər və işıqlı günlərini qaranlıq gecəyə döndərdilər. Sərdar camaatı qırmağa əmr verdi.
Üç saat qılınclar başlara endi və can alan nizələr ürəklərə sancıldı, rus əsgərləri arası kəsilməyən qırğından əl çəkmirdilər. Üç saatdan sonra sərdar qırğının dayandırılması və əsirlərin onun yanına gətirilməsi əmrini verdi".
Rusiya tarixçisi A.Kaspari özünün "Pokorennıy Kavkaz" (SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından yayınmadıqlarını bildirir: "Xanın ölümü duyulunca Gəncə qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar tərəfındən qazanılmış oldu. Savaş şəhər içinə keçirildi. Gəncəlilər şəhəri ev-ev müdafıə edirdilər. Buna görə çox ağır tələfat verdilər".

Müəlliflər:
professor S.S.Əliyarlı
tarix elmləri doktoru K.K.Şükürov

 

0 şərh