Neft strategiyası

XX yüzilliyin sonuncu onilliyində müstəqil Azərbaycanımızın həyatında xalqımızın ümummilli lideri Heydər Əliyevin başçılığı və uzaqgörənliyi nəticəsində öz miqyasına və əhəmiyyətinə görə analoqu olmayan tarixi bir hadisə baş verdi.
Belə ki, 2008-ci ilin sentyabrın 20-də 14 illiyini qeyd etdiyimiz «Əsrin müqaviləsi»nin imzalanması ilə Müstəqil Azərbaycanımızın yeni neft strategiyasının əsası qoyuldu.
Daha doğrusu, 1994-cü il sentyabrın 20-də Bakının «Gülüstan» sarayında Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) ilə Amerikanın «AMOKO», «Yunokal», «Pennzoyl», «Makdermot», Böyük Britaniyanın «Britiş Petroleum» və «Remko», Norveçin «Statoyl», Rusiyanın «LUKoyl», Türkiyənin «Türk petrolları», Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsorsium arasında Azərbaycanın Xəzər dənizi bölgəsində yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi, istismarı və pay bölgüsü haqqında «1+10» və sonralar isə tarixə «Əsrin müqaviləsi» adı ilə daxil olmuş neft müqaviləsi imzalandı.
Sonradan bu müqaviləyə Yaponiyanın «İtoçu» və Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri də qoşuldu. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır.
«Əsrin müqaviləsi»nin imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik nitqində demişdır: «Biz ötən dövrlərdə nə qədər neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir». Yəni Azərbaycan Respublikası hər bir ölkə ilə, o cümlədən neft şirkətlərinin mənsub olduqları ölkələrlə müstəqil surətdə danışıqlar aparır və Azərbaycanın dünyəvi ölkə olduğunu nümayiş etdirir.
Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst dixili və xarici siyasət yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı ilk beynəlxalq müqavilə idi.
Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən Heydər Əliyev demişdir: «0, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fıkrincə, ümumiyyətlə öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının «Delta» neft şirkəti də onlara qoşulub. Yeddi neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb.
Demək bu konsorsium həm yeddi neft şikrəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafı üçün əsas yaratmışlar».
«Əsrin müqaviləsi»nin imzalanması münasibətilə ABŞ prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan - Ağ Evdən göndərdiyi teleqramda yazırdı: «Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və fıravanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız».
Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət prezident Heydər Əliyev tərəfındən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fıkrini açıqlayaraq demişdi: «Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı... Neft müqaviləsinə atdığınız bu günkü imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır».
Azərbaycan bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bu müqavilənin imzalanması ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı.
Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra Azərbaycan neft sənayesinə xarici kapitalın axını başlandı. İlkin vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün pul vəsaitinin çatışmadığı şəraitdə belə əlverişli şərtlərlə müqavilənin imzalanması Azərbaycan tərəfınin qələbəsi kimi qiymətləndirilir. Azərbaycan neft sənayesinə böyük bir həcmdə kapitalın qoyulması ümumən ölkə iqtisadiyyatının inkişafına təsir göstərən amil olacaqdır.
Onu da qeyd etməliyik ki, müqavilənin ilk variantının hazırlanması müstəqilliyimizin ilk illərində Azərbaycan hakimiyyətində olan və dövlət idarəçiliyində, eləcə də siyasətdə peşəkarlığı olmayan səriştəsizlərin dövründə olduğu üçün o, xalqın ümumi mənafeyinə cavab verməmiş və əsas etibarı ilə xarici şirkətlərin, eləcə də ayrı-ayrı şəxslərin marağına uyğun hazırlanmışdı.
Müqavilənin beş illiyi münasibətilə İlham Əliyevin «Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla həyata keçirilir» mövzusundakı məruzəsində qeyd olunduğu kimi, «1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfındən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imazalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı».
Yalnız 1993-cü ilin ikinci yarısında xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə qayıdışından sonra müqavilənin ilk variantının 1993-cü il iyunun 21-nə təyin olunmuş imzalanmasından imtina edilmiş və onun Azərbaycanın milli mənafeyinə uyğun olaraq yenidən işlənib hazırlanmasına sərəncam verilmişdir.
Odur ki, müqavilənin yeni variantı Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə hazırlanmış, müqavilədə iştirak edəcək şirkət rəhbərləri ilə müzakirələr zamanı qarşıya çıxan çətinliklər aradan qaldırılaraq, nəhayət imzalanmağa təqdim olunmuşdur.
«Əsrin müqaviləsi»nin əhatə etdiyi «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsi sahəsində ilkin neft ehtiyatları 511 milyon ton səviyyəsində qiymətləndirilmişdi. Lakin sonradan aparılan qazma işləri nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640 milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir.
Bütün bunları üzə çıxarmaq və istifadə həddinə çatdırmaq üçün layihənin ilk illərində 7,5 milyard dollaradək kapital qoyuluşu və 30 il ərzində təxminən 14 milyard dollar istismar xərcləri nəzərdə tutulmuşdur.
Müqavilənin şərtlərinə görə Azərbaycan kapital qoyuluşunda 20 faiz pay qoymaqla çıxarılan neftdən gələn gəlirin 80 faizini (253 milyon ton neft), xarici şirkətlər isə bütün investisiyanın 80 faizini qoymaqla neftdən gələn gəlirin 20 faizini, başqa sözlə, təxminən 65 milyon ton neftin sahibi olacaqlar. Qalan neft kapital xərclərinin, neftin dünya bazarlarına çıxarılması üçün maliyyə və nəqliyyat xərclərinin ödənilməsinə sərf olunacaqdır.
Deyilən faizləri neftin satış qiymətinə çevirdikdə təxmini belə mənzərə alınır. Belə ki, hesablamalara görə neftdən ümumi gəlir bu gün üçün (yəni 30 il ərzində infliyasiya prosesi nəzərə alınmaqla) təqribən 157, 6 milyard dollar olmalıdır ki, bunun 81,7 milyard dolları Azərbaycanın payına, 19,5 milyard dolları xarici şirkətlərin payına, qalanları isə yuxarıda qeyd etdiyimiz kimi, kapital, istismar, maliyyə və nəqliyyat xərclərinin ödənilməsinə sərf ediləcəkdir. Əslində Azərbaycanın qazancı daha çox olacaq, çünki burada Azərbaycanın 55 milyard kubmetr neftli qazdan - səmt qazından əldə edəcəyi gəlir (bu isə ekvivalentdə əlavə olaraq azı 50 mln. ton neftə bərabərdir), eləcə də 90 milyard kubmetr ehtiyatı olan sərbəst qaz ehtiyatları istismar ediləcəyi halda qazanacağı gəlir nəzərə alınmır. Bu qazdan yalnız Respublika təbii qaza öz ehtiyaclarını ödəmək üçün istehsal barədə qərar qəbul etdikdən sonra istifadə olunacaqdır.
Bütün bunlardan savayı layihəyə görə respublikamıza 300 milyon dollar bonus* veriləcəyi nəzərdə tutulmuşdur.
Müqavilənin layihəsinə görə kapital qoyuluşunun dinamikasına müvafıq olaraq bütövlükdə neft hasilatı planı da tərtib olunmuşdur. 2000-ci ildə kontrakt sahəsindən 10 milyon ton neftin istehsalı, sonrakı illərdə isə bunun hər il 3-5 milyon ton artılırması nəzərdə tutulmuşdur. Layihəyə görə neft hasilatı 2003-2014-cü illərdə özünün zirvəsinə çatacaq, maksimum hasilat 2006-2010-cu illərdə hər il 34-35 milyon ton səviyyəsində planlaşdırılır. Bütövlükdə, əgər kontrakt sahəsində məhsuldar qatın altındakı laylarda yeni kəşflər edilməsə, çıxarılması proqnozlaşdırılan ehtiyatların tam istismarı 2025-ci ildə başa çatacaq.
Müqavilə 1994-cü il sentyabrın 20-də imzalandıqdan və respublika parlamenti tərəfındən 1994-cü il noyabrın 15-də ratifıkasiya olunub və ratifıkasiya sənədi Azərbaycan dövlətinin qanunu kimi 1994-cü il dekabrın 12-də Azərbaycan Prezidenti tərəfındən imzalandıqdan sonra qüvvəyə minmiş və işə başlanılmışdır.
1995-ci ilin yanvarın 24-də rəhbər komitənin ilk iclası keçirilmiş, orada illik iş proqramı və 1995-ci il üçün 105 milyon dollar məbləğində büdcə təsdiq olunaraq, eyni zamanda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün tərkibi tərəfdaş xarici neft şirkətlərinin nümayəndələrindən və həm də Azərbaycan mütəxəssislərindən ibarət olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır.
Proqrama uyğun olaran ABƏŞ 1995-ci ilin əvvəlindən mühəndis geologiyası, geofıziki tədqiqatlar sahəisndə işə başlamışdır.
Məcburi işlərin minimum proqramının tərkib hissələrindən biri müqavilənin əhatə etdiyi sahədə kəşfıyyat quyularının qazılması idi. Müqaviləyə uyğun olaraq «Xəzərdənizneft» (indiki «Dədə Qorqud») yarımdalma qazma qurğusunun vəziyyətinin qiymətləndirilməsi və lazımi qaydada yenidən qurulması məqsədi ilə ARDNŞ və ABƏŞ arasında müqavilə imzalanmışdır. ABŞ-ın «Santa-Fe» şirkəti qurğunu işlək vəziyyətə gətirmək, dənizin dərinliyi 475 metrə çatan yerlərdə dərinliyi 7500 metr olan quyular qazmaq üçün onun Qərb standartlarına uyğun şəkildə modernləşdirilməsinə və təmirinə başlamış və bu işi 1996-cı il avqustun 24-də başa çatdırmışdır.
Onu da qeyd etməliyik ki, təmir və modernləşdirmə işlərində iştirak edən 356 nəfər adamın yalnız 50 nəfəri əcnəbi, qalanları isə Azərbaycan mütəxəssisləri olmuşdur. Eyni zamanda bizim mütəxəssislərin yeni texnologiyaları öyrənmələri üçün təlim prosesi təşkil olunmuş, bir çoxları «Santa-Fe» şirkətinin Şimal dənizində, ABŞ-da, Küveytdə və dünyanın digər ölkələrində yerləşən eynitipli qazma qurğularında təcrübə keçmişlər. 1996-cı il sentyabrın 11-də qurğu «Şelflayihətikinti»ni tərk etmiş və sentyabrın 17-dən quyunun qazılmasına başlanmışdır.
Məcburi işlərin minimum proqramında ətraf mühitin mühafızəsi məsələlərnə xüsusi diqqət yetirilmişdir. Bunun üçün ətraf mühitin qorunması üzrə yardımçı komitə və onun nəzdində monitorinq və elmi tədqiqat işləri üzrə iki işçi qrupu yaradılmışdır. ABƏŞ-in sifarişi ilə Azərbaycan EA-nın coğrafıya, geologiya, biologiya, zoologiya institutları, radioaktiv tədqiqatlar bölməsi və seysmologiya mərkəzi, ekologiya və hidrometerologiya komitələri, digər idarə və təşkilatlar tərəfındən müqavilə əsasında sahənin ilkin ekoloji vəziyyətinə dair mövcud elmi-texniki məlumatların xülasəsi, həmçinin ABƏŞ-in tapşırığı ilə Amerikanın «Vidvord Klayd» şirkəti respublikanın alim və mütəxəssislərinin iştirakı ilə geniş elmi-tədqiqat proqramı hazırlanmışdır.
Ekoloji sistemdə fasilələrlə əlaqədar dəyişikliklərin baş verməsini nəzərə alaraq 1995-ci il sentyabr və dekabr aylarında iki ekspedisiya təşkil olunmuş və müqavilənin əhatə etdiyi sahədən külli miqdarda su, hava və süxur nümunələri götürülmüşdür.
Müqavilənin əhatə etdiyi sahənin neft-qaz ehtiyatlarının işlənməsi prosesində baş verəcək qəzaların vaxtında ləğv olunması, yəni neft tullantılarının lokalizə edilib suyun səthindən yığılması məqsədi ilə xüsusi texniki avadanlığa malik xidmət sahəsi yaradılması işi Şotlandiyanın «Briçç Marni» şirkətinə həvalə olunmuşdur.
Göstərilənlərlə yanaşı, 1995-ci ildə əsas vəzifələrdən biri ilkin neft hasilatı layihəsini gerçəkləşdirməyin mümkünlüyünü öyrənmək olmuşdur. Bu məqsədlə 1995-ci ilin birinci yarısında ABƏŞ-in və ARDNŞ-nin mütəxəssisləri «Braun ənd rut» şirkətindən olan mühəndislərlə birlikdə «Çıraq-l» platformasının və dayaq blokunun hərtərəfli yoxlanması, texniki və kompyuter modernləşdirilməsi üçün tədqiqat işləri aparmışlar. Nəticədə «Çıraq-l» dayaq blokunun təkmilləşdirilməsi platformanın üst modullarının təmiri və təchizi işlərinin planı hazırlanmışdır.
Ancaq ilkin neftin hasilatı layihəsini həyata keçirmək üçün xam neftin ixracı sahəsində 1995-cı ildə görüləcək işlərin mərkəzsində «Çıraq-l» platformasından çıxarılacaq neftin ixracı üçün alternativ variantları müəyyənləşdirmək kimi məsələlər dururdu.
İlkin neftin ixrac marşrutuna dair ortalığa çıxan variantlardan ikisi haqqında 1995-ci ilin sentyabrınadək aparılan danışıqlar müvəffəqiyyətlə nəticələnmiş və oktyabr ayında rəhbər komitə ilkin neftin ixrac marşrutları kimi Şimal və Qərb variantlarından istifadə etmək haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ilkin neftin ixracı üçün Rusiya ərazisindən keçən Şimal marşrutunun seçildiyini təsdiqləyən məktubu Rusiyanın baş naziri Viktor Çernomırdinə çatdırılmış və nəhayət, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası müqavilə 1996-cı il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və Rusiyanın baş naziri V.Çernomırdin tərəfındən imzalanmışdır.
1996-cı il fevralın 18-də «Transneft», ARDNŞ və ABƏŞ arasında nəqletmə sazişi və nəqletmə haqqında himayədarlıq sazişi də imzalanmışdır. Eyni qayda üzrə 1996-cı ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevernadze ilkin neft ixracının Gürcüstan ərazisindən keçən Qərb martşrutu haqqında Azərbaycan və Gürcüstan arasında dövlətlərarası müqavilə imzaladılar.
Göründüyü kimi, neftin ixrac sisteminin iki boru kəmərindən - Şimal və Qərb kəmərlərindən ibarət olması qərara alındı.
Şimal sistemi Sənqəçal terminalından Novorossiyskə qədər, Rusiya Federasiyasının boru kəmərləri sistemi daxil olmaqla 1411 kilometr məsafədən ibarətdir. Rusiya -Azərbaycan sərhədinədək olan 224 km-lik məsafənin 198 kilometlik hissəsinin mövcud boru kəmərindən istifadə olunması, 26 km məsafə üzrə isə yeni boru kəmərinin çəkilməsi qərara alınmışdır. Boru kəməri gündə 105 min barrel (ildə 5 milyon ton) neftin nəqli üçün nəzərdə tutulmuş, neftin həcmini ölçən, uçotunu aparan nəzarət stansiyaları, Mərkəzi Dispetçer İdarəsi bütün xətt boyu sızmaların aşkar olunması üçün monitorinq sistemi və kompyuter rabitəsi ilə təchiz edilmişdir.
Marşrutun Qərb sisteminin də buraxılış gücü gündə 105 min barreldir. Sənqəçaldan Qara dənizədək (Supsa limanına qədər) boru kəmərinin uzunluğu 926 kilometrdir. Layihəyə görə 788 kilometrlik boru hissəsinin mövcud kəmərdən istifadə edilməsi, ümumi uzunluğu 138 km olan yeni neft kəmərinin çəkilməsi qərara alındı. Bundan əlavə boru kəməri xəttində 6 nasos stansiyasının və təhvil verilən neftin uçota alınması sisteminin qurulması, Supsa limanında yeni neft terminalının tikilməsi, bütün sistemdə mərkəzləşdirilmiş idarəetmə və rabitə sisteminin yaradılması nəzərə alınmışdır.
Yuxarıda qeyd etdiklərimizlə yanaşı sonradan görülən işlərin nəticəsində «Əsrin müqaviləsi» artıq reallaşmağa başlamışdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakının Gülüstan sarayında imzalanmış və dünyada «Əsrin müqaviləsi» kimi tanınmış müqaviləyə əsasən «Çıraq-l» yatağında ilkin quyudan 1997-ci il noyabrın 7-də neft fontan vurmuş və noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır. Bu, müstəqil respublikamızın həyatında baş verən çox mühüm bir tarixi hadisədir.
Bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başda olmaqla Azərbaycanın uzaqgörən dövlət siyasətinin, Xəzərin neft sənayesi tarixində ilk beynəlxalq konsorsiumda öz səylərini birləşdirmiş bir çox ölkələrin neft şirkətləri ilə müstəqil Azərbaycan Respublikasının birgə fəaliyyətinin əməli nəticəsidir.
Diqqətəlayiq haldır ki, bu tarixi hadisə Azərbaycan xalqının Azərbaycan Konstitusiyası gününü bayram etdiyi bir gündə baş vermişdi. İki bayramın bir günə təsadüf etməsi bu hadisələrin bir-biri ilə üzvi surətdə bağlı olmasından xəbər verir, çünki ölkənin ilk demokratik Konstitusiyasının qəbul edilməsi də, öz mahiyyəti etibarilə tarixi hadisə olan və respublikanın neft sənayesinin inkişafında yeni dövr açan «Əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın öz müstəqilliyini qazandıqdan sonra mümkün olmuşdur. Bu müqavilə Azərbaycanın son dərəcə zəngin energetika ehtiyatlarına malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də Xəzər bölgəsindəki bütün dövlətlərin iqtisadi dirçəlişinə yol
açmışdır.
1997-ci il noyabrın 12-də Respublika Sarayında Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici neft şirkətlərinin prezidentləri və digər rəsmi şəxslər də iştirak etmişdir.
Təntənəli mərasimi açan Respublika Prezidenti Heydər Əliyev geniş nitq söyləyərək 1994-cü il sentyabnn 20-də Azərbaycanda tarixi bir hadisənin baş verdiyini, dünyanın 7 ölkəsinə mənsub olan 11 böyük şirkətin bir araya gələrək konsorsium yaratdığını və keçən üç il müddətində proqram əsasında nəzərdə tutulmuş işlərin hamısının yerinə yetirildi-yini, bütün icbari işlərin görülməsi nəticəsində «Çıraq» neft yatağında yaradılmış nəhəng platforma vasitəsilə ilkin neftin hasil olduğunu böyük fərəh və iftixar hissi ilə qeyd etmişdir.
Göründüyü kimi müqavilənin imzalanmasından keçən üç il müddətində ABƏŞ-in təşkilindən başlamış «Çıraq-l» neft yatağından ilkin neftin çıxarılmasına qədərki dövrdə böyük işlər görülmüşdü. Bu müddətdə sahilin 120 km-liyində yerləşən və suyun dərinliyi 120 metr olan yerdə nəhəng və ən yüksək standartlara uyğun olan «Çıraq-l» platforması quraşdırılmış, 3 min metr dərinlikdə bir quyu qazılmış və həmin quyudan noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır.
Platforma ilə yanaşı çıxarılan neftin dərhal ixrac olunması üçün bütün maddi-texniki baza yaradımışdır. Belə ki, yataqdan Neft Daşlarınadək 48 km uzunluğunda 16 düyümlük qaz kəmərinin və yenə də yataqdan Sənqəçaldakı qəbul terminalına qədər çəkilmiş 176 km uzunluğunda 24 düyümlük neft kəmərinin tikintisi başa çatmışdır.
Bunlardan əlavə, tikintisi başa çatdırılmış və ümumi gücü 64000 barrel (101740 ton) olan Sənqəçal terminalında iri neft çənləri, avtomatlaşdırılmış idarəetmə qurğuları, təhlükəsizlik texnikası vasitələri quraşdırılmışdır.
İlkin neftin ixrac edilməsi üçün tikilməsi planlaşdırılmış iki neft kəmərindən Şimal istiqamətində - Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanınadək çəkilməsi nəzərdə tutulan birinci neft kəməri böyük çətinliklərdən son-ra işə başlamış və 1997-ci il oktyabrın 25-də konsorsiuma aid olan yataqlardan neft hasil olunanadək Azərbaycan nefti şərti diametri 720 mm olan Bakı-Qroznı neft kəməri vasitəsilə Novorossiysk istiqamətində nəql edilməyə başlanmışdır. «Çıraq» yatağından çıxarılan neft isə həmin boru ilə (BakıQroznı-Novorossiysk) 1998-ci ilin fevral ayında Novorossiysk limanına çatdırıldı.
Görülən bu işlər dünyanın bir çox şirkətlərini Azərbaycana gətirib çıxarıb və onlar burada fəaliyyət göstərirlər. Belə ki, «Əsrin müqaviləsi» üzrə proqramın həyata keçirilməsi üçün dünyanın ayrı-ayrı ölkələrindən cəlb olunmuş 400-dən artıq şirkət iştirak edir. Sevindirici haldır ki, müştərək iş görən bu şirkətlərin içərisində 72 müəssisə Azərbaycan Respublikasının sənaye və yaxud tikinti müəssisələridir. ABƏŞ və onun podratçıları 3000 nəfər Azərbaycan vətəndaşını da işlə təmin etmişdir.
Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, bu işlərin həyata keçirilməsində xaricdən cəlb olunan yüksək dərəcəli mütəxəssislərin sayı get-getə azalır, Azərbaycan Respublikasının özündən olan mütəxəssislərin sayı isə çoxalır. Əlbəttə, bu da çox təbii bir haldır, çünki Azərbaycan neft sənayesi sahəsində böyük elmi-texniki potensiala malikdir.
«Əsrin müqaviləsi» üzrə «Çıraq-l» platformasından ilkin neftin istehsalı ilə əlaqədar 1997-ci ilin noyabrın 12-də keçirilmiş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqilliymizin əhəmiyyəti və əbədiliyindən danışaraq, bir daha dünyaya bəyan etmişdir: «1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük.
Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir. Biz bu gün ilkin neftin alınmasını bayram edirik. Gələn il «Çıraq» neft yatağından 2 milyon ton neft çıxarılacaqdır. Ancaq bir neçə ildən sonra 5-6 milyon ton, 5-6 ildən sonra 40-50 milyon ton neft hasil olunacaqdır. Ondan sonra daha çox neft çıxarılacaqdır. Demək, XXI əsrdə Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə yüksələcək və dirçələcəkdir».
Beləliklə, bütün bu görülən işlər, əldə edilən nailiyyətlər yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olmuşdur və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir.
1994-cü ildən indiyədək 33 xarici şirkətlə 28 neft-qaz müqaviləsi imzalanmışdır. Bu müqavilələr ölkə iqtisadiyyatının bütün sahələrinin, habelə sosial infrastruktur obyektlərinin inkişafına əsaslı təkan vermişdir.
2006-cı ildə Azərbaycanda 32 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord nəticə hesab olunur.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi və onun artıq dünya iqtisadiyyatının vacib bir hissəsinə, Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildiyi, onun coğrafı-siyasi əhəmiyyəti indi bütün dünyada etiraf olunur.
BTC-nin istifadəyə verilməsi barəsində bəziləri üçün əfsanə kimi görünən iş artıq reallığa çevrilmişdir.
2007-ci il sentyabrın 1-nə olan məlumata görə ilin əvvəllərindən BTC kəmərinə 18 milyon 864 min ton neft vurulmuş, Ceyhan limanından dünya bazarlarına 18 milyon 922 min ton neft göndərilmişdir. Ümumiyyətlə, istismara verildyi gündən bəri isə BTC vasitəsilə 28 milyon 133 min ton neft nəql olunmuşdur ki, bunun da 26,6 milyon tonu dünya bazarlarına yola salınmışdır.
BTC kəməri Mərkəzi Asiya neftinin də dünya bazarlarına çıxarılmasına imkan verir. Belə ki, 2007-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində ARDNŞ və Qazaxıstanın dövlət şirkəti olan «KazMinayQaz» arasında iki sənəd - neft-qaz sahəsində strateji əməkdaşlığa dair saziş və Transxəzər layihəsinin gerçəkləşdirilməsi haqda birgə memorandum imzalanmışdır. Bununla da Azərbaycan təkcə neft ixracatçısı kimi deyil, həm də tranzit ölkə kimi dünyadakı mövqelərini möhkəmləndirəcəkdir.
2006-cı ildə iqtisadi əhəmiyyətinə görə BTC-dən heç də geri qalmayan Cəııubi Qafqaz qaz kəmərinin tikintisi də başa çatdırılmış, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon tondan çox kondensat ehtiyatlarına malik «Şahdəniz» yatağından qaz hasilatına başlanılmışdır. Hazırda (2007-ci ilin sentyabrı üçün) yataqda istismar olunan 3 quyudan sutkada 15 milyon kubmetr qaz, 4 min tondan artıq kondensat hasil edilir, 4-cü quyuda isə tamamlama işləri aparılır. Bu quyu da tezliklə istismara veriləcəkdir.
(2007-ci ilin yanvar-sentyabr ayları ərzində yataqdan 1 milyard 500 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda «Şahdəniz»dən ölkənin eneıji dəhlizinə sutkada 5,5 milyon kubmetr qaz ötürülür. 2007-ci ilin sentyabrına qədər yataqdan Azərbaycana 870 milyon kubmetrdən artıq qaz verilmişdir.
2007-ci ilin iyulun 3-də «Şahdəniz» qazı Bakı-TbilisiƏrzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Sentyabr ayının 1-nə olan məlumata əsasən, kəmərlə Gürcüstana 136,9 milyon kubmetr, Türkiyəyə isə 258 milyon kubmetr təbii qaz ixrac edilmişdir.
Onu da qeyd edək ki, bu kəmər həm Azərbaycanın, həm də Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını tam ödəmək iqtidarındadır. Kəmərin strateji əhəmiyyəti ondan ibarətdir ki, Cənubi Qafqaz boru kəmərinin istismara verilməsindən sonra Azərbaycan neft ixracatçısı olmaqla yanaşı, həm də qaz ixrac edən bir ölkəyə çevrilir.
«Şahdəniz» yatağındakı ehtiyatların əhəmiyyətli hissəsi hasil olunaraq Türkiyəyə, oradan isə Avropa bazarlarına Yunanustan, İtaliya, Pribaltika ölkələrinə çatdırılacaq-dır. Onu da qeyd etmək xoşdur ki, artıq bu işin də bir hissəsi yerinə yetirilirdi. Belə ki, 2007-ci ilin noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyənin Baş Naziri Rəcəb Tayyıb Ərdoğan və Yunanıstanın Baş naziri Konstantin Karamanlisin iştirakı ilə iki ölkə arasındakı sərhəddə Türkiyə-Yunanıstan qaz kəmərinin açılışı oldu və bununla da Azərbaycan qazının Yunanıstana ötürülməsinə başlanıldı.
«Əsrin müqaviləsi»nin imzalanmasından keçən 14 il ərzində xarici şirkətlərlə aparılan birgə işlər yeni texnologiyaları mənimsəmək, qabaqcıl istehsalat təcrübəsinə malik olmaq baxımından neftçilərimiz üçün də faydalı olmuşdur. Ötən müddət ərzində aparılan geofıziki və geoloji işlər, neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə tətbiq olunan yeni üsullar, maili qazma işlərinin aparılması, quyuların neftvermə əmsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2007-ci ildə Azərbaycanda neft hasilatı 43 milyon tona çatdırılacaq. Həmin neftin isə 8 milyon 800 min
tonu ARDNŞ-in payına düşəcək.
2007-ci ilin 8 ayı ərzində Dövlət Neft Şirkəti üzrə (birgə müəssisələr və əməliyyat Şirkətləri istisna olmaqla) 142 min 468 metr qazma işləri həyata keçirilmişdir ki, bunun da 138 min 246 metri istismara, 4 min 222 metri isə kəşfıyyata aid olmuşdur.
2007-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Neft Şirkəti üzrə neft hasilatına dair proqnoz tapşırığa 100,4% əməl edilərək 5 milyon 884,9 min ton neft hasil edilmşidir. Bunun da 5 milyon 95,15 min tonu «Azneft» İstehsalat Birliyinin, 789, 75 min tonu isə müştərək müəssisələr və əməliyyat şirkətilərinin payına düşmüşdür.
2007-ci ilin əwəlindən sentyabr ayına qədərki dövrdə dövlətə 5 milyon 833,68 min ton neft təhvil verilmişdir. Ötən 8 ay ərzində ölkədə 6 milyard 543,7 milyon kubmetr qaz hasil edilmişdir ki, bunun da 3 milyard 756 milyon kubmetri ARDNŞ-in payına düşmüşdür. Bundan əlavə, ABƏŞ-dən qəbul olunan səmt qazının həcmi 1 milyard 922,6 milyon kubmetr təşkil edilmişdir. Yanvar-avqust ayları ərzində ARDNŞ dövlətə 3,2 milyard kubmetr təbii qaz təhvil vermişdir.
2007-ci ilin əvvəllərindən başlayaraq Rusiyadan qaz idxalının dayandırılması ilə əlaqədər Dövlət Neft Şirkətinin üzərinə düşən məsuliyyət daha da artmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaz hasilatının artırılması ilə bağlı göstəriş və tövsiyyələrini əldə rəhbər tutaraq ARDNŞ 2007-ci ildə əlavə 500 milyondan 1 milyard kubmetrədək qaz əldə etməyi qarşıya vəzifə qoymuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci il iyunun 5-də ARDNŞ-in mədənlərindən dövlətə qaz təhvili sutkada 15 milyon kübmetrlik həddi keçmişdir. Belə ki, 2007-ci ilin sentyabrına olan məlumata görə şirkət sutkada 15,5 milyon kubmetr qaz hasil edir.
Zəngin qaz-kondensat potensialına malik «Günəşli», «Bahar», «8 mart» və «Bulla-dəniz» yataqlarında yeni qazılacaq quyular çox dərin olduğu üçün proqramda bu yataqlarda müasir texnika və texnologiyalardan, qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi, xarici şirkətlərlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulmuşdur. Görüləcək işlər nəticəsində cari ilin (2007-ci il) sonuna kimi ARDNŞ tərəfındən dövlətə 5,1 milyard kubmetr həcmində qazın təhvil verilməsi planlaşdırılmışdır.
Onu da qeyd edək ki, ildən-ilə artan qaz ehtiyatlarının istehlakçılara çatdırılması üçün yeni-yeni kəmərlərin inşasına zərurət yaranır. Odur ki, təbii qazın Azərbaycan istehlakçılarına təhvili üçün diametri 750 millimetr, uzunluğu 4500 metr olan qaz kəməri istismara verilmişdir.
Bundan əlavə, «Şahdəniz» qazının Azərbaycan daxilində nəqli məqsədilə ARDNŞ Sənqəçal terminalından «Azərqaz»ın qəbul sisteminin yerləşdiyi Sənqəçal baş qurğularınadək 4,5 kilometr uzunluğunda olan 30 düyməlik qaz kəmərinin çəkilişini də başa çatdırmışdır.
Bundan başqa, «Günəşli» yatağında 500 millimetrlik iki sualtı qaz kəmərinin çəkilişi başa çatdırılıb. 26 kilometr uzunluğunda olan birinci kəmər yüksək təzyiqli qazın «Cünəşli» yatağındakı 14 nömrəli platformadan «Neft Daşları»ndakı qazpaylayıcı məntəqəyə nəql edilməsi üçün nəzərdə tutulub. 20 kilometr uzunluğunda ikinci kəmər isə «Günəşli»dəki 4 nömrəli platformadan aşağı təzyiqli qazın «Neft Daşları»ndakı 2 nömrəli sıxıcı kompressor stansiyasına ötürülməsi üçün layihələşdirilib.
Daha sonra, neftçilərin peşə bayramı ərəfəsində «Şahdəniz» qazının ölkənin ucqar bölgələrinə nəqli üçün nəzərdə tutulmuş 47 kilometlik Sənqəçal-Qazıməmməd qaz kəmərinin tikintisi başa çatdınlıb. 48 düyməlik həmin kəmərin ötürmə qabiliyyəti sutkada 5-6 milyon kubmetrdir. Kəmərin 41 atmosfer təzyiq altında istismarı nəzərdə tutulub.
ARDNŞ həmçinin, 2007-ci ilin sonunadək «Neft daşları»ndakı qaz-yiğım məntəqəsindən «Bahar» yatağınadək uzunluğu 66,5 kilometr, diametri 508 millimetr, ötürmə qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı qaz kəmərinin inşasını planlaşdırmışdır. Bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulmuş həmin kəmərlə «Günəşli» yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır.
Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni platformaların inşasına da xüsusi önəm verilir. MDB məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus əhəmiyyəti vardır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynamış bu zavod «Əsrin müqaviləsi» çərçivəsində bir sıra müasir qurğu və obyektlərin tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq bloklarının inşası kimi mühüm işlər görür.
Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə bu zavod 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130 ton metal işlətmiş, 2007-ci ildə isə bu pəqəmin 14 min tona çatdırılması nəzərdə tutulmuşdur ki, bunun da 9 min 400 tonu artıq yanvar-avqustr ayları ərzində işlənmişdir.
Zavodun məhsullarının beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində də müəyyən işlər görülmüş və görülməkdədir.
Dövlət Neft Şirkəti «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində gerçəkləşdirilən layihələrdə də fəal iştirak edir.
Sosial yönümlü dövlət proqramlarına uyğun olaraq şirkət regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin maliyyə vəsaiti hesabına yeni məktəblərin, kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və
xiyabanlann salınması işini uğurla davam etdirir.
Qeyd etmək lazımdır ki, 2007-ci il üçün tərtib edilmiş kapital qoyuluşu proqramına əsasən bu il qeyri-sənaye sahələri üzrə tikinti işlərinə 85 milyon 479, 1 min manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
Respublikanın 10-dan artıq bölgəsində ən müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin tikintisi dinamik şəkildə həyata keçirilir. Lənkəranda və Naxçıvan Muxtar Respublikasındakı mərkəzlər artıq istifadəyə verilmiş və region əhalisinə uğurla xidmət göstərir.
Hazırda şirkətin maliyyə vəsaiti hesabına Şirvan, Gəncə, Bərdə, Zaqatala, Qəbələ və Quba müalicə-diaqnostika mərkəzlərində tikinti işləri davam etdirilir. 2007-ci ildə həmçinin Cəlilabad və Şamaxı müalicə-diaqnostika mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir. Şirkət həmçinin Balakən rayonunda 235 çarpayılıq mərkəzi xəstəxananın 2008-ci ildə istifadəyə verilməsini planlaşdırmışdır.
ARDNŞ ölkə rəhbərinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş «Bakı şəhərinin qəsəbələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı»nın həyata keçirilməsində də fəal iştirak edir.
Belə ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230 saylı, Qaradağ rayonunda 288 saylı orta məktəblərin, Lökbatan qəsəbəsindəki mədəniyyət sarayının əsaslı təmiri başa çatdırılıb. 2007-ci il iyun ayının 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının təntənəli açılış mərasimi keçirilmişdir.
Hal-hazırda Lökbatandakı Əli Əmirov adına Mədəniyyət Sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona çatmaq üzrədir. Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına və Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazədə adına Mədəniyyət saraylarında əsaslı-təmir bərpa işlərinə başlanılıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində kəskin qəza vəziyyətində olan binalar sökülərək yenidən tikilmiş, Bibiheybət qəsəbəsində təmizləyici qurğu isə istismara verilmək ərəfəsindədir.
ARDNŞ Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, Balakən, Zaqatala, Xanlar, eləcə də Bakının bir sıra rayonlarında beynəlxalq tələblərə cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş onlarla yeni məktəb binası inşa edlmiş, bir çox köhnə məktəb binalarının təmir olunması istiqamətində mühüm işlər görülmüşdür.
Ümumiyyətlə, ARDNŞ 2007-ci il ərzində təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdə 6 milyon 172,7 min manat vəsait xərcləməyi nəzərdə tutmuşdur.
Göründüyü kimi, ARDNŞ-in qəhrəman əməkçiləri bütün fəaliyyət sahələri üzrə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Vətənimizin iqtisadi qüdrətinin yüksəlişi yolunda sanballı nailiyyətlərə müvəffəq olmuşlar.

Müəlliflər: dosent. A.Ə.Rzayev, dosent N.Z.Məmmədov, dosent R.G.Həsənov, baş müəllim. V.R.Nəbiyev

 

0 şərh