Üzeyir Hacıbəyov - Milli musiqi günü

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin  əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin  ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi  ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman  Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.
Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra  əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin  şah  əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya  şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Görkəmli musiqi xadimləri onu "professional  Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Mənbə: Bayramlar və tarixi günlər
Müəllif: Əkbər Qocayev

9 şərh

_BUMERANQ_
Təkcə Azərbaycan musiqisində deyil, Şərq musiqisində mühüm xidmətləri olan dahi musiqiçimiz, bu gün onun doğum günüdür.
Allah ona rəhmət etsin.
Maraqlı topik üçün minnətdaram.

Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə hətta bir gündə anadan olmuşlar. Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər.
Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir bəyi Müslüm bəylə sıx yaradıcılıq əməkdaşlığından başqa səmimi dostluq münasibətləri də bağlamışdır. Həyatlarının ən çətin məqamlarında onlar bir-birinə möhkəm dayaq olmuş, köməkliklərini əsirgəməmişlər. Nəhayət, tale Ü.Hacıbəyovu və M. Maqomayevi qohumluq telləri ilə də birləşdirmişdir: onlar Terequlova bacıları ilə- Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə qurmuşlar.
asel
xatırladığınız üçün tesekkür
Medikamentoz
Sadəə görkəmli deyil,sözün həqiqi mənasında Dahi Şəxsiyyətdir!
pascal
Yüz illər keçər, belə dahilər unudulmaz. 
Medikamentoz
Azərbaycan musiqisi öz varlığını Üzeyir Bəyə borcludur.
jaguar
100% bu fikirlə razıyam. Üzeyir bəy muğamatımızı, xalq mahnı və rəqslərini nota salıb, gələcəy nəsillərə silinməz, unudulmaz bir xəzinə qoyub. 
Medikamentoz
Bugünkü musiqi Onun notları üzərində ayaqda qalmaqdadır,amma Yeni Üzeyirlərin də yetişdirilməsinə ehtiyac var!
azadmamedov90
bele demek olar ki, onun kimiler cox olsaydi,indi biz mozarta yox, uzeyire qulaq asardiq...belkede uzeyir mehdizadedi nedi o bambiliya…
Medikamentoz
Birazda situasiya fərqlidir dövrümüzdə,populizm üçün bəstəkarlara yox,xakerlərə ehtiyac duyulur,amma Dövlətin Milli Musiqiyə qayğısını danmaq olmaz,İnsanlarda bir növ tənbəllik var.Rep asan işdir,amma bəstəkarlıq isə yox.