Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri

Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388) tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi ilə uğurla rəqabət aparmışdı.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi. Belə ki, Uzun Həsən feodalların müqavimətini qıra bildi. Lakin onların xeyrinə də bəzi güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Bununla belə, ayrı-ayrı müəlliflərin Uzun Həsənin müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi, həqiqətə uyğun deyil. Çünki müxtəlif etnosların yaşadıqları bu genişərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu.

Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə də Uzun Həsənin xarici siyasət xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı tutmağı planlaşdırırdı.
Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru IV İohann Homnenin qızı Feodra ilə (Şərq mənbələri onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi bacısı oğlu Şeyx Heydərəərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdur.
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk səyyahı Evliyyə Çələbi Trabzondan bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını", Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı. Trabzonun Ağqoyunlular üçün böyük iqtisadi-ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa şərq malları almağa gedən, venesiyali və genuyalı tacirlərlə görüşürdülər. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə əlaqə saxlayırdılar. Məhz buna görə də II Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını müdafiə etmək məcburiyyətində qalmışdı.

Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə, danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı Sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.

Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə də Uzun Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail  oldu. Ikinci vəzifə daha çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi. Lakin sultan Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini Türkiyənin əlində cəmləşdirmək idi. Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı­Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış, Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını vermişdi.
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri heç bir nəticə vermədi. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra, türklər tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Yaranmış şəraitdə Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı.
Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm çıxış yolundan başlıcasını itirdı.

Yaranmış şəraitdə Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük alınırdı. Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan erməni tacirləri Roma papası və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar. Osmanlı işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir göstərir, Avropa ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyaya lazımi əhəmiyyət vermir, Türkiyənin iştirakı olmadan Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında Sultana qarşı atatürk koalisiyasında birləşdirməyə çalışırdı.
Ağqoyunluların Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin müntəzəm şəkilə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edilmiş, Venetsiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı.
Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər. bunların içərisində Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini və başqaları var idi. 1472-ci ildə Katerino Zeno Uzun Həsənin düşərgəsində Polşa və Macarıstan diplomatları ilə görüşdü.
1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola bilər.
Uzun Həsən atatürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar aparırdı. Venesiya diplomatlarının sıfır qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya, Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi.
Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyəəleyhinə iki dövlət arasında hərbi ittifaq bağlandı. Müttəfiqlərin müvafiq planına görə 1472-ci ilin yazında Uzun Həsən Osmanlı Türkiyəsi üzərinə hücuma keçməli idi. Istedadlı Ağqoyunlu sərkərdəsi Mirzə Yusif xanın başçılığı altında 12 minlik qoşun Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra parlaq qələbələrdən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli olanlar Venesiya gəmiləri ilə rastlaşmışdı.
Venesiya respublikası Uzun Həsənin qələbəsindən və Türkiyənin ağır vəziyyətindən istifadə edərək əvvəlcədən razılaşdırılmış hərbi planın əksinə olaraq, gizli surətdəİstanbuldakı səfirlərinin vasitəsilə, dinc yolla Türkiyədən ticarət üstünlüyünü qoparmaq ümidi ilə rəqib tərəflə diplomatik danışıqlar apardı və beləliklə də müharibənin bütün ağırlığını Ağqoyunlu dövlətinin üzərinə düşdü. Bununla da II Mehmet öz rəqiblərini bir­birindən ayırdı.
Hərbi kəşfiyyatın köməyi ilə Ağqoyunlu qüvvələrinin çox hissəsinin hələ Toqqatdan geri qayıtmadığını və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrənən. Osmanlı Sultanı şahzadə Mustafanın başçılığı altında Ağqoyunlulara qarşı 80 min nəfərlik qoşun göndərdi. Nəticədə Ağqoyunlu süvariləri Beyşehir yaxınlığında türklər tərəfindən məğlub edildilər, Qaraman osmanlılar tərəfindən fəth edildi.

Qışın düşməsi ilə bağlı hər iki tərəf hərbi əməliyyatları dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. Sultan əmin idi ki, Qaramanın tutulması ilə Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqəsi kəsilmişdir. Venetsiya ilə əldə olunmuş gizli razılaşmaya əsasən Türkiyə qərbdən hücum almayacağına təminat almışdı.belə ki, Venetsiya doju Venetsiya ilə Ağqoyunlular arasında Türkiyəyə qarşı imzalanmış müqavilənin mətnini türk diplomatlarına göstərməklə Uzun Həsənə xayanət etmişdi. Odur ki, Sultan Osmanlı dövlətinin bütün hərbi qüvvələrini Ağqoyunlulara qarşı çevirmək qərarına gəlmişdi.
Osmanlı Sultanı 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi ordu iləƏrzincana tərəf hərəkət etdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildirdi. (Əslində Venetsiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Iki qorxulu düşməni Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Sultan Uzun Həsəni Anadolunun elə şərqindəcə əzmək istəyirdi. Ərzincanda Uzun Həsən sultana qarşı tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın sağ sahili ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın oldu.
Beləliklə, o dövrün bir-birilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və sultan II Mehmet öz qoşunları ilə Fərat sahillərin-də qarşı-qarşıya dayandılar. Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda qoydu, başqa bir atlı dəstə isə hücum edə-edə Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə onlar geri çəkilməli, düşmən qüvvələrini Fəratın sol sahilinə çəkməli və Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə almalı idilər. Uzun Həsənin bu hiyləsi baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və Malatiya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi.
Bu məğlubiyyət osmanlı qoşununda intizamın pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu. Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini rədd etdi.

Malatiya vuruşmasından on gün sonra, yəni 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri Ərzincanla, Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün planına görə həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu qəflətən yaxalamalı, onu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.
Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbel döyüşü osmanlıların qələbəsi ilə qurtardı.
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Ağqoyunlu dövləti Uzun Həsənin öz rəqibləri üzə-rində bir-birinin ardınca əldə etdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazicə genişlənmiş və müvəqqəti güclənmiş-di. Bu dövlətin mövcudluğu onun apardığı qəsbkarlıq müharibələrinin nəticəsi ilə sıx bağlı idi. Xarici dövlətlərlə toqquşmalardakı kiçik bir uğursuzluq belə ölkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu və Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. İri feodalların, xüsusilə hərbi köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi canlandı.

II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etdi. II Mehmet bu izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib olmaq niyyətində idi.
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki müxtəlif ölkələrlə aparılan bu müharibələrin əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından əziyyət çəkən kəndlilərdən tutmuş sənətkarlara, xırda tacirlərə vəşəhər əhalisinə qədər hamı narazılıq edirdi.
Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı. Ağqoyunlular Misir sultanlığı ilə münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu. Təsadüfi deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı iləəlbir hərəkət etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori, eləcə də ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Ağqoyunlu hökmdarı gürcü knyazlarından 16 nün dukat bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə canişin təyin etdi və Təbrizə qayıtdı.
Uzun Həsən Gürcüstan səfəri zamanı hərbi qüvvələrin mühüm bir qismini Misir sultanlığına qarşı göndərmişdi. Ağqoyunlular 1477-ci ildə Amid və Urfa (döyüşlərində) yaxınlığında məmlüklər üzərində parlaq qələbə çaldılar, Urfa Ağqoyunluların əlinə keçdi.

Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç Azərbaycanı işğal edə bilmədilər.
Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayırdı. Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü üçün təhlükə hesab edirdi. Ona görə dəƏrdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə Şərqdə Teymurilərin və Misir Sultanlarının, Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.

Mövzuya dair suallar

  1. Ağqoyunlu dövlətinin meydana gəldiyi tarixi şəraitin səciyyəsi
  2. Ağqoyunluların Qaraqoyunlulara, Teymurilərə və Osmanlı Türkiyəsinə qarşı hərbi-siyasi mübarizəsi.
  3. Uzun Həsənin xarici siyasəti və Avropa diplomatiyası
  4. Uzun Həsənin antitürk koalisiyasının yaradılması uğrunda mübarizəsi.
  5. Ağqoyunlu-Rusiya münasibətləri
  6. Ağqoyunlu-Türkiyə müharibələrinin Yaxın Şərqdə siyasi vəziyyətə təsiri
  7. Avropa diplomatiyasının iki türk dövləti arasında düşmənçiliyin dərinləşdirilməsində rolu
  8. Ağqoyunlu dövlətinin dünya siyasətində yeri

Ədəbiyyat

  1. Azərbaycan tarixi. III cild, B., 1999
  2. Beynəlxalq münasibətlər tarixi fənninin proqramı (bakalavr pilləsi üçün) B., Şirvannəşr, 2005
  3. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993
  4. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1958
  5. Mahmudlu J. Azərbaycan diplomatiyası. B., 1996
  6. Məmmədov C. Azərbaycan tarixi. Dərslik. B., 2004
  7. Европа в средниевека: экономика, политика, культура. Сб. статией. М., 1972
  8. История Византии, т.III, М., 1983
  9. Османскаяимперия: могущество и гибель. Историческиеочерки. М., Наука, 1990
  10. Очерки истории Турции. М., 1983
  11. Путещественники об Азербайджане. Вып. 1. Б., 1961

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

0 şərh