Aksiyalar, istehlak mallar və bazarlar

Amerikada kapital bazarları kapitalizmin qan damarlarını təşkil edir. Şirkətlər zavod və fabriklərin, ofis binalarının, təyyarələrin, qatarların, gəmilərin tikintisini, telefon xətlərinin çəkilməsini maliyyələşdirmək, eləcə də bir çox digər korporativ fəaliyyətləri maddi cəhətdən dəstəkləmək üçün lazım olan fondları əldə edə bilmək məqsədilə bu bazarlara üz tuturlar. Pulların böyük bir hissəsi pensiya fondları, sığorta şirkətləri, banklar, fond qurumları kimi böyük təsisatlardan, kolleclər və universitetlərdən gəlir. Ayrı-ayrı fərdlərdən gələn pullar da getdikcə artmaqdadır. 4-cü fəsildə qeyd edildiyi kimi, 1990-cı illərin ortalarında ABŞ ailələrinin 40 faizi adi səhmlərə malik idi.
Sonralar hər hansı bir işi maliyyələşdirməyə ehtiyac duyarkən sata biləcəklərinə əmin olmadan çox az investor hər hansı bir şirkətin səhmlərini satın almaq fikrinə düşər. Fond birjaları və digər kapital bazarları investorlara səhmləri davamlı olaraq alıb-satmaq imkanı verir.
Bu bazarlar Amerika iqtisadiyyatında bir neçə digər funksiyanı da yerinə yetirir. Onlar investorlar üçün gəlir mənbəyidir. Səhmlərin və digər maliyyə aktivlərinin dəyəri yüksəldikcə investorlar varlanırlar; adətən onlar bu əlavə gəlirin müəyyən hissəsini alqı-satqıya sərf edərək iqtisadi inkişafı gücləndirirlər. Bundan əlavə, investorlar şirkətlərin gələcəkdə nə qədər gəlirli olub-olmayacağı ilə bağlı öz gümanlarına əsasən hər gün səhm paylarını alıb-satdıqları üçün birja qiymətləri şirkət rəhbərlərinə investorların onların fəaliyyətlərini necə dəyərləndirdikləri barədə anında və dəqiq bilgi verir.
Səhm dəyərləri, həmçinin, investorların dövlət siyasətinə reaksiyalarını da əks etdirir. Əgər investorlar dövlətin qəbul etdiyi siyasətləri iqtisadiyyat və şirkət gəlirləri üçün ziyanlı hesab edərlərsə, pul bazarları tənəzzülə uğrayır, yox, əgər investorlar bu siyasətlərin iqtisadiyyata kömək edəcəyini düşünürlərsə, onda həmin bazarlar yüksəlişə keçir. Tənqidçilər bəzən belə güman edirlər ki, Amerikada investorlar qısamüddətli gəlirlərə həddən artıq diqqət yetirirlər; bu analitiklər tez-tez deyirlər ki, şirkətlər və yaxud siyasət yaradıcıları uzun müddətə faydalı ola biləcək addımlar atmaqdan çəkinməyə məcburdurlar, çünki həmin addımlar birja qiymətlərini tənəzzülə uğradan qısamüddətli tənzimləmələr tələb edir. Pul bazarları milyonlarla investorun çıxardığı milyonlarla qərarın məcmusunu əks etdirdiyi üçün bu nəzəriyyəni dəqiq yoxlamaq heç cür mümkün deyil.
Hər halda, amerikalılar hər gün çox sayda insanın milyonlarla alqı-satqı prosesinə qoşulduğu o fond birjaları və digər pul bazarlarının səmərəliliyi ilə qürur duyurlar. Bu bazarlar öz uğurlarını qismən kompüterlərə borclu olsa da, bu uğurların kökü həm də ənənə və etibarda - bir brokerin digərinə, onların hər ikisinin təmsil etdikləri alıcıların alqı-satqıdan sonra haqq-hesabı dəqiq ödəyəcəklərinə etibarındadır. Bu etibar təsadüfi hallarda pozulur. Lakin ötən əsrin ikinci yarısında hökumət ticarət münasibətlərində düzgünlüyün və ədalətliliyin təmin olunmasında böyük rol oynayıb. Nəticədə bazarlar iqtisadi yüksəlişi təmin edən davamlı investisiya fondları kimi, eləcə də amerikalıların çoxuna ölkə sərvətindən pay almaq imkanı verən vasitələr kimi xeyli güclənib.
Bazarların səmərəli işləməsi informasiya axınının sərbəstləşdirilməsini tələb edir. Belə olmasa, investorlar inkişafla ayaqlaşa və yaxud səhmlərin həqiqi dəyərini düzgün qiymətləndirə bilməzlər. İnformasiya mənbələrinin çoxluğu investorlara bazarların mövcud durumunu günbəgün, saatbasaat, hətta dəqiqəbədəqiqə izləmək imkanı verir. Qanun şirkətlərdən qazancları barədə rüblük məlumatlar, daha müfəssəl illik məlumatlar nəşr etməyi və neçə işlədikləri barədə səhmdarlara etibarlı bilgilər verməyi tələb edir. Bundan əlavə, investorlar ilk satış mərhələsində ayrı-ayrı səhmlərin hansı qiymətə satıldığını öyrənə bilmək üçün gündəlik qəzetlərdəki bazar səhifələrinə baxa bilərlər. Onlar bazar aktivliyinin ümumi tempini ölçən müxtəlif indeksləri təhlil edə bilərlər: bu indekslərdən ən diqqətəlayiqi 30 ən tanınmış fond birjasını dəyərləndirən Dow Cons Orta Sənaye Kəmiyyəti (Do Jones İndustrial Average - DJIA) indeksidir. İnvestorlar, həmçinin, ayrı-ayrı fond birjaları və bazarların təhlilinə həsr oluna jurnallardan və informasiya bülletenlərindən yararlana bilərlər. Müəyyən kabel televiziyası proqramları birja qiymətlərinin hərəkəti haqda geniş xəbərlər verir. İndi isə investorlar fərdi səhmlər haqqında anında məlumat almaq və hətta səhm alqı-satqısını həyata keçirmək üçün internetdən istifadə edə bilərlər.

0 şərh