1-ci dünya müharibəsinin başlanması və gedişi

Dünyada kapitalizmin inkişafı iri dövlətlər arasında ziddiyyətləri daha da gücləndirmişdi. Bu, dünya müharibəsinin başlanması üçün maddi-siyasi zəmin yaratmışdı. Müharibədə başlıca məqsəd dünyanın geosiyasi vəziyyətini yenidən dəyişmək yolu ilə yeni ərazilər tutmaq, təzə bazarlar və nüfuz dairələri əldə etməkdən ibarət idi. Müharibənin başlanması təşəbbüsçüləri isə Almaniya və Avstriya-Macarıstan imperiyaları olmuşdu. XX əsrin əvvəllərində Almaniya ilə İngiltərə-Fransa-Rusiya arasında ziddiyyətlər daha da dərinləşmişdi. Müharibədə Almaniya İngiltərəni zəiflətmək, Fransanı parçalamaq, onun əsas metallurgiya bazarlarını ələ keçirmək, Rusiyanı zəiflətmək üçün Ukraynanı, Belarusiyanı, Polşanı və Baltikyanı ölkələri tutmaq və Rusiyanın Baltik dənizi ilə əlaqəsini kəsmək istəyirdi. Müharibə üçün bəhanə də tapıldı.

1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vliəhdi və baş komandan Frans-Ferdinand serb millətçisi Qavrila Prinsip tərəfindən öldürüldü. Avstriya-Macarıstan 1914-cü il iyulun 28-də Serbiyaya müharibə elan etdi. İyulun axırlarında Avstriya-Macarıstan qoşunları Serbiya ərazisinə soxuldu, Belqradı bombardman etdi. Serbiyanı müdafiə edən Rusiya dərhal hərbi səfərbərliyə başladı. Avqustun 3-də Almaniya Fransaya müharibə elan etdi. Avqustun 4-də Almaniya müharibə elan etmədən Belçikaya soxuldu və bununla da Belçikanın bitərəfliyi haqqında əvvəllər Prussiya tərəfindən imzalanmış müqavilə pozuldu. İngiltərə hökuməti Belçikanı müdafiə etmək bəhanəsi ilə avqustun 4-də Almaniyaya qarşı mübarizəyə qoşuldu. Getdikcə yeni-yeni dövlətlər müharibəyə cəlb edilirdi. Bu, artıq öz miqyasına və nəticələrinə görə bəşəriyyət tarixində misli görünməmiş müharibə — Dünya müharibəsi idi. Dünya müharibəsi hər iki tərəfdən işğalçı və ədalətsiz müharibə idi. 1914-cü il avqustun əvvəlində müharibə gedən Avropada üç cəbhə yaradılmışdı. Qərb cəbhəsi Şimal dənizindən İsveçrəyə qədər, Şərq cəbhəsi Baltik dənizindən Ruminiyayadək uzanıb gedirdi. Üçüncü cəbhə Balkan cəbhəsi idi. Müharibə edən dövlətlərin hər birinin hərbi əməliyyatlar üçün qabaqcadan hazırlanmış planları var idi. Almaniyanın hücum əməliyyatları “idırımsürətli müharibə” və iki cəbhədə müharibə aparmağın mümkünlüyünü nəzərdə tutan “Şliffen planı” əsasında başladı. Almaniya Baş qərargahı iki cəbhədə vuruşmaqla Fransa və Rusiyanı növbə ilə, həm də tez bir zamanda darmadağın etməyi bir vəzifə kimi qarşıya qoymuşdu.

Avqustun əvvəlində alman qoşunları Belçika ərazisindən Şimali Fransaya soxuldular. Fransızlar və Fransanın şimal sahillərinə çıxarılmış ingilis korpusu üstün qüvvələrin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq Parisi tərk etmişdi. Rusiya müttəfiqlərinə kömək etmək məqsədilə öz qoşunlarını Şərqi Prussiya daxil oldu və onun xeyli hissəsini zəbt etdi. Alman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını təcili olaraq Fransadan çıxarıb Şərq cəbhəsinə göndərdi. Rus komandanlığının əməliyyatları uzlaşdırmaması üzündən ordunun biri Mazur gölləri yaxınlığında ağır məğlubiyyətə uğradıldı. Alman qoşunlarının bir hissəsinin Fransadan çıxarılıb Şərq cəbhəsinə göndərilməsi nəticəsində almanların Parisə getmək üçün qüvvələri çatışmadı. Onlar hücum xəttini qısaltmağa məcbur oldular və Parisin şimal-şərqində Marna çayına çatdılar, burada isə onlar ingilis-fransız qüvvələri ilə üz-üzə gəldilər. 1914-cü ilin sentyabrında Marna sahilində Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən biri baş verdi. Bu döyüşdə hər iki tərəfdən 1,5 milyondan çox adam iştirak edirdi. İngilis-fransız qoşunları hücuma keçdilər. Onların hücumu yalnız Ena çayı sahilində dayandırıldı. Bununla da, Almaniyanın “ildırımsürətli müharibə” planı boşa çıxdı və almanlar iki cəbhədə müharibə aparmağa məcbur oldular. 1915-ci ilin yazında Şərq cəbhəsi Birinci Dünya müharibəsinin mərkəzi cəbhəsinə çevrilmişdi.

 

Müttəfiqlər Rusiyanı məğlubiyyətə uğratmağa, onu müharibədən vurub çıxartmağa, sonra isə bütün qüvvələrini Fransa və İngiltərəyə qarşı yönəltməyə çalışırdılar. 1915-ci ilin mayında müttəfiqlərin birləşmiş qoşunları Qorlitsa bölgəsində cəbhəni yardılar. Lakin sonradan bu hücumları dayandırmaq mümkün oldu. Rusiyanı müharibədən çıxarmaq və onu birtərəfli sülhə məcbur etmək planı baş tutmadı. 1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə vurmaq üçün tarixdə ilk dəfə olaraq sualtı qayıqlardan istifadə etdi. Almaniyanın xəbərdarlıq etmədən mülki gəmiləri batırması bitərəf ölkələrin hiddətinə səbəb olmuşdu. İngiltərə əsaslı tədbirlər görməklə sonrakı təhlükələrin qarşısını ala bilmişdi. Almaniya 1915-ci ilin aprelində müharibələr tarixində ilk dəfə olaraq Belçikanın İpra rayonunda kimyəvi silahdan (xlordan) istifadə etdi. Bu vaxt  “Antanta” dövlətləri İtaliyaya bir sıra əraziləri vəd edərək onu öz tərəflərinə çəkə bildilər. 1915-ci ilin aprelində Londonda İngiltərə, Rusiya, Fransa və İtaliya bu barədə gizli razılığa gəldilər. Bir ay sonra İtaliya “Atlanta” dövlətlərinin müttəfiqi kimi Avstriya – Macarıstana qarşı hərbi əməliyyatlara başladı. 1915-ci ilin sentyabrında Avstriya-Macarıstan,  Almaniya, Osmanlı imperiyaları və Bolqarıstandan ibarət “Dördlər ittifaqı” meydana gəldi. Bolqarıstan “Atlanta”ya qarşı mübarizəyə başladı. Beləliklə, İtaliyanın “Atlanta”ya qoşulmasının əvəzi qismən çıxılmış oldu. Almaniyanın əsas hərbi qüvvələrinin Şərq cəbhəsinə göndərilməsi və orada qanlı döyüşlərin getməsi Qərb cəbhəsində nisbi sakitlik yaratmışdı.

Bu sakitlikdən İngiltərə və Fransa yeni hərbi hissələr yaratmaq üçün istifadə etdilər. 1916-cı ilin əvvəlində alman hakim dairələri hərbi qüvvələrini Fransa üzərinə yeritməklə onu gücdən salmaq qərarına gəldilər. Fevralda almanlar misli görünməmiş top atəşi ilə cəbhəni yardılar və Verden qalası üzərinə hücuma keçdilər. Bu qala alınardısa, onda Parisə gedən yol açılardı. Lakin almanlar fransızların güclü müqavimətinə rast gəldilər. Bu döyüşlərdə hər iki tərəfdən bir milyona qədər adam məhv edilmişdi. Bu vuruşma tarixə “Verden qəssabxanası” adı ilə daxil olmuşdur. Altı ay davam edən döyüşlərdə almanlar cüzi torpaq sahəsi tuta bilmişdilər. 1916-cı ilin iyununda Yutlandiya sahillərində ingilis-alman hərbi donanmaları arasında tarixdə görünməmiş dəniz döyüşü baş verdi. Lakin Yutland döyüşü tərəflərin heç biri üçüç müsbət nəticə vermədi. Rəqiblər əvvəllki mövqelərinə qayıtdılar. 1916-cı ilin iyulunda ingilis-fransız ordusu bütün cəbhə boyu əks hücuma keçdi. Somma çayı sahilindəki vuruşma çox şiddətli oldu. Bu ağır döyüşlər fasilələrlə 5 aya qədər davam etmişdi. Tərəflər yenidən mövqe müharibəsinə keçdilər. Somma vuruşmasında hər iki tərəfdən bir milyon nəfərdən çox ölən, yaralanan və əsir düşən olmuşdu. Nəticədə isə ingilis-fransız qoşunları elə bir ciddi uğur əldə edə bilməmişdilər. Rumıniya 1916-cı ilin avqustunda “Atlanta”nın müttfiqi kimi müharibəyə qoşuldu. Lakin 1916-cı ilin axırlarında rumın ordusu Avstriya-Macarıstan – alman və bolqar qoşunları tərəfindən darmadağın edildi.

 

0 şərh