1-ci dünya müharibəsinin yekunları

Müharibə hər iki hərbi bloka daxil olan ölkələrin hərbi və maddi ehtiyyatlarını tükəndirmişdi. Daxili ziddiyyətlər kəskinləşmiş və inqilabi hərəkat genişlənmişdi. Sülh danışıqlarına başlamaq cəhdləri də heç bir nəticə vermədi. 1917-ci ilin əvvəlindən etibarən Rusiyanı dərin iqtisadi böhran bürümüşdü. Rusiya hərbi məğlubiyyətləri və təsərrüfat dağınıqlığı müxalif qüvvələrin fəaliyyətini canlandırmışdı. 1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua-demokratik inqilabı nəticəsində mütləqiyyət devrilmiş və Müvəqqəti hökumət təşkil edilmişdi. Ferval inqilabı ABŞ-ın hakim dairələrini də narahat edirdi. Ona görə ABŞ 1917-ci ilin aprelində Almaniyaya qarşı müharibəyə girdi. ABŞ bu addımda müharibənin uğurlarından faydalanmaq imkanları əldə edirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini başqası ilə bölüşmək istəməyən Fransa və İngiltərənin hakim dairələri ABŞ qoşunları Avropaya gələnə qədər Almaniyanı məğlubiyyətə uğratmaq istəyirdilər. Lakin Almaniya və Avstriya-Macarıstan qoşunları 1917-ci ilin oktyabrında Kaporetta yaxınlığında İtaliya ordusunun xeyli hissəsini məhv etdilər. 1918-ci ilin martında Brest-Litovskidə Rusiya ilə Almaniya və onun müttəfiqləri (“Dördlər ittifaqı”) arasında sülh müqaviləsi imzalandı. Brest-Litovski sülhünə görə Rusiya cəbhə xəttinə qədərki əraziləri itirirdi, Qars, Ərdəhan və Batum Osmanlı dövlətinə qaytarılırdı. Həmçinin Rusiya Ukrayna Mərkəzi Radasının müstəqilliyini tanımağa məcbur oldu. Rusiyanın müharibədən çıxması Almaniyanın vəziyyətini müəyyən qədər yüngülləşdirdi.

1918-ci ilin mayında Rumıniya “Dördlər ittifaqı” bloku ilə sülh müqaviləsi bağladı. Almaniya və onun müttəfiqləri, demək olar ki, bütün sahələrdə böhraniçərisində idilər. Avqust ayında Fransa, İngiltərə və ABŞ qoşunları bir gündə almanların 16 diviziyasını darmadağın etdilər. Sentyabrın sonunda isə bolqar və Osmanlı orduları Makedoniyada ağır məğlubiyyətə uğradıqdan sonra Bolqarıstan müharibədən çıxdı. Avstriya-Macarıstan artıq müqaviməti dayandırmışdı. 1918-ci il oktyabrın əvvəllərində alman hökuməti ABŞ prezidenti Vilson tərəfindən bir qədər əvvəl irəli sürülmüş “14 maddə” tələbi ilə razı olduğunu bildirdi və sülh prosesini sürətləndirməyi xahiş etdi. Fələstin və Suriyada aparılan döyüşlərdə məğlub edildikdən sonra, 1918-ci ilin oktyabrında Mudros adlanan yerdə Osmanlı imperiyası təslim olmaq aktına imza atdı. Avstriya-Macarıstan imperiyası milli ziddiyyətlərin kəskinləşməsi nəticəsində və cəbhələrdə aldığı zərbələrdən dağılmağa başlamışdı. Noyabrın əvvəlində Avstriya-Macarıstan komandanlığı təslim olma sənədinə qol çəkdi. Bu hadisə Almaniya ilə “Atlanta” arasında aparılan sülh danışıqlarını sürətləndirdi. 1918-ci il noyabr 9-da Almaniyada inqilab nəticəsində monarxiya devrildi. Respublika yaradıldı. 1918-ci il noyabrın 11-də fransız marşalı Foşun Kompyen meşəsindəki vaqon qərargahında Almaniya ilə qalib dövlətlər arasında barışıq sazişi imzalandı. Bütün cəbhələrdə döyüş əməliyyatları dayandırıldı. Birinci Dünya müharibəsi qurtardı.

Kompyen barışığına görə Almaniya 15 gün ərzində Fransa, Belçika, Lüksemburqda işğal etdiyi ərazilərdən qoşunlarını çıxartmağı öhdəsinə götürdü. Almaniya öz hərbi hissələrini həmçinin Osmanlı imperiyası, Rumıniya, Avstriya – Macarıstandan və Afrikadakı müstəmləkələrində şıxartmalı, silahlarının müəyyən hissəsini qalib müttəfiq dövlətlərə verməli idi. Müharibə “Dördlər ittifaqı”nın məğlubiyyəti ilə başa çatdı. “Atlanta dövlətlərinin həm canlı qüvvə, həm də maddi cəhətdən Almaniyadan və onun müttəfiqlərindən üstün olması müharibənin taleyini həll etdi. Almaniya, Avstriya – Macarıstan, Osmanlı və Rusiya imperiyalarında mövcud olan quruluş Dünya müharibəsinin sınaqlarından çıxmadı və dağıldı. Dünyanın siyasi xəritəsi dəyişdi. Döyüş cəbhələrində, xəstəxanalarda və başqa şəraitdə 10 milyon nəfərdən çox insan ölmüş, 20 milyon adam yaralanmış və 3,5 milyon nəfər isə şikəst olmuşdu.

 

0 şərh