Birinci dünya müharibəsində hərbi əməliyyatlar

Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. "Şliffen planına" (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başladı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu.
Avqustun 17-də rus qoşunlarının Şərqi Prussiyaya hücumları Almaniyanın Qərb cəbhəsindəki irəliləyişinə mane oldu. O, qoşunlarının müəyyən hissəsini Şərq cəbhəsinə atmalı oldu. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq rus hərbi hissələri Şərqi Prussiyada ağır məğlubiyyətə uğradılar. Onlar Mazur gölü rayonunda darmadağın edildilər və qalan hissələri isə Neman çayına sıxışdırıldılar.
Şərqi Prussiyadakı məğlubiyyətinə baxmayaraq rus orduları avqustun axırlarında Cənub-Qərb cəbhəsində Qalisiya strateji əməliyyatına başladılar. İki qat üstünlüklərindən istifadə edən rus qoşunları burada Avstriya-macar orduları üzərində qələbə çaldılar. Düşmən 400 minə qədər qüvvə itirdi. Habsburqlar imperiyasının hərbi qüdrəti sarsıdıldı. Bundan sonra onun Almaniyanın dəstəyi olmadan müstəqil əməliyyat keçirmək imkanı olmadı. Bu döyüşdə Rusiya tərəfi də 230 min nəfər itki verdi.


1914-cü ilin payızında Şərq cəbhəsində döyüşlər dəyişkən uğurlar şəraitində baş verirdi. Artıq dekabrda bu cəbhədə vəziyyət sabitləşdi. Hərbi əməliyyatlar uzun sürən, mövqe saxlamaq xarakteri aldı. Şərq cəbhəsindəki belə vəziyyət Almaniya komandanlığına qərb cəbhəsində fəallığı artırmağa imkan verdi. Alman qoşunları Fransa paytaxtı istiqamətində hücuma keçməyə başladı, Ən böyük və həlledici döyüşlərdən biri Marna çayı ətrafında baş verdi. Bu döyüşdə hər iki tərəfdən iki milyona qədər əsgər iştirak edirdi, Sentyabrın 9-da Antanta qoşunları almanları geri oturtmağa nail oldular. Alman komandanlığı Parisə hücumu dayandırmaq məcburiyyətində qaldı. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
Marna məğlubiyyətindən sonra alman ordusu Belçika ərazilərinə çəkildilər. Beləliklə, 1914-cü ilin axırı üçün Flandriyadan İsveçrəyə qədər uzanan 700 kilometrlik Qərb cəbhəsində də mövqe döyüşləri vəziyyəti yarandı. Hər iki tərəf mövqeləri saxlamaq uğrunda döyüşlər aparmağa başladılar. Almanların "İldırım sürətli müharibə" planı iflasa uğradı.

1914-cü ildə digər cəbhələrdə də üstünlük Antanta və onun müttəfiqlərinin tərəfində idi. Yaponiya Almaniyanın Sakit Okeandakı bütün müstəmləkələrini öz əlinə keçirdi. İngilis-fransız qoşunları Almaniyanın Afrikadakı müstəmləkələrində də hücumlarını genişləndirdilər. Balkanlarda Serb hərbi hissələri hücuma keçərək Avstriya-macar ordularını öz ərazilərindən qovub çıxardılar. Qafqaz cəbhəsində rus qoşunları yaranmış şəraitdən istifadə edərək Sarıqamış döyüşündə üstünlük əldə etdilər. Dəniz döyüşlərində də Antanta qüvvələri almanları tez-tez məğlubiyyətə uğradırdılar. Beləliklə, 1914-cü il döyüş kampaniyası ümumən Antantanın üstünlüyü ilə başa çatdı. Alman komandanlığının ilk strateji planları pozuldu. Eyni zamanda müharibə edən tərəflərdən heç biri həlledici üstünlük əldə edə bilmədi. Hərbi əməliyyatlar uzanmağa başladı.
Müharibənin ikinci ilində Qərb cəbhəsində vəziyyət əvvəlki kimi sabit qalırdı. Hər iki tərəf mövqe döyüşləri aparırdılar. Şərq cəbhəsində isə fəallaşma başlamışdı. Alman komandanlığı tezliklə Rusiyanı məğlubiyyətə uğratmaq, onu birtərəfli sülh imzalamağa məcbur etmək niyyətində idi. Bu məqsədlə də o, 1915-ci ilin fevralında bütün Şərq cəbhəsi boyu hücuma keçdi. Rus ordusunun müqaviməti qırıldı. O, bütün cəbhələrdə müdafiə mövqeyinə keçdi. Əvvəllər zəbt edilmiş Qalisiya, habelə Polşa və Litva almanların əlinə keçdi. Lakin Almaniya 1915-ci ildə nəzərdə tutduğu strateji məqsədə-Rusiyanı müharibədən çıxarmağa nail ola bilmədi.
Almaniyanın Şərq cəbhəsində uğurları Bolqarıstanı Üçlər ittifaqına qoşulmağa təhrik etdi. Yarım milyonluq orduya malik Bolqarıstan 1915-ci ilin oktyabrında Üçlər ittifaqına girdi. Bolqarıstanın və Avstriya-Macarıstanın orduları serb hərbi hissələrini darmadağın etdilər.
Almaniya psixoloji üstünlük qazanmaq məqsədilə 1915-ci ildə kimyəvi silahdan istifadə etdi. O, 1915-ci il aprelin 22-də tarixdə ilk dəfə İpra ətrafında ingilis mövqelərinə zəhərli xlor qazı buraxdı. 15 min nəfər zəhərləndi. Onlardan 5 mini tələf oldu. 1915-ci ildəki ziddiyyətli hadisələr, Avstriya-Macarıstanla fikir ayrılıqları və Antantanın Tirolu, Triyesti, hətta Adriatikin şərq sahillərini İtaliyaya vermək vədləri onun Üçlər ittifaqını tərk etməsinə gətirib çıxardı. 1915-ci il aprelin 26-da İtaliya Üçlər ittifaqından çıxdı, bir aydan sonra isə o, Antanta tərəfdən müharibəyə başladı. İtaliyanın Antanta tərəfinə keçməsi, Bolqarıstanın və Osmanlı imperiyasının Almaniya və Avstriya-Macarıstanla ittifaqa girməsi ilə Üçlər ittifaqı Dördlər ittifaqma çevrildi. Beləliklə, 1915-ci il hərbi kompaniyası nəinki cəbhələrdə vəziyyəti səhmana saldı, hətta Almaniya koalisiyasının strateji təşəbbüsü ələ alması ilə nəticələndi.
1916-cı il ildə Almaniya və onun müttəfiqləri qazanılmış strateji təşəbbüsü əldə saxlamağa və Qərb cəbhəsində sarsıdıcı zərbələr endirməyə cəhdlər göstərdilər. Fransanın Verden qalası ətrafmdakı döyüşü buna misal göstərmək olar. 1916-cı il fevralın 21-dən başlayıb bir neçə ay davam edən bu döyüşlərdə 125 alman diviziyasından 50-si və 95 fransız diviziyasından 65-i iştirak etmişdi. Həmin döyüşlərdə ilk dəfə tanklardan, od saçan silahlardan, yüngül pulemyotlardan istifadə edilmiş, kimyəvi silalılar geniş tətbiq olunmuşdu, Qoşunların şəxsi heyətinin itkisi 70-100%-ə çatmışdı. Alman hissələri olsa-olsa 5-6 km irəliləyə bilmişdilər. Bu döyüş əslində mənasız qan tökmə simvolu olmuşdu. Verden kayzer Almaniyasının hərbi iflasının yaxınlaşdığından xəbər verirdi.

Müharibə belə olmuşdu:


Verden döyüşlərinin ən gərgin vaxtında Antanta Qərb cəbhəsində Somma çayı rayonunda geniş cavab hücumuna başladı. O, 1916-cı ilin noyabrına kimi davam etdirildi. Verden və Somma əməliyyatları Birinci Dünya müharibəsində ən çox kütləvi qırğın döyüşləri olmuşdu. Həmin döyüşlərdə hər iki tərəfdən iki milyon adam tələf olmuşdu.
1916-cı ilin yayında Rusiya cəbhəsində fəallaşma baş verdi. Rus komandanlığı almanların Verden döyüşlərindən diqqətini yayındırmaq məqsədilə Baltikadan Rumuniyaya qədər cəbhədə hücuma keçmək planı hazırladı. General A.A.Brusilovun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsinin qoşunları düşmən cəbhəsini yararaq 11 gün ərzində 70-75 km irəlilədilər. Bu döyüş zamanı Rusiya tərəfdən yarım milyona qədər, Avstriya-Macarıstan tərəfdən 1,5 milyona qədər adam tələf oldu. Avstriya-Macarıstan ordularına ciddi zərbə vuruldu. Bu, əməli olaraq italyan ordularını darmadağın edilməkdən xilas etdi və Rumuniyanı Antanta tərəfdən müharibəyə girməyə məcbur etdi.
1915-1916-cı illərdəki hərbi kompaniyaların başlıca yekunu dördlüyün zəifləməyə başlaması və Antantanın xeyrinə dönüşün yaranmasından ibarət idi. Belə bir şəraitdə müharibənin 1917-ci il döyüş kompaniyası başladı. O, Antantanın üstünlüyü şəraitində gedirdi. Antanta artıq canlı qüvvə etibarı ilə dördlər ittifaqından təqribən 40% üstün idi.1917-ci ilin aprelində ABŞ-ın Antanta tərəfdən müharibəyə girməsi bu üstünlüyü daha da artırdı.
1917-ci ilin fevralında Rusiyada baş verən inqilab Şərq cəbhəsində vəziyyəti kökündən dəyişdirdi. Orduda intizam aşağı düşdü, fərarilik artdı. Cəbhədə qardaşlaşma başladı. Bundan istifadə edən Almaniya sentyabrda əks hücuma keçdi. Hücum nəticəsində almanlar Riqa şəhərini tutdular. 1917-ci il oktyabrın 25-i Rusiyada hakimiyyətə gələn bolşeviklər dekabrın 15-də cəbhədə atəşkəsə nail oldular. Şərq cəbhəsində tam sakitlik yarandı. 1917-ci ildə Çin və Braziliya da Dördlük ittifaqına müharibə elan etdilər.
Rusiyada hakimiyyəti ələ almış bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovskdə Almaniya ilə birtərəfli sülh imzaladılar. Həmin sülhə görə Finlandiya, Baltikyanı ölkələr, Ukrayna, Don və Qara dəniz əraziləri, Cənubi Qafqaz Rusiyadan qoparıldılar.
Rusiyanın müharibədən çıxmasından istifadə edən Almaniya Qərb cəbhəsində hərbi əməliyyatları gücləndirdi. Strateji təşəbbüs Almaniyanın əlinə keçdi. 14 gün ərzində alman qoşunları qərb istiqamətində 84 km irəlilədilər, 90 min əsir götürdülər. Lakin 1918-ci ilin yayında vəziyyət dəyişdi. ABŞ cəbhəyə yeni qüvvələr gətirdi. ABŞ-ın maddi köməyi müttəfıqlərin qəddini düzəltməyə imkan verdi. İyunda Avstriya-Macarıstanın İtaliyaya qarşı hücumu pozuldu. 1918-ci ilin sentyabr-oktyabr aylarında Antanta orduları Şimal dənizindən İtaliyaya qədər olan cəbhədə hücuma keçdilər. Oktyabrın ortalarında alınmaz sayılan "Ziqfırd" müdafiə xətti yarıldı. Almaniya məhv olmaq vəziyyətinə düşdü. Noyabrın 3-də Avstriya-Macarıstan təslim oldu. Almaniya hökuməti ABŞ prezidenti V.Vilsona hərbi əməliyyatları dayandırmaq barədə müraciət etdi. 1918-ci il noyabrın 11-də Paris yaxınlığında olan Kompyen meşəsində alman komandanlığı və Antanta nümayəndələri sülh sazişi imzaladılar. Bununla birinci dünya müharibəsi bitdi.

6 şərh

fidan
Təhsil Nazirliyinə müraciət edib artıq tarix dərslərini ölkə miqyasında onlayn şəkildə papatürkün aparmasını dəstəkləmək lazımdır))
Müharibə haqqında tam real təsəvvürüm oldu. İkinci videoda rok musiqisi də yaxşı idi.
Almaniyaya halal olsun. O boyda müharibəni aparmaq hər kişinin dövlətin işi deyil.
2ral
Həm birinci,həm ikinci dünya müharibəsində italyanlar satqınlıq etdilər. Buna görə də onlara qarşı simpatiyam çox azdır.Çox böyük satqınlıqdır.
papatürk
Almaniya çox rəşadətli mübarizə aparsa da,böyük resurslar qarşısında mübarizə aparmaq çətin məsələ idi.İtalyanların tərəfi dəyişməsi də öz sözünü dedi.Əslində Mərkəz qüvvələri hər iki tərəfi ayrı-ayrılıqda məğlub edə bilərdi.Amma tarix şərt şəklini qəbul etmir.
Kaka
o vaxtı videoçəkən yoxidi. bu videoları hardan tapmusuz? geydirmədi inanmuyun
niqulya
1914-cü ildə kino çəkmirdilər bəyəm? O vaxtlar videoçəkiliş vardı.