BDM nəticələri

Birinci dünya müharibəsi nəticəsində təqribən 10 milyon insan tələf olmuşdu, 20 milyon adam yaralanmışdı. Müharibə aparan ölkələrin təsərrüfatı olmazın dərəcədə dağılmışdı. ABŞ istisna olmaqla müharibə aparan ölkələrin milli sərvətinin orta hesabla 1/3 hissəsi tələf olmuşdu.
Birinci dünya müharibəsi XX əsr tarixinə öz mahiyyət və nəticələrinə görə dərin iz qoyan hadisə kimi daxil olmuşdur. O, ictimai-siyasi əhəmiyyət və nəticələrinə görə Böyük Fransa Inqilabına (XVIII əsr) bərabər hadisə idi. O, dünyanın inkişafına çox güclü təsir göstərmişdi. Dünyada köklü dəyişikliklər baş vermişdi.
Birinci dünya müharibəsinin nəticələri Müharibə milyonlarla adamın tələf olmasına bais olmaqla yanaşı müharibə aparan ölkələrdə sosial-siyasi və iqtisadi böhranı daha da dərinləşdirmişdi. Həmin ölkələrdə sosial ziddiyyətlər və qarşıdurmalar,  siyasi  çəkişmələr güclənmişdi  və təsərrüfat dağıntıları artmışdı. Təbəqələşmə daha da dərinləşmişdi: bir qrup adamlar olmazın dərəcədə varlanmış, geniş xalq kütlələri isə getdikcə var-yoxdan çıxmış, dilənçi vəziyyətinə düşmüşdü. Müharibə xərclərinin getdikcə artması vəziyyəti daha da pisləşdirmişdi. Müharibə dövründə gündəlik hərbi xərclər təkcə Almaniyada 146 milyon, Fransada 120 milyon marka təşkil etmişdi. Müharibə edən ölkələrdə ağır sənayenin 70% və yüngül sənayenin isə 50% hərbi məqsədlər üçün işləmişdi. 1917-ci ilin mart ayı üçün təkcə Rusiyada müharibəyə çəkilən xərc 30 milyard rubldan çox olmuşdu.
Müharibə sənaye və kənd təsərrüfatı istehsalının 20-25 faiz azalmasına səbəb olmuşdu. Cəbhəyə gedən fəhlələri qadınlar və yeniyetmələr əvəz etmişdilər. İş şəraiti də pisləşmişdi. İş vaxtından çox, istirahət günləri və gecələr işləmək qanuni hala çevrilmişdi. Kənddə də vəziyyət ağırlaşmışdı.
Əhalinin sosial vəziyyəti də çox pisləşmişdi. Əvvəl Almaniyada, sonra isə İngiltərə istisna olmaqla digər müharibə edən ölkələrdə ərzaq və çox işlənən sənaye malları üzrə kartoçka sistemi tətbiq edilmişdi. Müharibə edən ölkələrdə sosial-ziddiyyətlər də kəskinləşmişdi. Müharibə əleyhinə kütləvi etiraz çıxışları başlamışdı. Cəbhədə qardaşlaşma və arxada möhtəkirlərə qarşı zəhmətkeşlərin "aclar qiyamı" deyilən hərəkat geniş yayılmışdı. 1915-ci ildə Almaniyada, İngiltərə və Rusiyada 1.5 milyon, bir ildən sonra 2 milyon adam tətil etmişdi. Həmin ölkələri ümummilli böhran bürümüşdü.

loading...

1 şərh

bankir
hər pis bir şeydə yaxşını tapmaq lazımdır.Düzdür,çox adam qırıldı.Amma elm və texnika çox inkişaf etdi.