Azərbaycanın iqtisadi vəziyyəti

Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına çevrilməsə də, Rusiyanın qoşulduğu müharibə ölkəmizin iqtisadiyyatına mənfı təsir göstərmişdi. Neft sənayesində mövcud olan durğunluq müharibə nəticəsində böhranla əvəz olmuşdu. Qazma işləri 1914-cü ildəki 52 min sajendən 1917-ci ildə 24 min sajenə düşmüşdü. Odur ki, hökumət və iri neft şirkətləri "neft aclığını" aradan qaldırmaq üçün bütün qüvvələrini səfərbər etməli olmuşdular. Bakıda 1913-cü ildə 468 milyon pud neft çıxarılmışdısa, 1914-cü ildə bu rəqəm 431 milyon puda enmiş, müəyyən artım hesabına 1915-ci ildə 451 milyon puda, 1916-cı ildə 470 milyon puda qalxsa da, 1917-ci ildə yenidən aşağı - 402 milyon puda düşmüşdü.
Qazma işlərinin azalması ilə yanaşı, istehsalın metal və avadanlıqlarla cəmi 30 - 50% həcmində təmin olunması, hasil olan neftin demək olar ki, hamısının hökümət tərəfındən sabit qiymətlə satın alınması şəraitində neft şirkətlərinin bu sahəyə əlavə kapital qoymadan böyük gəlir götürməsi də neft sənayesində durğunluğu daha da dərinləşdirmişdi. Neft hasilatının demək olar ki, artmadığı şəraitdə 6 iri neft səhmdar şirkətinin ümumi gəliri 1913-cü ildə 2,7 milyon manatdan 1916-cı ildə 4,7 milyon manata çataraq 1,6 dəfədən çox artmışdı. Neft sənayesində çalışan 13 min nəfərdən çox qeyriazərbaycanlı ixtisaslı fəhlənin orduya çağırılması və onların yerini kənddən gəlmiş yerli fəhlələrin tutması əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdu. Bakıda fəhlələrin sayı 1913-cü ildə 43 min nəfərdən 1916-cı ildə 48,6 min nəfərə çatmışdı. 1913-cü ildə neft sənayesi fəhlələrinin hər birinin payına orta hesabla 1090 pud neft düşürdüsə, 1916-cı ildə bu rəqəm 820 puda enmiş və deməli, əmək məhsuldarlığı 1,3 dəfədən çox azalmışdı. Bütün bunlara baxmayaraq müharibə dövründə Rusiyada çıxarılan bütün neftin 80%>-dən çoxu Azərbaycanın payına düşürdü.
Müharibə dövründə neft emalı üçün turşular istehsal edən 15 kimya zavodunun böyük hissəsi hərbi məhsullar (toluol, benzol) buraxırdı. 1916-cı ildə Bakıdakı 15 neft - yağ zavodunun 2-i, 9 yağ zavodundan isə 5-i işləyirdi. 1913-cü ildə neftayırma zavodlarına emalı üçün 320 milyon pud neft verilmişdisə, 1917-ci ildə bu rəqəm 225 milyon puda düşmüşdü. Zavodlar bu qədər neftin yalnız 69,5 milyon pudunu emal edə bilmişdilər.
Müharibə illərində neft sənayesində istehsalın təmərküzləşməsi daha da güclənmişdi. Belə ki, 1915 - 1916-cı illərdə bütün çıxarılan neftin 38 - 40%-i 6 iri neft şirkətinin, neft emalı məhsullarının isə 33%-i 3 iri şirkətin payına düşürdü. Bank kapitalının istehsala təsir gücünün artması nəticəsində 1917-ci ildə əsas kapitalı 318 milyon manat olan 60 neft sənayesi müəssisəsi səhmdar - kommersiya banklarının nəzarəti altında idi.
Təsərrüfat dağınıqlığı şəraitində Azərbaycanda mis istehsalı 1914-cü ildə 56 min puddan 1917-ci ildə 23 min puda düşmüşdü.
Rusiya mis sindikatına daxil olan Gədəbəy misəritmə zavodunun məhsulları hərbi təyinatlı yük kimi dəmir yolu ilə ilk növbədə yola salınırdı.
Müharibə illərində dövlət pambıqtəmizləmə, toxuculuq, gön-dəri və yeyinti sənaye sahələrini nəzarət altına almaq üçün bir sıra təşkilatçılıq tədbirlərinə əl atmışdı. 1915-ci ildə pambıq parça fabriklərini xammalla, xüsusilə mahlıcla təmin etmək, bu məhsul üzərinə vahid dövlət inhisar qiyməti qoymaq və s. kimi mühüm məsələlərin həlli ilə birbaşa məşğul olan Xüsusi Komitə yaradılmışdı. H.Z.Tağıyev hökumətlə bağladığı müqaviləyə əsasən onun toxuculuq fabrikləri təkcə 1915-ci ildə cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin parça göndərmişdi. Müharibənin ilk illərində tənəzzülə uğramış ipək sənayesi 1915-ci ildə 27 milyon manat dəyərində 65 min pud xam ipək istehsal etmişdi. Xam ipək məhsullarının böyük
hissəsi Rusiyanın ipək - toxuma fabriklərinə satılmışdı.
Cəbhə üçün işləyən gön-dəri sənayesini xammalla təmin etmək üçün 1915-ci ildə yaradılmış Xüsusi Komitə Gəncə və Bakıda gön-dəri tədarükü üzrə komissiyalar təşkil etmişdi.
Müharibə dövründə tütün, spirtli içkilər və duz istehsalı da dövlət inhisarına keçirilmişdi və cəbhənin ehtiyacları üçün işləyirdi. Şimali Azərbaycanda ümumi səfərbərlik keçirməyən çar hökuməti çağırışçılar üzərinə xüsusi hərbi vergi qoymuşdu. Ancaq 1915-ci ildə arxa cəbhədə yaradımçı işlərdə istifadə etmək üçün 50 mindən artıq azərbaycanlı gənc (18-23 yaş) səfərbərliyə alınmışdı. Nəticədə əmək qabiliyyətli kənd əhalisinin 30%-i təsərrüfat işlərindən ayrılmışdı. Üstəlik qaramalın, xüsusilə atların hərbi işlə əlaqədar müsadirə edilməsi kənd təsərrüfatına ağır təsir göstərmişdi. Azərbaycan üzrə əkin sahələri 1913-cü ildə 910 min desyatindən 1915-ci ildə 620 min desyatinə düşmüş, taxıl istehsalı 50%, 1917-ci ildə mal - qaranıın sayı 480 min baş, davarın sayı isə 500 min baş azalmışdı. Texniki bitkilərdən pambıq əkinləri 1914-cü ildə 104,3 min desyatindən 1917-ci ildə 37 min desyatinə düşərək 3 dəfədən çox azalmışdı. Barama istehsalı isə 1914-cü ildə 261 min puda çatdığı halda, 1917-ci ildə 130 min puda düşərək 2 dəfə azalmışdı.
Müharibə əhalinin güzaranına da çox ağır təsir göstərmişdi. Müharibə illərində Bakıda yaşayış üçün ən zəruri ərzaq məhsullarının (çörək, süd, ət, yumurta, yağ və s.) azı 300%, çoxu 520% bahalaşmışdı. Azərbaycanın Lənkəran, Şamaxı, Şuşa, Cəbrayıl, Qazax və başqa qəzalarında ərzaq məhsulların bahalaşması bir yana, hətta çox zaman nəinki ət və qənd, hətta çörək də bazardan yoxa çıxmışdı.
Belə ağır şəraitdə bir tərəfdən Bakıya dəmir yolu ilə taxıl məhsullarının gətirilməsi yarıbayarı azalmış, Bakıda iri qoşun hissələri yerləşdirilmişdi. Üstəlik Bakı şəhərinə Rusiyanın cəbhə rayonlarından hər gün yüzlərlə yaralı, şikəst gətirilir,
qaçqınlar gəlirdi. Bunun nəticəsi idi ki, Bakı şəhərinin əhalisi 1913-cü ildə 338,5 min nəfər olduğu halda, 1915-ci ildə 407 min nəfərə çataraq 69 min nəfərədək artmışdı. Bu da şəhərdə ərzaq böhranını daha da dərinləşdirmişdi.
Beləliklə, XX əsrin əvvəllərində Şimali Azərbaycan iqtisadiyyatının əsas sahələrində istehsalın təmərküzləşməsi prosesi güclənmiş, Birinci dünya müharibəsi başlayanadək sənayenin əksər sahələrində müəyyən irəliləyişlərə nail olunmuş, kənd təsərrüfatı istehsalının inkişaf dinamikasında nisbi artım meylləri özünü göstərmiş, kəndin kapitalistcəsinə inkişafı üçün müəyyən iqtisadi zəmin yaranmışdı.
Birinci dünya müharibəsi dövründə Şimali Azərbaycanın müstəmləkə səciyyəsi daşıyan iqtisadiyyatı dərin tənəzül və böhranla üzləşmişdi.

Müəllif: Dosent M.Q.Abdullayev

 

0 şərh