Birləşmiş Millətlər Təşkilatı (BMT)

BMT bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığınbinkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanmış və 1945-ci il oktyabrında qüvvəyə minmişdir. Birləşmiş Millətlər Təşkilatının özünün xüsusi statusunu, siyasi çəkisini və beynəlxalq həyatdakı rolunu, onun Nizamnaməsinin xüsusi növ (sui generis) beynəlxalq müqavilə olduğunu və hüquqi qüvvəsini (bu barədə bax: Nizamnamənin 103-cü maddəsi) nəzərə alaraq, Nizamnaməni beynəlxalq birliyin Konstitusiyası adlandırmaq olar.
Hazırda BMT-nin 191 üzvü vardır.
BMT-nin altı əsas orqanı bunlardır: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq şurası, Beynəlxalq Məhkəmə və Katiblik.
Baş Assambleya BMT-nin nüayəndəli orqanıdır; BMT-nin bütün üzvləri Baş Assambleyada təmsil olunmuşdur. Baş Assambleyanın səlahiyyətinə BMT Nizamnaməsinin tətbiq dairəsində olan istənilən məsələ aiddir. O, sülhün və beyn əlxalq təhlükəsizliyin qorunub saxlanması ilə bağlı dövlətlərin əməkdaşlığının ümumi prinsiplərini, o cümlədən tərksilah məsələlərini nəzərdən keçirə bilər, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq m əsələlərini, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dəstək verilməsi, beynəlxalq hüququn mütərəqqi inkişafı və onun məcəllələşdirilməsiməsələlərini müzakirə edə bilər və Birləşmiş Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasına hər hansı bu cür məsələ və ya işlər üzrə tövsiyələr verə bilər.
Baş Assambleya beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid olan, Təhlükəsizlik Şurası və ya  hər hansı dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni müzakirə edə bilər və müvafiq tövsiyələr verə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə məsələ  Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasına verilir.  Təhlükəsizlik Şurası, hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin onun üçün nəzərdə tutduğu funksiyaları yerinə yetirdiyi zaman, Baş Assambleya, əgər Təhlükəsizlik Şurası, ondan bu barədə xahiş etmirsə, həmin mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz.
BMT strukturu
Baş Assambleya BMT-nin büdcəsini nəzərdən keçirir və təsdiq edir. O, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini, İqtisadi və Sosial Şuranın üzvlərini seçir, köməkçi orqanlar yaradır. Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya BMT-yə yeni üzvlərin qəbul edilməsi və üzvlükdən çıxarılması, BMT üzvlərinin zö hüquq və imtiyazlarını həyata keçirməsinin müvəqqəti dayandırılması məsələlərini həll edir, Baş Katibi təyin edir, Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəməsinin üzvlərini seçir.
Baş Assambleya öz müntəzəm illik sessiyalarını və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara yığışır. Müntəzəm sessiyalar hər il sentyabr ayının üçüncü çərşənbə axşamı açılır. Xüsusi sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin tələbi ilə çağrılır.
Baş Assambleyanın yeddi əsas komitəsi vardır. Birinci komitə (siyasi məsələlər və təhlükəsızlik məsələləri, o cümlədən tərkisilah məsələləri); Xüsusi siyasi komitə (eyni məsələlər); İkinci komitə (iqtisadi və maliyyə məsələləri); Üçüncü komitə (sosial və humanitar məsələlər); Dördüncü komitə (qəyyumluq və özü-özünü idarə etməyən ərazilərin məsələləri); Beşinci komitə (inzibati və büdcə məsələləri); Altıcı komitə (hüquqi məsələlər).
Baş Assambleyanın mühüm məsələlər üzrə qərarı onun sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə əlaqədar tövsiyələr, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi, İqtisadi və Sosial Şuranın üzvlərinin seçilməsi, Qəyyumluq Şurası üzvlərinin seçilməsi, Birləşmiş Millətlərə yeni Üzvlərin qəbul olunması, Təşkilat Üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandırılması, Üzvlərin Təşkilatdan çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri. 
Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv-dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Təhlükəsizlik Şurası BMT orqanları sistemində xüsusi yer tutur. Büynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında başlıca məsuliyyət məhz onun üzərinə qoyulmuşdur. Bu məqsədlə müəyyən tədbirlər görərkən  Təhlükəsizlik Şurası bütün üzv-dövlətlərin adından şıxış edir.
Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan beşi daimi üzvlərdir – ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət isə — bunlar qeyri – daimi üzvlərdir –  Baş Assambleya tərəfindən iki il müddətinə seçilir.
Təhlükəsizlik Şurasının geniş səlahiyyətləri vardır. O, beynəlxalq ixtilafa gətirib çıxara bilən və beynəlxalq mübahisəyə səbəb ola bilən istənilən mübahisəni və ya situasiyanı, həmin mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcəyinı müəyyən etmək məqsədilə tədqiq edə bilər.
Sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasının müəyyən edilməsı Təhlükəsizlik Şurasının müstəsns səlahiyyətinə aiddir. Belə bir faktı müəyyən etdikdən sonra Təhlükəsizlik Şurası iki cür qərar qəbul edə bilər:
1) silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində (41-ci maddə); 2) silahlı tədbirlər barəsində (42-ci maddə). Silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər iqkisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini əhatə edə bilər. Nizamnamənin 42-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vsitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması  və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını əhatə edə bilər.
Bundan əlavə, Təhlükəsizlik Şurasının praktikada geniş həyata keçirdiyi, lakin BMT Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha bir mühüm səlahiyyəti vardır: potensial və ya mövcud münaqişə rayonuna müvafiq dövlətin razılığı ilə sülhməramlı qüvvələrin göndərilməsi (sülhün bərpa edilməsi və ya qorunub saxlanması üzrə əməliyyatlar).
Baş Assambleyanın aktlarından fərqli olaraq, Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməildir. Təssüf ki, onların xeyli hissəsinə praktikada siyasi mülahizələr ucbatından əməl olunmur. Məsələn, hamımıza yaxşı məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır.
Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin. Təhlükəsizlik Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır.
Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik Şurasının prosedur məsələlər üzrə qərarı doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Təhlükəsizlik Şurasının bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla, doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Şuranın hər hansı bir daimi üzvü qərarın əleyhinə səs vürərsə, qərar qəbul olunmur. Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu müstəsna hüququ veto hüququ adlanır. Əgər daimi üzvlərdən biri və ya bir neçəsi səsvermə zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə, doqquz üzvün lehinə səs verdiyi qərar qəbul olunmuş sayılır.
İqtisadi və Sosial Şura (EKOSOK) BMT-ninvə onun ixtisaslaşdırılmış təsisatlarının iqtisadi və sosial sahələrdə fəaliyyətini əlaqələndirən orqandır. O, Baş Assambleya tərəfindən üç il müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il yenidən seçilir.
EKOSOK Beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və müvafiq tövsiyələr işləyib hazırlamaq üçün mərkəzi form rolunu oynayır. O, iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar aparır və məruzələr edir və ya istənilən belə məsələlərə aid Baş Assambleyaya, Birləşmiş Millətlərin Üzvlərinə və maraqlı ixtisaslaşdırılmış təsisatlara tövsiyələr vürir, Baş Assambleyaya təqdim etmək üçün konvensiya layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır.
EKOSOK-un ən mühüm səlahiyyətlərindən biri BMT-nin ixtisaslaşdırılmış təsisatlarının fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK bu təşkilatlarla xüsusi sazişlərə girir, onlarla məsləhətləşmələr aparır və tövsiyələr verir, onlardan müntəzəm məruzələr alır.
EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar təsis edir. Hal-hazırda onun 9 funksional komissiyası vardır: İnsan hüquqlrı üzrə Komissiya, Sosial inkişaf komissiyası, Cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsı üzrə komissiya, Statistika komissiyası, Qadınların vəziyyəti üzrə komissiya və b. Bundan əlavə, köməkçi orqan kimi EKOSOK-un 5 regional komissiyası vardır: Afrika üzrə İqtisadi komissiyası, Asiya və Sakit okean üzrə İqtisadi  və sosial komissiya, Avropa iqtisadi komissiyası, Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi komissiya və Qərbi Asiya üzrə İqtisadi və sosial komissiya.
EKOSOK öz səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır.
EKOSOK BMT-nin hər hansı bir Üzvünü, həmin dövlət üçün xüsusi maraq kəsb edən istənilən məsələnin müzakirəsində, səsvermə hüquqi olmadan, iştirak etməyə dəvət edir. EKOSOK-un hər bir üzvü bir səsə malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur.
Qəyyum Şurası BMT Nizamnaməsində formal olaraq qalsa da, artıq fəaliyyət göstərmir. O, beynəlxalq qəyyumluq sisteminə daxil olan ərazilərin siyasi, iqtisadi və sosial tərəqqisinə, onların özünüidarəyə və müstəqilliyə doğru inkişafına dəstək vermək üçün yaradılmışdı. Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmışdır (Qana, Somali, Kamerun, Toqo, Ruanda, Burundi, Tanzaniya, Samoa, Nauru, Papua-Yeni Qvinea və Palua). 1994-cü ildə axırıncı belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul edilməsi və Qəyyumluq haqqında Sazişin qüvvədə olma müddətinin bitməsi ilə Qəyyumluq Şurası öz vəzifəsini tam yerinə yetirmişdir. Həmin il qəbul olunmuş qərara görə, Qəyyumluq Şurası gələcəkdə yalnız vəziyyət tələb etdikdə, yığışa bilər. Hal- hazırda Qəyyumluq Şurasının tamamilə ləğv olunması və onun əvəzinə ya insan hüquqları ya da ətraf mühitin mühafizəsi üzrə Şura yaradılması təklifləri geniş müzakirə olunur.
Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. O, BMT Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun olaraq f əaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər çıxarır. Hər bir dövlət, tərəf kimi çıxış etdiyi işdə Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir.
BMT-nin bütün Üzvləri ipso facto Beynəlxalq Məhkəmənin Statutunun  iştirakçılarıdır. BMT Üzvü olmayan dövlət, Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən müəyyən olunan şərtlərlə, Beynəlxalq Məhkəmənin Statutunun  iştirakçısı ola bilər.
Beynəlalq Məhkəməyə 15 hakim daxildir; onlar Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilir. Məhkəmənin yerləşdiyi yer Niderlandın Haaqa şəhəridir.
BMT Katibliyinin başlıca vəzifəsi bütün Təşkilatın normal fəaliyyətini təmin etməkdən ibarətdir.
Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir (Nizamnamənin 97-ci maddəsi). Baş Katib tərəfindən  Baş Assambleyanın müəyyən etdiyi qaydalarla əsasən tıyin olunan Katibliyn işçiləri (hal-hazırda onların sayı 9 minə qədərdir) beynəlxalq vəzifəli şəxslər hesab olunur. Katibliyn əmkdaşlarını işə qəbul edərkən əsas tələblər kimi onların yüksək iş qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və təmizliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. Öz vəzifələrini icra edərkən Baş Katib və Katibliyn əmkdaşları hər hansı hökumətdən və ya BMT üçün kənar olan hər hansı digər orqandan göstəriş istəyə və ya ala bilməzlər. BMT-nin hər bir Üzvü Baş Katib və Katiblik əmkdaşlarının vəzifələrini sırf beynəlxalq xaraketrinə hörmət etməli və onlara öz vəzifələrini yerinə yetirərkən heç bir təsir göstərməməlidir.
BMT-nin Baş Katibi Təşkilatın baş inzibati vəzifəli şəxsidir. O, Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən 5 illik müddətə təyin olunur. O, əsasən icra-sərəncam funksiyalarını yerinə yetirir.
Indiyə qədər aşağıdakı şəxslər BMT-nin Baş katibi olmuşlar: Trüqve Li (Norveç) – 1945-1953; Daq Hammerşeld (İsveç) -1953-1961; U Tan (Birma) – 1961-1971; Kurt Valdhaym (Avstriya) – 1971-1981; Xavyer Peres de Kuelyar (Peru) – 1982-1991; Butros Butros Qali (Misir) – 1991-1997 və Kofi Annan – 1 yanvar 1997-ci ildən (2001-ci ildən o, ikinci müddətə təyin olunmuşdur).
Baş Katib Baş Assambleyanın, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şuranın və Qəyyumluq Şurasının bütün iclaslarıda fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir. O, Təşkilatın işi barədə Baş Assambleyaya illik məruzə təqdim edir.
Baş Katibin mühüm səlahiyyətlərindən biridə ondan ibarətdir ki, o, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına təhlükə törədə bilən istənilən məsələni 
Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər. Baş Katib beynəlxalq mübahisələrin və situasiyaların nizamlanmasında mühüm rol oynayır.

BMT-nin ixtisaslaşdırılmış təsisatları


BMT-nin ixtisaslaşdırılmış təsisatları – beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində (iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və s.) fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq höhumətlətarası təşkilatlardır.
İxtisaslaşdırılmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlarından biri olan
EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK ixtisaslaşdırılmış təsisatlarla sazişlər bağlayır; məsləhətləşmələr aparmaq və tövsiyələr vermək yolu ilə ixtisaslaşdırılmış təsisatların fəaliyyətinin ümumi koordinasiyasını həyata keçirir; ixtisaslaşdırılmış təsisatlardan, onların fəaliyyəti haqqında və verdiyi tövsiyələrin icra olunması üçün görülmüş tədbirlər haqqında məruzələr alır; öz işində və ya yaratdığı komissiyaların işində iştirak etmək üçün      ixtisaslaşdırılmış təsisatların nümayəndələrini dəvət edir. Hal –hazırda 16 ixtisaslaşdırılmış təsisat mövcuddur. Onları aşağıdakı qruplara ayırmaq olar;
a) sosial xaraqterli təşkilatlar – Beynəlxalq əmək təşkilatı (BƏT), Ümumdünya səhiyyə təşkilatı (ÜST);
b) mədəni və humanitar xaraqterli təçkilatlar – Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı (YUNESKO), Ümumdünya əqli mükiyyət təşkilatı (ÜƏMT);
c) iqtisadi təşkilat – Sənaye inkişafı üzrə  Birləşmiş Millətlər Təşkilatı (YUNİDO);
ç) maliyyə təşkilatları – Beynəlxalq bərpa və inkişaf bankı (BİİB) və ya Dünya bankı və onun tam müstəqil təşkilat sayılan üç filialı – Beynəlxalq maliyyə korparasiyası, Beynəlxalq inkişaf assosiasiyası və İnvestisiya təminatları üzrə çoxtərəfli agentlik (İTÇA), Beynəlxalq valyuta fondu (BVF);
d) kənd təsərrüfatı sahəsində təşkilat – Ərzaq və kənd təsərrüfatı təşkilatı (ƏKTT).
e) nəqliyyat və rabitə sahəsində təşkilatlar – Beynəlxalq mülki aviasiya təşkilatı (İKAO), Beynəlxalq dəniz təşkilatı (İMO), Ümumdünta poçt ittifaqı (ÜPİ), Beynəlxalq elektron rabitəsi ittifaqı (BERİ);
ə) meteorologiya sahəsində təşkilat – Ümumdünya meteorologiya təşkilatı (ÜMT). İxtisaslaşdırılmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola bilər; lakin onların üzvlüyə qəbul olunması üçün daha mürəkkəb mexanizm müəyyən olunmuşdur.
İxtisaslaşdırılmış təsisatların əsas fəaliyyət istiqamətləri aşağıdakılardır; beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri üzrə beynəlxalq konvensiya və reqlamentləri işlənib hazırlanması; dövlətlərinbu sahədə fəaliyyətnın koordinasiyası; inkişaf etməkdə olan dövlətlərə texniki yardımın göstərilməsi; informasiya mübadiləsi və s.

Regional təşkilatlar


Universal xarakterli beynəlxalq təşkilatlardan başqa, üzvləri, əsasən, müəyyən coğrafi regionu təmsil edən regional təşkilatlar da mövcuddur. Onlar regional əməkdaşlıq çərçivəsində müxtəlif məsələləri (kollektiv müdafiə, iqtisadi, sosial, mədəni və s.) birgə həlli üçün yaradılır. BMT Nizamnaməsinin 52-ci maddəsinə görə, “beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün münasib olan məsələlərlə məşğul olmaq məqsədilə” regional təşkilatlar təsis oluna bilər. Həmin maddə tələb edir ki, bu təşkilatların nizamnamələri və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uyğun olmalıdır. 53-cü maddədə imperativ qaydada göstərilir ki, Təhlükəsizlik Şurasının vəkaləti olmadan regional təşkilatlar tərəfindən heç bir məcburiyyət tədbiri görülə bilməz. Nizamnamənin IX fəslində (“Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq”) iqtisadi, sosial, mədəni və digər xüsusi sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, o cümlədən regional təşkilatlara qarşı müəyyən tələblər irəli sürülmüşdür. Belə ki, onların yaradılması və fəaliyyəti BMT-nin məqsəd və prinsiplərinə uyğun olmalıdır və bu təşkilatlar iqtisadi, sosial, mədəni və digər problemlərin həllində BMT-yə yardım etməlidirlər.
Hal-hazırda mövcud olan çoxlu sayda regional təşkilatların içərisində ümumi səlahiyyətə malik təşkilatlar, məsələn, Ərəb dövlətləri liqası, Afrika birliyi təşkilatı, Amerika dövlətləri təşkilatı və b. xüsusi yer tutur.
Ərəb dövlətləri liqası (ƏDL). Ərəb dövlətləri liqası yaradılması haqqında müqavilə (Pakt) 1945-ci il martın 22-də imzalanmışdır. Təşkilatın hal-hazırda 22 üzvü vardır. ƏDL-in əsas məqsədi iqtisadi, maliyyə, mədəni və sosial sahələrdə, səhiyyə sahəsində, vətəndaşlıq, pasportlar, vizalar, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin həllində üzv-dövlətlərin əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktin 2-ci maddəsi).
ƏDL-in orqanları aşağıdakılardır: Ərəb ölkələri dövlət və hökumət başçılarının Müşavirəsi; Şura; Birgə Müdafiə Şurası; İqtisadı Şura; Ərəb ölkələri informasiya nazirləri Şurası; Komitələr (iqtisadiyyat, maliyyə, nəqliyyat, rabitə, mədəniyyət, səhiyyə məsələləri üzrə); Baş Katib başda olmaqla  Baş Katiblik.
ƏDL-in Paktına görə, üzv-dövlətlər öz aralarındakı mübahisələri həll etmək üçün Şuraya müraciət edə bilərlər. Şuranın qərarları mübahisənin tərəfləri üçün məcburidir. Liqanın üzvləri arasında müharibəyə gətirib çıxara bilən mübahisələri həll etmək üçün Şura öz xidmətlərini təklif edir. Şura, habelə arbitraj və barışdırıcı orqan qismində çıxış edə bilər; bu halda Şuranın qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə).
Liqanın üzvü olan dövlətlərdən hər hansı birinə qarşı təhlükəsi olduqda, hücuma məruz qalmış və ya təcavüz təhlükəsi altında olan dövlət Şuranın dərhal çağrılmasını tələb edə bilər. Şura yekdil razılıq olduqda, təcəvüzün və ya təcəvüz təhlükəsinin aradan qaldırılması üçün zəruri tədbirlər müəyyən edir.
Afrika birliyi təşkilatı (ABT). Afrika birliyi təşkilatı ən iri regional təşkilatdır. 1963-cü ildə yaradılmışdır. Hal-hazırda 53 üzvü vardır. BMT yanında daimi müşaihidəçi statusuna malikdir.
ABT-nin əsas məqsədləri aşağıdakılardır: a) Afrika dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və onların siyasət, elm, texnika, maarif və mədəmiyyət, səhiyyə, habelə müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətinin  koordinasiyası; b) Afrika dövlətlərinin suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması; c) Afrika qitəsində müstəmləkəçiliyin bütü növlərinin ləğv edilməsi; ç) BMT Nizamnaməsinə və Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinə müvafiq olaraq beynəlxalq əməkdaşlığın həvəsləndirilməsi (ABT-nin Nizamnaməsinin 2-ci maddəsi).
ABT aşağıdakı sturuktura malikdir: Dövlət və hökumət başçılarının Konfransı; Nazirlər Şurası; Baş Katiblik; Vasitəçilik, barışdırma və agrbitraj üzrə Komissiya. ABT-nin Nizamnaməsində habelə ixtisaslaşdırılmış komissiyaların təsis olunması nəzərdə tutulmuşdur (məsələn: iqtisadi və sosial komissiya, maarif və mədəmiyyət üzrə; elm, texnika və tədqiqatlar üzrə və s. komissiyalar).
Amerika dövlətləri təşkilatı (ADT). 1948-ci ildə yaradılmışdır. Təşkilatın təsis sənədləri üçt aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 1947-ci il Ümumamerika müqaviləsi; 2) ADT-nin Nizamnaməsi (30 aprel 1948-ci ildə qəbul olunmuş, 13 dekabr 1951-ci ildə qüvvəyə minmişdir). 3) Mübahisələrin dinc həll olunması haqqında 1948-ci il Ümumamerika müqaviləsi (Boqota Paktı). Hazırda 35 dövlət ADT-nin üzvüdür.
Təşkilatın əsas məqsədi Amerika dövlətlərinin həmrəyliyini möhkəmləndirilməsindən və onların suverenliyinin, ərazi bütövlüyünün müstəqilliyinin qorunmasından ibarətdir (AD-nin Nizamnaməsinin 1-ci maddəsi).
Nizamnamə üzv-dövlətlərin kollektiv təhlükəsizliyini nəzərdə tutur. Amerika dövlətlərindən birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliynə qarşı hər hansı bir dövlətin təcavüzü bütün qalan Amerika dövlətləri əleyhinə təcəvüz aktı sayılır (27-ci maddə). İstənilən Amerika dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi müstəqilliyı silahlı basqın nəticəsində və yaxud Amerika dövlətləri arasında münaqişə nəticəsində və yaxud Amerikada sülhü təhlükə altına qoya bilən hər hansı digər fakt və ya situasiya nəticəsində pozularsa, Amerika dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində tədbirlər görürlər (28-ci maddə).
ADT-nin aşağıdakı orqanları vardır: Baş Assambleya; Xarici işlər nazirlərinin Konsultativ müşavirəsi; Şuralar (Daimi Şura, Amerika İqtisadi, Təhsil, Elm və Mədəniyyət Şurası); Ümumamerika hüquqi komitəsi; Ümumamerika İnsan hüquqları komissiyası; Baş Katiblik.
Cənub-şərqi Asiya dövlətləri assosiasiyası (ASEAN). 1967-ci ildə yaranmışdır. ASEAN-ın təsis sənədləri Cənub-şərqi Asiyada dostluq və əməkdaşlıq hüqqında Müqavilə və ASEAN Razılıq Bəyannaməsidir. 10 üzvü vardır.
ASEAN-in əsas məqsədləri Cənub-şərqi Asiyada iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar olmasına yardım etməkdən ibarətdir.
Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının Konfransı; Xarici işlər nazirlərinin Konfransı; Daimi komitə (onun tərkibinə üzv-dövlətlərin xarici işlər nazirləri və səfirləri daxildir); Katiblik; sahəvi komitələr (ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. üzrə).
ASEAN-in çərçivədə hər il bu təşkilat və digər ölkələr arasında (ABŞ, Yaponya, Kanada, Koreya, Rusiya, Çin və s.) Asiya-sakit oken regionunda müxtəlif məsələlərlə bağlı əməkdaşlıq barəsində məsləhətləşmələr keçirilir.
Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT). ATƏT vahd təsis akt olmayan, formalaşmaqda olan regional təşkialatdır. Onun təsis aktları aşağıdakılardır; 1975-ci il Helsinki Yekun Aktı; Yeni Avropa üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci il) və Budapeşt (1994-cü il) sammitlərinin qərarları. Budapeşt sammitinin qərarlarına müvafiq olaraq, təxminən iyirmi il mövcud olmuş beynəlxalq konfrans-Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə beynəlxalq təşkilata-Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına çevrilmişdir, onun məqsədləri dəqiqləşdirilmiş və strukturu təkminləşdirilmişdr.
ATƏTİN-in başlıca məqsədləri aşağıdakılardı; uzunmüddətli sülhün təmin edilməsi üçün şəraitin yaradılması; təhlükəsizlik, tərksilah, münaqişəli situasiyaların qarşısının alınması, iqtisadiyat, mədəniyyət, insan hüquqları və digər sahələrdə əməkdaşlıq və s.
ATƏT hal-hazırda belə sturuktura malikdir; iki ildən bir çağrılan Dövlət və hökumət başçılarının müşavirəsi (ali orqan); ildə bir dəfə çağrılan xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurası (mərkızi rəhbər orqan); Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və carı qərarların qəbul edilməsi üçün ATƏT-in sturukturunda əsas orqan); Katiblik (ona üç il müddətinə seçilən Baş Katib başçılıq edir); Demokratik institutlar və insan hüquqları üzrə Büro; Münaqışələrin qarşısının alınması üzrə Mərkəz; Milli azlıqlar üzrə Ali Komissar; Parlament Assombleyası.
ATƏTİN-in axırıncı zirvə toplantısı 1999-cu ildə İstanbulda olmuşdur. Toplantıda üç sənəd qəbul olunmuşdur: XXI əsr üçün Avropada Təhlükəsizlik Xartiyası, Adi silahlar haqqında uyğunlaşdırılmış müqavilə və İstanbul Yekun Bəyannaməsi.
Avropa Şurası. 1949-cu ildə on Avropa dövləti tərəfindən yaradılmışdı.Avropa Şurasını Nizamnaməsi 5 may 1949-cu ildə Londonda imzalanmış, 3avqust 1949-cu ildə qüvvəyə minmişdir. Hazırda (1 sentiyabr 2002-ci il üçün) 44 üzvü vardır. Azərbaycan Respublikası 2000-ci il yanvarın 25-dən bu mötəbər qurumum tam hüquqlu üzvüdür.
Avropa Şurasının başlıca məqsədi Təşkilatın “üzvləri arasında, onların ümumi sətvəti olan ideal və prinsiplərin müdafiəsi naminə daha sıx birliyin əldə edilməsinə nail olmaqdan və onların iqtisadi və sosial tərəqqisinə dəstək verməkdən ibarətdir” (Nizamnamənin birinci maddəsi). Təşkilat bu məqsədlə insan hüquqlarının müdafiəsi və demokratiyanın genişləndirilməsi; hüquq, mədəniyyət, təhsil, informasiya, ətraf mühitin mühafizəsi və səhiyyə sahələrində əməkdaşlıq kimi vəzifələri həyata keçirir.
Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən dövlət üçün (Təşkilat yalnız Avropa dövlətləri üçün açıqdır) üç başıca şərt göstərilmişdir: plüralist demokratiya, insan hüquqlarının təmin edilməsi və qanunun aliliyi. Bundan əlavə, Avropa Şurasının mərkəzi orqanlarının qərarlarına müvafiq olaraq, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün bir sıra əlavə tələblr irəli sürülür: milli azlıqların hüquqlarının qorunması; üzv- dövlətlərin ərazi bütövlüyünün tanınması; Avropa İnsan Hüquqları Konvensiyasını imzalamağa və mümkün qədər tez müddətdə onu tatifikasiya etməyə hazır olmaq və s. Avropa Şurasına yeni qəbul olunan dövlətlərin üzərinə məyyən müdətlər ərzində yerinə yetirilməli olan konkret öhdəliklər qoyulur. Azərbaycan üçün bu cür öhdəliklər Avropa Şurası Parlament Assambleyasının 222 (2000) nömrəli Rəyində müəyyən olunmuşdur.
Avropa Şurası çərçivəsində indiyə qədər insan hüquqlarına təhsil, mədəniyyət, səhiyyə, sosial təminat, idman və mülki, inzibati, cinayət hüququ və prosesi məsələlərinə həsr olunmuş 170-ə qədər konvensiya, protokol və saziş qəbul olunmuşdur. Onlardan ən əsası 1950-ci ildə qəbul olunmuş və 1953-cü ildə qüvvəyə minmiş Avropa İnsan Hüquqları Konvensiyasıdır. Bu Konvensiyasız və onun əsasında yaradılmış mexanizmsiz (Avropa İnsan Hüquqları Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. Konvensiyaya indiyə qədər on üç Protokol əlavə olunmuşdur. 11-ci Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və əlavələr etmişdir.
Avropa Şurasını əsas orqanları aşağıdakılardır: Nazirlər Komitəsi; Parlament Assambleyası, Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik.
Nazirlər Komitəsi Şurasının ali orqanıdır. O, üzv-dövlətlərin xrici işlər nazirlərindən ibarətdir. Nazirlər səviyyəsində Komitə ildə iki dəfədən az olmayaraq sessiyalar keçirir, üzv-dövlətlərin daimi nümayəndələri səviyyəsində isə müntəzəm fəaliyyət göstərir. Nazirlər Komitəsi əməkdaşlığın siyasi asbektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət proqramını işləyib hazırlayıır, cari büdcəni təsdiq edir, Parlament Assambleyasının tövsiyələrini nəzərdən keçirir, yekdillik prinsipi əsasında üzv-dövlətlərə tövsiyələr qəbul edir. Müəyyən məsələlər üzrə Nazirlər Komitəsinin qərarları məcburi xarakter daşıyır.
Parlament Assambleyası məşvərətçi orqandır və qanunvericilik səlahiyyətinə malik deyildir. O, hər bir üzv dövlətin parlamentindən seçilən (təyin olunan) nümayəndələrdən ibarətdir. Hər bir nümayəndə heyəti öz ölkəsinin müxtəlif siyasi dairələrini, o cümlədən muxalifət partiyalarının mənafelərini ifadə etməlidir. Dövlətlərin Parlament Assambleyasındakı nümayəndələrin sayı eyni deyildir (2-dən 18-ə kimi); məsələn, Almaniya, Böyük Britaniya, İtaliya və Rusiyadan – 18, İspaniya, Türkiyə və Ukraynadan — 12, Yunanıstan və Belçikadan – 7, Azərbaycandan – 6, Moldovadan – 5 və s. Parlament Assambleyası öz sesiyalarını ildə dörd dəfə keçirir. O, Nazirlər Komitəsinə və üzv-dövlətlərin hökumətlərinə bu və ya digər məsələlər, üzrə tövsiəyələr verir, konfranslar, kollokviumlar təkil edir, Avropa Şurasının Baş Katibini və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərini seçir.
Avropa yerli və regional hakimiyyətlər Konqresi üzv-dövlətlərin müvafiq ərazi qurumlarını nümayəndələrindən ibarətdir. Nümayəndələrin sayı Parlament Assambleyasındakı kvotaya uyğundur.
Katiblik Avropa Şurasının inzibati orqanıdır. Ona Parlament Assambleyası tərəfindən 5 il müddətinə seçilən Baş Katib rəhbərlik edir.
İslam konfransı təşkilatı (İKT). Bu təşkilat regional təşkilatltr çərçivəsindən kənara çıxır, çünki müxtəlif regionalrda yerləşən müsəlman dövlətlərini özündə birləşdirir. İKT 1969-cu ildə yaradılmışdır. Onun Nizamnaməsi 1972-ci ildə qəbul olunmşdur. Hal-hazırda 55 dövlət butəşkilatın üzvüdür. Onların içərisində Azərbaycan da vardır. Qeyri-müsəlman ölkələrindəki müsəlman azlıqları öz nümayəndələrini bu təşkilata müşahidəçi qismində göndərə bilərlər. Yalnız müsəlman dövlətləri İKT-nin üzvü ola bilərlər. Lakin İKT-ni qətiyyən dini təşkilat hesab etmək olmaz. Onun başlıca vəzifəsi ən mühüm beynəlxalq problemlər üzrə müsəlman dövlətlərinin mövqeyini yaxınlaşdırmaq, onların siyasətini əlaqləndirməkdir. İKT-nin BMT yanında daimi müşahidəçi statusu vardır.
İKT-nin aşağıdakı məqsədləri vardır: müsəlman həmrəyliyinin möhkəmləndirilməsi; iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın inkişafı; irqçiliyin və müstəmləkəçiliyin ləğvinə dəstək vermək; beynəlxalq təşkilatlarda üzv-dövlətlər arasında məsləhətləşmələr aparmaq; müsəlman xalqlarının, onların milli müstəqillik uğrunda mübarizəsində birləşdirilməsi; öz ərazisinin azad edilməsi uğrunda mübarizə aparan fələstin xalqına kömək göstərmək.
İKT-nin ali orqaın dövlət və hökumət başçılarının konfransıdır. Konfrans üç ildən bir çağırılır. Təşkilatın fəaliyyətinin cari problemlərini müzakirə etmək üçün hər il xarici işlər nazirlərinin konfransı çağırılır. 1980-ci ildə daimi fəaliyyət göstərən Nazirlər Komitəsi yaradılmışdır. Onun tərkibinə 11 nazir və İKT-nin Baş Katibi daxildir. Komitənin başlıca funksiyasi üzv-dövlətlərin birində baş vermiş fövqəladə situasiyanı və ya böhranı nəzərdən keçirmək, müsəlman ölkələri arasında olan münaqişə və mübahisələri nizamlamaqdır. İKT çərçivəsində bir sıra daimi komitə və komissiyalar fəaliyyət göstərir. Baş Katibliyə, iki il müddətinə seçilən Baş Katib rəhbərlik edir.
 

0 şərh