EY YAR, MƏN SƏNİ GÖZLƏYİRƏM!

Ey yar, daha bezmədinmi yalanlar oxumaqdan mənə...özü də uzaqlardan. Bir zamanlar sənin sevgilin, cananın mən idim. Xatırlarsan, başımın tacı, deyərdin mənə. Bəs indi noldu, nə tez unutdun məni? Bu qədər dəyərsiz oldum sənin üçün bir anda?! Mənə yadlar sevgi elan edərkən, sənin başın bu qədərmi özünə qarışdı?!

Zamanında gözlərini qaldırıb üzümə baxmadın. Baxmaq istəyəndə gözünü qapatdılar, sən də izn verdin. Yoxsa ürəyindən idimi məndən qurtulmaq? Dəyərim bəs ölçülməz idi, sənin üçün?! Bilmirəm, artıq səni tanıyamıram. Yoxsa sevəcək bir cananmı tapdın, daha məni görmür gözlərin?

Sevgini də boş verdim. Bəs mən sənin şərəfin, iffətin idim?! Yoxsa bunudamı unutdun? Xeyr, buna hələ də inanmıram, inanmaq istəmirəm. Sən mənə toxunan əlləri görməməzlikdən gələcək qədər kor ola bilməzsən! Bu qədər kiçilə bilməzsən! Sən bu ola bilməzsən!

Telimi qısqanardın küləyə. İndi yadların əlinə süpürgədir o tellər. Sən hələ də tamaşa etmək istəyirsən? Dodağıma qonan gülüşü həsədliklə izlərdin. İndi o gülüş zor gücünə yadların öpüşünə çevrilir. Bunu damı izləyəcəksən?! Xeyr, sən bu ola bilməzsən. İnanmaq istəmirəm, inanmıram!

İçimdən hayqırıb ağlamaq gəlir, amma bunu da çox görürlər mənə. Daha dayanacaq gücüm qalmayıb, bunu anlamaq bu qədər çətinmi? Mən sənə qovuşmaq, uşaqlarına ana olmaq istərkən, yadlar məndən övlad istəyirlər. Bir dillən, necə dözüm bunlara?

Xeyr, inanmıram. Bunlar sadəcə acı bir yuxudur. Sən mənimləsən, elə deyilmi? Amma yox, yuxu ola bilməz, bu. Mən sənsizkən necə gözlərim rahatlıq tapsın, yatsın axı. Amma deyəsən sən şirin yuxular görürsən, özü də cananlarla. Xeyr, buna da inanmaq istəmirəm. Sən bu qədər sədaqətsiz, sevgisiz ola bilməzsən.

Görürsən, hələ də namını vermirəm heç kəsə. Hələ də səni gözləyirəm, sənə qovuşacağım günü gözləyirəm. Əvvəlki tək sənə bağlıyam, sənə sevdalıyam, ey yar! Ruhum göy üzü qədər azaddır, cismim aramızdakı divarlara bağlı olsa da. Qəlbimdə açılan yaraları saracağın günü gözləyirəm. Gözümə göz dikən, cismimə yiyəlik edən, ruhuma sahiblik iddia edən yadı qanıyla yuyacağın günü gözləyirəm. Şərəfimi, iffətimi yerlərdə sürütləyən yadı zərrəsinə qədər məhv edəcəyin günü gözləyirəm. Ey yar, mən səni gözləyirəm...

Bu Azərbaycan adlı oğula Qarabağ adlı sevdiyi qızın məktubu idi, özü də sonuncu məktubu…

0 şərh