"Camaat nə deyər,ayıbdır aa "

Ayıb olmasın deyə özümüzü məcbur edərək o qədər etmək istəmədiyimiz şeylər var ki...

Həqiqətən etmək istəmədiyimiz  şeyə, sırf qarşımızdakı kədərlənməsin, qəlbi qırılmasın deyə özümüzü məcbur edərək, üzmədiyimiz insanın gözündə nə qədər dəyər daşıyırıq sonra?

Axşam işdən qayıdanda dostları ilə gəzməyə, ya da kafeyə dəvət edilən kişi, “ayıb olmasın” deyə gedərək, evdə onun üçün  darıxan uşaqlarına ayıb etmirmi?

Siqaretə və ya  spirtli içkiyə də dostları ayıblamasın deyə başlayanlar, illər sonra min bir cür xəstəliklərdən xəstəxana palatalarında inildəyəndə bəs kimə ayıb etmiş olurlar?

Müəllimin bəyənərək təklif etdiyi kitabı oxuduqdan sonra əslində heç bəyənməyən şagirdi, ona «ayıb olmasın» deyə bəyəndiyini söyləyəndə, həqiqətən ayıb edilməmiş ola bilərmi?

Böyüklərinə ayıb olmasın deyə, uşaqlarını onların yanında qucağına ala bilməyən qadın, uşaqlarından qayğını əsirgədiyinə görə ayıb etmirmi? 

Bəyənmədiyi halda ətrafdakılara «ayıb olmasın» deyə mağazadan paltar alan xanım həmin paltarı illərlə sandıqda saxlayaraq ayıb etmir, əslində israf edir. İsraf özü də ayıb, günah deyilmi?

“Qurtumlarımın səsi gələr ayıb olmasın” deyə süfrəyə verilən çayını içməyən adam çayı soyudub israf etməklə ayıb etmirmi  “qurtumlarının səsini eşidənlərə”?

Qızını köçürən ata arvadının təkidi ilə lazım oldu olmadı təki “camaata ayıb olmasın, üzümüz ağ olsun” deyə pulunu son qəpiyinə kimi cehizlik əşyalara xərcləyir. Səhər ayılıb səhər yeməyə heç nə tapmırsa kimə ayıb olmuş olur?

Oğlunu evləndirən valideyn gəlinin  zinət əşyasına marağı olmasa da  “ayıb olmasın” deyə, “camaat görsün ki, nəsə alıb”,  gəlni  üçün milyonlarla manatlıq qır-qızıl alır. Borcları vermək vaxtı gələndə dərddən, kədərdən infarkt keçirirsə, bu halda ayıb kimə, nəyə olur?

“Əli boşuq, ayıb olmasın” deyə illərlə bir-birinin evinə getmədiyinə görə, yolda bir-birini görüb tanımayan yaxın qohumlar ayıb etmirlərmi?

İnsanların qəlbini qırmamaq üçün qırılmaq, ürəyimiz başqa bir şey deyərkən dilimizin “ayıb olmasın” deyə bizdən gözlənilən şeyi söyləməyə çalışması gündən-günə özümüzə qarşı əsəbimizi artırır. Digərini düşünmədən eqoistcə yaşamaq nə qədər səhvdirsə, həmişə digərini düşünərək yaşamaq (ya da yaşamamaq) da o qədər böyük səhvdir, məncə. 

Ayıb olmasın deyə davranmaq deyil, lazım olsa “ayıb edərək” doğru və halal olduğuna inandığımız kimi davranmaq lazımdır.

Ayıb olmasın deyə özü kimi davranamayan insanın səmimiyyəti sual altıdadır. Nə isə edir, etməyə çalışır amma, elədikləri həqiqətə oxşamır. Çünki içindən gəldiyini  ətrafdakıların marağına uyğun edir. İstəmədən etdiyi üçün də etdiklərinin nə özünə, nə də başqasına faydası olur...

Ayıb olmasın deyə nəyisə etmək və etməmək anlayışından çıxaraq, doğru olanı etməyə çalışmalıyıq...

İctimai təsdiq əvəzinə doğru olanın, əxlaqlı və ehtiyacı ödəməyə kafi olan seçilməlidir.

Səmimiyyətlə amma dəqiq olaraq, nəyi istəyib nəyi istəmədiyimizi ifadə ede bilərik. Başa düşən düşər, düşməyən özü bilər. Bir az qırılsa da sonra düzələr.

“Ayıb olmasın deyə” deyil, inandığımız həqiqətlərlə yaşamağın vaxtı gəlib çatıb. Öz- özümüzə ayıb etməyək artıq!

1 şərh

asel
ayıb olmasın deyə boşanmayıb, sonra əri tərəfindən öldürülən qadınlar ayıb etmirmi?