O zaman anladım ki..

Bəzən həyatda hər hansı bir hadisə ilə qarşılaşmaq, bu barədə təfəkkür etmək insana bəzi məchulları məluma çevirməyə, daha diqqətli olmağa yardımçı olur. Əslində insan özü barədə ətafında cərəyan edən hadisələrdən nə qədər çox çıxarışlar edərsə, fikrimcə inkişaf yolunda dayanmadan irəliləmə şansı daha da artar.

Müəyyən müddət bundan əvvəl çox ibrətamiz, təəccüblü və kədərli hadisə ilə qarşılaşdım. Belə ki, bir pişiyim var idi.  Daim onun qayğısına qalır, sığallayır, əzizləyirdim. Lakin qəfildən həmişəki kimi qayğı göstərən zaman əlimi, barmaqlarımı bir növ dişlədi. Təbii ki, hirsləndim.

Niyə də hirslənməyim axı? Daim qayğısına qalır, əzizləyir, yemək verirdim. Elə bu addımların müqabilində şüursuz varlığın etdiklərindən daha çox qəzəblənirdim. Lakin bir şey barədə təfəkkür etmək, qəzəbimin əvəzinə qəlbimin kədərlə dolmağına səbəb oldu. Yadıma bir ömür bütün bəndələri kimi mənə də minnətsiz ruzi, gözəl həyat və saymaqla bitməyən qiymətsiz bəxşişlər əta edən, ən böyük qüdrət sahibi olan Allah düşdü. Bəlkə də bir il ərzində az-maz öz məhdud mülayimliyim çərçivəsində qayğı göstərdiyim pişiyin dişləməsindən, cırmağından narahat olub, ona qəzəb etdiyim halda, Allah heç nə ilə, heç kimlə müqayisə və təsəvvür olunmaz dərəcədə mənə rəhmət, mərhəmət göstərir, qayğıma qalır, hər nə qədər günah etsəm də tövbəyə, paklığa səsləyir. Bunun müqabilində isə deyərdim ki, Ona qarşı nankorluq edirdim.

Şüursuz varlıqdan zərrə qədər etdiyim yaxşılığın müqabilində pislik görəndə qəzəblənir, özüm isə şüurlu insan olduğum halda, hər şeyi nəsib edənə, məhəbbətlə sevənə bunların müqabilində itaətsizlik, üsyan, nankorluq edirdim. Halbuki, bu itaətin də heç hamını bəsləyib özü bəslənməyən, hamını bəslədikcə nemətləri zərrə qədər tükənməyən Allaha nə xeyri, nə də ki, faydası var. 

3 şərh

_BUMERANQ_
Mənim belə pişiyim olmasa da çox vaxt nankorluğumu çox gözəl dərk edirəm. Və utanıram…
BaRLeLiTa
Şükürlər olsun ki,biraz gec də olsa dərk edirəm məndə
tarixci1919
Hadisədən belə bir nəticə çıxarmağınız da böyüklükdü. İbrətamizdir. Biz Allahın verdiyi bütün bu nemətlərə qarşılıqOnun bizdən istədiyi ibadətlərimizi əskiltməməliyik. Təşəkkür edirəm.