20 Yanvardan keçən 23 il

Azərbaycan çox fədakar və bir çox zülmətlər görmüş bir xalqdı. Keçmişdə xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Ölkəmizin 20% torpaqları erməni faşistləri tərəfindən zəbt olunub, düşmən ayaqları altındadır. Bu gün Azərbaycanın ən gözəl ən dilbər güşəsindən biri olan Qarabağ ermənilərin əlindədir. Bu çox ürəkağrıdıcı bir faktdır ki, sırf Azərbaycan torpağı olan Qarabağ indi düşmənin torpağı kimi qələmə verilir. Ermənilər o torpaqlarımızı həyasızcasına zəbt edib öz adlarına çıxardıllar. Amma bu belə qalmayacaq, artıq qələbənin bir addımındayıq, gec-tez Qarabağı geri qaytaracağıq, yenə öz torpaqlarımıza dönəcəyik.

Bizim xalq çox səbrli xalqdır və iradəsini qoruyub saxlamaqdadır. Ancaq elə anlar, elə məqamlar olur ki, daha susmaq, danışmamaq mümkün olmur. Saysız-hesabsız itkilərdən başı açılmayan Azərbaycanın xalqının bir qanlı səhifəsidə var ki, onu tarixdən silmək qəti olmur. Belə faciələrdən biri də 20 Yanvardı. Azərbaycan xalqının tarixinə 20 Yanvar hadisəsi «Qanlı Yanvar» faciəsi kimi daxil olub. 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində minlərlə günahsız insanın qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu dərindən həll etmək üçün belə qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” peşəkarcasına istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu cəfəngiyyat idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku  belə  partlatdırıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat gecə saat 12-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla, sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi. Günahsız insanları öldürməklə o nəyə nail oldu, nəyi sübut etmək istədi, dinc yerli sakinləri öldürməklə o elə bildi ki, hər şeyi qaydasına qoyub, hər şey onun istədiyi kimi olacaq, onun çirkli əlləri minlərlə insanın qanına batmışdı, amma o qatil bununla da sakitləşmədi, o öz planını qəddarcasına davam edirdi.

Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulub məhv edilmişdi, hər yer od alov içində idi. İnsanların soyuq meyidləri şəhərin hər yerində sərilib, qanları isə hər yerə çay kimi axırdı. Atəş səsi hər yeri bürümüşdü. O vəhşilər hər yeri partladırdılar.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də güllələyirdilər.

Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. 200 ev və mənzil, 80 maşın, təcili yardım maşınları əsgərlər tərəfindən darmadağın edilmişdi, dövlət və özəl mülkiyyət məhv olunmuşdu. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də var idi. Onların içində ən cavanları 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Bəziləri itkin düşdü, bir çox sayda insan əlil qaldı, valideyinlərini, övladlarını itirənlər yetim qalanlar da oldu. Sovet hərbçiləri kimi görürdülər hamını güllə atəşinə tuturdular, silahsız, günahsız  və dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş və ürəkaçan idi, bundan həzz alırdılar, soyuqqanlı insanın heç vaxt ürəyi olmur. Onlar isə əsl vəhşi soyuqqanlı qatil idilər. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Saysız hesabsız insanlar qurban oldu, onların bir məqsədi var idi Azərbaycan xalqını qıraraq məhv etsinlər, şəhəri də külə döndərib yandırsınlar.

Binaların damında əsgərlər növbə ilə dururdular. Hər yer blokada içində idi. Şəhər demək olar ki, dağıdılmışdı.Yerli sakinlərin qorxu hissi isə Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları quldurlar məhz bu insanlar, bu qatillər idi.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyat üçün yol açdılar. Bu dəhşətli gecənin səhəri hər şey artıq külə dönmüşdü və minlərlə insan həlak olmuşdu, şəhər qan içində idi, analar fəryad qoparıb öz övladlarının gəbirləri üstə göz yaşı töküb hönkürtü ilə ağlayıb kömək istəyirdilər, onlar öz övladlarını son mənzilə yola salırdılar, və bu onlar üçün nə gədər ağır nə gədər əzablı idi bir Allah bilir. Yüzlərlə insan küçələrə axışıb tabutları aparmağa kömək edirdilər, onlar o tabutları çiyinlərində apararkən göz yaşlarını saxlaya bilmirdilər, o göz yaşları isə selə dönüb axırdı, qırmızı qərənfillər hər yeri bürümüşdü, hər tabutun üstündə nə qədər gül var idi, sanki o qərənfillər də şəhidlərimizi ağlayırdı, insanlarla birgə. Şəhər dəhşət və qorxu içində idi. Hər bir ananın, bacının, övladın üzündə o qəm, o kədər əks olunmuşdu, onlar artıq özlərini tam itirmişdilər və nə baş verir, nə olub, anlamırdılar, elə bil şokda idilər, çox əzab əziyyətli anlar keçirirdilər o gün bütün Azərbaycan xalqı. Hamının bir arzusu var idi ki, öz yaxınlarını, doğmalarını geri qaytarsın. Amma nə etmək olardı, artıq çox gec idi, günahsız oğul-qızlarımız heç nədən, hədərə getdilər, heç bir günahı olmaya-olmaya quldur əlindən şəhid olub bu dünyanı həmişəlik tərk etdilər.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu.
O dəhşətli faciədən 23 il ötür, amma bu günə kimi şəhidlərin analarının qəmli simalarını görmək çox çətin və acınacaqlıdı. Lakin o dəhşətli gecə şəhidlərin analarının yaddaşında hələ də davam edir. Onlar öz balalarını unutmayıblar və daim onları yad edib Şəhidlər Xiyabanına qəbirlərini ziyarət etməyə gəlirlər. Qəbirləri önündə durub, şəhidləri yad edib, onların ruhlarına dualar oxuyurlar. Az da olsa ünsiyyəttdə olub, onlarla belə demək olar ki, dərdləşirlər.

Bakı Metropoliteninin «20 Yanvar» stansiyasına həmin gün adam çox axışır, insanlar tər çiçəklərlə şəhidlərimizi yad edirlər. «20 Yanvar» metrostansiyasının adı həmin yanvar səlnaməsinin şərəfli və acı xatirələrindən biridir.
Müasir Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan vətənin igid oğul və qızlarının bir çoxu  «20 Yanvar» metro stansiyasının yaxınlığındakı bu ərazidə qətlə yetirildilər. Həmin vaxt bu ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi yerləşir.
Azərbaycanın bütün şəhər və rayonlarında da şəhidlərin əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur. Ölkəmizin bütün şəhər və rayonlarında Şəhidlər Xiyabanı mövcuddur.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, hər il bu faciənin qurbanları bütün dünyada da həmvətənlərimiz tərəfindən yad edilir. Azərbaycan Respublikasının diasporaları və səfirliklər bu matəm gününə həsr olunmuş tədbir təşkil edirlər. 20 Yanvar şəhidlərin əziz xatirəsini yad edib  bu matəmlə bağlı müxtəlif çıxışlar və nitqlər səsləndirirlər. Dünyada yaşayan azərbaycanlılar, səfirlik nümayəndələri, diasporalar çalışırlar ki, bu qanlı hadisəni dünyaya tanıtsınlar.
Biz inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər.
Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin!
Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü-gündən böyüyəcək və heç vaxt unudulmayacaq.

Şəhidlər müqəddəsdi, şəhidlər ölməzdi, Vətən uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir azərbaycanlının qəlbində yaşayacaq və onların xatirəsi hər zaman xalq üçün ən uca və unudulmaz olacaq.
Biz gərək öz vətənimizi şəhidlərimiz kimi sevək. Necə onlar canlarını verdilər öz vətənləri naminə, eləcə də biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq. Həmrək olmalıyıq ki, heç kim bizi qıra bilməsin,baş əydirə bilməsin,hər zaman bir yumruq kimi olsaq, heç bir kəs bizə qalib gələ bilməz. Hər yerdə, hər an vətənimizin qədrini bilək, onu sevək və heç vaxt onu düşmən ayağına verməyək, daima onu qoruyaq və ən çətin gündə vətənin yanında olaq. Vətən çox əzizdi və onun keşiyində durmaq hamının əvəzsiz borcudu.
Allah bütün igid oğul və qızlarımıza, şəhidlərimizə rəhmət eləsin,qalanlara isə səbr versin. Amin!
 

6 şərh

asel
Allah rəhmət eləsin.
pascal
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ramil
, mövzu lap yerinə düşüb, xalqımızın başına nə oyunlar açmayıblar ki? Sizə təşəkkür edirəm. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!  Onlar ALLAH dərgahında diridirlər.
tarixci1919
Allah bütün şəhidlərimizin yerini Cənnət eləsin. Bu haqda məlumat yerləşdirdiyinizə görə çox sağ olun. Biz öz keçmişimizi öyrənib, sahib çıxıb və təbliğ etməsək, ermənilər törətdikləri bütün vəhşilikləri inkar eliyib, qondarma adlandıracaq.
babayeva_sabina

allah bütün şəhidlərə rəhmət eləsin 

Onların qanı yerdə qalmayacaq