Lütfi Zadə

Professor Lütfi Ələsgərzadə (Lüfti Zadə) 4 fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi. Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri oxumuş insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun öz həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burada kommersiya ilə məşğul olmaq qərarına gələndə valideynləri ona bu işdə kömək olacaqlarını bildirdilər. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burada satışın təşkil etməklə özünə yaxşı güzəran düzəltmişdir. Biznes fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin “Şərqşünaslıq” fakültəsində təhsil alır və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışırdı. Bakı şəhərində gələcək həyat yoldaşı Fanni ilə tanış olan Rəhim Ələsgərzadə valideynlərinin razılığı ilə toy edir və Fevral ayının 4-də onların ailəsində oğlan övladı dünyaya gəlir. Lütfi adı daşıyan bu balaca oğlan 16 saylı məktəbə gedir və ömrünün 10 ili bu məktəblə bağlı olur.

Lütfinin uşaqlığı da həmyaşıdlarından olduqca fərqlənirdi. Fanni xanım onunla bağlı verdiyi müsahibələrin birində deyirdi: Lütfinin 5 yaşı tamam olan günü qohum-əqrəbalarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin O, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab var idi ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə otağı üzərində “TƏK”(bu onu oxuyan zaman narahat edilməməyi üçün idi) yazılmışdı. 1932-ci ildə Sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə onları iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığın qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi sovetlərin hakimiyyətə gəlməsindən sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəlirlər. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə sovetlər kibernetika, informatika, genetika kimi elmlərə öz mənfi mövqeyi ilə seçilirdi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi. O, hələ 9 yaşında ikən Ələsgərzadələr ailəsi Bakını tərk edərək Tehrana köçüblər. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. L.Zadə müsahibələrindən birində Alborsda oxuyarkən Sovet və Amerika məktəbləri arasında çox böyük fərq gördüyünü söyləyirdi. Bu məktəbdə böyük alim ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edir. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir: "Dünyanın bu füsünkar ölkəsi ilə görüşməyə, onun universitetlərində təhsilimi davam etdirməyə can atırdım". Lakin, o, hələlik "arzularının ölkəsi"nə getməyi düşünmürdü. Hələ ilk ali təhsilini də Tehranda almalıydı. Beləliklə, L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. L.Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatları-a gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim sonralar şəraitə uyğunlaşır və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.

Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

Qeyd edək ki, L.Zadənin nəzəriyyələrinin meydana gəlməsində onun Qurani-Kərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə hələ ötən əsrin 60-cı illərinin axırlarından tanış olmağa başlayan strateji raket qurğuları üzrə mütəxəssis Əlimuxtar Əkbərovun qənaətinə görə, bu nəzəriyyə məhz Quranın məntiqindən doğan bir elmi yanaşmadır. L.Zadə hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Böyük alim Azərbaycanda çox az yaşasa da, vətəndə onu heç vaxt unutmayıblar. Lütfi Zadə haqqında "Müasir elmin korifeyi" (müəlliflər - Fərhad Tağıyev, Şamxəlil Məmmədov), "Dünya dahilərsiz yaşaya bilmir" (müəllif - Möhbəddin Səməd) adlı kitablar , "Uzaq və yaxın Lütfi Zadə" (quruluşçu rejissoru - Oqtay Babazadə, ssenari müəllifi - Möhbəddin Səməd) sənədli filmi, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

L.Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir. Amerika Birləşmiş Ştatları-nın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə institutu yaradılmışdır - ZIFIT institutu. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. Amerika Birləşmiş Ştatları-nın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı.

L.Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, sün'i neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmilərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. L.Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəsürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modelidir. L.Zadənin təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş Ştatları-nda kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır. Hazırda Yaponiyanın "Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni", "Orison", "Konon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib böyük iqtisadi gəlir götürürlər; məsələn: Yaponiyada "Panasonik" və "Kvassar" adı altında mallar istehsal edən "Mitçusita" şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard dollarla gəlir götürmüşdür.

İnsanın böyüklüyünü müəyyən edən müxtəlif atributlar və ölçülər var. Bəziləri insanın böyüklüyünü aldıqları mükafatlarla, fəxri adlarla, əldə etdikləri titullarla məhdudlaşdırırlar. Bəziləri isə adamları gördükləri qeyri-adi işlərə və əməllərə görə qiymətləndirirlər. Mükafatlara, titullara, fəxri adlara gəldikdə professor Lütfi Zadə çox şeyi özünə yaxın buraxmayan Yaponiyanın dünya elmində inqilabi çevriliş etmiş alimlərə ayırdığı ən yüksək mükafatı - Honda mükafatını almışdır. Titula gəldikdə isə o, dünya alimlərində yalnız bir-iki nəfərə nəsib olmuş çalışdığı Berkle Universitetinin ömürlük fəxri professoru fəxri adını qazanmışdır. Dünyanın bir çox akademiyalarının fəxri akademiki, universitetlərin fəxri professoru olması, ayrı-ayrı yüksək mükafatlar, titullar qazanması da ki öz yerində... L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir.

 

5 şərh

Ferbara
Öz intibahına qədim (yoxsa «qədəm»?) qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.
Ferbara
Copy-paste
Ballack
Məqsəd kiminsə 1 balını qazanmaq deyil, azərbaycanlıları azərbaycanlılara tanıtmaqdı, copy-paste…
FiLOSOF

Allah uzun omur versin! Sag eli menim basima mende professor olum:)

Zeynal
Kiternetikanın banisi.