Fərqli xüsusiyyətlərə malik olan irqlər necə yaranmışdır?

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlayıbsa, bir-birindən fərqlənən irqlər necə yaranıb?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə meydana gəlib?” deyirlər.

Əslində bütün bu sualların və ya etirazların səbəbi genetika elmi haqqında məlumatın azlığı və ya genetik qanunlara məhəl qoyulmamasıdır. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından əlaqəli olan “variasiya” haqqında ümumi məlumata yiyələnmək lazımdır.

Variasiya genetikada istifadə edilən termindir və “müxtəliflik” mənasını verir. Bu genetik hadisə bir canlı növündəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Variasiyaların mənbəyi isə o növün daxilindəki fərdlərin malik olduğu genetik məlumatdır. Bu fərdlərin aralarındakı cütləşmələr nəticəsində bu genetik məlumat yeni nəsillərdə fərqli kombinasiyalarda birləşir. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.

İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı əsasən eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəzi insanlar qıyıq gözlü, bəziləri sarışın, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.

Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman keçdikcə bir-birinə qarışması və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü yeni nəsillər çıxacaq. Yəni, hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsilllərdə bir-birilə cütləşərək fərqli görünüşlü fərdlər meydana gətirəcək. Digər fiziki xüsusiyyətlərin də bir-birilə qarışdıqlarını nəzərə alsaq, ortaya çox böyük müxtəlifliyin çıxacağı aşkar olar.

Burada bir cəhət nəzərdən qaçmamalıdır: hər fiziki xüsusiyyəti müəyyən edən iki gen var. Bunlardan biri resessiv, digəri dominant  və ya hər ikisi də eyni dərəcədə dominant ola bilər. Məsələn, insanın göz rəngini müəyyən edən iki gen var. Bunlardan biri anadan, digəri isə atadan gəlir. Dominant olan gen hansıdırsa, uşağın göz rəngini o gen müəyyən edir. Əsasən tünd rənglər açıq rənglərlə müqayisədə dominantdır. Buna görə də bir insanda yaşıl və qara göz rənglərinə aid genlər varsa, o insanın gözü qara rəngin geni daha dominant olduğu üçün qara olur. Lakin resessiv olan yaşıl rəng daha sonrakı nəsillərə ötürülərək sonrakı nəsillərdə ortaya çıxa bilər. Yəni anası və atası qara gözlü olan uşağın gözü yaşıl ola bilər. Çünki bu rəngin genləri ana və atada resessivdir.

Bu qayda bütün digər fiziki xüsusiyyətlər və onları müəyyən edən genlərə də aiddir. Qulaq, burun, ağız forması, boy uzunluğu, sümük quruluşu, bədən üzvlərinin və orqanların quruluşu, forması,  xüsusiyyətləri və s. kimi yüzlərlə, hətta minlərlə xüsusiyyət bu cür müəyyən edilir. Bu xüsusiyyətə görə genetik quruluşda mövcud olan saysız-hesabsız məlumat o fərdin xarici görünüşünə təsir etmədən sonrakı nəsillərdə üzə çıxa bilər.

İlk insan olan Hz. Adəm və Hz.Həvva da öz xarici görünüşlərində ancaq müəyyən qisminin üzə çıxmasına baxmayaraq, genetik quruluşlarındakı zəngin məlumatı sonrakı nəsillərə ötürmüşlər. Bəşəriyyət tarixində ortaya çıxan coğrafi dəyişikliklər müxtəlif insan qruplarında müəyyən xüsusiyyətlərin toplanması üçün uyğun şərait yaratmışdır. Bu proses uzun zaman ərzində insan qruplarının sümük quruluşu, bədən rəngi, boy, kəllə sümüyünun həcmi kimi xüsusiyyətlərinin bir-birindən fərqlənməsinə gətirib çıxarmışdır. Nəticədə irqlər yaranmışdır.

Ancaq bu uzun proses, əlbəttə, yeni növlər meydana gətirməyib. Boyu, bədən rəngi, kəllə sümüyünün həcmi nə olursa olsun, bütün irqlər insan növünün bir hissəsidir.

 

0 şərh