Leninqrada toy səyahəti

Bu əhvalat haqqında o vaxt sovet qəzetləri heç nə yazmamışdı. Amma hadisə barədə rəvayətlər dolaşırdı: «Gürcüstan SSR rəhbərlərinin övladları „Tu-134“ təyyarəsini Türkiyəyə qaçırmaq istəyiblər...»
Bəs həqiqətdə 1983-cü ildə Tbilisi aeroportunda nə baş vermişdi?

Bəylə gəlin deputat zalından keçir
...1983-cü il noyabrın 18-də Tbilisi aeroportunda Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan 6833 nömrəli reysə minik təzəcə başlanmışdı. Qırmızı lent və şarlarla bəzədilmiş toy maşınları da aeroporta elə həmin ərəfədə çatdı. Əslində təyyarə ilə gəlin aparan yox idi. Sadəcə, iki gün əvvəl ailə quran German Kobaxidze və Tinatin Petviaşvili Neva sahillərinə toy səyahətinə çıxır, dostları isə onları müşayiət edirdi. Amma təzə evlənənlər özləri ilə götürdükləri çantaya nədənsə şampan şüşəsi yox, bir neçə tapança, qumbara və soyuq silah qoymuşdular.
Bəs bu silah-sursat təyyarəyə necə keçiriləcəkdi? Bunun da tədbiri qabaqcadan görülmüşdü: aeroportun beynəlxalq şöbəsində növbətçi işləyən tanışları Anna Varsimaşvili toyda stolun başında əyləşmişdi və elə oradaca söz vermişdi ki, bəylə-gəlini təyyarəyə deputat zalından keçirəcək. Qoy bu da onlara bir hədiyyə, xoş xatirə olsun.
Anna verdiyi sözə əməl etdi — gənc ər-arvad deputat zalından hörmət-izzətlə yola salındı və təbii ki, üstlərinə baxış da keçirilmədi. Bəylə-gəlini müşayiət edən beş dost isə təyyarəyə digər sərnişinlərlə birgə, ümumi zaldan keçdilər.
Anna Varsimaşvili bu «hörmətin» yarım saat sonra hansı faciəyə gətirib çıxaracağını bilsəydi, yəqin ki, nəinki cavanlar üçün belə «kralsayağı» şərait yaradar, heç bir gün əvvəlki toya da getməzdi...
Aeroportda mühafizə xidmətini həyata keçirənlər gənc ailənin və onların dostlarının sonrakı niyyətindən azacıq şübhələnsəydilər, nəinki bəylə-gəlini «bəh-bəh»lə yola salar, heç ilk baxışdan mehriban və xoşbəxt görünən bu insanların üzünə gülümsəməyi də özlərinə rəva bilməzdilər...
Bəyin əlindəki çantanı yoxlamaq fikri də bircə nəfərin, tək bir nəfərin ağlına gəlsəydi, şübhəsiz, yarım saat sonra baş verəcək «həngamə»nin qarşısını almaq olardı. Amma...
Saat 15.43-də təyyarə göyə qalxdı. Cavanlar dərhal süfrə açıb səfəri «qeyd etməyə» başladılar: şampan açıldı, araq gəldi, bir sözlə, gənclik məclisi başlandı.
Qrafikə uyğun olaraq, təyyarə Batumiyə enməli, orada yanacaq götürüb Kiyevə, sonra isə Leninqrada uçmalı idi. Təyyarədə cəmi 64 nəfər — 57 sərnişin və 7 heyət üzvü vardı. Yarım saat sonra təyyarənin təkərləri enmə üçün Batumi üzərində buraxıldı. Amma Batumidə güclü külək olduğu üçün aeroport təyyarəni qəbul edə bilməyəcəyi barədə məlumat verdi. Ona görə də heyət Tbilisiyə qayıtmaq qərarına gəldi. «Toy səyahətinə çıxanlar» isə artıq Batumiyə endiklərini güman edirdilər. Burdan da Türkiyəyə beş addımlıq yol idi...

«Təyyarə tutulub! Türkiyəyə sürün!»
nDeyib-gülən gənclər şənliyi dayandırdılar. Qriqori Tabidze, Kaxa və Paata İverieli qardaşları yerlərindən durub pilot kabinəsinə tərəf getdilər. Bu, əməliyyatın başlanmasına işarə idi! Gənclər ilk növbədə stüardessaları zərərsizləşdirdilər və tapançanın qundağı ilə onlardan birinin — Valya Krutikovanın gicgahından vuraraq onu kabinəyə tərəf apardılar.
Dəstənin digər üzvləri təyyarənin salonunda olan və aeroportun təhlükəsizlik xidmətinin əməkdaşlarına oxşayan adamları «seçməyə» başladılar: mülki aviasiya idarəsinin xidməti geyimində Batumiyə məzuniyyətə gedən bir nəfər dərhal güllələndi, iki nəfər ağır yaralandı (sonradan məlum olacaq ki, bu adamların təhlükəsizlik xidməti ilə heç bir əlaqəsi yox imiş).
Pilotlar isə salonda baş verənlərdən xəbərsiz idi. Elə bu vaxt kabinənin qapısı şərti işarə ilə döyüldü. Gözlükdən baxan şturman stüardessanın başından yaralandığını görməyərək qapını açdı. Qriqori dərhal təlimatçı şturman Z.Şarbatyanın başına beş güllə sıxdı, mexanik A.Çediyanı yaraladı və tapançanı təyyarə komandirinin gicgahına dirəyib əmr etdi:
— Təyyarə tutulub! Türkiyəyə sür! Əks halda hamınız güllələnəcəksiniz!
Komandir əlini cibindəki tapançaya tərəf aparsa da, onu çıxara bilmədi. Bu vaxt ikinci pilot cavab atəşi ilə Q.Tabidzeni yerindəcə öldürdü, K.İverielini yaraladı. Bundan sonra onlar kabinənin qapısını çətinliklə də olsa, bağlaya bildilər və terrorçuların təyyarəni tutması barədə yerə məlumat verdilər.

Təyyarə Türkiyəyə enir?
Salonda isə vəziyyət gərgin olaraq qalırdı. Terrorçular heç kimin yerindən tərpənməsinə icazə vermir, təyyarəni partlatmaqla hədələyirdilər. Onlar elan etmişdilər ki, hər beş dəqiqədən bir girovlardan biri güllələnəcək. Ona görə də stüardessa İrina Ximiç komandirə daxili əlaqə telefonu ilə dedi:
— Komandir, Türkiyəyə sürün, onlar təyyarəni partladacaqlar. Artıq qumbaralar hazırdır!
Komandir:
— İrina, de ki, biz artıq Türkiyə üzərindəyik, bir azdan düşəcəyik.
Komandir anlayırdı ki, artıq hava qaraldığı və möhkəm duman olduğu üçün terrorçular təyyarənin hara endiyini dəqiqləşdirə bilməzlər. Həm də o, artıq «Tu-134»-ü iki qırıcı təyyarənin müşayiət etdiyini görürdü. «Tu-134» Tbilisi aeroportunda yerə endi.
Terrorçular artıq vəziyyəti başa düşdülər və bir qadının uşağını götürüb özünü qapıya tərəf itələdilər ki, «tələbimizi de, qaçsan, uşağı öldürəcəyik».
Qadın qışqırmağa başladı ki, təyyarəyə yanacaq tökün və onları Türkiyəyə buraxın, əks halda sərnişinləri güllələyəcək, təyyarəni partladacaqlar.
Gürcüstan Mülki Aviasiya İdarəsinin rəis müavini Kodzoniya təyyarəyə yaxınlaşıb danışıqlara başladı...
Dəstə üzvlərinin valideynləri aeroporta gətirildi ki, onları bu ağılsız əməllərindən çəkindirsinlər. Lakin cavanlar elan etdilər ki, əgər valideynləri təyyarəyə yaxınlaşsalar, girovlar güllələnir və təyyarə partladılır.

«Alfa»nın 8 dəqiqəlik əməliyyatı

...SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin göstərişinə əsasən o vaxt son dərəcə qapalı struktur olan «Alfa» qrupunu Moskvadan gətirən xüsusi təyyarə yerli vaxtla saat 22.08-də Tbilisi aeroportunda yerə enmişdi. Bütün gecə aparılan danışıqlar heç bir nəticə vermədiyi üçün səhərə yaxın «Alfa» təyyarəyə qəfil hücum etdi. Əməliyyat cəmi 8 dəqiqə çəkdi. Yalnız bundan sonra məlum oldu ki, stüardessa V.Krutikova öldürülüb. Heyət üzvlərindən ikisinin meyiti tapıldı. Sərnişinlərdən isə biri öldürülmüş, altı nəfəri yaralanmışdı.
Dəstə üzvləri də itki vermişdi — Tabidzeni ikinci pilot öldürmüşdü. Dəstənin digər üzvü D.Mikaberidze isə təyyarəyə hücum zamanı özünü öldürdü. Digər terrorçuların qoluna qandal vuruldu...

Terrorçular kim idi?
Əvvəldə qeyd etmişdik ki, hadisə baş verən vaxt təyyarəni tutanların Gürcüstan rəhbərlərinin övladları olduğu barədə şayiələr yayılmışdı. Əslində bu elə həqiqətən də şayiə idi. Bununla belə, Türkiyəyə uçmaq istəyən gənclərin hamısı imkanlı ailələrdən idi. 29 və 27 yaşlı Kaxa və Paata İverieli qardaşlarının hər ikisi Moskvadakı P.Lumumba adına Xalqlar Dostluğu Universitetini bitirmiş, həkim ixtisasına yiyələnmişdi. Ataları V.İverieli Gürcüstan Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor idi. 23 yaşlı German Kobaxidze Teatr İnstitutunu bitirmişdi, «Gürcüstanfilm» kinostudiyasının aktyoru idi. Atası M.Kobaxidze tanınmış kinorejissor, anası aktrisa idi.
19 yaşlı Tinatin Petviaşvilinin atası Vladimir Petviaşvili, elmi işçi idi, arvadından ayrılıb Moskvada yaşayırdı. 25 yaşlı David Mikaberidze Tbilisi Rəssamlıq Akademiyasının 4-cü kursunda oxuyurdu, atası isə Tbilisidə "İnturist«in tikinti trestinin müdiri idi.
25 yaşlı İosif Sereteli Tbilisi Rəssamlıq Akademiyasının məzunuydu. Atası Gücüstan Elmlər Akademiyasının müxbir üzvü, Tbilisi universitetinin professoruydu.
32 yaşlı Qriqori Tabidzenin atası Teymuraz Tabidze Texniki Peşə Təhsili Komitəsinin layihə bürosunun direktoru idi.

Üç nəfərə güllələnmə!
„Tu-134“-ün heyət üzvlərindən iki nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Təyyarəni tutulması ilə bağlı istintaq isə 9 ay çəkdi. Bu müddət ərzində dəstənin başçısı İ.Sereteli naməlum şəraitdə vəfat etdi.
İstintaqın gedişində bu əməliyyatın ideya rəhbərinin din xadimi T.Çixladze olduğu müəyyən edildi. İlkin plana görə, tapança və qumbaraları təyyarəyə paltarının altında din xadimi keçirməli imiş. Lakin bu ərəfədə o, kilsə xəttilə xaricə gedib və cavanlar özləri təşəbbüsü ələ alıblar. Bununla belə, din xadimi də müttəhimlər kürsüsündə əyləşməli oldu.
Qapalı keçən məhkəmə prosesində Kaxa və Paata İverieli qardaşlarına və German Kobaxidzeyə ən ağır cəza — güllələnmə cəzası təyin edilib. T.Petviaşvili 14 il müddətinə azadlıqdan məhrum olunub. Aeroportun işçisi A.Varsimaşvili isə 3 il şərti cəza alıb.

Terrorçu, yoxsa dissident?
Zviad Qamsaxurdiyanın hakimiyyəti illərində Gürcüstan mətbuatında bu mövzu yeni rakursdan işıqlandırılmağa başlanıb. Təyyarəni qaçırmağa cəhd göstərənlər qəhrəman kimi, imperiyadan çıxmaq istəyən azadfikirli insanlar kimi təqdim olunub. Mətbuatın yazdığına görə, elə həmin illərdə — ötən əsrin 90-cı illərində bu işlə bağlı məhkəmə sənədləri „təsadüf“ nəticəsində yanıb.
Sovet İttifaqı Qəhrəmanı adını alan pilotlar da həmin illərdə „KQB“ ilə əməkdaşlıqda və azadfikirliliyə qarşı çıxmaqda ittiham olunublar. Hadisələr zamanı həlak olanların şərəfinə qoyulmuş abidələr 1991-ci ildə uçurulub.
E.Şevardnadze yenidən hakimiyyətə qayıdandan sonra bu mövzuda diskussiyalara son qoyulub.
Kim haqlı idi?
Hadisələrin iştirakçılarından birinin yazdığına görə, „Türkiyəyə turist putyovkası ilə gedib, orada siyasi sığınacaq istəmək imkanınız olduğu halda niyə bu üsulu seçdiniz“ sualına müttəhimlərdən biri məhkəmədə belə cavab verib: „Onda bizi adi emiqrant kimi qəbul edərdilər, biz isə vicdan məhbusu olmaq istəyirdik...“
Bu fikir həqiqətə nə dərəcədə uyğundur? Təyyarəni Türkiyəyə qaçırmaq istəyən cavanlar həqiqətən imperiya buxovundan azad olmaq istəyən dissidentlər idi, yoxsa adi terrorçular? Bu suallara cavab verməkdə çətinlik çəkirik. Heç məqsədimiz də bu tipli suallara cavab axtarmaq deyil. Biz, sadəcə, ötən əsrin daha bir qəribə olayının xronikasını verdik…
 

0 şərh