Daha artıq içməyimiz günahdır

Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da… Su ilə bağlı danışarkən dahi Nizaminin dediyi bu beyt yada düşür. Artıq içiləndə dərd versə də, danılmaz həqiqətdir ki, canlı həyatın davamı üçün ən zəruri qaynaq sudur. Zəruri olduğun dərk etsək də, bir gün tükənəcəyini düşünə bilmirik. İstər məişətdə, istər iş həyatında sudan bolluca istifadə edirik. Məsələn, adicə dişlərimizi fırçalayanda, yaxud isti suyun gəlməsini gözləyəndə az su israf etmirik. İsrafçılığın qarşısını almaq üçün cəmiyyət olaraq inci saflığına incə münasibətimizi necə formalaşdıra bilərik?
Su
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan, ərazinin hər km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə, Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62 faizi Gürcüstan, 28 faizi Ermənistan, yalnız 10 faizi Azərbaycanın payına düşür.
Su ehtiyatlarının həcminə görə 105-ci yer
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, qlobal istiləşmə, hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir: «Beynəlxalq qurumların hesablamalarına görə, su ehtiyatlarının həcminə görə, Azərbaycan 105-ci yerdədir. Azərbaycanın suya olan tələbatının 70 faizi Kür, Araz, Samur və digər çaylar vasitəsilə xaricdə formalaşır. Əslində ölkəmizdə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi, onu həmin həddə yaxınlaşdıra bilər. On ilin proqnozları göstərir ki, son yüz ildə planetin əhalisi 7 dəfə artıb. Təbii ki, bu da suya tələbatın artmasına səbəb olur”.
Nazir müavininin sözlərinə görə, son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir: „Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur. Həyatın mövcudluğu üçün su çox mühüm faktordur və hər bir vətəndaş özündə istehlakçı məsuliyyəti hiss etməli, hansı qurumda və harada çalışmağından asılı olmayaraq, hər yerdə sudan qənaətlə istifadə etməlidir. Belə şəraitdə iri su istehsalçıları suyun təkrar istehsalı haqqında düşünməlidirlər. İlkin hesablamalara görə, bir kubmetr çirkli su 40-50 kubmetr təmiz suyu çirkləndirərək yararsız hala salır. Ölkəmizdə qəbul edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq, iri müəssisələr tikinti-quraşdırma işləri apararkən istismar edilən suyun hara axıdılmasına diqqət yetirməlidirlər. Təəssüf ki, əksər hallarda, istifadə edilən su sututarlara, göllərə, çaylara və Xəzərə axıdılaraq ətraf mühitin çirklənməsinə səbəb olur”.
Xəzərin suyu şirinləşdirilməlidir?
Milli Məclisin deputatı Müşfiq Cəfərovbizimlə söhbətində bildirdi ki, şirin suya qənaət edilməsi və onun ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan hazırda regionda ən az şirin su ehtiyatına malik ölkədir. Halbuki regionun ən böyük su anbarı  Ermənistanın işğalına qədər Azərbaycanda yerləşirdi: „Tədqiqatçıların da irəli sürdüyü təkliflərə əsaslansaq, deyə bilərəm ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsdir. Bu sahədə yeni texnikalar, xaricdən gətirilmiş mütəxəssislər cəlb olunmalıdır. Həmçinin kadr hazırlığı da vacibdir. Digər  vacib amil, praktiki olaraq, suyun təkrar istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyasının  geniş tətbiq olunmasıdır,  bunun üçün adi çökdürmə üsulu kifayətdir. Eyni zamanda,  mərkəzləşdirilmiş sexlər yaradılmalıdır ki, sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkün olsun. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Təsərrüfatın bəzi sahələrində alternativ su mənbələrinin işlənməsi, dəqiq desək, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı sulardan istifadə problemi olduqca böyük əhəmiyyət kəsb edir”.
Dünya su böhranı ilə necə mübarizə aparır?
Şirin su ehtiyatlarını çoxaltmaq üçün dünya ölkələrində müxtəlif lahiyələr irəli sürülür. Həmçinin bəzi ölkələrdə yeni və effektiv çıxış yolu axtarılır. Məsələn, 1997-2009-cu illər arasında ən quraq dövrünü yaşayan Avstraliya, bu zaman kəsiyində su istehlakını iki dəfə azaltmağı bacardı. Dünya Bankı Su tətbiqləri proqramının iqtisadçısı Riçard Damaniabildirir ki, “yaşıl qitə”də buna suyu pula satmaqla nail olunur. Digər bir nümunə göstərilən dövlət, suyu milli təhlükəsizlik məsələsi olaraq görən İsraildir. Təl-Əviv yaxınlığındakı çirkab sutəmizləyici qurğularda 140 milyon kubmetr su istehsal olunur və bu su kənd təsərrüfatında istifadə edilir. Bu gün suvarma zamanı istifadə olunan suyun 40 faizi tullantı sularından təmin edilir. Tədqiqatçılar  hesab edir ki, İsrail səhrada bir ölkə olaraq bunu lazımi texnologiya, iqtisadi qaynaqlar və siyasi qətiyyət ilə bacara bilirsə, digər ölkələr də edə bilər. İsrail tullantı sularının 86 faizini təmizləyir və təkrar istifadə edir. Bu baxımdan dünyada liderdir. İspaniya isə 19 faizlə ikinci yerdə dayanır. İsraildə içməli suyun yarıdan çoxu şirinləşdirmə yolu ilə təmin olunur. Bənzər layihə Kaliforniyada da həyata keçirilir. 2011-2016-cı illər arasında bölgədə son 1200 ilin ən quraq dövrü yaşandı. Böyük yeraltı su hövzələri azaldı, 1900 quyu qurudu. Bu ilin ilk üç ayında güclü yağışlar oldu. Ancaq su hövzələri dərhal dolmur. Bunun üçün dörd il ərzində normadan çox yağıntı olmalıdır. Hətta bu vəziyyətdə də heç vaxt tam bir dolma olmayacaq, çünki bölgədə suyun istifadəsi davam edəcək. Səudiyyə Ərəbistanı suyun duzsuzlaşdırılması baxımından dünya lideridir. Ərəbistanın istehsal etdiyi şirin suyun illik miqdarı dünya üzrə orta miqdarın 18 faizinə çatır.
 
Su ilə necə davranmalıyıq, üzərimizə düşən nədir?
Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirib. Mütəxəssis bildirib ki, bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Onun sözlərinə görə, burada təkcə dövlət qurumlarını deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət düşür: „Bu quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir. Hökumət, həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir. Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək. Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var. Zəhmət olmasa, krantı açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez bir zamanda aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, bildirin. Hər damcı suyun vacib olduğunu bilməliyik”
Mütəxəssis vurğuladı ki, ümumiyyətlə, sudan istifadəyə yanaşma dəyişməlidir: “Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir. Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə bilmərik. Bilməliyik ki, resurslar məhduddur. Buna görə, hamını su ilə bağlı davranışlarını dəyişməyə dəvət edirəm. Məktəb uşaqlarından başlamalı və suyun əhəmiyyəti barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları hərəkətə çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir”.
Suyun bütün canlı orqanizmlər, təbiət üçün nə qədər vacib amil olduğunu düşünərək, maksimum şəkildə suya qənaət etməklə yanaşı, bu çağırışa ətrafımızdakı insanların da əməl etməsinə nail olmalıyıq.
 

Müəllif: Aygün ƏZİZ
Mənbə: sputnik.az

0 şərh