Paraşütü kim icad edib?

Leonardo da Vinçinin ideyaları rus aktyoru və ixtiraçısı Qleb Kotelnikovun ölməz dizaynına necə sirayət etdi
İxtira demək olar ki, mükəmməlliyə gətirildikdə, hər kəs üçün əlçatan olduqda, bizə elə gəlir ki, bu predmet əbədi olmasa da, heç olmasa çoxdandır ki, mövcuddur. Bu radio və ya avtomobil ilə əlaqəli olmasa da, paraşütlə demək olar ki, təxminən belədir. Hər bir ixtiranın mütləq bir doğum tarixi və mütləq bir «valideyni» mövcuddur.
Qleb Kotelnikov öz ixtira etdiyi paraşüt ilə
Dünyada ilk ipək qübbəsi olan olan, yəni bu günə qədər istifadə olunan paraşüt rusiyalı konstruktor Qleb Kotelnikov tərəfindən icad edilib. 1911-ci ilin noyabrın 9-da ixtiraçı, «aviatorlar üçün avtomatik atılan paraşütə malik çanta» üçün «təhlükəsizlik sənədi» (patent ərizəsinin qəbulunun təsdiqlənməsi) əldə etdi. 1912-ci ilin iyunun 6-da paraşütün ilk sınağı keçirildi.
 
İntibah dövründən I Dünya müharibəsinə qədər
«Paraşüt» fransızca olan «parachute» sözündən götürülüb və sözün özü iki kökdən əmələ gəlib: yunancadan «para», yəni «qarşı» və fransızcadan «chute», yəni «düşmək». Yüksək hündürlükdən atılanları xilas etmək üçün yaradılan bu qurğunun ideyası olduqca qədimdir: belə bir cihazın ideyasını ifadə edən ilk şəxs İntibah dahisi — məşhur Leonardo da Vinçi olub.
Onun 1495-cü ilə aid olan «Havadakı cisimlərin uçması və hərəkəti haqqında» əsərində belə bir keçid var: «Bir insanın nişastalı parçadan tikilən çadırı varsa, onun hər tərəfi 12 qulac (təqribən 6.5 m-red) enində və eyni bu hündürlükdədirsə, bu insan özünü heç bir təhlükəyə məruz qoymadan istənilən hündürlükdən atıla bilər». Maraqlıdır ki, «nişastalı kətan çadırı» ideyasını həyata keçirməyən da Vinçi paraşütün ölçülərini dəqiq hesablayıb. Məsələn, ən çox yayılan təlim paraşütü D-1-5U qübbəsinin diametri 5 m, məşhur D-6 paraşütünün qübbəsi isə 5.8 m-dir!
Leonardonun ideyaları onun təqibçiləri tərəfindən bəyənildi və ələ keçirildi. Fransız Lui-Sebastian Lenorman 1783-cü ildə «paraşüt» kəlməsi ilə gündəmə gəldikdə, tədqiqatçıların ixtiyarında yüksək hündürlükdən idarə olunan enmə ehtimalının artıq bir neçə nümunəsi mövcud idi: 1617-ci ildə də xorvatiyalı Faust Vrançiç, fransız Laven və Dumier artıq Vinçi ideyasını həyata keçirmişdilər. Lakin ilk real paraşütdən tullanma Andre-Jak Qarneren tərəfindən həyata keçirilən riskli bir macəra hesab edilə bilər. O günbəz və ya binanın eyvanından deyil, uçan vasitədən tullanan ilk adam oldu. 1797-ci ilin oktyabrın 22-də Qarneren hava şarını 2230 fut (təxminən 680 m) hündürlükdə tərk etdi və təhlükəsiz yerə endi.
Aeronavtikanın inkişafı paraşütün yaxşılaşmasına səbəb oldu. Sərt çərçivə yarımsərt çərçivə (1785, Jak Blanşar, səbət və aerostat qübbəsi arasındakı paraşüt) ilə əvəz olundu, eniş edərkən sürünməni əngəlləyən qütb dəliyi də meydana gəldi (Josef Laland)… Və daha sonra təyyarələrin havadan daha ağır versiyalarının dövrü gəldi — onlar isə indiyə qədər heç kimin hazırlamadığı, tamamilə fərqli paraşütlər tələb edirdilər.

Xoşbəxtlik olmazdı ...
İndi «paraşüt» adlandırılan vasitənin yaradıcısı, uşaqlıqdan bəri dizayn həvəsinə malik idi. Hesablamalar və rəsmlərdən az olmayaraq onu işıqlandırma və musiqi də maraqlandırırdı. Təəccüblü deyil ki, 1897-ci ildə üç illik məcburi xidmətdən sonra, general Anton Denikin də bitirdiyi əfsanəvi Kiyev Hərbi Məktəbinin məzunu Qleb Kotelnikov istefaya getdi. 13 il sonra dövlət qulluğundan ayrıldı və Melpomen teatrına keçdi: Peterburqdakı «Xalq Evi» truppasında aktyor oldu və Qlebov-Kotelnikov təxəllüsü ilə çıxış etdi.
Çanta tipli paraşütünün gələcək atası, dizaynerin istedadı və faciəli hadisə baş verməsəydi, o az tanınan bir aktyor olaraq qalacaqdı: 24 sentyabr 1910-cu ildə Ümumrusiya Hava Festivalında iştirak edən Kotelnikov, o dövrün ən yaxşı pilotlarından birinin — kapitan Lev Matsiyeviçin faciəli və qəfil ölümünün şahidi oldu. Onun «Farman IV» təyyarəsi sanki havada dağıldı — bu Rusiya imperiyası tarixində ilk təyyarə qəzası idi.
Bu andan etibarən Kotelnikov pilotlara bu cür hallarda xilas şansı vermək fikrindən əl çəkmədi. «Gənc pilotun ölümü məni o qədər dərindən sarsıtdı ki, pilotun həyatını ölüm təhlükəsindən qoruyan bir cihaz qurmağa qərar verdim»,- deyə Qleb Kotelnikov xatirələrində yazır. «Kiçik otağımı emalatxanaya çevirdim və bir ildən çox müddətdə ixtira üzərində çalışdım». Şahidlərin dediyinə görə, Kotelnikov öz ideyasına çox bağlı idi. Yeni bir paraşüt növü düşüncəsi onu heç harda — nə evdə, nə teatrda, nə küçədə, nə də nadir məclislərdə rahat buraxmadı.
Əsas problem cihazın çəkisi və ölçüləri idi. O vaxta qədər pilotları xilas etmək üçün paraşütlər artıq mövcud idi və istifadə olunurdu, onlar bir növ nəhəng çətirə bənzəyirdi, təyyarədəki pilot oturacağının arxasına quraşdırılırdı. Bir fəlakət baş verərsə, pilot belə bir paraşütə bağlanmaq və onunla təyyarədən ayrılmaq üçün vaxt qazanmalı idi. Lakin Matsiyeviçin ölümü sübut edirdi ki, pilot həyatının asılı olduğu bir neçə saniyəyə malik olmaya da bilər.
«Mən möhkəm və yüngül bir paraşüt yaratmaq lazım olduğunu başa düşdüm», — deyə Kotelnikov sonralar xatırlayırdı. — Qatlanan və çox kiçik olmalı idi. Əsası isə onun həmişə pilotun yanında olmasıdır. O zaman pilot həm qanaddan, həm də təyyarənin istənilən tərəfindən atıla biləcək". Beləliklə kürəkdə daşınan çanta tipli parça paraşüt ideyası yarandı, bu gün əslində «paraşüt» sözünü işlətdiyimiz zaman biz məhz bunu nəzərdə tuturuq.
Lev Matsiyeviçin uçuşu
Dəbilqədən çantaya qədər
«Mən paraşütümü elə hazırlamaq istəyirdim ki, həmişə uçan insanın üzərində olsun, mümkün qədər onun hərəkətlərini məhdudlaşdırmasın»,- deyə Kotelnikov xatirələrində yazırdı. — Davamlı və dartılmayan nazik ipəkdən paraşüt düzəltməyə qərar verdim. Bu cür material, mənə onu çox kiçik çantaya qoymaq imkanı verdi. Paraşütün çantadan çıxarılması üçün xüsusi bir yaydan istifadə etdim".
Çox az adam bilir ki, paraşüt yerləşdirməyin ilk variantı… pilotun dəbilqəsi olub! Kotelnikov təcrübələrinə sözün həqiqi mənasında paraşütü kuklanın slindrik dəbilqəsində gizlətməkdən başlayıb. 1910-cu ildə 11 yaşında olan ixtiraçı Anatoli Kotelnikovun oğlu sonradan bu ilk sınaqları elə xatırlayırdı: «Strelnada bağ evində yaşayırdıq. Oktyabrın çox soyuq günü idi. Atam iki mərtəbəli evin damına qalxdı və oradan bir kukla atdı. Paraşüt əla işlədi. Atam sevinərək yalnız bir söz dedi: „Budur!“ O axtardığını tapmışdı!»
Lakin ixtiraçı tez başa düşdü ki, belə bir paraşütlə tullanan zaman qübbə açılanda ən yaxşı halda dəbilqə, ən pis halda pilotun başı üzülə bilər. Və nəticədə bütün konstruksiyanı əvvəlcə ağacdan, sonra isə alüminiumdan düzəltməyi planlaşdırdığı kürək çantasına keçirdi.
Sonra Kotelnikov istənilən paraşütün inşasında bu gün də istifadə olunan element olan bağlantı lentlərini (kəndirləri) iki qrupa böldü. Əvvəla bu qübbənin idarəetməsini asanlaşdırdı. İkincisi, paraşütü iki nöqtədə asqı sisteminə bağlamaq mümkün oldu, bu isə paraşütçünün tullanma və açılmasını həm təhlükəsiz etdi, həm də asanlaşdırdı. Beləliklə, yalnız ayaq bağlanması istisna olmaqla, bu günə qədər demək olar ki, dəyişməyən asqı sistemi yarandı.
Əvvəlcədən bildiyimiz kimi, kürək paraşütünün rəsmi doğum günü, Kotelnikovun ixtirası üçün təhlükəsizlik sertifikatı aldığı 9 noyabr 1911-ci il oldu. Lakin onun ixtirasının Rusiyada patentləşdirə bilməməsinin səbəbləri bu günə qədər sirr olaraq qalır.
Lakin iki ay sonra, 1912-ci ilin yanvarında Kotelnikovun ixtirası Fransada elan edildi və həmin ilin yazında fransız patenti əldə etdi. 6 iyun 1912-ci ildə, Salizi kəndi yaxınlığındakı Aeronavtika Məktəbinin Qatçina düşərgəsində paraşütün sınaqları keçirildi: ixtiranı Rusiya ordusunun ən yüksək rütbəli şəxslərinə nümayiş etdirdilər. Altı aydan sonra, 5 yanvar 1913-cü ildə Kotelnikovun paraşütü xarici ictimaiyyətə təqdim olundu: Sankt-Peterburq Konservatoriyasının tələbəsi Vladimir Ossovski Ruanadakı 60 metr yüksəklikdəki körpüdən bu paraşütlə birlikdə uğurla tullandı.
Bu vaxta qədər ixtiraçı dizaynını artıq tamamladı və ona ad verməyi qərara aldı. Paraşütünü RK-1 adlandırdı — yəni «Rusiya, Kotelnikov, birinci». Beləliklə, bir ixtisarda Kotelnikov bütün ən vacib məlumatları: ixtiraçının adını, ixtirasına borclu olduğu ölkəni və birinci olduğunu birləşdirə bildi. Və əbədi olaraq onu Rusiya ilə bağladı.

«Aviasiyada paraşüt ümumiyyətlə zərərli əşyadır ...»
Yerli ixtiralarla qarşılaşdıqda, bəzən onu vətənində uzun müddət qiymətləndirə bilmirlər. Bu kürək paraşütü ilə də baş verdi. Onlar ilə bütün rus pilotlarını təmin etmək üçün ilk cəhd olduqca axmaq bir imtina ilə qarşılandı. «Aviasiyada paraşütlər ümumiyyətlə zərərlidir, çünki pilotlar düşməndən ən kiçik təhlükə hiss etdikdə paraşütlə tullanacaqlar və bu təyyarələrin məhv olmasına səbəb olacaq. Təyyarələr insanlardan daha bahalıdır. Onları xaricdən gətiririk, buna görə də onlar qorunmalıdır. İnsanlar isə tapılar, bunlar olmasın, digərləri olsun!» — Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, Böyük knyaz Aleksandr Mixayloviç tərəfindən Kotelnikovun xahişinə belə bir dərkənar qoyulmuşdu.
Müharibənin başlaması ilə paraşütlərlər yada düşdü. Kotelnikov "İlya Muromets" bombardmançı heyəti üçün 70 ədəd paraşüt istehsalına cəlb edildi. Lakin həmin təyyarələrin dar kabin şəraitində çantalar maneçilik törədirdi və pilotlar bunlardan imtina etdilər. Paraşütlər aeronavtlara təhvil verildikdə də eyni hadisə burda da baş verdi: müşahidəçilərin dar səbətlərində taxdıqları çantalar narahatlıq yaradırdı. Sonradan paraşütlər çantadan çıxarıldı və sadəcə aerostatlara bağlandı — belə ki, müşahidəçi, lazım gələrsə, sadəcə kənara tullanırdı, paraşüt isə özü açılırdı. Yəni hər şey yenidən bir əsr əvvəlki ideyalara qayıtdı!
1924-cü ildə Qleb Kotelnikov çantada olan RK-2 paraşüt üçün patent aldıqdan və onu RK-3 adlandırdıqdan sonra hər şey dəyişdi. Bu paraşütün müqayisəli sınaqları fransız sisteminin yerli dizayndan üstün olduğunu göstərdi.
1926-cı ildə Kotelnikov ixtiralarına olan bütün hüquqları Sovet Rusiyasına verdi və artıq ixtiralarla məşğul olmadı. Lakin o, paraşüt üzərindəki fəaliyyəti barədə 1943-cü ildə üç dəfə çap olunan bir kitab yazdı. Kotelnikov tərəfindən yaradılan kürək paraşütü hələ də bütün dünyada istifadə olunur, məcazi mənada desək, on dəfələrlə «təkrar» nəşr olunur. Təsadüfi deyil ki, hazırkı paraşütçülər hər dəfə Moskvadakı Novodeviçi qəbiristanlığındakı Kotelnikovun məzarına gələndə ətrafdakı ağacların budaqlarına paraşütlərinin qübbələrindəki lentləri bağlayırlar...
 
 

Müəllif: Yazı Sergey Antonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Mənbə: Ordu.az

0 şərh