Təkamülçülər dindarları necə əsəbiləşdirir?

Yuval Harari «Sapiens» kitabında yazır ki, xoşumuza gəlsin, ya da gəlməsin, böyük meymunlar adı verilən gurultulu qrupun üzvüyük. Yaşayan ən yaxın qohumlarımız arasında şimpanzelər, qorillalar və oranqutanlar var. Şimpanzelər bunların bizə ən yaxın olanıdır.
İndi siz bunu oxuyanda qəzəblənəcəksiniz. Təsəvvür eləyin, bu cümlələri gedib atanıza, yaxud dayınıza deyirsiniz. Başınızdan bir dumbuz vurub sizi kiridəcək: «Qələtini elə!»
Homo Deus
İllər əvvəl bu kitabı və sonra davamını («Homo Deus» və «XXI əsr üçün dərslik») oxuyanda Hararinin insanın yaradılış tarixi haqda olduqca maraqlı fikirləri və gələcək haqda ehtimaları məni narahat etmişdi. Harari gələcəkdə dünyanın ölümsüz ola biləcəyini deyir və əlavə edirdi ki, biz ancaq qəzalardan, yaxud da qəfil ölümlərdən o dünyalıq olacağıq. Koronovirus söhbəti ortaya çıxanda Harari çox qəribədir ki, demokratik ölkələrin bu bəladan yaxa qurtarmasının çətin olacağını vurğulamışdı. O, «Sapiens» kitabında yazırdı ki, tarixdən əvvəl də insanlar vardı. Müasir insana oxşayan heyvanlar ilk dəfə təxminən 2, 5 milyon il öncə ortaya çıxdı. İnsana oxşayan heyvanlara Homo növü deyilirdi.
Daha sonra qidanın harda olduğunu bildirmək üçün dil yarandı. Homo Sapienslərin dili ilk dil deyildi. Meymunlar və digər heyvanların da istifadə etdiyi dil vardı. Məsələn, meymun cinslərindən biri çoxlu səs çıxarda bilir. Zooloqlar bu səslərdən bəzilərinin nə mənaya gəldiyini tapıblar. Məsələn, bir səs “Diqqətli ol, qartal gəlir”, digəri isə “Aslan gəlir” mənasını verir. Maraqlı bir məsələ var burda. Tədqiqatçılar bu çağırışları təkrar bir qrup meymuna qulaq asdıranda onlar əllərindəki işi buraxıb qorxuyla yuxarı baxıblar. Digər bir qrup həmin səsləri eşidəndə ağaca dırmaşıb.
Qısacası, cənab Harari və təkamülçülər hesab edir və əmindirlər ki, biz tarixdən əvvəlki döyüşlər nəticəsində sağ qalan Homo növüyük. Zəiflər isə yaşamaq şansını itiriblər.
Koronanın və digər xəstəliklərin də yaranışında, ortaya çıxmasında səbəb bizim genetik sağ qalma instiktimiz olmaya? Elə bunu düşünürdüm ki, o sırada bir xəbər oxudum. Xəbərdə deyilirdi ki, ABŞ-ın San-Diyeqo zooparkında 8 qorillanın koronavirus testi pozitiv çıxıb. Heyvanat parkının nümayəndəsi bildirib ki, heyvanlar iki gün dayanmadan öksürüblər. Qorillalara koronavirusun zoopark işçilərindən keçdiyi ehtimal olunur.
Ardınca da Çindən alınan Sinovac peyvəndinin artıq ölkəmizə gətirildiyi xəbəri. Daha sonra çip taxılması mövzusunda söhbətlər.
Məncə, milyon il əvvəldəki kimi tarix təkrarlanır. Bu dəfə başqa bir formada qarşımıza çıxır: sağ qalanlar yeni dövrün insanları olacaq. Onlar yeni, nano texnologiya ilə yaşamağa qadir olan güclü insanlardı.
Yazının sonunda sizə gülməli bir əhvalat danışım bir az eynimiz açılsın. Saytımızda təkamülçülərdən biri müsahibə verib sübut eləmişdi ki, bəs biz meymundan əmələ gəlmişik. Səhəri gün əsəbiləşmiş dindarlar zəng elədilər ki, redaksiyanızın yerini deyin, gəlirik. Ünvanı verdik və oturub gözlədik. Birdən Şərif Ağayar üzünü redaksiya əhlinə tutub dedi:

«Adəmin qohumları gəlir, indi biz meymunun qohumları kimi onların qabağına çıxmalıyıq!»
 
 
 
Müəllif: Ayxan Ayvaz
Mənbə: kulis.az
 

0 şərh