Təyyarədə bunları etmək olmaz

Təyyarə nəqliyyatın ən məşhur növlərindən biridir. Zaman itkisi olmadan Yer kürəsinin istənilən nöqtəsinə çatmağımıza imkan verir. Lakin uçuş zamanı özünüzün və ətrafdakılarınızın komfortu naminə müəyyən qaydalara əməl etmək mütləqdir. Bəs təyyarədə nələr qadağandır:
Uçuş və enmə zamanı təhlükəsizlik kəmərlərini açmaq, ayağa qalxmaq və salonda gəzmək
Yıxılma və travmadan qorunmaq üçün bütün sərnişinlərin sakit şəkildə yerində oturması tələb olunur.
Təyyarədə bunları etmək olmaz
Konflikt yaratmaq
Neqativ emosiyalarını yaymaq, personalla və ya sərnişinlərlə mübahisə etmək yolverilməzdir. Təyyarədə bütün situasiyalarda təmkinli və sakit olmaq lazımdır.

Uçuşdan az müddət əvvəl və ya uçuş zamanı spirtli içkilərdən istifadə etmək
Yüksəklikdə sərxoşluq halı daha da artır. Bir stəkan alkoqollu içki iki stəkana bərabər sayılır. Alkoqol orqanizmi yükləyir, ürəkdə gərginliyi artırır, sidikqovucu təsir göstərir və s.
Bu səbəbdən içkili halda təyyarəyə daxil olmaq məsləhət görülmür.

Susuzluğa dözmək
Təyyarə salonunda rütubət çox aşağı olur. Bu salonun hermetizasiyası ilə bağlıdır. Özünüzlə içməli su götürərək, arada içməyiniz məqsəduyğundur.

Kontakt linzalar istifadə etmək
Uçuş zamanı yaxşı olar ki, kontakt linzalarınızı eynəklə əvəz edəsiniz. Bu qaydaya əməl edilməməsi gözdə quruluq, qızartı, qaşınma ilə nəticələnə bilər.

Qazlı su içmək
Təzyiq fərqi bağırsaqlarda güclü qaz yaranması prosesini daha da sürətləndirir. Belə situasiyadan qaçmaq üçün, qazlı sulardan uçuş zamanı imtina etmək məsləhət görülür.

Özünüzü pis hiss etdikdə stüardessanı çağırmamaq
Heç nədən çəkinmək lazım deyil. Utanmağa gərək yoxdur. Stüardessalar ilk tibbi yardım göstərməyi bacarırlar. Ona görə də vəziyyəti kritikləşdirməyə gərək yoxdur, çünki halınızın pisləşməsi fövqəladə enişə səbəb ola bilər və uçuşu daha da gecikdirər.

Müəllif: Nubar Süleymanova, “İki sahil”
Mənbə: teleqraf.com
 

0 şərh