Məhəmməd Hüseyin Şəhriyar"Azərbaycan " şeri

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. 

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir — sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib «heçdir vətənsiz can», Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
 
 

3 şərh

pascal
Allah sənə rəhmət eləsin, ustad. 
Nə qədər ki, «Romanovlar sülaləsi» davam edir, 
Elə, belə gedəcəkdir sonunacan Azərbaycan. 
asel
çox sevirəm bu sözləri bəstələnmiş mahnını. sanki bir himndir.
gulwan
məktəb vaxtı yadıma düşdü 4 almışdım bu şeirdən  müəllimə sərbəst iş vermişdi kim nə istəyir öyrənsin danışsın)