Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.
Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.
Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır. 
Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır. 
Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.
Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.
Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.
Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.
Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.
Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.
Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.
Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.
Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu. 
1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.
Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.
İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.
Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.

 İstifadə olunmuş ədəbiyyat

1. Авдокушин Е.Ф. Международные экономические отношения. - Москва: ИКЦ «Маркетинг», 2001
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. - Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. - Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. - Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. - Москва: «Экономика», 2001, Т I

 

3 şərh

2ral
Rəşad,sənə elə gəlmir ki,artıq altıncı sistem başlayıb? İnformasiya iqtisadiyyatı. standart qanunlar artıq burada işləmir.tələb-təklifdən tutmuş artan xərclər qanununa qədər. məncə artıq yeni mərhələnin başlanmasından danışmaq olar.eBay,Google,Microsoft...elə kayzen saytının reytinq sistemi:-) Artıq dəyərlər(value) information-based olur.
Dronqo
Tural, diqqətinə görə çox sağ ol. Belə deyək də, sən dediyin informasiya iqtisadiyyatı əslində 4-cü mərhələdən, yəni, II dünya müharibəsindən sonra, daha dəqiq desək 1960-cı illərdən başlayaraq meydana çıxıb inkişaf etməyə başladı. Hətta bəzi mənbələrdə bunun lap dəqiq başlanğıc tarixi kimi 1957-ci ildə ABŞ-da ağ paltarlı işçilərin sayının mavi paltarlı işçilərin sayini keçməsi götürülür. Belə ki, həmin dövrdən etibarən müxtəlif tərəflərdən sənaye cəmiyyətindən fərqlilik nümayiş etdirən bu yeni mərhələni xarakterizə etmək üçün müxtəlif sosioloqlar tərəfindən müxtəlif anlayışlar ortaya atıldı: "Post-modern mərhələ", «Post-industrial cəmiyyət», "İnformasiya cəmiyyəti", «Kapitalizmdən sonrakı mərhələ», «Texnokratik çağ» və s. Son illərdə isə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində müasir iqtisadiyyatı hətta «Rəqəmsal iqtisadiyyat» da adlandırırlar.   
bankir

Dünya təsərrüfatının təkamülü məqalədə çox yaxşı göstərilib.
Tural,axı sən digital economy fənnini keçmisən,gərək bunları bizdən də yaxşı biləsən:-)
Doğurdan da müasir dövrdə artıq yeni bir sistemdəyik.İndi jurnalist əməyinə dəyər çox azalıb,hər ay maaşla işləyən jurnalist heyəti tutmaqdansa indi internet bloggerlər daha tez və ətraflı məlumat verir.İranda prezident seçkiləri zamanda fars bloggerlərinin aktiv iştirakı bunu göstərdi.CNN,BBC əlinin çatmadığı yerə Twitter istifadəçiləri hər şeyi göstərdi. Elə ona görə kayzen.az saytının gələcəyinə ümidlə baxıram.Kollektiv bloqqinq çox maraqlı bir layihədr.Post-modern dövrdə məhz belə layihələr yaşayacaq.