Ümumdünya Ticarət Təşkilatı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı radio müzakirələrinin birində iştirakçılar müxtəlif idealar, yeni fikirlər və təkliflər irəli sürürlər: "ÜTT bunu etməlidir", "ÜTT belə etməlidir" və s. Nəhayət, iştirakçılardan biri dözməyib səslənir: "ÜTT bir stoldur. İnsanlar onun ətrafında əyləşir və danışıqlar aparırlar. Siz stolun nə etməyini gözləyirsiniz?"

ÜTT danışıqlar nəticəsində yaradılmışdır və bu təşkilat çərçivəsində qəbul edilən qərarlar da danışıqların nəticəsidir.

ÜTT 1995-ci ildən fəaliyyətə başlasa da, çoxtərəfli ticarət sistemi o qədər də gənc deyil.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi, dünya iqtisadiyyatında ölkələrin qarşılıqlı əlaqə və asılılığının güclənməsi, qlobal problemlərin yaranması və kəskinləşməsi beynəlxalq iqtisadi münasibətlərin məqsədyönlü tənzimlənməsini obyektiv zərurətə çevirmişdir. Müasir dünya iqtisadiyyatı sisteminin spesifik inkişaf meyllərindən biri də beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinin dövlətlərarası mexanizminin formalaşması və inkişaf etməsidir. Burada söhbət ilk növbədə ölkələr arasında qarşılıqlı ticarət, valyuta-maliyyə və kredit münasibətlərinin tənzimlənməsində beynəlxalq təşkilatların rolunun artmasından gedir.

Qeyd etmək lazımdır ki, XX əsrin 50-ci illərindən başlayaraq beynəlxalq ticarətin çoxtərəfli tənzimləmə sisteminin rolu artmışdır ki, bu da əsasən ölkələr arasında qarşılıqlı ticarətdə maneələrin azaldılması yolu ilə xarici ticarət siyasətinin liberallaşdırılması zərurətinin ortaya çıxması ilə bağlıdır.

ÜTT-nin yaradılması üzrə Mərakeş Sazişi dörd əlavədən ibarətdir. Birinci əlavə çoxtərəfli ticarət sazişləridir və üç hissədən təşkil olunmuşdur: Mallarla ticarət üzrə çoxtərəfli sazişlər, Xidmətlərlə Ticarət üzrə Baş Saziş (GATS) və İntellektual Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri haqqında Saziş (TRIPS). Mallarla ticarətə dair çoxtərəfli sazişlər aşağıdakılardır:

  • Tariflər və Ticarət üzrə Baş Saziş (GATT 1994);
  • Kənd təsərrüfatı haqqında Saziş;
  • Toxuculuq məhsulları və geyim haqqında Saziş;
  • Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında Saziş;
  • Ticarətdə texniki maneələr haqqında Saziş;
  • İnvestisiya tədbirlərinin ticarət aspektləri haqqında Saziş;
  • GATT 1994-ün VII maddəsinin tətbiq olunması haqqında Saziş (Əmtəələrin gömrük dəyərinin qiymətləndirilməsi);
  • Yükləmədən əvvəl yoxlama haqqında Saziş;
  • Mənşə qaydaları haqqında Saziş;
  • İdxal lisenziyalaşdırılması prosedurları haqqında Saziş;
  • Subsidiyalar və kompensasiya tədbirləri haqqında Saziş;
  • GATT 1994-ün VI maddəsinin tətbiq olunması haqqında Saziş (Antidempinq prosedurları);
  • Mühafizə tədbirləri haqqında Saziş.

İkinci əlavə Mübahisələrin həll edilməsi qaydaları və prosedurları haqqında Razılaşmanı əhatə edir. Üçüncü əlavədə Ticarət siyasətinin icmalı mexanizmi və dördüncü əlavədə isə Üzv ölkələr tərəfindən imzalanması məcburi olmayan sazişlər - Mülki aviatexnika ilə ticarət haqqında Saziş; Dövlət satınalmaları haqqında Saziş; Süd məhsulları haqqında beynəlxalq Saziş; Mal əti haqqında beynəlxalq Saziş və s. əks etdirilmişdir.

2000-ci ildə kənd təsərrüfatı və xidmətlər üzrə yeni danışıqlar başlandı. 2001-ci ildən başlayan Doha Raundu çərçivəsində danışıqlar hazırda davam edir və Doha İnkişaf Gündəliyi ticarət və ətraf-mühit, subsidiya və anti-dempinq üzrə ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, şəffaflıq, intellektual mülkiyyət hüququ və s. məsələlər üzrə danışıqları nəzərdə tutur. 

1 yanvar 1995-ci ildən fəaliyyətə başlayan ÜTT bu gün ölkələr arasında mövcud olan qlobal ticarət qanunları ilə işləyən və çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Hal hazırda dünyanın 154 ölkəsi ÜTT-nin üzvüdür və dünya ticarət dövriyyəsinin 97%-i bu ölkələrin payına düşür.

ÜTT-nin əsas məqsədi
- beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin artırılmasıdır. ÜTT-nin yaradılması haqqında Mərakeş Sazişində təşkilatın məqsədləri aşağıdakı kimi müəyyən edilmişdir:

- Həyat standartlarının yüksəldilməsi, tam məşğulluğun və gəlirlərin ədalətli bölügüsünün təmin edilməsi, istehsal və ticarətin inkişafı, ətraf-mühitin mühafizəsi və müxtəlif inkişaf səviyyəli ölkələrin ehtiyaclarının ödənilməsi

- İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin artan dünya ticarətindəki ehitiyaclarına uyğun olaraq faydalanmalarının təmin edilməsi;

- Bu hədəflərə nail oluması istiqamətində beynəlxalq ticarətdə diskriminasiyanın və maneələrin aradan qaldırılmasına yönəldilən razılaşmaların həyata keçirilməsi;

- Çoxtərəfli ticarət sisteminin inkişaf etdirilməsi;

- Çoxtərəfli ticarət sisteminin təməl prinsiplərinin qorunması.

ÜTT-nin əsas vəzifəsi
- çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkərər arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir.

ÜTT-nin formalaşdırdığı müasir çoxtərəli ticarət sisteminin əsas prinsipləri aşağıdakılardır:

- Ən əlverişli rejim prinsipi (Most Favoured Nation Clause, Non-Discrimination). Üzv ölkələrdən biri hər hansı bir ölkəyə müəyyən əlverişli ticarət şəraiti yaratdıqda bundan şərtsiz olaraq digər üzv ölkələr də yararlanmalıdır. Ancaq bu prinsipin bir sıra istisnaları mövcuddur. Söhbət ilk növbədə gömrük birlikləri, azad ticarət zonaları kimi regional ticarət sazişlərindən və Ümumi Prefensiyalar Sistemi (GPS) kimi inkişafda olan ölkələrlə ticarətdə gömrük rüsumlarını azaltmaq və ya aradan qaldırmaqla müəyyən ayrıseçkilik tədbirlərinin tətbiqi, o cümlədən də, anti-dempinq və kompensasiyaedici rüsumların tətbiqindən gedir;

- Milli rejim prinsipi (National Treatment). Bu prinsip daxili bazarın tənzimlənməsinə istiqamətlənən təbirlərdə idxal və yerli mallar arasında ayrı-seçkiliyə yol verilməməsini nəzərdə tutur. Milli rejim prinsipi müəyyən bir mal, xidmət və əqli mülkiyyət bazara daxil olduqdan sonra tətbiq edilir. Bununla belə, qeyd etmək lazımdır ki, yerli istehsaldan gömrük rüsumu alınmadığı halda, idxal olunan mallara gömrük rüsumlarının tətbiqi milli rejim prinsipinə zidd sayılmır.

- Tarif metodlarına üstünlük verilməsi.
Ticarətdə şəffaflığın təmin edilməsinin ən effektiv yolu tənzimləmənin tarif metodları ilə həyata keçirilməsidir. ÜTT-də qeyri-tarif tənzimləmə vasitələrinin bəzi istisnalar (məsələn, ÜTT sazişlərində tədiyyə balansı kəsrli olan ölkələrin müvəqqəti olaraq idxal kvotaları tətbiq etmək hüquqları nəzərdə tutulmuşdur) nəzərə alınmaqla tamamilə aradan qaldırılması, eyni zamanda da tariflərin getdikcə azaldılmasını nəzərdə tutmuşdur.

- Ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;

- Ticarət mübahisələrinin danışıqlar yolu ilə ÜTT çərçivəsində həlli və s
.

ÜTT-nin yaradılması haqqında Mərakeş Sazişinin III Başlığında ÜTT-nin funksiyaları aşağıdakı kimi göstərilmişdir:

  • ÜTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;
  • üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi;
  • digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi
  • təşkilata yeni üzvlərin qəbul olunması;
  • üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi;
  • beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanması, öyrənilməsi və təqdim olunması və s.

ÜTT-də qərarların qəbulu. ÜTT-də qərarlar konsensus yolu ilə qəbul olunur. ÜTT sazişləri bütün üzvlər arasında müzakirə edilir, konsensus yolu ilə qəbul olunur və bütün ölkələrin parlamentlərində təsdiq olunur.

Digər hallar nəzərdə tutulmadıqda, qərarları səs çoxluğu ilə də qəbul etmək mümkündür, lakin bu ÜTT-də çox nadir hallarda istifadə olunub. Mal, xidmətlər, əqli mülkiyyət  sahələrini əhatə edən Sazişlərin anlayışlarının açıqlanması və öhdəliklərdən azad olunma 3/4 səs çoxluğu ilə qəbul olunur. Yeni üzvlərin qəbul edilməsi, eyni zamanda iştirakçıların hüquq və öhdəliklərinə toxunmayan düzəlişlərin qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur, lakin praktiki təcrübədə konsensus prinsipi əsas tutulur.

ÜTT-nin strukturu. Nazirlər Konfransı - ÜTT-nin ali orqanı hesab olunur. Bütün üzv ölkələrin təmsil olunduğu Nazirlər Konfransı Urugvay Raundu Sazişləri ilə bağlı yaranan problemlərin müzakirəsi və prinsipial məsələlər üzrə qərarların qəbul edilməsi üçün ən azı iki ildə bir dəfə çağırılır. Nazirlər Konfransı ÜTT-nin Baş Direktorunu təyin etmək, müvafiq Komitələri təsis etmək, təşkilata yeni üzv qəbul etmək və s. bu kimi mühüm səlahiyyətlərə malikdir. İndiyə kimi altı belə konfrans (1996-cı ilin dekabrında Sinqapurda, 1998-ci ilin mayında Cenevrədə, 1999-cu ilin dekabrında Sietldə, 2001-ci ilin noyabrında Dohada, 2003-cü ilin sentyabrında Kankunda və 2005-ci ildə Honk Konqda) keçirilmişdir.

Baş Şura
- Nazirlər Konfransına tabe olan bu qurum cari işlərin yerinə yetirilməsinə cavabdehdir. Üzv ölkələrin səfirlər və ya nümayəndəliklərin başçıları ilə təmsil olunduqları Baş Şura Cenevrədə yerləşən mənzil-qərargahda ildə bir neçə dəfə toplanır. Baş Şuranın funksiyalarına çoxtərəfli ticarət sazişlərinin və Nazirlər konfransının qərarlarının yerinə yetirilməsinə nəzarət edilməsi, mübahisələrin həll edilməsi və ticarət siyasətinin dövri icmalının həyata keçirilməsi daxildir.

Mallarla ticarət üzrə Şura
- Baş Şuraya tabe olan bu qurum ÜTT prinsiplərinə riayət olunmasına və GATT 1994 Sazişinin həyata keçirilməsinə nəzarət edən 14 ixtisaslaşmış komitənin fəaliyyətinə rəhbərlik edir.

Xidmətlərlə ticarət üzrə Şura
- GATS Sazişinin həyata keçirilməsinə nəzarət edir. Tərkibinə iki komitə daxildir.

İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura
- TRIPS Sazişinin yerinə yetirilməsinə nəzarət edir.

Katiblik
- ÜTT-nin icraçı orqanı hesab olunur. Katibliyə Nazirlər Konfransı tərəfindən təyin edilən baş direktor rəhbərlik edir. Cenevrədə yerləşən Katibliyin təxminən 500 əməkdaşı vardır. Katibliyin əsas vəzifəsi Nazirlər Konfransına müxtəlif şuralara, komitələrə, İEOÖ-lərə (inkişaf etməkdə olan ölkələr) texniki yardım göstərməkdən və dünya ticarətinin təhlilini həyata keçirməkdən ibarətdir.

 

Oxşar məqalələr

 

2 şərh

2ral
İngiliscə terminlər də yazılsaydı lap əla olardı.məsələn GATT-General Agreement on Tariffs and Trade
Dronqo
Onsuz da mətndə sözlərin sayına limit var. Hər terminin ingilis dilində tərcüməsini də yazsa idik, onda normal məlumat yerləşdirmək heç mümkün olmazdı ki. 15000 söz azdı məncə aradan qaldırmaq lazımdı bu məhdudiyyəti.