Рейтинг
+14.34

beynəlxalq iqtisadi münasibətlər

31 üzv, 37 topik

Beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
— Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;


Ardı →

Transmilli korporasiyalar

Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ  XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.


Ardı →

Beynəlxalq ixtisaslaşma və kooperativləşmə

Maddi istehsal sferasında BƏB-nün  əsas  formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin  müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir — ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri  nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər.
Ardı →

Dünya istehsalı və beynəlmiləlləşmə prosesi

Hələ  XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.
Ardı →

Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan — istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı — kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur.
Ardı →

Dünya iqtisadiyyatının formalaşması

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu
Ardı →

Dünya iqtisadiyyatının yaranması

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə — ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Ardı →

Fond birjaları

Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə edilir.
Davamı →

ABŞ iqtisadiyyatı necə işləyir?

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri


Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.


Ardı →

ABŞ iqtisadiyyatının tarixi

Müasir Amerika iqtisadiyyatının kökləri 16, 17 və 18-ci əsrlərdə qazanc dalınca bu qitəyə gələn avropalı məskunlara qədər gedib çıxır. Yeni dünya o zaman uğurlu marginal müstəmləkə iqtisadiyyatından əvvəlcə kiçik müstəqil fermer iqtisadiyyatına, daha sonralar isə tədricən yüksək səviyyəli mürəkkəb sənaye iqtisadiyyatına çevrilmişdir. Bu təkamül ərzində Birləşmiş Ştatlar öz inkişafını izləyən son dərəcə mürəkkəb institutlar inkişaf etdirmişdir. Dövlətin iqtisadiyyata cəlb olunması məsələsi əsas mövzu olaraq qalsa da, bu cəlb olunmanın hüdudları ümumən getdikcə genişlənmişdir.
Şimali Amerikanın ilk sakinləri yerli amerikalılar — 20 min il bundan əvvəl Asiya ilə Amerikanı birləşdirən torpaq zolağından bugünkü Berinq dənizinin yerindən keçərək buraya gəldiklərinə inanan hindu xalqları olmuşdu. (İlk dəfə Amerika qitəsi sahillərinə çıxarkən Hindistana çatdıqlarını güman edən avropalı tədqiqatçılar tərəfindən onlar səhvən «hindlilər» adlandırılmışlar). Bu yerli xalqlar tayfa şəklində, bəzi hallarda isə tayfa birlikləri şəklində yaşayırdılar. Onlar yalnız öz aralarında ticarət etdikləri üçün avropalıların buraya gəlməsindən əvvəl digər kontinentlərdəki insanlarla, hətta Cənubi Amerikadakı digər yerli xalqlarla da çox az əlaqələrə malik idilər. Bu xalqların yaratdıqları iqtisadi sistemlər onların torpaqlarında məskunlaşan avropalılar tərəfindən məhv edilmişdir.
Amerikanı ilk dəfə «kəşf edən» avropalılar vikinqlər olmuşdu. Ancaq təxminən min il bundan əvvəl baş verən bu hadisə nəzərə çarpmadan qalmışdır; o vaxtlar Avropa cəmiyyətlərinin əksəriyyəti hələ də möhkəm şəkildə kənd təsərrüfatına və torpaq sahibkarlığına əsaslanırdı. Kommersiya hələ Şimali Amerikanın daha dərindən tədqiqinə və məskunlaşmasına təkan verəcək qədər böyük əhəmiyyət kəsb etmirdi.
1492-ci ildə italiyalı dəniz səyyahı Xristofor Kolumb İspaniya bayrağı altında Asiyaya cənub-qərbdən yol tapmaq məqsədilə yola çıxdı və «Yeni dünya»nı kəşf elədi. Sonrakı 100 il ərzində ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları qızıl, var-dövlət və şan-şöhrət axtarmaq üçün Avropadan Yeni dünyaya yollandılar.
Lakin Şimali Amerikanın sərt səhra həyatı ilk tədqiqatçılara nə elə bir şöhrət, nə də elə çox qızıl qazandırdı, buna görə onların çoxu burada qala bilmədi. Tədricən Şimali Amerikada məskunlaşan insanlar buraya sonralar gəldilər. 1607-ci ildə bir qrup ingiltərəli burada ilk daimi yaşayış məntəqəsi saldı ki, o da sonralar Birləşmiş Ştatlara çevrildi. Həmin yaşayış məntəqəsi Ceymstaun indiki Virciniya ştatında yerləşir.

Müstəmləkəçilik

İlk məskunların özlərinə yeni vətən axtarmaları üçün müxtəlif səbəbləri vardı. Massaçusets zəvvarları qatı dindar, daxilən intizamlı ingiltərəlilər idilər və dini təqiblərdən qurtulmaq istəyirdilər. Virciniya kimi digər koloniyalar riskli biznes strukturlarına oxşar yaradılmışdı. Ancaq çox vaxt bu möminlik və qazanclar əldən-ələ keçirdi.
İngiltərənin sonralar Birləşmiş Ştatlara çevriləcək əraziləri uğurla öz müstəmləkəsinə çevirməsi əsasən onun xartiya şirkətlərindən istifadə etməsilə bağlı idi. Xartiya şirkətləri öz iqtisadi mənfəətlərini artırmağa çalışan və həmçinin İngiltərənin milli mənafelərini genişləndirmək istəyən səhmdar (bir qayda olaraq tacirlər və iri torpaq sahibləri) qruplarından ibarət idi. Bu şirkətlər özəl sektor tərəfindən maliyyələşdirilsə də, kral hər bir layihəni ona iqtisadi hüquqlarla yanaşı siyasi və ədliyyə hakimiyyəti də verən xartiya və ya bəxşiş fərmanı ilə təmin edirdi. Ancaq adətən koloniyalar dərhal mənfəət qazana bilmədikləri üçün ingilis investorları öz müstəmləkə xartiyalarını çox vaxt məskunlara çevirirdilər. Vaxtında aradan qaldırılmayan siyasi çətinliklər hədsiz dərəcədə çoxalırdı. Kolonistlər taleyin ixtiyarına buraxılır, öz həyatlarını, öz cəmiyyətlərini və öz iqtisadiyyatlarını özləri qurmalı olurdular və beləliklə də yeni bir xalqın rüşeymləri formalaşmağa başlayırdı.
İlk koloniyalar xəzdərili heyvan ovu və xəz satışı ilə məşğul olurdu. Bundan əlavə, Massaçusetsdə balıqçılıq başlıca gəlir mənbəyi idi. Ancaq bütün koloniyalarda əhali əsasən kiçik fermer təsərrüfatları hesabına dolanır və özünü təmin edə bilirdi. Azsaylı kiçik şəhərlərdə, Şimali Karolina, Cənubi Karolina və Virciniyanın geniş plantasiyaları arasında bəziləri ehtiyac içərisində yaşayır və faktiki olaraq bütün sərvətlər tütün, düyü və indiqo (mavi boya) almaq üçün ixrac edilirdi.
Koloniyalar böyüdükcə yardımçı sənaye sahələri də inkişaf edirdi. Bir çox ixtisaslaşmış ağac emalı sahələri və dən üyüdən dəyirmanlar meydana gəldi. Kolonistlər balıqçı gəmiləri, sonra isə ticarət gəmiləri hazırlamaq üçün tərsanələr qurdular. Onlar, həmçinin, kiçik dəmirçixanalar tikdilər. 18-ci əsrdən başlayaraq regionların inkişaf istiqamətləri aydınlaşmağa başladı: Yeni İngiltərə gəmi tikintisinə və istehsal olunan sərvətlərin gəmi ilə daşınmasına üstünlük verirdi; Merilend, Virciniya və hər iki Karolinadakı plantasiyalarda (bunların çoxunda qul əməyindən istifadə olunurdu) tütün, düyü və indiqo yetişdirilirdi; Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delavar kimi orta koloniyalar əsasən gəmi ilə kənd təsərrüfatı məhsulları və xəz daşımaqla məşğul olurdu. Qullar istisna edilməklə, əhalinin yaşayış səviyyəsi ümumən yüksək — faktiki olaraq İngiltərənin özündəkindən də yüksək idi. İngilis investorlar bu koloniyalardan çıxıb getdikləri üçün ərazi kolonistlər arasındakı sahibkarların üzünə açılmışdı.
1770-ci ildən başlayaraq Şimali Amerika koloniyaları I Ceyms (1603-1625) dövründən İngiltərə siyasi aləmində hökm surən özünüidarəçilik hərəkatının bir hissəsinə çevrilə bilmək üçün həm iqtisadi, həm də siyasi cəhətdən artıq hazır idi. İngiltərənin tələb etdiyi vergi normaları və digər məsələlər barəsində ciddi disputlar aparılırdı: amerikalılar İngiltərənin vergi rüsumlarının həcmini və mövcud qaydaları dəyişdirəcəyinə və onlara daha çox özünüidarə imkanları verəcəyinə ümid edirdilər. Bəziləri belə düşünürdü ki, İngiltərə hökuməti ilə münasibətlərin kəskinləşdirilməsi britaniyalılara qarşı kütləvi müharibəyə və koloniyaların müstəqillik qazanmasına aparıb çıxaracaqdır.
17-18-ci əsrlərdə İngiltərədəki siyasi çaxnaşmalar kimi, Amerika inqilabı da (1775-1783) həm siyasi, həm də iqtisadi xarakterli inqilab olmuş və ingilis filosofu Con Lokkun «Mülki hökumət haqqında ikinci traktat» (1690) əsərindən götürülən «yaşamaq, azadlıq və mülkiyyət üçün ayrılmaz hüquqlar» ifadəsini özlərinə şüar edən orta təbəqə tərəfindən geniş müdafiə edilmişdir. Müharibə 1775-ci ilin aprel ayında törədilən bir hadisə nəticəsində başlamışdı. Kolonial ordunun Massaçusetsin Konkord yaşayış qəsəbəsindəki toplanış məntəqəsini ələ keçirməyə çalışan Britaniya əsgərləri müstəmləkə milisləri ilə toqquşmuşdu. Kimsə — onun kim olduğunu heç kəs dəqiq bilməmişdir — atəş açmış və beləliklə də səkkizillik müharibənin başlanğıcı qoyulmuşdur. İngiltərədən həm də siyasi cəhətdən tamamilə ayrılmaq kolonistlərin əksəriyyətinin başlıca niyyəti olmasa da, bu müharibə sonda tamam müstəqilliklə və yeni bir dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılması ilə nəticələnmişdir.

Yeni dövlətin iqtisadiyyatı

1787-ci ildə qəbul edilən və bu günə qədər qüvvədə olan ABŞ Konstitusiyası bir çox cəhətdən dahiyanə surətdə yaradılan bir sənəd olmuşdur. İqtisadi xartiya kimi o, həmin vaxtlar Meyndən Corciyaya, Atlantik okeanından Missisipi vadisinə kimi uzanan bütün ölkənin birləşdirilmiş və yaxud «ümumi» bazar olduğunu təsbit etmişdir. Bu sənəddə ştatdaxili ticarət üçün heç bir tarif və ya rüsum nəzərdə tutulmamışdır. Konstitusiya federal hökumətin xarici ölkələrlə kommersiyasını və ştatlar arasındakı ticarəti tənzimləyə, hamı üçün eyni olan iflas qanunları çıxara, çəki və ölçü standartlarını təsbit edə, poçt idarələri və yollar yarada, patent və əlyazma hüquqlarını idarə edən qanunlar çıxara biləcəyini təmin etmişdir. Sonuncu müddəa 20-ci əsrin sonlarında ticarət danışıqlarında böyük əhəmiyyət kəsb edən bir məsələnin — «intellektual mülkiyyət» məsələsinin əhəmiyyətinin ən erkən dərk edilməsi nümunəsidir.
Amerika dövlətinin Qurucu atalarından biri, ölkənin ilk xəzinədarlıq katibi (naziri) Aleksandr Hamiltonun müdafiə etdiyi iqtisadi inkişaf strategiyasına görə, federal hökumət açıq subsidiyalar təmin etmək və idxal üzərinə qoruyucu tariflər qoymaqla yeni təşəkkül tapan sənaye sahələrinin inkişafına rəvac verməliydi. O, həmçinin, israrla federal hökumətin milli bank yaratmasını və inqilabi müharibə dövründə koloniyaların sərf etdikləri ictimai məsrəfləri öz üzərinə götürməsini təklif edirdi. Yeni hökumət Hamiltonun bəzi təkliflərinə əhəmiyyət verməsə də, son nəticədə idxal tariflərini Amerika xarici siyasətinin tərkib hissəsinə çevirdi və bu vəziyyət, demək olar ki, 20-ci əsrin ortalarınadək davam etdi.
İlk dövrlərdə amerikalı fermerlər milli bankın kasıbların hesabına varlıların xeyrinə işləyəcəyindən ehtiyatlansalar da, 1791-ci ildə Amerika Birləşmiş Ştatlarının ilk Milli Bankı təsis olundu və 1811-ci ilə — onun davamçısı olan yeni bank yaradılanadək fəaliyyət göstərdi.
Hamilton buna inanırdı ki, Birləşmiş Ştatlar müxtəlif yönlü gəmiçilik, manufaktura və bank işi vasitəsilə iqtisadi yüksəlişə nail olacaqdır. Hamiltonun siyasi rəqibi Tomas Cefferson öz fəlsəfəsini adi vətəndaşın siyasi və iqtisadi zorakılıqlardan qorunması üzərində qurmuşdu. O, kiçik fermerləri «ən dəyərli vətəndaşlar» kimi xüsusilə yüksək qiymətləndirirdi. 1801-ci ildə Cefferson prezident (1801-1809) oldu və daha da desentralizasiya olunmuş aqrar demokratiya siyasətinə döndü.

Cənub və qərb hərəkatı

İlk vaxtlar cənubda kiçik həcmdə becərilən pambıq məhsulunun istehsalı Eli Uitninin 1793-cü ildə lifayıran maşını (bu maşın xam pambığı çiyiddən və digər tullantılardan ayırırdı) ixtira etməsindən sonra gur inkişaf dövrünə qədəm qoydu. Plantasiyaçılar cənubda kiçik fermerlərdən torpağı satın alır, onlar isə adətən qərbə doğru irəliləyirdilər. Qul əməyindən istifadə sayəsində inkişaf edən iri plantasiyalar tezliklə bəzi ailələrin hədsiz dərəcədə varlanmasına səbəb oldu.
Ancaq qərbə doğru irəliləyən təkcə cənublular deyildi. Şərqdəki bütöv kəndlər də bəzən öz yurd-yuvasını tərk edərək Orta qərbin daha münbit torpaqlarında yeni yaşayış məskənləri salırdılar. Qərbli məskunlar çox vaxt sərt və müstəqil, hər cür dövlət nəzarətinə və müdaxiləsinə qarşı çıxan adamlar kimi qələmə verildiyindən onlar birbaşa və ya dolayısıyla çoxlu dövlət yardımı alırdılar. Kumberlənd zirvəsi (1818) və Eri kanalı (1825) kimi hökumət tərəfindən çəkilən milli quru və su yolları yeni-yeni insanların qərbə köçməsinə imkan yaratmış, sonralar isə öz mallarını bazara daşımaqda qərb fermerlərinə kömək etmişdir.
Həm kasıb, həm də varlı amerikalıların əksəriyyəti 1829-cu ildə ölkə prezidenti seçilən Endrü Ceksonu idealizə edirdi, çünki o öz həyatına cəbhə ərazisindəki taxta daxmada başlamışdı. Prezident Cekson (1829-1837) Hamiltonun milli bankının varisinə qarşı çıxır və belə güman edirdi ki, bu qurum qərbə qarşı şərq əyalətlərinin mənafeyini daha da möhkəmləndirir. İkinci dəfə prezident seçiləndə Cekson bu bank haqqında xartiyanın yeniləşdirilməsinə qarşı çıxdı və Konqres də onu müdafiə etdi. Onların bu hərəkəti ölkənin maliyyə sisteminə inamı sarsıtdı və həm 1834, həm də 1838-ci illərdə biznes aləmində çaxnaşmalara səbəb oldu.
Vaxtaşırı iqtisadi uğursuzluqlar ABŞ-ın 19-cu əsrdə də iqtisadi cəhətdən sürətlə böyüməsinin qarşısını ala bilmədi. Yeni ixtiralar və kapital qoyuluşları yeni sənaye sahələrinin yaranmasına və iqtisadi yüksəlişlərə yol açdı. Nəqliyyat sistemləri təkmilləşdirilir, davamlı olaraq yeni-yeni bazarlar açılırdı. Buxar gəmiləri çay nəqliyyatını daha da sürətləndirdi və ucuzlaşdırdı, amma yeni-yeni boş və istifadəsiz ərazilərin mənimsənilməsinə yol açan dəmir yollarının inkişafı iqtisadiyyata daha güclü təsir göstərdi. Su və quru yolları kimi, dəmir yollarının da salınmasına ilk illərdə torpaq ayırmaları formasında iri həcmli dövlət yardımı göstərilirdi. Ancaq digər nəqliyyat formalarından fərqli olaraq, dəmir yolları həm də xeyli həcmdə daxili və Avropa mənşəli özəl kapital qoyuluşlarını özünə cəlb edirdi.
Bu çılğın günlərdə sürətlə varlanmağın yollarını izah edən min cür sxemlər ortaya atılırdı. Maliyyə manipulyatorları bir gecədə zənginləşir, insanların çoxu isə illər uzunu güclə yığıb topladıqları əmanətlərindən bir gecədə məhrum olurdular. Bütün bunlara baxmayaraq, gələcəyi görmə qabiliyyəti ilə xarici investisiyaların birləşdirilməsi, qızıl mədənlərinin aşkar edilməsi və amerikalıların dövlətin və fərdlərin varlanmasına böyük inamı bu xalqı genişmiqyaslı dəmir yolu sistemi yaratmağa və ölkənin gələcəkdə sənayeləşməsi üçün möhkəm baza qurmağa qadir etdi.

Sənayenin yüksəlişi

Sənaye inqilabı 18-ci əsrdə və 19-cu əsrin əvvəllərində Avropada başlamış və tezliklə Birləşmiş Ştatlara yayılmışdı. 1860-cı ildə, Avraam Linkoln prezident seçilərkən ABŞ əhalisinin 16 faizi şəhər yerlərində yaşayır və ölkənin milli gəlirinin üçdə biri istehsal sənayesinin — manufakturaların payına düşürdü. Şəhər sənayesi başlıca olaraq şimal-şərq regionları ilə məhdudla­şırdı; çit paltar məhsulları istehsalı aparıcı sənaye sahəsini təşkil edirdi, ayaqqabı manufakturası ilə birlikdə yun paltar və maşın avadanlıqları istehsalı da genişlənirdi. Yeni işçilərin çoxunu immiqrantlar təşkil edirdi. 1845-1855-ci illər arasında Avropadan buraya ildə təxminən 300 min işçi mühacir gəlirdi. Onların çoxu kasıb olduğundan şərq şəhərlərində, adətən düşdükləri limanlarda qalırdılar.
Amerikanın Cənubu isə, digər tərəfdən, kapital qoyuluşu və sənaye məhsulları sarıdan şimaldan asılı olan kənd təsərrüfatı regionu olaraq qalırdı. Köləlik də daxil olmaqla, cənubun iqtisadi maraqları bu diyarın federal hökumətə nəzarəti davam etdiyi müddətdə güclü hakimiyyət tərəfindən müdafiə oluna bilərdi. 1856-cı ildə təşkil olunan Respublikaçılar Partiyası sənayeləşmiş şimal regionunu təmsil edirdi. 1860-cı ildə respublikaçılar və onların prezidentliyə namizədi Avraam Linkoln köləlik əleyhinə tərəddüdlə danışsalar da, iqtisadi siyasət barədə fikirlərini qəti və açıq şəkildə bəyan edirdilər. 1861-ci ildə onlar qoruyucu tarifləri uğurla qəbul etdirdilər. 1862-ci ildə ilk Sakit okean dəmir yolu haqqında fərman imzalandı. 1863 və 1864-cü illərdə milli bank haqqında məcəllənin ilk variantı hazırlandı.
Ancaq ölkənin və onun iqtisadi sisteminin gələcəyini ABŞ-da baş verən Vətəndaş müharibəsində (1861-1865) şimalın qələbəsi birdəfəlik müəyyənləşdirdi. Qul əməyindən istifadə sistemi ləğv edilərək cənubdakı iri pambıq plantasiyalarının gəlirliyini xeyli zəiflətdi. Şimaldakı sənayeləşmə müharibə dövrünün tələbatları sayəsində sürətlə genişlənərək güclü inkişaf yoluna qədəm qoydu. Sənayeçilər sosial və siyasi məsələlər də daxil olmaqla, ölkə həyatının bir çox aspektlərinə hökmranlıq etməyə başladılar. 70 ildən sonra klassik «Küləklə sovrulanlar» filmində sentimental şəkildə təsvir edilən cənubdakı plantasiyaçı aristokratiya tədricən yox oldu.

Kəşflər, inkişaf və sənaye maqnatları

Vətəndaş müharibəsindən sonra başlayan sürətli iqtisadi inkişaf ABŞ-ın müasir sənaye iqtisadiyyatı üçün möhkəm bünövrə yaratdı. Bu dövrdə çoxlu yeni kəşflər və ixtiralar edildi ki, bu da, necə deyərlər, İkinci sənaye inqilabı ilə nəticələnən dərin dəyişikliklərə səbəb oldu. Qərbi Pensilvaniyada neft tapıldı. Yazı makinası inkişaf etdirildi. Soyuducu dəmir yolu vaqonlarından istifadə edilməyə başlandı. Telefon, fonoqraf və elektrik işığı ixtira edildi. Və artıq 20-ci əsrin əvvəllərindən arabaları maşınlar əvəz etdi və insanlar aeroplanlarda uçmağa başladılar.
Bu nailiyyətlərə paralel olaraq ölkənin sənaye infrastrukturu da inkişaf edirdi. Pensilvaniyanın cənubundan Kentukkiyə doğru uzanan Appalaç dağlarında zəngin kömür yataqları tapıldı. Yuxarı Midvestin (Orta qərbin) Gözəl göl regionunda dəmir filizi mədənləri aşkar edildi. Polad istehsalı üçün bu iki vacib xammalın bir araya gətirilə bilindiyi yerlərdə sürətlə zavodlar tikilməyə başlandı. Geniş mis və gümüş mədənləri kəşf edildi, onların ardınca qurğuşun və sement zavodları işə salındı.
Sənaye sahələri böyüyüb inkişaf etdikcə kütləvi istehsal üsulları meydana gəlməyə başladı. Frederik V. Teylor müxtəlif peşələrə malik işçilərin funksiyalarını diqqətlə bir istehsal sahəsində cəmləşdirərək onların öz işlərini daha səmərəli görə bilmələri üçün yeni üsullar axtarıb tapmış və beləliklə, elmi idarəetmə sahəsinin bünövrəsini qoymuşdu (Əsl kütləvi istehsal üsulunun ilhamçısı Henri Ford olmuşdur; o, 1913-cü ildə avtomobil istehsalında hər bir işçinin yalnız bir işi yerinə yetirdiyi hərəkətli yığım konveyerini işə salmışdı. Bu uzaqgörənliyin nəylə nəticələndiyini görən Ford öz işçilərinə o dövr üçün çox böyük məbləğdə — günə 5 dollar məvacib təklif etmiş, onların çoxunun özləri istehsal etdikləri avtomobilləri almalarına imkan və beləliklə də bu sənaye sahəsinin genişlənməsinə şərait yaratmışdır).
19-cu əsrin «Qızıl əsr» adlandırılan ikinci yarısı maqnatlar dövrü kimi xarakterizə edilir. Bu dövrdə amerikalıların çoxu güclü maliyyə imperiyaları yaradan biznesmenləri idealizə edirdi. Belə biznesmenlərin uğuru, Con D. Rokfellerin neftin gələcəyinə olan inamı kimi, onların yeni xidmət və məhsul növü ilə bağlı uzunmüddətli gələcək potensialı görə bilmək qabiliyyətlərinə əsaslanırdı. Onlar maliyyə uğuru qazanmaq və hamıdan qüdrətli olmaq uğrunda aydın məqsədə malik və amansız dərəcədə rəqabətcil adamlar idilər. Rokfeller və Ford kimi belə nəhənglər sırasına dəmir yolları sayəsində varlanan Cey Quld, bankir C. Pirpont Morqan və polad istehsalı ilə məşğul olan Endrü Karnic daxil idi. Bu maqnatlardan bəziləri o günlərin biznes standartlarına uyğun olaraq fəaliyyət göstərən təmiz adamlar olsalar da, digərləri öz var-dövlətlərinə və qüdrətlərinə çatmaq üçün zorakılıqdan, rüşvətxorluqdan və fırıldaqçılıqdan istifadə edirdilər. Yaxşı və ya pis olmasından asılı olmayaraq, biznes maraqları hökumət üzərində güclü təsirə malik olmağı tələb edirdi.
Belə sahibkarların bəlkə də ən parlaq nümunəsi olan Morqan həm şəxsi, həm də biznes həyatını çox dəbdəbəli şəkildə yaşayırdı. O və onun şərikləri qumarbazlıq edir, yaxtalarda üzür, israfcıl qonaqlıqlar verir, əzəmətli saraylar tikdirir və Avropanın ən bahalı incəsənət əşyalarını satın alırdılar. Rokfeller və Ford kimi adamlar isə əksinə, puritan keyfiyyətlər nümayiş etdirirdilər. Onlar kiçik şəhər dəyərlərini və həyat tərzini qoruyub saxlamışdılar. Həmişə kilsəyə getdikləri üçün başqaları qarşısında məsuliyyət hissinə malik idilər. Onların inancına görə, yalnız şəxsi keyfiyyətlər insana uğur qazandıra bilərdi; onlarınkı isə İncilin tələb etdiyi qaydada işləməkdən və qənaətcil olmaqdan ibarət idi. Bu adamların xələfləri gələcəkdə Amerikada ən böyük filantropiya — xeyriyyə fondlarını yaradacaqdılar.
Avropa intellektuallarının yuxarı təbəqəsi ticarətə ümumiyyətlə ikrah hissiylə baxsa da, daha sürüşkən sinfi struktura malik bir cəmiyyətdə yaşayan amerikalıların əksəriyyəti pul qazanmaq ideyasına böyük rəğbət bəsləyirdi. Onlar biznes təşəbbüskarlığına baş vurmağın riski və ləzzətindən, eləcə də biznes uğurunun qazandıra biləcəyi yüksək həyat səviyyəsindən, potensial gücdən və sürəkli alqışlardan çox xoşlanırdılar.
Ancaq Amerika iqtisadiyyatı 20-ci əsrdə yetkinləşdikcə sərbəst, təkbaşına yürüdülən biznes fəaliyyətinin uğuruna olan inam bir Amerika idealı kimi sönməyə başladı. Əvvəlcə dəmir yolu sənayesində, sonra isə hər yerdə korporasiyaların meydana çıxması ilə həlledici dəyişikliklər baş verdi. Biznes baronları bu korporasiyaların rəhbərliyinə çevrilən yüksək maaşlı «texnokratlar»la əvəz olundu. Korporasiyaların yüksəlişi öz növbəsində mütəşəkkil işçi hərəkatının yüksəlişiylə nəticələndi ki, bu da biznesin hökmranlığına və təsirinə qarşı tarazlaşdırıcı qüvvəyə çevrildi.
1980 və 1990-cı illərdə baş verən texnoloji inqilab maqnatlar epoxasının əks-sədalarını xatırladan yeni sahibkarlıq mədəniyyətinin meydana çıxmasına səbəb oldu. «Microsoft» şirkətinin rəhbəri Bill Geyts kompüter proqramları istehsal etmək və satmaq yolu ilə hədsiz var-dövlət qazandı. Geyts o qədər mənfəətli bir imperiya yaratdı ki, 1990-cı illərin sonlarında onun şirkəti ABŞ Ədliyyə Departamentinin (nazirliyinin) inhisarçılığa qarşı mübarizə bölməsi tərəfindən məhkəməyə cəlb olundu və rəqiblərini qorxutmaqda ittiham edildi. Ancaq Geyts bütün bunlarla bərabər həm də xeyriyyə fondu yaratmış və həmin fond tezliklə ölkədə ən böyük xeyriyyə fonduna çevrilmişdi. Amerikanın bugünkü biznes liderlərinin əksəriyyəti Geyts kimi yüksək səviyyəli həyat sürmür. Onlar öz korporasiyalarının işini idarə etməklə yanaşı, xeyriyyə fondları və məktəblərin idarə heyətlərində də çalışırlar. Ölkə iqtisadiyyatının vəziyyətinin və Amerikanın digər ölkələrlə əlaqələrinin qayğısına qalır, hökumət rəsmiləriylə məsləhətləşmək üçün tez-tez Vaşinqtona uçurlar. Bu adamlar, heç şübhəsiz ki, hökumətə müəyyən təsir göstərsələr də, onların fikrincə, «Qızıl əsr» dövründəki iri maqnatlar kimi ona nəzarət etmirlər.

Hökumətin iqtisadiyyata cəlb olunması

Amerika tarixinin ilk illərində siyasi liderlərin əksəriyyəti federal hökumətin, yükdaşıma sahəsi istisna edilməklə, özəl sektora ciddi şəkildə cəlb olunmasına soyuq yanaşırdı. Ümumiyyətlə, onlar «lesafer» konsepsiyasını, qanun və qaydalara riayət
olunmasını təmin etməkdən başqa iqtisadiyyata hər cür dövlət müdaxiləsini inkar etmək doktrinasını qəbul etmişdilər. Bu münasibət 19-cu əsrin son dövrlərində kiçik biznes, fermer və işçi hərəkatlarının hökumətə, onların xeyrinə olaraq iqtisadiyyata müdaxilə etməsi barədə müraciətdən sonra dəyişməyə başlamışdır.
Əsrin sonlarında Orta qərb və qərb regionlarında həm biznes elitasına, həm də fermer və işçilərin bəzi radikal siyasi hərəkatlarına şübhə ilə yanaşan orta sinif formalaşmışdı. Tərəqqiçilər kimi tanınan bu adamlar azad rəqabətin və azad sahibkarlığın təmin edilməsi məqsədilə biznes praktikalarının dövlət tərəfindən tənzimlənməsinə tərəfdar çıxırdılar. Onlar, həmçinin, ictimai dövlət sektorunda korrupsiyaya qarşı mübarizə aparırdılar.
Konqres 1887-ci ildə dəmir yollarını tənzimləyən (Ştatlararası Kommersiya Aktı), 1890-cı ildə isə iri firmaları bir sənaye sahəsinin nəzarətindən qoruyan (İnhisarçılıq Əleyhinə Şerman Aktı) qanunlar çıxardı. Ancaq bu qanunlar uzun müddət təsirsiz qaldı və yalnız 1900-1920-ci illər arasında, tərəqqiçilərin fikirlərinə rəğbət bəsləyən respublikaçı prezident Teodor Ruzvelt (1901-1909), demokrat Vudro Vilson (1913-1921) hakimiyyətə gəldikləri dövrlərdə ciddi şəkildə tətbiq edilməyə başlandı. Ştatlararası Kommersiya Komissiyası, Ərzaq və Dərman Preparatları İdarəsi və Federal Ticarət Komissiyası da daxil olmaqla ABŞ-da bu gün fəaliyyət göstərən tənzimləyici dövlət agentliklərinin bir çoxu məhz bu dövrdə yaradılmışdır.
1930-cu illərdə — «Yeni kurs» dövründə hökumətin iqtisadiyyata cəlb olunması daha əhəmiyyətli dərəcədə artdı. 1929-cu ildə maliyyə birjalarının iflasa uğraması ölkə tarixində ən ciddi iqtisadi sarsıntılara — Böyük depressiyaya (1923\9-1940) səbəb oldu. Prezident Franklin D. Ruzvelt (1933-1945) bu iflasın nəticələrini zəiflətmək məqsədilə «Yeni kurs» siyasətini tətbiq etməyə başladı.
Bugünkü Amerika iqtisadiyyatını müəyyən edən ən vacib qanun və institutların əksəriyyəti öz kökü baxımından «Yeni kurs» erası ilə bağlıdır. «Yeni kurs» qanunvericiliyi bank işi, kənd təsərrüfatı və ictimai rifah sahəsində federal hakimiyyətin rolunu genişləndirdi. O, maaşların minimum səviyyəsini və iş saatlarının həcmini müəyyənləşdirdi, poladtökmə, avtomobil və kauçuk kimi sənaye sahələrində həmkarlar ittifaqlarının genişləndirilməsi üçün katalizator rolunu oynadı. Bu gün ölkə iqtisadiyyatının fəaliyyəti üçün zəruri hesab edilən proqramlar və agentliklər yaradıldı: fond birjalarının işini tənzimləyən Qiymətli Kağızlar və Birja Komissiyası, bank depozitlərinə təminat verən Federal Depozit Sığortası Şirkəti, işçi qüvvəsi kimi çalış­dıqları dövrlərdəki xidmətlərindən asılı olaraq yaşlılara pensiya verilməsiylə məşğul olan Sosial Təminat İdarəsi.
«Yeni kurs» siyasəti liderləri bizneslə hökumət arasında daha sıx əlaqələr qurmaq ideyasına təkan verməyə çalışsalar da, bu cəhdlərin bəziləri II Dünya müharibəsindən sonra yaşamağa qadir olmadı. Qısaömürlü «Yeni kurs» proqramı olan Milli Sənayenin Sağlamlaşdırılması Aktı münaqişələri həll etmək və bu yolla məhsuldarlığı və səmərəliliyi artırmaq məqsədilə dövlət nəzarəti altında biznes və işçi liderlərinin təşviqinə yönəldilmişdi. Amerika heç vaxt Almaniya və İtaliyadakı kimi biznes, həmkarlar ittifaqları və hökumət arasındakı sazişlərə bənzər faşizm üsul-idarəsinə meyl göstərməsə də, «Yeni kurs»un təşəbbüsləri iqtisadiyyatın bu üç aparıcı oyundaşı arasında hakimiyyətin yeni formada paylaşdırılmasını göstərirdi. Hakimiyyətin bu cür qovuşuğu müharibə dövründə Birləşmiş Ştatlar hökumətinin iqtisadiyyata geniş müdaxiləsi nəticəsində daha ciddi miqyas almışdı. Müharibə Məhsulları Şurası hərbi prioritetlərin qarşılanması üçün ölkənin bütün məhsul istehsalı imkanlarını əlaqələndirirdi. İstehlak malları istehsal edən müəssisələr hərbi sifarişlərə tabe edilmişdi. Məsələn, avtomobil sənayesi müəssisələri Birləşmiş Ştatları «demokratiyanın cəbbəxanasına» çevirmək üçün tank və təyyarə istehsal edirdi. Milli gəlirin artım sürətini qoruyub saxlamaq və istehlak məhsulları qıtlığının inflyasiyaya aparıb çıxarmasının qarşısını almaq üçün yenicə yaradılmış Qiymət Administrasiyası İdarəsi bəzi yaşayış sahələrində mənzil haqlarının həcminə nəzarət edir, şəkər tozundan benzinə kimi bir sıra istehlak mallarına norma qoyur, başqa sözlə desək, qiymətlərin artmasını önləməyə çalışırdı.

Müharibədən sonrakı dövrün iqtisadiyyatı:
1945-1960

Amerikalıların çoxu II Dünya müharibəsinin başa çatması və bunun ardınca da hərbi xərclərin azaldılmasının Böyük depressiya dövrünün ağır günlərini geri qaytaracağından ehtiyat edirdi. Amma bunun əksi oldu, istehlak məhsullarına ödənilməmiş qalan tələbat müharibədən sonrakı dövrdə güclü iqtisadi yüksəlişə təkan verdi. Avtomobil sənayesi uğurla öz əvvəlki ixtisasına qayıdaraq maşın istehsal etməyə, aviasiya və elektronika kimi yeni sənaye sahələri isə iri sıçrayışlarla böyüməyə başladı. Evlərinə qayıdan hərbçilər üçün mənzil tikintisində qismən yaradılan imkanlar sayəsində stimullaşdırılan xüsusi canlanma bu genişlənməni daha da sürətləndirdi. Ölkənin ümumi məhsul istehsalının həcmi 1940-cı ildə 200 milyard dollardan 1950-cı ildə 300 milyard dollara qədər artdı və 1960-cı ildə 500 milyard dollardan çox oldu. Eyni zamanda «uşaq doğuşunda canlanma» dövrü adlanan müharibədən sonrakı illərdə doğulanların sayının sürətlə artması istehlakçıların sayının çoxalmasına səbəb oldu. Getdikcə orta təbəqənin sıralarına daha çox amerikalı qoşulurdu.
Müharibə sursatlarına olan ehtiyac nəhəng hərbi-sənaye kompleksinin (bu termin 1953-cü ildən 1961-ci ilədək ABŞ prezidenti olmuş Duayt Eyzenhauer tərəfindən irəli sürülmüşdür) yüksəlişinə rəvac vermişdi. Bu kompleks müharibə başa çatdıqdan sonra da öz fəaliyyətini davam etdirirdi. Dəmir pərdə meydana çıxdıqdan sonra Avropa ilə Birləşmiş Ştatlar öz döyüş qabiliyyətini xeyli gücləndirmiş olan və hidrogen bombası kimi güclü silah istehsalına vəsait ayıran bir dövlətlə — Sovet İttifaqı ilə «soyuq müharibə» vəziyyətinə düşdülər. Müharibənin darmadağın etdiyi Avropa ölkələrinə Marşall Planı çərçivəsində iqtisadi yardımlar axmağa başladı və həmin plan eyni zamanda Avropa bazarlarının bir sıra ABŞ məhsulları ilə zənginləşməsinə kömək etdi. Və hökumət özü iqtisadi məsələlərdə başlıca rol oynadığını qəbul etməli oldu. 1946-cı ildə qəbul edilən Məşğulluq Aktı «maksimum səviyyədə məşğulluq səviyyəsinə, istehsal və alıcılıq qabiliyyətinə nail olmağı» dövlət siyasəti kimi bəyan etdi.
Birləşmiş Ştatlar müharibədən sonrakı dövrdə həmçinin bütün dünyada açıq, kapitalist iqtisadiyyatının təmin edilməsi məqsədilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi institutların yaradılmasına başçılıq etməklə, beynəlxalq valyuta strukturlarının yenidən qurulmasına ehtiyac duyulduğunu etiraf etdi.
Biznes strukturları isə bu arada yüksək konsolidasiya səviyyəsi ilə xarakterizə edilən bir dövrə qədəm qoydu. Firmalar bir-biriylə qovuşaraq nəhəng, çoxcəhətli konqlomeratlar yaratdılar. Məsələn, Beynəlxalq Telefon və Teleqraf Şirkəti «Şiraton Hotels», «Kontinental Bankinq», «Hartford Yanğından Sığorta», «Avis Rent-a-kar» və digər şirkətləri satın alaraq özündə birləşdirdi.
Amerikanın işçi qüvvəsi də öz tərkibi etibarı ilə xeyli dəyişdi. 1950-ci illər ərzində xidmət sahəsində çalışanların sayı artaraq istehsal sahələrində çalışanların sayına çatdı və sonralar onları ötüb keçdi. 1956-cı ildən başlayaraq ABŞ-da işçilər arasında ağ yaxalıq geyinənlər mavi yaxalıq geyinənləri üstələdilər. Eyni zamanda həmkarlar ittifaqları öz üzvləri üçün uzunmüddətli iş müqavilələrinə və digər üstünlüklərə nail oldular.
Fermerlər isə bu illərdə çox ağır vəziyyətlərlə üzləşdilər. Məhsuldarlığın artırılması üçün göstərilən səylər, fermer təsərrüfatlarının iri biznes vahidlərinə çevrilməsi kənd təsərrüfatı məhsullarının həddən artıq istehsalı ilə nəticələndi. Kiçik ailə təsərrüfatları bu rəqabətə tab gətirməkdə çətinlik çəkir, getdikcə daha çox təsərrüfat öz fəaliyyətini dayandıraraq sıradan çıxırdı. Bu səbəbdən 1947-ci ildə fermer təsərrüfatlarında çalışanların sayı 9,7 milyon nəfər olduğu halda tədricən azalmağa başladı və 1998-ci ildə 3,4 milyon nəfərə düşdü.
Digər amerikalılar da yaşayış yerlərini dəyişməli olurdular. Fərdi ailə evlərinə tələbatın artması və şəxsi maşınların sürətlə çoxalması amerikalıların çoxunun şəhər mərkəzlərindən şəhərətrafı rayonlara köçməsiylə nəticələndi. Kondisionerlərin ixtira olunması kimi texnoloji yeniliklər sayəsində bu miqrasiya cənub və cənub-qərb ştatlarında Hyuston, Atlanta, Mayami və Feniks kimi «Günəşli kəmər» üzərində yerləşən şəhərlərin inkişafını sürətləndirdi. Federal hökumətin sponsorluğu ilə salınan yeni şose yolları əyalətlərə yetişmək imkanını yaxşılaşdırdıqca biznes strukturları da dəyişməyə başladı. II Dünya müharibəsinin sonunda sayı cəmi səkkiz olan satış mərkəzləri getdikcə çoxşaxəli şəkil almış və 1960-cı ildə onların sayı 3.840-a çatmışdı. Bir çox sənaye müəssisələri tezliklə onların izinə düşərək böyük şəhərləri tərk etmiş, əhalisi az olan yaşayış məntəqələrinə köçmüşdü.

Dəyişiklik illəri: 1960 və 1970-ci illər

1950-ci illər Amerikada adətən xatircəmlik dövrü kimi xarakterizə edilir. 1960 və 1970-ci illər isə əksinə, böyük dəyişikliklər dövrü olmuşdur. Bu illərdə dünyanın müxtəlif yerlərində yeni dövlətlər meydana gəlmiş, qiyamçı hərəkatlar mövcud hökumətləri devirmiş, bəzi ölkələr böyüyərək Birləşmiş Ştatlarla rəqabət aparan güc mərkəzlərinə çevrilmiş və hərbi gücün yüksək inkişaf və ekspansiyanın yeganə vasitəsi olmadığının getdikcə daha aydın dərk edildiyi dünyada iqtisadi əlaqələr ən üstün əhəmiyyət kəsb etməyə başlamışdı.
Prezident Con F. Kennedi (1961-1963) hökumətin daha fəal olması siyasətini həyata keçirirdi. 1960-cı ilin prezident seçkiləri kampaniyasında Kennedi amerikalılardan «Yeni cəbhə» çağırışlarına səs vermələrini xahiş edəcəyini söyləmişdi. Prezident olduqdan sonra isə dövlət xərclərini artırmaq və vergiləri azaltmaq yolu ilə iqtisadi böyüməni gücləndirməyə çalışmış, yaşlılara tibbi, əyalət şəhərlərinə isə maddi yardım göstərilməsi üçün təzyiq göstərmiş və təhsil fondlarını artırmışdır. Bu təkliflərin bir çoxu həyata keçməsə də, Kennedinin inkişaf etməkdə olan ölkələrə yardım üçün amerikalıların xaricə göndərilməsiylə bağlı fikri «Sülh korpusları»nın yaradılması ilə həyatda öz gerçək təcəssümünü tapmışdır. Kennedi, həmçinin, Amerikanın kosmosun tədqiqində irəliləməsinə şərait yaratmışdır. Onun ölümündən sonra kosmosun tədqiqi ilə bağlı Amerika proqramı Sovet nailiyyətlərini ötüb keçmiş və 1969-cu ilin iyul ayında amerikalı astronavtların Aya enməsi ilə özünün ən yüksək zirvəsinə çatmışdır.
1963-cü ildə Kennedinin qətlə yetirilməsi onun gündəmə gətirdiyi bir çox qanunvericilik aktlarının Konqres tərəfindən qəbul edilməsinə səbəb oldu. Onun xələfi Lindon Beyns Conson (1963-1969) uğurlu Amerika iqtisadiyyatının bəhrələrindən daha çox vətəndaşın faydalana bilməsini təmin etməklə «Böyük cəmiyyət» qurmağa çalışırdı. Hökumət «Tibbi qayğı» (qocalar üçün sağlamlıq qayğısı) və «Ərzaq yarlıqları» (kasıblara ərzaq yardımı) kimi yeni proqramlar və bir sıra təhsil təşəbbüsləri (tələbələrə yardım və eləcə də məktəb və kolleclərə qrantlar ayrılması) təsis etdikcə federal xərclər dramatik şəkildə durmadan artdı.
Həmçinin Vyetnamdakı Amerika əsgərlərinin sayı artdıqca hərbi xərclər də böyüyürdü. Kennedinin rəhbərliyi dövründə kiçikmiqyaslı hərbi əməliyyat kimi başlayan bu hadisə Consonun prezidentliyi dövründə irimiqyaslı hərbi təşəbbüsə çevrildi. Nə qədər paradoksal görünsə də, hər iki müharibəyə — yoxsulluqla mübarizəyə və Vyetnam müharibəsinə çəkilən xərclər, qısa müddətə də olsa, iqtisadiyyatın çiçəklənməsinə səbəb oldu. Ancaq 1960-cı illərin sonlarında həmin xərcləri ödəmək üçün vergiləri qaldırmaq istəyərkən hökumətin uğursuzluğa düçar olması inflyasiyanı gücləndirdi və beləliklə də əldə edilən iqtisadi yüksəlişin nəticələrini heçə endirdi. 1973-1974-cü illərdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) üzvləri neft istehsalına embarqo qoyarkən enerji vasitələrinin qiymətləri sürətlə yüksəlməyə başladı və qıtlıq yaratdı. Hətta bu embarqo qaldırıldıqdan sonra belə enerji vasitələrinin qiymətləri yüksək olaraq qaldı və inflyasiya ilə yanaşı, işsizlik səviyyəsinin də tədricən artmasına səbəb oldu. Federal büdcə defisitləri böyüdü, xarici rəqabət intensivləşdi və fond birjaları zəiflədi.
Vyetnam müharibəsi 1975-ci ilə kimi davam etdi, prezident Riçard Nikson (1969-1974) impiçmentdə günahlandırılmaq təhlükəsi altında istefa verdi, bir qrup amerikalı Tehrandakı ABŞ səfirliyinin binasında girov götürüldü və bir ildən də çox orada saxlanıldı. Sanki ölkə, iqtisadi məsələlər də daxil olmaqla, bir çox hadisələrə nəzarət etməkdə aciz qalmışdı. Avtomobillərdən tutmuş polada, yarımkeçiricilərə qədər ucuz qiymətə və bir çox hallarda həm də yüksək keyfiyyətə malik müxtəlif idxal məhsulları Birləşmiş Ştatların bazarlarını doldurdu.
Davamlı inflyasiyanın və biznes fəaliyyətində durğunluğun mövcud olduğu və bu səbəbdən də işsizlik səviyyəsinin artdığı bir iqtisadi şəraitin məğzini ifadə edən «staqneyşn» termini yeni iqtisadi nasazlığı daha doğru xarakterizə edirdi. İnflyasiya sanki özü-özünü qidalandırırdı. İnsanlar qiymətlərin durmadan qalxmasından ehtiyat etməyə başlayaraq daha çox mal alırdılar. Artan tələbat qiymətlərin daha da yüksəlməsinə, bu isə əməkhaqqılarının artırılması tələbinə, əməkhaqqılarının artırılması isə, öz növbəsində, hələ də yuxarı sıçramaqda olan qiymətlərin daha da bahalaşmasına səbəb olurdu. Yaşayış minimumu punktları avtomatik olaraq əmək müqavilələrinə daxil edilirdi və hökumət sosial təminat kimi bəzi ödənişləri inflyasiya dövrünün ən məşhur meyarı kimi tanınan İstehlak Qiymətlər İndeksinə uyğunlaşdırmağa başlamışdı. Bu tədbirlər işçilərə və işdən çıxarılanlara inflyasiyanın öhdəsindən gəlməyə kömək etdiyi halda, inflyasiyanın özünü də möhkəmlədirdi. Hökumətin daim artmaqda olan fond ehtiyacları büdcə defisitinin şişməsinə və hökumət borclarının böyüməsinə, bu isə, öz növbəsində, faiz normalarının yüksəlməsinə səbəb olur, istehsal və istehlak dəyərlərini getdikcə daha da artırırdı. Enerji vasitələrinin dəyərinin və faiz normalarının yüksək olması şəraitində kapital qoyuluşu xeyli zəiflədi və işsizlik səviyyəsi narahatlıq doğuran səviyyəyə qalxdı.
Çıxılmaz vəziyyətdə qalan prezident Cimmi Karter (1977-1981) hökumət xərclərini artırmaqla iqtisadi zəifliyə və işsizliyə qarşı mübarizə aparmağa çalışdı və inflyasiyanı nəzarət altına almaq məqsədilə düşünülmüş əməkhaqqı və qiymət normaları direktivləri müəyyən etdi. Ancaq bu direktivlərin hər ikisi geniş mənada heç bir uğur gətirmədi. Hava yolları, yükdaşıma və dəmir yolları da daxil olmaqla, bir sıra sənaye sahələrinin tənzimlənməsinə xitam verilməsini nəzərdə tutan tədbirlər inflyasiya üzərinə, o qədər ağır olmasa da, bəlkə də ən uğurlu hücum hesab edilə bilərdi. Həmin vaxta qədər bu sənaye sahələri marşrut və gediş haqqı normalarına nəzarət edilməklə dövlət tərəfindən ciddi tənzimlənirdi. Dövlət tənzimləmələrinə xitam verilməsi ideyası Karter administrasiyasında sonra da müdafiə olundu. 1980-ci illərdə hökumət bankların faiz normalarına və uzun məsafəli telefon xidmətlərinə nəzarəti zəiflətdi və 1990-cı illərdə yerli telefon xidmətləri üçün də tənzimləməni yüngülləşdirdi.
Ancaq inflyasiyaya qarşı mübarizədə ən kədərli rolu Federal Ehtiyatlar İdarəsi oynadı, o, 1979-cu ilin əvvəlində pul kütləsi üzərində ciddi qadağalar qoydu. İnflyasiyanın çökdürdüyü iqtisadiyyatın tələb etdiyi pul kütləsini təchiz etməkdən boyun qaçırmaqla faiz normalarının yüksəlməsinə səbəb oldu. Bunun da nəticəsi olaraq istehlak xərcləri və biznes borclanmaları birdən-birə aşağı düşdü, iqtisadiyyat tezliklə dərin tənəzzülə uğradı.

1980-ci illərin iqtisadiyyatı

Ölkə 1982-ci il boyu dərin tənəzzül keçirdi. Biznes müəssisələrinin iflası ilk illərə nisbətən 50 faiz artdı. Kənd təsərrüfatı məhsullarının ixracı azaldıqca, taxıl məhsullarının qiymətləri aşağı düşdükcə və faiz normaları artdıqca fermerlər xüsusilə pis vəziyyətə düşdülər. Kəskin geriləmənin dərmanı tapılmadıqca, iqtisadiyyat daha dərin destruktiv sikllərə yuvarlanırdı. 1983-cü ildən başlayaraq inflyasiya zəifləməyə, iqtisadiyyat əks istiqamətə meyllənməyə, Birləşmiş Ştatlar sürəkli iqtisadi inkişaf dövrünə qədəm qoymağa başladı. Sonrakı illərdə və 1990-cı illərin əvvəllərində illik inflyasiya norması 5 faizdən yuxarı qalxmadı.
1970-ci illərin iqtisadi sarsıntıları mühüm siyasi dəyişikliklər doğurdu. Amerika xalqı 1980-ci ildə Karterin yeritdiyi federal siyasətlə razılaşmadığını ifadə etdi və sabiq Hollivud aktyoru və Kaliforniya ştatının qubernatoru Ronald Reyqanı prezident seçdi. Reyqan (1981-1989) öz iqtisadi proqramını insanların öz qazandıqlarının çox hissəsinə sahib ola bilmələri üçün vergi normalarının azaldılmasını nəzərdə tutan iqtisadi nəzəriyyə əsasında qurmuşdu. Bu nəzəriyyəyə görə, vergilərin azaldılması insanları daha gərgin və daha uzunmüddətli işləməyə ruhlandıracaq ki, bu da, öz növbəsində, daha çox vəsait yığımına və investisiya qoyuluşuna səbəb olacaq, sonda məhsul istehsalının artması və ümumi iqtisadi yüksəlişin stimullaşması ilə nəticələnəcəkdi. Reyqanın vergi normalarını aşağı salması daha çox varlı amerikalıların xeyrinə olsa da, bu iqtisadi siyasət vergilərin azaldılması ilə yanaşı, əldə edilən faydanın həm də azgəlirli insanların xeyrinə olacağını nəzərdə tuturdu, çünki investisiya qoyuluşunun artması yeni iş yerlərinin açılmasına və əməkhaqqılarının artmasına aparıb çıxarmalıydı.
Bununla bərabər Reyqanı ümumölkə miqyasında narahat edən başlıca məsələ onun federal hökumətin həddən artıq şişməsi və burnunu hər yerə soxmasına əmin olması ilə bağlı idi. 1980-ci illərin əvvəllərində vergiləri azaltmaqla yanaşı, Reyqan sosial proqramları da ixtisar etdi. O, hakimiyyətdə olduğu illərdə, həmçinin, istehlakçılar, iş yerləri və ətraf mühitlə bağlı məsələlərin dövlət tərəfindən tənzimlənməsinin məhdudlaşdırılması və ya tamamilə ləğvi uğrunda kampaniya apardı. Eyni zamanda o, Birləşmiş Ştatların Vyetnam müharibəsindən sonrakı dövrdə öz hərbi qüdrətinin kifayət qədər qayğısına qalmadığını düşünürdü və bu səbəbdən müdafiə xərclərinin xeyli artırılmasına nail oldu.
Vergi normalarının azaldılması və hərbi xərclərin artırılması daxili proqramlara ayrılan xərclərdə xeyli dərəcədə ixtisarlar aparılmasına səbəb oldu. Nəticədə federal büdcə defisiti hətta 1980-ci illərin əvvəlində tənəzzül dövründəki səviyyəni belə ötüb keçdi. 1980-ci ildə 74 milyard dollar olan büdcə defisiti 1986-cı ildə 221 milyard dollara çatdı. 1987-ci ildə bu defisit 150 milyard dollara düşdü və iqtisadi yüksəliş yenidən start götürdü. Bəzi iqtisadçılar federal hökumət məsrəfləri və borclanmalarının xeyli dərəcədə artmasının yeni inflyasiya doğuracağından narahat olsalar da, Federal Ehtiyatlar İdarəsi qiymətlərin artmasına sayıqlıqla nəzarət edir, belə bir təhlükə meydana çıxdığı hallarda dərhal faiz normalarını yüksəldirdi. Pol Volkerin və onun xələfi Alan Qrinspanın rəhbərliyi dövründə Federal Ehtiyatlar İdarəsi ölkə iqtisadiyyatının yönləndirilməsində Konqresin və prezidentin rolunu zəiflədərək iqtisadiyyatın əsas tənzimləyici yol polisi rolunu oynayırdı.
1980-ci illərin əvvəllərində meydana çıxan sağlamlaşma meylləri heç də problemsiz ötüşmədi. Fermerlər, xüsusilə kiçik ailə təsərrüfatlarını idarə edən fermerlər hələ də böyük çətinliklərlə üz-üzə qalmışdılar. Onlar 1986 və 1988-ci illərdə — ölkənin orta bölümləri ciddi quraqlığa məruz qalanda, bir neçə il sonra isə güclü daşqınlardan zərər çəkəndə daha pis vəziyyətə düşdülər. Bəzi banklar pul kütləsi qıtlığı və xüsusilə əmanət və borc assosiasiyaları kimi tanınan ağılsız kredit fəaliyyətləri ucbatından sarsılmışdı; bu assosiasiyaların fəaliyyəti qismən sərbəstləşdirildikdən sonra ağılsız kredit verilməsi praktikası geniş intişar tapmışdı. Nəticədə federal hökumət bu cür institutların əksəriyyətini bağlamalı və vergi ödəyicilərindən toplanan pulların böyük bir qismini onların əmanətçilərinin haqlarının ödənilməsinə sərf etməli oldu.
Reyqan və onun xələfi Corc Buşun (1989-1993) Sovet İttifaqı və Şərqi Avropada kommunist rejimlərinin dağılmasına rəhbərlik etdiyi 1980-ci illər 1970-ci illərdə ölkəni bürüyən iqtisadi süstlüyü tamamilə aradan qaldırmadı. Birləşmiş Ştatlar 1960-1970-ci illər arasındakı 10 ilin 7-də ticarət defisitinə malik olmuş, 1980-ci illər ərzində bu defisit daha da böyümüşdü. Asiyada sürətlə böyüyən iqtisadi güc mərkəzləri Amerikaya meydan oxumağa başlamışdı; başlıca olaraq uzunmüddətli planlaşdırmaya, şirkətlərin, bankların və hökumətin fəaliyyətlərinin sıx şəkildə əlaqələndirilməsinə xüsusi əhəmiyyət verən Yaponiya sanki alternativ yüksəliş modeli təklif edirdi.
Bu arada Birləşmiş Ştatlarda «korporativ reyderlər» səhmlərinin dəyəri aşağı düşən müxtəlif korporasiyaları satın alaraq onların bəzi əməliyyatlarını satmaqla və yaxud onları ayrı-ayrı hissələrə bölməklə yenidən qururdular. Bəzi hallarda şirkətlər öz səhmlərini geri almaq və yaxud reyderlərə haqq ödəmək üçün ağlasığmaz həcmdə məbləğlər sərf edirdilər. Bu cür döyüşləri məyusluq içində izləyən təhlilçilər bu qənaətdəydilər ki, reyderlər ən yaxşı şirkətləri məhv edir və işçilərin bədbəxtliyinə səbəb olurlar. Çünki korporativ yenidənqurulmalar zamanı işçilərin çoxu öz iş yerini itirməli olurdu. Digərləri isə reyderlərin iqtisadiyyatın inkişafına faydalı şəkildə xidmət etdiklərini söyləyir, onların pis idarə olunan şirkətləri ələ keçirdiklərini, həmin şirkətləri artıq yükdən təmizlədikdən sonra yenidən gəlirli hala saldıqlarını və yaxud onları investorların mənfəət əldə edə biləcəkləri qaydada satdıqlarını, investorların isə həmin mənfəətlə daha məhsuldar şirkətləri investisiyalaşdırdıqlarını vurğulayırdılar.

1990-cı illər və ondan sonra

1990-cı illər Amerikaya yeni prezident kimi Bill Klintonu (1993-2001) bəxş etdi. Ehtiyatlı və təmkinli demokrat Klinton öz çıxışlarında keçmiş sələflərinin bəzi mövzularını dilə gətirsə də, sağlamlıq sığortası xərclərinin artırılması kimi ambisiyalı təklifi Konqresdən keçirə bilmədikdən sonra Amerikada «Böyük dövlət» erasının başa çatdığını bəyan etdi. O, yerli telefon xidmətlərinin rəqabətə açılması üzərində Konqreslə birlikdə çalışaraq bəzi sektorlarda işçi qüvvəsinin möhkəmləndirilməsinə təkan verdi. O, həmçinin maddi rifah müavinətlərinin azaldılmasında respublikaçılara qoşuldu. Klinton federal işçilərin sayını ixtisar etsə də, hökumət ölkə iqtisadiyyatında hələ də həlledici rol oynamaqda qalırdı. «Yeni kurs» siyasətinin əsas, «Böyük cəmiyyət» dövrünün isə əksər yenilikləri toxunulmaz qalırdı. Federal Ehtiyatlar Sistemi isə istənilən yeni inflyasiya əlamətlərinə diqqətlə göz qoyaraq ümumi iqtisadi fəallıq tempini nizamlamaqda davam edirdi.
Buna baxmayaraq, 1990-cı illərdə iqtisadiyyat artan sürətlə sağlam inkişafa qədəm qoydu. 1980-ci illərin sonlarında Sovet İttifaqında və Şərqi Avropada kommunizmin süqutundan sonra ticarət imkanları sürətlə genişlənməyə başladı. Texnoloji inkişaf bir sıra yeni və son dərəcə zərif elektronika məhsullarının istehsalına yol açdı.
Telekommunikasiya və kompüter şəbəkələşməsində baş verən yeniliklər geniş həcmdə kompüter texnikası və proqram təminatları sənayelərinin meydana çıxmasına səbəb oldu və bir çox sənaye sahələrinin işində inqilabi dəyişikliklər yaratdı. İqtisadiyyat sürətlə böyüyür, korporativ mənfəətlər sürətlə artırdı. İnflyasiya və işsizlik səviyyələrinin aşağı olması ilə kombinə edilən möhkəm əsaslı  mənfəətlər fond birjalarını dalğalandırdı; 1970-ci illərin sonlarında yalnızca 1000 punkt səviyyəsində olan Dou Cons orta sənaye kəmiyyəti 1999-cu ildə 11.000 punkta yüksəlmiş, amerikalıların hamısının da olmasa, əksəriyyətinin xeyli varlanması ilə nəticələnmişdi.
Amerikalıların 1980-ci illərdə tez-tez uğurlu model kimi dəyərləndirdikləri Yaponiya iqtisadiyyatı uzun sürən tənəzzülə uğradı və belə bir aqibət iqtisadçıların çoxunu iqtisadiyyata daha çevik, planlaşdırmaya daha az yer verilən və daha rəqabətcil Amerika yanaşma üsulunun qlobal inteqrasiya mühitində ən yaxşı iqtisadi böyümə strategiyası olması qənaətinə gəlməyə vadar etdi.
1990-cı illərdə Amerikanın işçi qüvvəsinin tərkibində də nəzərəçarpacaq dəyişikliklər baş verdi. Fermerlərin sayının uzun müddətdən bəri azalması meyli bu illərdə də davam etdi. İşçilərin çox az qismi sənaye sahələrində, böyük əksəriyyəti isə xidmət sektorunda, mağaza satıcısından tutmuş maliyyə planlaşdırıcıları işində çalışırdı. Artıq poladəritmə və ayaqqabı istehsalı kimi sənaye sahələri Amerika iqtisadiyyatının dayaq sütunları olmaqdan çıxmış, onları kompüter texnikası və proqram təminatı əvəz etmişdi.
1992-ci ildə özünün ən yüksək həddinə — 290 milyard dollara çatdıqdan sonra federal büdcə kəsiri iqtisadi yüksəliş vergi gəlirlərini artırdıqca durmadan aşağı düşməyə başladı. 1998-ci ildə hökumət 30 il ərzində ilk dəfə aktiv balansa malik oldu; ancaq onun əsasən də «uşaq doğumunun canlanması» dövründə dünyaya gələnlərə vəd edilən gələcək sosial təminat ödənişləri formasında böyük məbləğdə borcu qalırdı. Sürətli yüksəliş və inflyasiya səviyyəsinin durmadan aşağı düşməsindən heyrətə gələn iqtisadçılar Birləşmiş Ştatların «yeni iqtisadi sistemə» malik olub-olmamasını müzakirə etməyə başladılar, çünki bu «yeni iqtisadiyyat»ın sürətlə böyümə tempi ölkənin əvvəlki 40 ili ərzindəki təcrübələrinə əsasən mümkün ola biləcəyi güman edilən böyümə tempindən güclü idi.
Nəticə olaraq qeyd edək ki, Amerika iqtisadiyyatı bu illərdə əvvəlki dövrlərlə müqayisə edilməyəcək dərəcədə dünya iqtisadiyyatı ilə sıx əlaqələrə girmişdir. Özündən əvvəlki sələfləri kimi, Klinton da ticarət maneələrinin aradan qaldırılması üçün geniş səylər göstərmişdir. Şimali Amerika Sərbəst Ticarət Anlaşması (NAFTA) Birləşmiş Ştatlarla onun ən böyük ticarət partnyorları olan Kanada və Meksika arasındakı iqtisadi bağları daha da möhkəmlətmişdir. 1980-ci illər ərzində sürətli yüksəliş dövrü keçirən Asiya da Avropaya qoşularaq hazır məhsul istehsalı üçün yarımfabrikatlar göndərən başlıca təchizatçıya və Amerika məhsullarının ixracı üçün geniş bazara çevrilmişdir. Bütün dünyanı bürüyən zərif telekommunikasiya sistemləri bir neçə il öncə təsəvvürə belə gətirilməyəcək dərəcədə dünyanın maliyyə bazarlarına bağlanmışdır.
Amerikalıların əksəriyyəti qlobal inteqrasiyanın bütün xalqların xeyrinə işlədiyinə əmin olsa da, artmaqda olan qarşılıqlı asılılıq həm də bəzi problemlər yaratmışdır. Birləşmiş Ştatların daha üstün olduğu yüksək texnologiyaya malik sənaye sahələrində işçilər yaxşı keçinirlər, ancaq işçi qüvvəsinin ümumiyyətlə ucuz olduğu bir çox xarici ölkələrlə rəqabət ənənəvi istehsal sahələrində əməkhaqqılarının vəziyyətinə mənfi təsir göstərir. Bundan əlavə, Yaponiya və Asiyanın digər yeni sənayeləşmiş ölkələrinin iqtisadiyyatı 1990-cı illərin sonlarında sarsıntılara məruz qalanda bu sarsıntının dalğaları bütün qlobal maliyyə sisteminə mənfi təsir göstərmişdir. Amerikanın iqtisadi siyasətini müəyyən edənlər başa düşdülər ki, daxili iqtisadi siyasət kursunu müəyyənləşdirərkən onlar hökmən qlobal iqtisadi şəraitin nəticələrini də nəzərə almalıdırlar.
Amerikalılar 1990-cı illəri yenidən böyük əmin-amanlıq hissiylə başa vurdular. 1999-cu ilin sonlarına olan məlumatlara görə, ölkə iqtisadiyyatı 1991-ci ilin martından başlayaraq davamlı surətdə böyümüşdür. 1999-cu ilin noyabrında işsizlik əmək qabiliyyəti olanların 4,1 faizini əhatə etmiş, son 30 ildə ən aşağı göstəriciyə malik olmuşdur. 1998-ci ildə istehlak mallarının qiymətləri cəmi 1,6 faiz artmış (1964-cü ildən bəri bir il istisna edilməklə ən kiçik artım), yalnız 1999-cu ildə (oktyabr ayında 2,4 faiz) bir qədər yuxarı qalxmışdır. Qarşıda hələ xeyli çətinliklər durur, ancaq ölkə 20-ci əsri və onun gətirdiyi nəhəng dəyişiklikləri yaxşı əhval-ruhiyyədə başa vura bilmişdir.

 


Davamı →