Anarın “Əsgərə məktub”u...

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.
Müharibə vəziyyətini nəzərə alaraq, daha bir rubrika təqdim edirik: “Əsgərə məktub”.
Bu müharibə rubrikasında tanınmış ictimai, siyasi, mədəniyyət, incəsənət, ədəbiyyat, idman xadimləri, deputatlar, məmurlar, jurnalistlər, əmək və müharibə veteranları, şəhid anaları, ataları, xanımlarının “Əsgərə məktub”ları — ürək sözləri dərc olunacaq.
Anarın əsgərə məktubu
Rubrikamızda ilk məktubu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev yazdı. Gəlin, Anarın “Əsgərə məktub”nu oxuyaq:
“Azərbaycan əsgəri, sənə əbədilik zəfər, uğur diləyirəm. Fərəh hissləri keçirirəm ki, 30 ildir həsrətini çəkdiyimiz Şuşa, Laçın, Kəlbəcər və digər işğal altında olan torpaqlarımızı azad edirsən. Bilirəm, çoxunuz elə yaşdasınız ki, erməni tapdağında olan yerlərimizi görməmisiniz. Allahdan arzum Sizin sağ-salamat, zəfərlə gedib o yerlərə çatmanız, o yerlərin gözəlliklərini gözlərinizlə görməyinizdir.
Doğrudan da, oralar Azərbaycanın ən gözəl guşələridir və azad olunduqdan sonra daha da gözəl olacaq. İnşallah, sağ-salamat qayıdın, Azərbaycanın zəfər paradında iştirak edin.
Otuz il bundan qabaqla indini müqayisə etsək, çox şeyin dəyişdiyinin şahidi oluruq.
O vaxt xalqda bugünki kimi birlik, ruh yüksəkliyi olmamışdı. Keçən illər bizə çox dərslər verdi. Mübarizədə qalib gələcəyimizi, torpaqlarımızı ancaq müharibə yolu ilə ala biləcəyimizi, birlik olmasa, heç nə əldə edə bilməyəcəyimizi öyrətdi ötən illər.
Bu illərin dərslərini mənimsəyib, hazırda qələbəyə doğru gedirik. Cənab Ali Baş Komandanın dediyi kimi: “Yumruq kimi birləşmişik!”.


Müəllif: Fidan İlqarqızı

0 şərh