Qarabağ boyda dərdimiz travması

Son yarım əsrdə ərəb dünyasının beynəlxalq arenada enişə keçməsinə təkan verən amillə bağlı müxtəlif fikirlər irəli sürülür. Əksər hallarda radikal cihadçılıq mentaliteti əsas gətirilir və ya ümumillikdə, İslamda din və siyasət münasibəti qeyd olunur. Digər yandan, daha böyük şəkilə baxdıqlarını iddia edənlərin bu halın, Qərbin müstəmləkəçilik ənənəsinin nəticəsi olduğu iddiası da öz yerini qoruyur. Həmçinin İsrail-Fələstin konfliktinin bütün Ərəb coğrafiyasına çox güclü təsir etdiyi faktı da istisna edilmir.
Azadlıq Meydanı, 17 Noyabr 1988
Lakin seçkin ərəb intellektuallarından biri olan Amin Maalouf, bu məsələyə dair başqa bir mülahizə ilə çıxış edir: Ərəb milləti İsraillə müharibədə aldığı məğlubiyyət hissinin öhdəsindən gələ bilmədi.
Şübhəsiz ki, söhbət tarixə Altı Günlük Müharibə adı ilə düşən 1967-ci ildəki Ərəb-İsrail müharibəsindən gedir.
Müəllif, mədəniyyətlərin tənəzzülünü alleqorik olaraq bir gəminin batışı ilə müqayisə etdiyi “Sivilizasiyaların Batışı” (“Le naufrage des civilisations”) əsərində ərəblərin yaxın tarixindəki bu uğursuz hadisənin ictimai abu-havanı dəyişdirən bir məsələ olduğuna diqqət çəkir. Ona görə, həmin vaxta qədər ərəblər qəzəbli olmaqla yanaşı, həm də ümidli idilər. Lakin bu məğlubiyyət nəticəsində ümidlərini itirdilər və beləcə ərəb ümidsizliyi hasil oldu.
Amin Maalouf, ərəblər üçün bu halın nə dərəcədə utancverici olduğunu müharibəyə verilən adda da gizləndiyini qeyd edir. Qərblilər və israillilər tərəfindən “Altı günlük müharibə” adlandırılan müharibəyə ərəblər daha çox “İyun müharibəsi” və ya “Altmış Yeddi” deməyə üstünlük verirlər. Bu qədər qısa müddət ərzində ərəblərin hərbi baxımdan çox böyük məğlubiyyətə uğraması ərəb millətçiliyinə inamı dərindən sarsmışdı. Ərəb ölkələri bunun əvəzini heç vaxt çıxa bilmədi və nəticə etibarilə millət olaraq məğlubiyyətin travmasını aşmaq mümkün olmadı.
Amin Maaloufun kitabında həmin hissəni oxuyanda həm də bu hadisənin Qarabağ müharibəsi ilə paralelliyi barədə fikirləşirdim. Yəqin, Qarabağ probleminin milli kimliyimizin formalaşmasında, bəlkə də, ən vacib faktorlardan biri olduğunu desəm, mübaliğə etmərəm.

Əli Novruzov, bir neçə gün əvvəl yazdığı bloqunda bu halı yenidən təsvir edir:
“Azərbaycanın post-sovet gerçəkliyi və post-sovet kimliyi bütün gözəllikləri və eybəcərlikləri ilə Dağlıq Qarabağ münaqişəsinin məhsuludur. […] 80-ci illərdə azərbaycanlıları müəyyən edən, səfərbər edən, birləşdirən və bu gün tarixşünaslıqda “milli-azadlıq hərəkatı” adlandırılan kütləvi fəaliyyətlərə cəlb edən yeganə amil Dağlıq Qarabağ münaqişəsi idi.”

Millətçi çalara sahib milli-azadlıq hərəkatı, müharibədə məğlubiyyətdən sonrakı ərəb milliyyətçiliyi hərəkatı ilə eyni taleyi paylaşaraq inandırıcılıq baxımından müəyyən qədər zərbə almışdı. Digər yandan, torpaqların itirilməsi nəticəsində Qarabağ məsələsi ətrafında formalaşan milli kimliyin böhrana girməsi qaçınılmaz olmuşdu.
Qarabağ müharibəsinin vəsilə olduğu, bəlkə də, ən başlıca problem – məcburi köçkün məsələsi gənc bir ölkənin üzərinə əlavə ağırlıq yükləyirdi. Təbii ki, bu ağırlıq aidiyyatı strukturların hələ oturuşmaması nəticəsində yaranan sosial çətinliklər səbəbilə məcburi köçkünlərə daha baha başa gəlirdi (daha ətraflı Brukinqs İnstitutu və London İqtisadiyyat İnstitutu tərəfindən məcburi köçkünlərin vəziyyəti barədə 2011-ci ildə hazırlanmış bu hesabata nəzər yetirə bilərsiniz).
“39–49-cu paralellərdə yerləşən Azərbaycan Respublikası artıq 30 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20%-i erməni işğalçıları tərəfindən zəbt olunub, 1 milyondan artıq vətəndaşı qaçqın düşüb. İşğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib.
Tərk edilmiş neft buruqları ilə əhatə olunmuş məktəbdə məcburi köçkün düşmüş uşaqlar ailələri ilə birlikdə dərs ilinin bitməsini qeyd edirlər
BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR.”
Yaşadıqları yerdən didərgin düşən yarım milyondan çox insanın yenidən məskunlaşdırılması və inteqrasiyası kimi çətin proseslərin belə bir erkən dövrə—millət quruculuğunun ilkin mərhələsinə təsadüf etməsi öz növbəsində cəmiyyətdə travmanın –istəmədən də olsa – daha dərinə işləməsi ilə nəticələnəcəkdi. Bundan əlavə, hər gün televiziyada gündəlik xəbərlərdən əvvəl işğalçı qoşunların geri çəkilməsini tələb edən BMT qətnamələrinin hələ də yerinə yetirilmədiyinin bildirilməsi, habelə Qarabağ müharibəsindən olan görüntülərin tez-tez təkrarlı təqdimatı, ümumən, KİV-in Qarabağ münaqişəsi və bu münaqişə ətrafındakı məsələləri daxili auditoriyanın nəzərinə çatdırma üsulunun travmanın daxilləşdirilməsi prosesinə necə töhfə verdiyi tədqiqat mövzusu olacaq qədər vacib bir məqamdır. Çünki bu hal, Azərbaycanın tələblərinin beynəlxalq arenada sadəcə sözdə qaldığı hissini gücləndirirdi.
Amin Maalouf, xalqların, müharibədə məğlubluq hissini sadəcə müharibə ilə ötüşdüşmək məcburiyyətində olmadığını yazırdı. Ona görə, Yaponiya və Almaniya kimi, ölkələrin milli qürurunu hərbi müstəvidə bərpa etmək əvəzinə, sənayenin inkişafı və rifah artışı məsələlərinə üstünlük verərək təmin etməsi nümunələri də var. Lakin Qarabağ münaqişəsi həmişə az və ya çox isti qalması milli kimliklə bağlı yarımçıqlıq hissini diri tutduğu üçün digər məsələlərin önündə maneəyə çevrilirdi. Ona görə, nə olursa olsun, öncə “Böyük Qayıdış” mütləq idi.
Kosovo müharibəsi üzrə də müxbir olan Pulitzer laureatlı Carlotta Gallın New York Times üçün hazırladığı reportajda onun suallarını cavablandıran vətəndaşların, xüsusilə, məcburi köçkünlərin ifadələrində bu qayıdış həsrətini duymaq olur. Ümumiləşdirmə etmək lazımdırsa, onlara görə, yurda qayıdışın yolu artıq sadəcə müharibədən keçirdi. Qarabağ qazisi olan Anar Məmmədovun “[…] sonunda qeyd etmək istərdim ki, nəhayət, hamı Azərbaycanı anlayacaq” cümləsi isə dərində qalan başqa mətləbi açır —anlaşılmamış olaraq qalmaq.
Bütün bu yaşananlardan, sülh danışıqlarının bir nəticə verməməsindən sonra cəmiyyətdə müharibə tələbinin doğması təbii idi. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyevin “bu, xalqın müharibəsidir” qeydi, belə demək olarsa, bu tələbin sərrast ifadəsidir. İyul mitinqi bu travmanın nə qədər dərində olsa da, xalq üçün hələ də canlı olduğu göstərən bir sübut idi.
 
 
Mənbə: azlogos.eu
 

0 şərh