Sabaha adlaya bilməyən solçuluq

Son günlər Azərbaycanın sosial şəbəkə məkanında “sağ-sol” müzakirələri, daha çox mübahisələri gedir. Azloqos-da gedən “Çe Qevara: Fidelin sevimli cəlladı“ adlı məqalə, ardından da, yazıçı Ələkbər Əliyevin “Yatıb-çıxan oğlanın solçu anası” başlıqlı yazısı Facebookda ciddi əks-səda yaradıb.
Onu deyim ki, “Çe Qevara: Fidelin sevimli cəlladı“ adlı məqalədəki “fakt”ları müəllifin şəxsi mülahizələri, şəxsi hiss və düşüncələri, heç bir mənbəyə əsaslanmayan privat mövqeyi kimi qəbul edirəm. Ən azından başlıqlakı “…bir vaxtlar çiçəklənən Kubanı konslagerə çevirmiş Fidel Kastro rejimi…” cümləsi, müəllifin Kuba inqlabından əvvəlki general Fulgencio Batistanın avtoritar rejimindən xəbərsiz olduğunu açıq aydın göstərir.
Çe QevaraKeçək sağ-sol məsələsinə. 1998-ci ildən Azərbaycanda və Avropada sosial demokrat hərəkat və partiyalarında üzvlüyüm, o təşkilatlarda çalışmağım, xeyli sayda beynəlxalq konfrans, seminarlarda iştirakım, hətta FES-in “Sosial Demokratiya Akademiyası”ndan məzunluğum, təhsilim hər halda imkan verir ki, mövzu ilə əlaqəli bir neçə cümlə də mən deyim.
Ələkbər Əliyev öz twitter hesabından Azərbaycan solçularının ABŞ-a getmək üçün durduqları GreenCard növbəsini, bitcoin həvəslərini özünəməxsus şəkildə tənqid edib. Bilirsiniz ən acınacaqlısı nədir? Ələkbər yenə, növbəti dəfə haqlıdır. Niyə? Çünki Azərbaycanda “solçu” deyəndə təəsüf ki, ilk ağla gələn Çe Qevara aşiqi, əhli-Fidel, keçmiş SSRİ-yə, Lenin və Stalin kultuna, bolşevizmə, kommunizmə kor-koranə simpatiya duyan, şüarçi bir güruh canlanır. Çe hara, GreenCard hara?
Bir adam özünü solçu adlandırırsa, avtomatik Lenin-Stalin repressiyalarına, QULAQa, Qırmızı Kmerlərə, Pol Pot qırğınlarına, Mao və ya Kim Çonq Ina sahib çıxmağa daxilən bir ehtiyac hiss etməməlidir. Müasir dünya bunlarla çoxdan hesablaşıb.
Müasir dünyada sağ-sol ideoloji mübarizəsi çoxdan bitib. Avropada, Qərbdə sağ-sol “mübarizəsi” proqressiv vergi sistemi, həmkarlar təşkilatlarının nüfuzu, işçi haqq və hüquqları, sosial müavinətlər, mininum əməkhaqqı, böyük dövlət şirkətlərinin özəlləşdirilib özəlləşdirilməməsi məsələsindən kənara çıxmır. İdeoloji mübarizə isə artıq akademik məqalələr, sosio-psixoloji araşdırmalar, iqtisadi göstəricilər, elmi “arqumentlərlə” aparılır.
Avropada özünə solçu deyənlər – işçi haqqlarının qorunmasını, dövlətin gəlirlərinin vətəndaşlar arasında bərabər paylanmasını istəyənlər, qadın-uşaq hüquqlarını, LGBT haqqlarını müdafiə edənlər, ritorika və əməllərində irqçilik, qatı millətçilik olmayanlardır. Modern toplumlarda “solçu”luq artıq partizan mübarizəsi deyil. Müasir qlobal dünyada solçuluq sosial ədalət, fərdi azadlıqlar, həmrəylik prinsiplərinə əsaslanan, özəl mülkiyyətə hörmətlə yanaşan bir anlayışdır. Özünə solçu deyən dostlar öz şəxsi həyatlarında, ətrafa nə qədər “tolerantdırlar”, nə qədər solçudurlar? Sual budur.
O ki qaldı SSRİ, Çe, Fidel, Maduro məsələsinə, dünyada bu iqtisadi modellər işləmədi. Sınaqdan keçdi, milyonlarla insan günahsız yerə qətl, sürgün edildi, repressiyaya məruz qaldı, amma bu sosial eksperiment nəticəsiz çökdü. Sovet, kommunist tərbiyəsinin yanlış olduğunu gördük. Vaxtilə Marks və Lenindən dissertassiya yazanların, döşündə 5 ulduzlu nişan gəzdirənlərin əllərinə imkan düşdükdə nəinki kapitalistə, feodal, quldar təfəkkürlü oliqarxa çevrildiklərini gördük. Avropada xüsusən Şərqi, post-kommunist Avropada neofaşizmin, iqrçiliyin, anti-demokratik partiya və liderlərin hakimiyyətə gəldiklərini, korrupsiya və rüşvətin necə vüsət aldığını müşahidə edirik. Deməli bu yol yanlışdır, gedilməməlidir.
Kommunistlərlə islamçıların ortaq cəhəti – hər ikisinin, indiyə qədər dünyada “əsl islam” və “əsl kommunist” rejimləri müəyyən edə bilməmələridir.
Azərbaycan sağçılarına gəldikdə isə, onlar da fərqli deyillər. “Evində yoxdur gecəlik, könlündən keçir xocalıq” – məsəli bizim sağçı və liberallara çox uyğun gəlir. Heç bir sosial təminatı, stabilliyi olmayan; sağlamlığına, işinə, gələcəyinə zərrə qədər ümid etməyənlərin özlərini sağçı adlandırması da bir başqa tragikomediyadır. Bəziləri isə sürəti ayarlaya bilməyib, millətçilikdən vurub Mussolini, Frankodan çıxırlar.
İnsan haqqları, pul, işçi hüquqları, fərdi azadlıqlar, texnologiya, elm Qərbdədir, Avropadadır. Avropa isə sosial-demokratiya prinsiplərinə, orta yola söykənir. Avropada sol – yəni sosial-demokrat partiyaların seçiciləri əsasən kiçik və orta sahibkarlar, həmkarlar ittifaqları, müqaviləli işçilər, məktəbi, universiteti bitirdikdən sonra gələcəkləri üçün narahat olan tələbələr, gənclərdir.

Əziz yoldaşlar, dünyada bundan sonra “proletar inqlabı” baş verəsi deyil, çünki dünyada artıq proletar yoxdur, xidmət sektoru var.  SSRİ kimi böyük ərazidə nəsə sınandı, bitdi. Qloballaşan dünyada bundan böyük sınaq, təcrübə baş verəsi deyil. Hətta sosialist Kuba belə kiçik özəl sahibkarlığa izin verməyə başlayıb. Deməli orta yolu seçmək, müasir dünya ilə ayaqlaşmaq, bir növ kompromisə getmək, fərdi azadlıqlara, özəl mülkiyyətə hörmətlə yanaşmaq lazımdır. Şüarçılıq yerinə, daha ciddi, konkret əməli işlə, qadın-uşaq  problemlərinə, işçilərin müqaviləli, sığortalı çalışmalarına, onların istirahət və iş saatlarına, LGBT haqqlarına diqqət yönəltmək, irqi-cinsi ayrı seçkiliyə qarşı çıxmaq olar. Həmçinin ekoloji məsələlərin, fərdi azadlıqların dövlət tərəfindən nə dərəcə diqqətə alındığına nəzarət edilməlidir. Şüarçılıq, populizm, boşboğazlıq xeyirə aparmır. Qarşıda görüləcək real çox işlər var.
 

 
Müəllif: Zamiq Məmmədli
Mənbə: azlogos.eu
 

0 şərh