Linç dalğası: sosial şəbəkə manqurtları

Orta əsrlərdən bəhs edən bir filmə baxırdım. Bir təbib uzaq əyalətdən gəlir, dünyanın yaşadıqları yerdən ibarət olduğunu düşünən İsveçrənin kiçik bir kəndinə düşür. İnsanları tibbi üsulla sağaltması adını cadugərə çıxardır. Kənd camaatı toplanır və onun yandırılmasını tələb edir.
Qadın açıqlama verməyə çalışır, özünü isbat etmək üçün dəridən qabıqdan çıxır. Amma nə məhkəmə heyəti onu eşitmək istəyir, nə kənd camaatı. Qadın isə orada bir cümlə deyir, «heç kimə həqiqət maraqlı deyil, hamı nəticəni — ölümü görmək istəyir». İnsanlar isə hamısı bir ağızdan eyni tələblə qışqırırlar, «yandırılsın!» Adamların ağızları köpüklənə-köpüklənə, sonsuz nifrətlə, dərin ehtiraslı bu gözləntilərinin təsirindən çıxmamış Feysbukda qopan fırtınanın ortasına düşdüm.
Dərhal həmin filmdən məhkəmə epizodu gözümün önündə canlandı. Deməli, səs yazıları, mesajlar, fotolar, şəxsi videolar yenə ortalığa saçılıb. Günlərdir əl yazanı göz görmür. Rəylər barıt qoxusu verir, qan damır kəlmələrdən. Sanki dünyanın ən vəhşi, ən yabani yerində özbaşına əmələ gələn və ya süni şəkildə yetişdirilmiş bir qrup adamı yığıb doldurublar sosial şəbəkəyə. Süni şəkildə yetişdirilmək deyirəm, çünki bəzən elə şeylərə şahid olursan ki, deyirsən yox, bu, insan övladının edə biləcəyi iş deyil. Qana qan, dişə diş deyib düşüblər bir-birinin canına. Yaranmış mənzərələr qarşısında adamı vahimə bürüyür. "İlahi" deyirsən, öz-özünə, nədir bu qədər nifrətin, kinin səbəbi? Cavan-cavan insanlar, nur parçası kimi gənclər hansı arada bu qədər xıltı yığıb doldurublar dərinliklərinə? Orta yaşlıların, yaşlıların təcrübəsi, mərhəmətinin hara buxarlanıb getdiyini düşünməkdən için cız edir. Nədir insanlardakı bu linç sevdası? Niyə bir-birlərini toxunmadan qanlarına qəltan edirlər?
sosial şəbəkə manqurtları
Linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəza növüdür. Adəmə qədər gedib çıxmayacam, amma bu, əsrlərdir var. Bu gün isə daha şiddətli və daha kəskin şəkildə özünü göstərməkdədir. Əvvəllər meydanlarda, məhəllələrdə, dedi-qodu masalarında, insanların sıx olduğu yerlərdə dolaşırdılar, indi isə sosial şəbəkəyə yığılıblar. Olduqca populyar bir hal alıb kimisə linç etmək.
Şüursuz rəylər, ədəbi aşan statuslar, heç bir əndazəyə sığmayan kəlmələr, əndazədən çıxmış paylaşımlar baş alıb gedir. İnsanlar dəhşətli dərəcədə təhlükəli olublar. Təqibçi sayı bir az artıq olanlar sırf «like» naminə başqalarını hədəf göstərərək kütləni ora yönəldirlər. Şəkillərini paylaşıb küt düşüncəli istifadəçilərə söydürürlər. Hər gün yeni «günah keçiləri», yeni «suçlu», yeni «nişangah» tapırlar.
Əksəriyyət söydüyü, təhqir etdiyi insanın haqqında elə də çox məlumat sahibi deyil. Sadəcə digərlərinə baxır, palaza bürünür, onlarla birgə sürünür. Vay o günə bir qadın əri tərəfindən öldürülə, həmin xəbərin altına elə dəhşətli rəylər yazılır ki, adamın tükləri biz-biz olur. «Yəqinlər», «bəlkələr», «görünən odurkilər», fərziyələr… fərziyələr… fərziyələr… tüğyan edir! Məsələn, «yəqin ərini aldadıb», «Allah bilir nə „qrexi“ var», «günah öləndədir», «yaxşı at özünə qamçı vurdurmaz» və daha nələr, nələr… İçim əzilir bu cür rəyləri oxumaqdan. Ürəyim xınc-xınc olur cəmiyyətdə xərçəng xəstəliyi kimi metastaz verərək yayılan bu kütləni gördükcə.
Çoxu düşünür ki, üzü üzümə, gözü gözümə deyil. Yaxşı, bəs vicdan? Batmırmı ətinə, gecə yatağına girəndə dalamırmı dərini, yastığın daş olub başını əzmirmi? Başqalarını ən ağır şəkildə təhqir edib, damğa vurub başını yastığa necə qoyursan? Başqasının övladlarına ağzına gələni dedikdən sonra öz övladının saçını necə tumarlayırsan? Başqasının mənliyini, şərəfini ən çirkin ifadələrlə alçaltdıqda sonra «mən bir fərd, bir şəxsiyətəm» deyib necə həyatına qaldığın yerdən davam edə bilirsən demək istəyirsən. Amma mümkün deyil. Çünki öz səslərindən başqa kimisə eşitmir, görmək istədiklərindən başqa heç nəyi görmürlər. Elə bir manqurtlaşıblar. Çünki bütün insani hisslərini, duyğularını itirib, şüursuz bir kölə kimi hərəkət edən məxluq kimi davranış sərgiləyirlər.
Küçədə iki nəfər görəndə keçib gedirlər. Amma sosial şəbəkədə vay o günə birinin digəri ilə sözü çəpləşsin. Leş üzərinə şığıyan qarğa quzğun kimi tökülürlər rəylərə. Bilən bilməyən, anlayan, anlamayan hər sətirdən bir üfunət iyi vurur adamı. Sırf təqibçilərə xoş olsun deyə linç ortamı yaradanlar var. Məqsəd eqolarını daha çox oxşatmaq, əksikliklərinə daha çox sığal çəkdirməkdir. Bu cür adamlar özləri ilə barışıq deyillər. Mütəmadi kimlərəsə ehtiyac duyurlar. Yarımçıqdırlar. Linç edənlər isə elə bilirlər ki, qarşıdakı divardı. Çünki özünü onun yerinə qoya bilmir, empatiyadan yoxsundurlar. Hissləri, düşüncələri korşalıb.
«Global Stats» statistika mərkəzinin son məlumatına görə, Azərbaycanda «Facebook»un 20.5, "İnstagram"ın 24.6, «Youtube»nin 24.85 faiz istifadəçisi var. Bu, bir neçə ay öncənin məlumatıdır. Pandemiyanı, evə qapanmaları nəzərə alsaq faizlərin dayanmadan artığını görərik. Bu artım isə daha çox manqurtlaşmadan xəbər verir. Heç kimə sirr deyil ki, linç sosial media yaradıcılarının işinə yarayır. Çünki belə kütləvi hal reklam gəlirlərinin artması deməkdir. Ona görə də, bu yöndə şikayətlərə gec baxılır, çox vaxt nəticəsiz qalır və ya «həmin şəxsi əngəlləyin» deyə bildiriş göndərilir. Məsələn, mədəni davranan, ətliyə südlüyü elə də çox qarışmayan, mübahisələrə girişməyən, rəy yazmayanlar qurucular üçün ölü profil hesab edilir. Çünki onların üzərindən gəlir əldə edə bilmirlər. Görünən isə budur ki, iqtisadiyyat bu sahədəki inkişafını da insan həyatları üzərindən sabitləyir. Təbii ki, linçləyənlər burada sadəcə alət, istifadə vasitələridir. Qazanmırlar. İtirirlər; enerjilərini, həyat eşqlərini, pozitivliklərini, məsumiyyətlərini, insanlıqlarını, mərhəmətlərini. Linçə məruz qalanın isə vəziyyəti daha betərdir.
Etməyin, eyləməyin deməklə məsələ həll olası deyil. Gərək hər kəs vicdanını qarşısına qoyub düşünsün və ya az da olsa küncdə, bucaqda qalan empatiya hissini hərəkətə keçirsin. Çünki bu, yalnız insanın özünün özü ilə həll edə biləcəyi məsələdir.
 
 
 
Müəllif: Türkan Turan
Mənbə: 525.az

0 şərh