Telefonunuz neçəlikdir?

Bu yazını uzun müddətdir yazmaq istəyirdim. Ümumiyyətlə, çox sevdiyim məqalə yazarlarının son aylarda passivləşməsi üzüntülü bir hal almışdı. 3 həftə əvvəl telefonumun “rəhmətə getməsi” və dünən də bu xəbəri görəndə lap ürəyim ağrıdı. Bir az dərdimi Sizinlə paylaşım. 

Məsələ, texnologiyanın qram-qram inkişaf etdirərək, hər qramından milyonlar qazananları qınamağımdadır. Sanki, teknologiya da elə qram-qram inkişaf edir, bunlar da məcbur ətəklərində nə varsa onu da ortaya tökürlər. Bəzi skandallarla da zibillər ortaya çıxırdı. Bir ara yadınızdadırsa (2003) bəzi normal harddisklər xüsusi metodlarla formatlayanda (ghost ilə klonladıqda) həcmləri 2 dəfə artırdı (RAID olduğu ortaya çıxırdı). Səbəbi belə izah olundu ki, istehsalçıya az həcmli ilə çox həcmli harddiskə sərf etdiyi xammal eyni qiymətə başa gəldiyindən gələcək model harddiski indidən çıxarıb, artıq həcmi isə xüsusi kodlarla gizlədir. Bəs nəyə görə bunu edir? Çünki, indidən ucuz versə, sabah ac qalacaq.

İndi də telefon məsələsi. Deməli, 2002-də orta gəlirli bir ailənin övladı kimi bir telefon alarkən verəcəyim pul 100manat idisə, bir az da canımı dişimə sıxıb cəmi 150 manata Siemens SL45i almışdım. Bu telefon mənim telefona olan baxışımı dəyişdirdi. O vaxtlar telefonla nə etmək olurdu ki? Camaat telefonu alan kimi polifoniyasını və zəngləri yoxlayırdı, başqa da özəllik yox idi. Amma SL45i-də 32Mb yaddaş kartı var idi. Həm də “hot removable” idi. SL45i-da 128kbit/s MP3-ün qulaqlıqlardan çıxan səs keyfiyyəti axtarsan bəlkə bahalı mp3 playerlərdə taparsan. Bir telefon ki, termometri göstərir, fanarı var, A-GPS-i var, Azərbaycanca menyusu və “Ə” hərfini dəstəkləyir, ebook reader ilə kitab oxumaq olur, lüğətlərimin hamısını qüsursuz dəstəkləyir, batareyası 5 gün saxlayır, gələn zəngləri ekrana baxmadan bir düymə basaraq səs olaraq yazır və nəhayət pulsuz SMS göndərə bilir… Soruşuram, bunları Sizin telefonunuz bacarırmı?

O telefondan sonra çox telefon çıxdı, amma Siemens bir daha elə səhv buraxmadı. Çünki, 7 il əsas telefon kimi istifadə etdim və 7 il Siemensə xeyir vermədim. Düzdür, ikinci telefonlarım da oldu, onlar da əfsanəvi idilər (Nokia N73, HTC Diamond). Amma, artıq bu 7 ildə android doğulmuşdu.

HTC HD2. 2010-da Amerikadan 300 $ alınan və hamıya görə “yekəpər” telefon. O vaxtı ən böyük 3.5”-lik ekran iPhonda ikən ilk dəfə birdən birə 4.3” ekranlı telefon çıxmışdı. Funksionallıq olaraq Samsung Note 3-dən ön kameranın olmaması ilə fərqlənir. Qınayacaqsınız ki, Note 3-ü çox öldürdün. :) Kamerası var, 1 günə batareyası boşalır, GPS, 3G, RSS, Messenger, facebook, chrome… Nə dəyişilib ki? Sürət desinız, məncə sürət daha çox istifadəçinin özündən asılıdır. «yaxından baxanda nöqtələr görsənmir»… Baxma! O qədər yaxından baxırsan ki, miop olursan. Amma, mənim baxışıma görə, telefon vacib olan işi kifayət qədər yerinə yetirə bilirsə dəyərlidir. Günümüzdə androidin 4.3 versiyası telefonlarda nadirən tapılırkən, telefonum rəhmətə getməsəydi bu gün 4.4 KitKat yükləyəcəkdim. Sürət və yaddaş məsələsində 4.2.2-dən başlayaraq xeyli inkişaf getmişdi. Ona görə hələ 1 il də yeni telefon almağı düşünmürdüm.

Seçim. Əgər alın yazısı varsa, axirət imtahanına çəkilməyimizin əsas səbəbi: etdiyimiz seçimlərdir və qərarlarımızdır. Qalmışam LG G2 ilə Note 3 arasında. Hələ su keçirməyən Sony Xperialar da var. Bir telefon yoxdur ki, alasan deyəsən ki, cəhənnəmmə, baha aldım, amma biləcəm ki, 3 il gedəcək. Ən ucuzu LG G2-dir. Çox funksionaldır, sürətlidir, di gəl ki, “drop test”dən keçmir. Note 3 isə dəhşət bahalıdır. İnadına almaq istəmirəm, lap qudurublar, 1000$-a telefon olar? Müqayisə üçün, Samsung ATIV tab 5 aldım, 650 dollara (tabletə çevrilən ultrabook), ömrümdə Windowsu belə rahat və səssiz işlətməmişdim. Təbii ki, eyni texnologiya deyil, amma çox yaxındır. Bahalı olmanın da başqa səbəbləri də varmış. Siz heç Ericsson firmasının taleyindən xəbəriniz var? Mən deyirdim yəqin yazıqlar bankrot olublar, səsləri çıxmır. Sən demə adamların 33000-ə yaxın patentləri olduğundan əlləri ciblərində oturub, o patentləri arendaya verməklə milyonlar qazanırlar. Yəni, məsələn, misal üçün deyirəm, şirkət (Samsung, Sony, Apple) 3G özəlliyi olan telefon üçün telefon başı 10$ Ericssona vermək məcburiyyətindədir. Ona görə Samsung S4-ün əsl qiyməti 235$-dır. İndi Sizdən soruşum, Sizin telefon neçəlikdir?

0 şərh