KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?

2.2.2.3. Sınaq-səhv metodu

Tərəf-müqabilin həqiqi fikirlərini üzə çıxarmağın, rəyini «zandaj» etməyin daha bir üsulu bu metoddur. Burada müxtəlif kəşfiyyat hərəkətləri və sözləri vasitəsilə ona «hücum» edilir, bunlara verdiyi cavab reaksiyaları əsasında, nəyi davam etdirib-etdirməmək barədə nəticə çıxarılır. Bu metodun özü də iki variasiyadan ibarətdir.

Birinci halda müxtəlif zarafat, lətifə, eyham, replika, atmaca, ikibaşlı suallar, hərəkətlər və s. vasitəsilə birbaşa hücum edilir, lazımi sərhədd keçilir. O cümlədən, söhbət əsnasında gənc oğlanların 'təsadüfən'' yeni tanış olduqları qızların qoluna, saçına, belinə əl toxundurmaları, lətifələrlə tədricən «lazımi» mövzuya gəlib çıxmaları, müsahiblərin müxtəlif fel formaları ilə bir-birinə eyham vurmaları, sataşmaları (məs., bu formullarla: «Heyf, fürsəti əldən buraxmısan, gərək belə edəydin», «Mən olsaydım belə edərdim» və ya «Filankəs olsaydı belə edərdi», «Nəyə görə çəkindin, orda nə var idi ki?», «Yoxsa qorxdun ki, filan cür olardı?», «Bəlkə belə edəydi, bəs onda?», «Kaş elə olaydı», «Eybi yoxdur, indi qorxmursan qorxma, fürsət düşəndə qorxudaram», «Nədir, məgər sənə nə isə təklif verirəm ki?», «Yox, qorxuram söz-zad düzəldərsən» və s.) və b. həmin bu «kəşfiyyata» nümunələrdəndir (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 36, 41-42, 44, 66...). Yuxarıda təsvir edilən indikatorların göstəriciləri, yəni tərəf-müqabilin müxtəlif formalı mənfi-müsbət reaksiyaları əməliyyatı davam etdirib-etdirməmək, eləcə də, hansı müstəvidə davam etdirmək barədə lazımi siqnal verir. Reaksiyalarına əsasən tərəf-müqabilin incidiyi hiss olunursa, hər şeyin zarafat olduğunu bildirməklə, eyni zamanda, onun mövqeyini, baxışını dəstəkləyən bir neçə əlavə fikir söyləməklə, mövzudan məharətlə yayınmaq və ziddiyyətə şans verməmək mümkündür (Müəyyən variant halında burada lazımi fikir müxtəlif şayiələr və ya ikinci, üçüncü adamlar vasitəsilə ona çatdırılır və bundan sonra reaksiyası, münasibəti izlənilir. Reaksiyası ilə tərəf-müqabil işarə vurasıdır ki, fikrin hansı formuləsi onu qane edərdi. Lakin bu halda bir şeyi nəzərdən qaçırmamalı ki, bəzən məsələyə başqalarının (o cümlədən, ictimai rəyin) qarışdırılması əks-effekt göstərərək, tərəfdaşı əvvəl razı olduğu məsələdən artıq çəkinməyə məcbur edə bilir);


İkinci halda
isə addıma mane olan, ehtiyat tələb edən baryer açılıb göstərilir, müzakirəyə çıxarılır və onun da bunu ciddi baryer sayıb-saymaması izlənilir. Fikir, əsasən bu formullarla düzəldilir: «Heyf ki,... yoxsa..», «Özüm istəmirəm, yoxsa..», «Hələ vaxtı deyil, yoxsa...» və s.. Problem, baryer, mane olan amil yerində istənilən bir bəhanəni əsas qəbul etmək mümkündür. Cavabında tərəf-müqabil bildirə bilər ki, «bunun məsələyə nə dəxli?» və ya «Fikrən qəbul edək ki, heç o problem yoxdur», yaxud əlavə olaraq misal də çəkə bilər ki, «Filankəsdə də, o problem var, ancaq heç əhəmiyyət vermirlər» və yaxud da ki, sükutla sizin dediyinizə razılıq bildirə bilər və ya «çox nahaq belə fikirləşdiyinizi və heç bir şərt çərçivəsində bu sövdanızın baş tuta bilən iş olmadığını» elan edər;

2.2.2.4. Statistik   intensivlik   metodu

Xoşu gələn bir oyuncaq və ya iştahı keçən təam yanında balaca uşağın özünü necə apardığı məlumdur: uşağın gözü onun yanında qalır, anasının əlindən ona doğru daha çox dartınır və s. Böyük adamlarla bağlı da hər şey beləcədir. Yaşından asılı olmayaraq istənilən adam beynini məşğul edən problemə fikrən dönə-dönə qayıdır, o məsələ onun diqqətini daha tez-tez məşğul edir. Məhz bu kiçicik «əlyeri» də, onun fikirlərini «oxumaq» məsələsində daha bir oriyentasiya verir.

Söhbət əsnasında tərəf-müqabilin hansı mövzuya doğru daha tez-tezn «dartındığını», dönə-dönə qayıtdığını, müraciət etdiyini, hansı adı tez-tez hallandırdığını, misal göstərdiyini, ehtiyac olmadan vurğuladığını və s. izləməklə, onun beynini daha çox məşğul edən problem barədə ümumi təsəvvür əldə etmək mümkündür. Həmin mövzunun ümumi söhbətlərindəki həcmi, statistik çəkisi, intensivliyi və s. onun düşüncələrinin məhz bu orbit üzrə fırlandığına işarədir.

Qeyd olunmalıdır ki, tərəf-müqabil sizi üzə salmaq, sizdən nəsə qoparmaq xatirinə nəyisə özü qəsdən tez-tez vurğulaya bilər ki, sizin diqqətinizi ona cəlb etsin. Hər halda, bu da yenə onun maraqları kaleydoskopuna aid məsələdir və təmənnalarını açmağa imkan verir;

2.2.2.5. Eyham   metodu

İnsanın fikirlərini üzə çıxarmağın bir fəndi də budur. Burada müxtəlif ''təsadüfi'' eyhamlarla işarə edilir ki, guya, onun hansısa bir sirri barədəsə hər şeyi bilirsiniz. Sadəcə olaraq, onu namünasib vəziyyətə salmamaq və ya söhbət o yerə gətirib çıxarmadığı üçün heç nəyi açmırsınız. Artıq burada sizin üçün də gizli heç nə qalmadığına əmin olduğu üçün tərəf-müqabil yeri gəldikcə, söhbət o mövzulara gətirib çıxardıqca, özü onun bəzi tərəflərini, fərqinə varmadan dilindən qaçırasıdır. Yaxud münasibətin forması ona sirr gizlətmək səlahiyyəti vermirsə, o özü tez bəhanə tapıb məsələnin yerdə qalan hissəsini də açıqlamağa (''cəzasını yüngülləşdirmək üçün'' ''xoşa-xoşluqla boynuna almağa'') çalışasıdır.

Burada da, bəzi nüanslar var ki, effektli nəticə almaq üçün onlarınn nəzərə alınması vacibdir. Əvvəla, eyhamlar düz hədəfə dəyməlidir, yəni bu sirrin heç olmazsa bir elementini tam dəqiq bilməlisiniz, O cümlədən, özünüz çıxardığınız məntiqi nəticələrdən eyham kimi istifadə etsəniz, heç olmazsa şübhələrinizin uyarlılıq dərəcəsi kifayət qədər olmalıdır. İkincisi isə, tərəf-müqabilin hər hansı ötəri açıqlamaları barədə qətiyyən sual vermək olmaz, O, hər hansısa bir məsələ barədəsə fərqinə varmadan hər şeyi danışdıqda, ona stavka edir ki, siz onsuz da bunu bilirsiniz. Sizin suallarınızsa, xəbərsizliyinizi üzə çıxarar və onun məsuliyyət barədə hər şeyi yenidən götür-qoy etməsinə gətirib-çıxara bilər;

2.2.2.6. Həqiqəti   təhrif   metodu:

İnsanın həqiqi fikrinin, xarakterinin, emosiyalarının və s. üzə çıxarılmasının daha bir üsulu - onun halının, mövqeyinin, əqidəsinin, fikrinin, xasiyyətinin və s. səhv yozulmasıdır.

Bu metodun özü də iki variasiyadan ibarətdir:

Birinci halda məsələnin pis tərəfi əsas götürülür, müsahibin hansısa bir fikrindən, danışığından, davranışından, niyyətindən, durumundan və s. onun ziyanına, əleyhinə olan nəticə çıxarılır. Bu cür təhrifin, şantajın, insinuasiyanın ona imici, qazancı, asayişi, hörməti, xoşbəxtliyi və s. bahasına başa gələcəyini dərk etdiyi üçün tərəf-müqabil dərhal hər şeyi incəliklərinə qədər açıb danışmağa başlayacaq ki, təki haqqında ədalətsiz qərar çıxarılmasın. Onun mövqeyinin, halının, fikirlərinin və s. şübhə altına alınması bu metodun digər variantıdır ki, yenə də tərəfdaş sizi şübhədən qurtarmaq üçün çapalayasıdır.

İkinci halda əksinə, hər şey mübaliğə etdirilir, ideallaşdırılır. Gələcəkdə həqiqətin üzə çıxması ilə özünün namünasib vəziyyətə düşəcəyini dərk edən tərəfdaş özü dərhal rəyinizə korrektə verməyə başlayacaq:

-   Nə danışırsınız, mən o qədər də ideal deyiləm.

-   Yox, bilirsiniz, elədir ey, amma...;

2.2.2.7. Sorğu metodu

Tərəf-müqabilin fikirlərini ayırd etməyin, demək olar ki, klassik metodudur. İnsanlıq, yəqin ki, bir-biri ilə ünsiyyət saxlamağı
öyrəndiyi gündən bu metoddan istifadə edir. Ünsiyyətdə dominantlıq dərəcəsinə görə məntiq elmi tərəfindən, (və ya erotetik) məntiq məhz onu öyrənmək üçün yaradılıb. Elmi idrakda rolu əvəzedilməzdir. Ritorika və poetika ondan xüsusi təsir aləti kimi istifadə edir.

Lakin çox-çox əfsuslar olsun ki, sualın həmin bu ritorik, poetik, məntiqi və s. formaları psixologiya üçün yaramır, psixologiya özü isə, daha çox əfsus ki, bu məsələyə heç bir əhəmiyyət verməyib (şablon sualları əhatə edən məhkəmə və tibb psixologiyaları da daxil olmaqla), hansı ki, psixoloji sual kriminalistika, jurnalistika, diplomatiya, diaqnostika və b. üçün də böyük dəyər kəsb edir və onun bitkin təliminin qurulması, sisteminin tapılması psixologiyanın onlarla tədqiqat üsullarını (anket, müsahibə və s.) ümumiləşdirərək dolğunlaşdırar, inkişafına xeyli kömək edərdi.

Gələcəkdə «psixoloji sualın» psixologiyanın xüsusi tədqiqat obyektinə çevriləcəyinə və onun dəqiq mexanizminin, sisteminin tapılacağına böyük ümid bəsləyərək, burada hələlik, bizim fərqləndirə bildiyimiz bəzi psixoloji sual növləri sadalanır:

2.2.2.7.1. Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:

7.1.a) Dəqiqləşdirici suallar: Yeganə olaraq «Hə»-«Yox», «Var»-«Yoxdur» («olub»-«olmayıb», «olacaq»-«olmayacaq») kimi bəsit cavablar tələb edən bu sual növlərində yalnız hansısa ehtimalın təsdiq və ya inkarı nəzərdə tutulur. Gündəlik ünsiyyətdə insanların biri-birinə verdiyi «Səndə filan şey varmı?», «Bu filan şeydirmi?», «Gələcəksənmi?», «Yaxşısanmı?» və s. kimi suallar bu növdəndir.

Psixoloji baxımdan, bu tipli suallar da, birbaşa formasında yararlı deyil. Belə ki, sizə heç bir aidiyyatı olmayan bir məsələ barədə sual verdikdə sizə elə bir cür də cavab verə bilərlər: «Bunun sənə nə dəxli?». Odur ki, bu tipli məqamlarda sualı məntiqi deyil, psixoloji formada qoymaq yeganə effektli yoldur.

Deyilən variant, sualın elə bir formasıdır ki, burada birbaşa olaraq həmin məsələ barədə yox, ondan törəyə biləcək nəticə haqqında sual verilir. Və təbii ki, nəticənin olub-olmamasından, səbəbin də mövcudluğu barədə nəticə çıxarmaq o qədər də, problem törətməyəcək.

Məsələn, tutaq ki, sizə tərəf-müqabilin ailəli, yoxsa subay olduğunun müəyyənləşdirmək lazımdır. Sualın birbaşa variantda qoyuluşu qeyri-etik və təhlükəli olardı. Lakin ailəli olub-olmadığını müəyyən etmədən sualı birbaşa onun həyat yoldaşı barədə verdikdə, cavab hər şeyi həll edir - «Həyat yoldaşınız qohumunuzdurmu (yerlilərinizdəndirmi, işləyirmi, musiqiçi deyil ki, və s.)?» və i.a. formasında;

7.1.b) Tamamlayıcı suallar: Heç nəyin iqrar-inkarını tələb etmədən, hər şeyi sıfırdan başlayaraq öyrənmək məqsədi güdən suallardır. Adi vaxtda insanların bir-birinə verdiyi «Adın nədir?», «Necəsən?», «Haralısan?», «Hara gedirsən?», «Hardan gəlirsən?», «Bu nədir?», «Harda?», «Nə vaxt?», «Necə?», «Nə üçün?», «Kim?», «Nə?» və s. tipli suallar bu kateqoriyadandır.

Yuxarıdakı qrup suallarda olduğu kimi, burada da birbaşa suallar hər yerdə eyni effekti vermir və bu səbəbdən, müəyyən psixoloji anlarda bu qrup sualların da psixoloji variantı düzgün cavab almağın yeganə metodudur. Bunun üçün sual, həmin məsələ ilə assosiativ rabitədə olan və sizə də məlum olan nə isə üçüncü bir şey barədə verilir, onun əsasında isə sizə lazım olan məsələ barədə nəticə çıxarılır. Bütün hallarda burada vacib olanı - müvafiq əlaqələndirici konstantı axtarıb tapmaqdır:

Məsələn, əks cinsin nümayəndəsindən onun yaşını soruşmağın qeyri-etik sayıldığı məlumdur. Lakin yaş əvəzinə nə zaman məktəbi, institutu bitirdiyini, instituta məktəbdən dərhalmı sonra daxil olduğunu və ya söhbət oğlandan gedirsə, əsgərlikdə hansı illərdə olduğunu və s. soruşmaqla bilavasitə yaş barədə nəticə çıxarmaq mümkündür. Eyni qayda ilə, bürcünə əsasən yaşını, doğulduğu ayı tapmaq, ünvanına əsasən telefon nömrəsini, yaxud telefon nömrəsinə əsasən ünvanını müəyyənləşdirmək (məlumat bürosu vasitəsilə), valideynləri ilə öz arasında olan familiya, ünvan fərqinə əsasən ailə vəziyyətini konkretləşdirmək (söhbət, əgər qadından gedirsə) və b. da bu qəbildən olan məsələlərdəndir.

2.2.2.7.2. Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:

Deyildiyi kimi, sual vasitəsilə ayırd edilməsinə cəhd edilən daha bir problem, tərəf-müqabilin öz əlamət-münasibətləri, başqa sözlə, onun xasiyyəti, zəiflikləri, meylləri, təmənnaları, ehtiyacları və s.-dir. Taksonomik və meronomik təsnifat apararaq tərəf-müqabilin dəyərlər və münasibətlər şkalasındakı yerini müəyyənləşdirməyə xidmət edən, bu məsələdə də, buradakı bütün digər kəşfiyyat növlərində olduğu kimi, əlamətin münasibət, yoxsa münasibətin əlamət törətməsi kimi məşhur fəlsəfi mübahisə heç bir əhəmiyyət kəsb etmir və vacib olanı, bunların bir-biri ilə vəhdətidir. Üstəlik də ki, hansısa xasiyyət təkcə sosial faktorların deyil, həm də irsi faktorların təsiriylə formalaşır, hansısa münasibətə isə insan, təkcə xasiyyəti deyil, verilmiş andakı vəziyyəti, o cümlədən, ümumiyyətcə, vəziyyət prizmasından baxır. Bir sözlə, müstəqil əlamət və müstəqil münasibətlər barədə olan psixoloji sual növləri haqqında:

Cabbar Məmmədovun
"Diplomatik Psixologiya" kitabından
 

0 şərh