KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı? (Ardı...)

7.2.a) Əlaməti müəyyənləşdirmək məqsədinə xidmət edən suallar: Bu qrup sualların tipik nümunəsi aşağıdakılardır: «Sən qısqanc deyilsən ki?», «Sən ağıllısan, ya axmaq?», «Sən qorxaqsan, ya cəsur?», «Sən əclafsan, ya mərd?» və s. Təbii ki, bu suallarda olan heç bir pis əlaməti heç vaxt heç kim özünə götürməz və yaxud eyni bir adam vəziyyətdən asılı olaraq gah bu, gah da digər yaxşı əlaməti özünə aid edə bilər, hansı ki, əslində onda onların heç biri olmaz. Digər tərəfdən baxdıqda isə, onları qınamaq da düzgün deyil, çünki heç kəs mütləq, monoton deyil və ayrı-ayrı etalonlarla ölçüldükdə hər kəsdə həm yaxşı, həm də pis cəhət aşkar etmək mümkündür. Hər kəsin həm qorxduğu, həm də arxayın olduğu məqamlar var və hər kəsin vaxtından asılı olaraq, həm nəciblik və həm də əclaflıq etdiyi anlar olub, ələlxüsus da, eyni bir hərəkəti fərqli formalarda yozmaq mümkündürsə. İnsanlar da özlərini, yalnız verilmiş anda özünə sərf edən meyarlarla görür və başqalarının da onu məhz bu bucaqdan görməsinə çalışırlar. Həqiqətdə isə heç kəs göründüyündən ibarət olmur. Bəs, onların görünməyən tərəflərini necə aşkar etməli?


Diqqət mərkəzində olmaq nə isə ürəkbulandırıcı bir işdir. Yuxarıdakı sualların başlıca qüsuru bu idi ki, onların hamısında sual obyekti tərəf-müqabilin özüdür və üzərinə videokamera tuşlanmış adamlar kimi, bu vaxt o da, dərhal ya gizlənməyə, ya da üst-başını düzəldərək gülümsəməyə - Bir sözlə, «rola girməyə» çalışacaq. Əksinə, kamera başqa hədəfə tuşlanıb, tərəf-müqabil onun periferiyasından izlənsəydi, onda başqa məsələ. Bu formada qurulmuş «psixoloji sual»ların mexanizmi məhz bu deyilən effektə əsaslanır:

Bu qrup sual növlərindən biri - hansısa əlamət, xasiyyət barədə tərəf-müqabilin münasibətini soruşmaqdır. Məs., bu cür: «Sən bilən hiyləgərlik necə xüsusiyyətdir?», «Sənin inadkar adamlardan xoşun gəlirmi?» və s. Simpatiya və antipatiyası onda bu xüsusiyyətin və ya ona zəminin olub-olmamasını aşkarlayasıdır;

Digər halda sual üçüncü bir adamla bağlı verilir. Belə ki, məs., ümumi tanışınızın, hansısa bir film, əsər qəhrəmanının və ya ümumiyyətcə, kiminsə (hətta bu «kimsə» sizin uydurmanız da ola bilər) hansısa bir cəhəti müzakirəyə çıxarılır və bu barədə onun da münasibəti izlənilir. Nəticə, eynilə yuxarıdakı kimidir;

Üçüncü halda sual hansısa bir əlamət barədə deyil, əlamətin əlaməti barədə verilir və dolayısı ilə həmin əlamətin də, onda olub-olmaması nəticəsi çıxarılır. Məs., birinin varlı olmasının əlaməti, son dəbli mebeli, elektron avadanlığı, paltarı, çoxotaqlı evi, dəbdəbəli həyat tərzi və s. olmasıdır. Necə ki, maddi vəziyyəti barədə sual vermədən, həmin bu məziyyətlər əsasında onun gəlirini təqribi aydınlaşdırmaq mümkündür, eyni qayda ilə də, gecə telefon zənglərinə münasibəti, belə zəngləri tez-tezmi olur və ya olmasını istərdimi və s. kimi suallara verdiyi cavaba əsasən tərəf-müqabilin, birbaşa olaraq, «nə yuvanın quşu» olduğunu, dolayısı ilə isə sirr saxlaya bilib-bilməməsini müəyyən etmək mümkündür və s.;

7.2.b) Münasibəti müəyyənləşdirmək məqsədinə xidmət edən suallar: Buraya hansısa meylin üzə çıxarılması məqsədinə xidmət edən suallar aiddir. Rədd cavabı alaraq pərt vəziyyətinə düşməmək üçün sevgililər qarşı tərəfin rəyinə tam arxayın olmayınca bir-birinə ürəyini açmır, dövlətlər qeyri-rəsmi bəyanatlar çərçivəsindən o qədər də, uzağa getmirlər. Bu səbəbdən, hansısa təklif verməzdən əvvəl, tərəf-müqabilin «ağzını aramaq» pərt vəziyyətini, «bumeranq effekti»ni sığortalamağın yeganə yoludur;

1)   Bu məqsədə xidmət edən suallardan bir qrupu - şəraiti fikrən dəyişməkdir. İstənilən insan bir situasiyada razı olmadığı nəyəsə, digər situasiyada razı ola bilər və burada hər şeyi kənar faktorların təsiri həll edir. Bu səbəbdən, vəziyyətə yeni şərtlər əlavə edib, yaxud mövcud şərtlərdən bir neçəsini çıxarıb, ya da olanını yeniləri ilə əvəzləmək yolu ilə axır ki, tərəf-müqabil üçün «psixoloji komfort» diapazon müəyyənləşdirmək mümkündür. Adətən, vəziyyəti ideal formasına doğru dəyişmək, yəni «psixoloji baryerlərin» təsirini minimuma endirmək daha effektlidir. Gənclərin əks cins nümayəndələrinə tez-tez verdiyi aşağıdakı sual növləri buna nümunə ola bilər: «Mənim öz xasiyyətimdən xoşum gəlmir. Sən necə, mənim xasiyyətli bir həyat yoldaşın (nişanlın, qohumun və s.) olsaydı nə edərdin?», «Mənimlə, etibar edib kimsəsiz səhralıqda tək yol gedərdinmi?», «Çox pulu olan bir nəfər sənə ikinci ailəsi olmaq təklifi versəydi razılaşardınmı?» Və s...

Hansısa tərəddüd - meylin mövcudluğuna işarədir, «heç vədə» cavabı isə hələ heç nəyə işarə deyil - yalnız bu söz dərhal onun dilindən çıxdıqda, məzmununu hərfi mənada yozmaq olar, fikirləşib dedikdə, yox;

2)   Tərəfdaşın meylini üzə çıxarmağın digər üsulu - meylin deyil, meylə zəminin olub-olmamasını araşdırmaqdır. Əgər yuxarıdakı halda hansısa psixoloji baryerlərə əsasən meyli müəyyənləşdirmək əsas idisə, burada meylə əsasən baryerləri müəyyənləşdirmək məsələsi önəmlidir.

Məs., qadınların  daxil olmalarının başlıca səbəbləri, əsasən aşağıdakılardır:

-   Ailədə emosional və ya bir başqa tələbatlarının qədərincə ödənilməməsi; yaxud ailəsi ilə müqayisədə onları daha yaxşı ödəyən birisi ilə rastlaşması və ələlxüsus da, istər-istəməz onunla uzun müddət ünsiyyətdə olmaq (və təbii ki, isinişmək) məcburiyyətində və ya şəraitində qalması (məhz buna görə bir çox kişilər ailələrinin işləməsinə razı olmur);

-   Düşdüyü kollektivdə və ya rəfiqələri arasında bu cür həyat tərzinin norma, dəb kimi qəbul edilməsi; yaxud uşaqkən valideynləri tərəfindən həmin həyat tərzinin ona bu cür yozulması;

-   Nə vaxtsa keçirdiyi psixi sarsıntıların təhtəlşüuruna verdiyi əzablar və onları vaxtaşırı keyitmək, uyuşdurmaq cəhdi;

-   Elə indi keçirdiyi depressiya halından qurtulmaq üçün müxtəlif kompensasiya vasitələri axtarması;

-   Özünəqəsd yolu ilə kimdənsə qisas almaq istəməsi;

-   Ehtiyac və ya nəyisə xilas, nəyisə ört-basdır cəhdindən doğan özünüqurban məcburiyyəti, yaxud hər hansı məqsədi realizə etmək üçün bu yolu ən əlverişli vasitə kimi görməsi;

-   Mənəvi tənhalıq qorxusu;

Və s. və i.a.

Təcrübəli kişilər qadınlara hansısa təklifi verməzdən əvvəl, ilk öncə onlarda bu cür meylin, yaxud meylə zəminin olub-olmamasını araşdırırlar ki, bunun üçün də müxtəlif formalarla məhz sadalanan həmin bu səbəblər barədə sual verib, yalnız bunun əsasında hücum üçün yolun olub-olmaması barədə nəticə çıxarırlar (Məs., ərindən [arvadından] narazılıq faktlarını araşdırıb, sonra «heç bu cür ailədən gecələr də bir kişi [qadın] kimi zövq almaq olmaz» deyərək, «əsas» mövzuya doğru manevr edirlər (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 34, 41-42, 44, 66...). Bir daha təkrar edirik ki, burada istənilən hadisənin, effektin mexanizminin açılmasından məqsəd, təkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmaqdır və bu, bütün hallarda müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların qarşısını onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir).

Yekunda bir şeyi qeyd edək ki, hansısa meylin yoxluğu, hələ hər şeyin bitməsi demək deyil və onu indi-indi də başlayıb formalaşdırmaq olar. Lakin bu, artıq taktika mərhələsinin vəzifəsidir və əlavə zəhmətlər tələb edir. Yaxşı olardı ki, hər şey sizə qədər hazır olmuş olaydı və siz, yalnız «psixoloji baryerləri» dəf etməklə məşğul olaydınız. Ancaq ki, axı siz nəyə görə bir tək kimdənsə istifadə etmək barədə fikirləşəsiniz? Bu vasitələrlə siz kiminsə beynində mövcud olub, ona əziyyət verən hansısa «sıxışdırılmış arzuları» üzə çıxarıb neytrallaşdırmaq, kimisə kiminləsə qovuşdurmaq və s. üçün də istifadə edə bilərsiniz.

Ümumilikdə, sual-cavab bəndi ilə əlaqədar məqbul və qeyri-məqbul olan iki fərqli nüans barədə:

Məqbul olanlar:

Əvvəla - tərəfdaş hər dəfə özünü açdıqca, onun bu addımı alqışlanmalıdır ki, daha da «dərinə» getməyə ruhlansın, məsələn, «Halaldı sənin cəsarətinə», «Afərin, mən səni elə bu cür də tanıyırdım» və s. kimi cümlələrlə. İkinci isə - tərəfdaş, bəzən özünü açmaqda, nəyisə deməkdə tərəddüd edə bilər. Bu zaman onu tələsdirmək, nəyəsə məcbur etmək lazım deyil və bu, əksinə, onun daha da qapanmasına səbəb olar. Yaxşı olardı ki, diqqət yayındırılsın, ona istirahət verilsin. Və bir qədər ordan-burdan söhbət edəndən sonra yenidən o mövzuya qayıdılsın. «Rezonans effekti» axır ki, tərəf-müqabilinizə təkan verəsidir (qeyd olunmalıdır ki, müsahibin fikirlərinin qəfildən tormozlanıb, tərəddüdlü formaya keçməsi, onun ağrılı mövzuya, yaxud sirlərinə gəlib yetişməsinin əlamətidir və psixoanalitikada bu məqam, pasientin düşüncələrinə nüfuz etmək üçün mühüm vasitə kimi tanınır. Lakin adi ünsiyyətdə bu hala interpretasiya vermək bir qədər qəlizdir, çünki bunun səbəbi çox şey ola bilər).

Qeyri-məqbul olanlar (imperativlər):

Əvvəla, sual gözlənilmədən, hazırda gedən söhbətlə əlaqələndirilmədən verilməlidir. Yəni əvvəlcədən hər hansı rəy formalaşmasına imkan yaradılmamalıdır. Məs., inadkarlığın - tərslik, dikbaşlıq, mənəm-mənəmlik, saymazlıq kimi yozulduğu söhbətdə, tərəf-müqabilə sual verilsə ki, «bəs sən inadkarlığı necə qiymətləndirirsən?», təbii ki, çox böyük əksər adamlar («özgələrinin rəyindən asılı adamlar») buna mənfi cavab verəcək. Əksinə, onun prinsipiallıq, qətiyyətlilik kimi yozulduğu məqamlarda isə - müsbət cavab, hansı ki, bunun heç biri onun həqiqi mövqeyi deyil; İkincisi - sual depersonifikasiya etdirilməlidir, yəni tərəf-müqabillə birbaşa əlaqələndirilməməlidir. Məs., «Siz təsadüfən qısqanc deyilsiniz ki?» sualının məqsədi aydın görünmədiyindən, o, tərəfdaşın hürkməsinə, cavabını məsuliyyətlə ölçüb-biçməsinə və quraşdırmasına səbəb olacaq («görəsən, o, bu xasiyyəti mənə nəyə görə sırayır?»); Üçüncü şərt - onun bəyəndiyi xüsusiyyətin ikili səciyyə daşıdığını nəzərə almaqdır. Belə ki, insan təkcə özündə olan yox, həm də olmayıb, olmasını arzuladığı cəhətlərə də, müsbət münasibət bəsləyə bilər. Sıxışdırılmış «Freyd arzuları» olan bu spesifik çalarlar onun kompleks və meyllərini üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Əgər nəzərə alınsa ki, həqiqi dərin dostluq və məhəbbət - xaraktercə əks, zidd, bir-birini tamamlayan adamlar arasında meydana çıxır, o zaman, onun ehtiyac duyduğu cəhətlərin hansı olduğunu müəyyən etməkdə bu nüansın mövqeyi olduqca böyükdür.

Mövqelər arxasında maraqlar, səxavətlər arxasında təmənnalar gizlənir. Təzahürlər yalnız sadəlövhlərin fantaziyalarında öz mahiyyətləri ilə mütabiq olur. İnsanın da həqiqi siması onun həvəslərində, instinktlərində, emosiyalarında, yuxularında, fantaziyalarında, meyllərində, arzularında, heyrətlərində, qorxularında, jest və pozalarında, maneralarında, danışıq və ya hərəkətləri zamanı buraxdığı səhvlərində, təbəssümünün formasında, gözlərinin ifadəsində, tənəffüsünün tezliyində, baxışlarında, sosial vəziyyətində, mimikasında, peşə mənsubiyyətində, bioqrafiyasında, həyat və peşə təcrübəsində, cinsi, etnik, dini, sinfi və i.a. mənsubiyyətində və s. gizlənir. Bunları mənalandıra bilmədən - insanlar üzərində hakimiyyət qazana bilmək qeyri-mümkündür.

Sadalanan bütün bu metodlar insanı tədqiq etməyin, öyrənməyin, tanımağın, onun daxili dünyasına nüfuz etməyin və s. başlıca vasitələri idi. Bunlardan savayı, kiminsə danışıqlarındakı məntiqi uyğunsuzluq, oxuduğu kitab, qəzet, izlədiyi televiziya verilişi, xoşladığı təam, nümayiş etdirdiyi rəftar modeli, saxladığı yadigar, yuxusunun interpretasiyası və s. əsasında onun barədə nəticə çıxarmaq da bu qəbildən olan vasitələrdəndir.

Beləliklə, tərəf-müqabilin kimliyi məlumdur. Onun zəif-güclü cəhətləri, istəkləri, tələbatları, ehtiyacları, arzu və maraqları, xüsusiyyətləri və s. barədə ümumi təsəvvür var. Eyni zamanda, strategiyanız da məlumdur. Qalır, bir təkcə həmin məqsədi həyata keçirmək üçün, tərəf-müqabilin aşkar etdiyiniz bu parametrlərinə uyğun gələn taktikanı seçmək. Bu isə növbəti fəslin mövzusudur.

Cabbar Mämmädovun
"Diplomatik Psixologiya" kitabından

 

0 şərh