Gəlincik və ağ qızılgül

Bir dəfə dükanda satıcı ilə balaca bir oğlanın danışığının şahidi oldum:
— Təəssüf edirəm, amma bu gəlinciyi almaq üçün sənin pulun çatmır.
Bu zaman oğlan üzünü mənə çevirib dedi:
— Əmi, doğrudanmı pulum çatmır?
Pulları saydım və dedim ki, həqiqətən pul çatmır.
Bazarlığın xərcini ödədikdən sonra uşağa yaxınlaşdım. O hələ də gəlinciyi əlində tutmuşdu.
Soruşdum:
— Bu gəlincik sənin nəyinə lazımdır?
— Bu gəlinciyi mənim bacım arzulayırdı. Bunu ona hədiyyə etmək istəyirdim. Lakin indi gəlinciyi anama verməliyəm ki, bacımın yanına gedəndə ona versin.
Gözləri çox qəmgin idi.
— Bacım Allahın yanına gedib. Atam dedi ki, anam da tezliklə onun yanına gedəcək.
Ürəyim az qala dayanacaqdı.
Oğlana dedim:
— Bir halda ki, pulların çatdığını düşünürsən, bəlkə bir daha onları sayaq?
Ona göstərmədən, cəld pullarımdan əlavə edərək yenidən saymağa başladıq. Gəlinciyi almaq üçün kifayət edirdi, hətta artıq da qalmışdı.
Oğlan dedi:
— Allahım, mənə yardım etdiyinə görə sənə təşəkkürümü bildirirəm. Dünən yatmamışdan əvvəl, bazarlıq etmək üçün Allahdan mənə yardım etməsini istədim. Və O məni eşitdi. Mən həm də anama ağ qızılgül almaq üçün bir az pulum olmasını istəyirdim. Amma bu barədə Allahdan heç nə istəmədim. Amma o mənə həm gəlincik, həm də qızılgül almaq üçün kifayət qədər pul verdi. 
Evə getdiyim zaman oğlan uşağı başımdan çıxmırdı. Xatırladım ki, bu yaxınlarda sərxoş sürücünün bir qadın və bir uşağı vurduğu barədə qəzetdə xəbər getmişdi. Qız yerindəcə həlak olmuşdu, qadın isə ağır vəziyyətdə idi. Olmaya bu dükandakı həmin oğlanın ailəsi idi?
Bir neçə gündən sonra gənc qadının dünyasını dəyişməsi barədə qəzetdə xəbər getdi.
Dəfn mərasiminin nə zaman keçiriləcəyini öyrəndim və ora getdim. Amma deyə bilmərəm ki, məni hərəkətə gətirən nə idi.
Qadın tabutda idi, onun sinəsində ağ qızılgül və gəlincik var idi. Bir an təsəvvür etdim ki, oğlana inanmasaydım nələr olardı, dəhşətə gəldim.
Bu hadisəni heç vaxt yaddan çıxartmayacağam. 

Tərcümə və tərtib: Fərid Abdullah.
 

5 şərh

reality_man
əla yazı idi…
babayeva_sabina

bu doğurdan da yaşanmış hadisədi??

 

Farid_Abdullah
Dəqiq bilmirəm, mən tərcümə edərkən axtarış aparıram. Təəssüflər olsun ki, müəllif hüquqlarının pozuntusu bütün dünyada mövcuddur. Bu hekayənin müəllifini tapa bilmədim. Amma inanın ki, gün ərzində bundan daha ürəkağrıdıcı hadisələr baş verir. :(
Ferbara
Sağ olun. Təsirliydi. Peşman olacağımız laqeydliyi etməyək.