Puç olmuş yaxşılıq

Tural Fransadan yenicə qayıtmışdı. Çətin günlər keçirərək təhsil alırdı orda. Bir yandan da umacağı yer yox idi. Gözünü yalnız, alacağı tələbə təqaüdünə dikirdi. Kirayə evdə yaşayıb, ömrünü mütaliə, elmin dərin sirlərinə yiyələnməyə sərf edən özünü tənha hesab edən bu oğlan, hər gün ona xoş olmayan hadisələrlə rastlaşırdı. Lakin özünü pessimistliyə qapatmaq istəmirdi. O uşaqlıqdan yaxşı bir cəmiyyət içində yaşamağı arzu edirdi. Müəllimi dəfələrlə ona, istedadını xalqı, vətəni üçün sərf etməsinin gərəkliliyini xatırladırdı. Tural da sanki, sonsuz sayda artmış zülmə qarşı sinəsini sipər edəcəyi düşüncəsində idi.

İndi o Bakıdadır. Uzun yorğun bir yol qət etmişdi. Hər gün səmimiyyət və gülərüzlülük göstərən, bihudəçilikdən uzaq kollektivdən ayrılmışdı. Boya başa çatdığı vətəni ona yenidən qollarını açıb, ağuşuna almışdı. Lakin qəfil mühit dəyişərək, keçmiş məhlə həyatına dönməsi onu sıxırdı. Özünə yer tapa bilmirdi. 


Yenidən pessimistlik hissləri onu bürüməyə başladı. "Əşşi, bu dünya düzələn deyil, özümü bəlkə boş yerə yoruram?"- deyə daxilindən bir səs ucaldı. Lakin, yenə də müəlliminin sözləri onun zehninə gəldi: «Oğlum, ümidsilik ən böyük məğlubiyyətdir. Heç zaman, insanların sənə qarşı ümidlərini puç etmə. Onlardan naümid olsan da, bil ki, ən sonda sənin ümidlərini dirçəldəcək bir Tanrın var.» Bu sözlər zehninə gələn zaman qəlbindən ucalan alov şölələri iman yağışının sayəsində puç oldu getdi.

Evə çörək almaq lazım idi. Fransada olduğu müddətdə vətənində pullar belə dəyişmişdi… «Lakin insanlar hələ də dəyişmək fikrində deyil.»- deyə, dərdin fikrə gedən Tural başını aşağı salaraq məhəllənin yuxarısında, tində yerləşən çörək dükanına tərəf gedirdi. 

— Salam — deyə, Tural başını qaldıraraq, stulda əyləşmiş kök qıza səsləndi. — Baton çörəkdən iki dənə mənə verərdiz, zəhmət olmasa.
Yerindən qalxan qız, çörək rəflərinə doğru getdi. Sobadan çıxmış çörəklərin ətri pəncərədən çölə çıxaraq, diqqətləri özünə doğru cəmləşdirirdi. Əl yanmasın deyə, iki kardon parçası arasına qoyulmuş çörəyi əlinə alan Tural:
— Nə qədər elədi?
— 60 qəpik.
— Bir dəqiqə, — deyə bir əlini arxa cibinə apardı. Pulları çıxartdı. Diqqətlə qəpiklərə baxıb, satıcı qızın istədiyi məbləği hazırlayıb verdi. 

 Elə dükandan ayrılıb, bir tikə çörəkdən qoparıb ağzına atmışdı ki:
— Salam ay Tural — deyə səs onun fikrini yayındırdı. Bu səs ona yad gəldi. Beynində bu səsin sahibini axtarmağa çalışırdı, tapa bilmirdi. Üzünü arxaya çevirərək, maraqla bərəlmiş gözləri ilə səs sahibinə baxdı.

— Əleykum salam qardaş.
— Deyəsən tanımadın. Ola bilər. Necəsən? — deyib müəmmalı şəxs əlini görüşmək üçün irəli uzatdı.
Kardon arasında bir tərəfi qopardılmış çörəyi sol qolu ilə böyrünə sıxaraq, sağ əlini uzadıb, görüşdü:
— Çox sağol qardaş, yaxşıyam. Sən necəsən?
— Mən də yaxşıyam qardaş. Adın Turaldır deyəsən, Düz deyirəm?
— Bəli, elədir.
— Sən Fransada oxumamısan?
— Hal-hazırda da oxuyuruam. Niyə ki?
— Mən də orada təhsil almışam qardaş.
Turalın sanki, sevincdən gözləri işıqlandı. Fransada tərk edib gəldiyi o səmimi dostlardan birini burada tapdığını güman edib, təbəssüm etdi. Sanki, bu müəmmalı insana daha yaxın olmaq istəyirdi. Hətta beynində dolaşan bir sıra suallar da yadınnan çıxmışdı.
— Bəs sənin adın nədir qardaş?
— Əhməddir. Oradakı tələbələr məni yaxşı tanıyır. Zamanla orada təhsil alan «Azərbaycan tələbələri» qurumuna rəhbərlik də etmişəm.
— Nə gözəl. Çox sevindim qardaş.
— Bilirsən qardaş, sənə bir işim düşüb — deyə Əhməd qəfil sözü dəyişdirdi.
— Buyur qardaş, eşidirəm.
— Uşağımın qəfil qızdırması qalxıb — bir az fasilə verib, başını aşağı saldı — Aptekə getdim, lakin dərmana pulum çatmadı. İmkan varsa, mənə 5 manat verərdin. Anam işdən gələn kimi, ondan alıb, gəlib qaytaracağam.
Bu sözləri eşidəndə Turalın nəfəsi sanki durdu, narahat oldu, qəlbi tez-tez atmağa başladı:
— O nə sözdü qardaşım, bu dəqiqə...

Cibində bir miqdar pul var idi. Səfərdən evə döndüyü gecə atası ona bir miqdar cib xərcliyi vermişdi. Tural elə də pul xərcləməyə meyilli birisi deyildi. Odur ki, yalnız zəruri halda pula müraciət edirdi. Cibindən bir-birinə qarışmış pulları çıxartdı. Yenə də fikrə getdi ki, görəsən 5 manat köhnə pullarla nə qədər edir? Öz cızma-qarasıyla sayıb gördü ki, 9 manat cibində pul var. Fikirləşdi ki, 1 manat ona axşama qədər kifayət edər.
— Buyur qardaş, bu 8 manatı. Bağışla ki, imkanım buna çatır, yoxsa, çox olsaydı artıq da verərdim.- deyə üzü qızarmış, bir az pərt halda cavab verdi — Allah o balaca uşağa tezliklə şəfa versin, qardaş.
Pulu əlinə alan Əhməd təşəkkürünü bildirib, bir daha axşama çatdıracağına dair verdiyi sözünü təzələdi. 

Turalın qəlbinə sevinc dolmuşdu, elə bil dünyanı ona vermişdilər. Bir körpənin sağlamlığı üçün əlindən gələn yardımı göstərdiyi üçün üzü gülürdü. Elə bu dəm əmisi oğlu Ələsgər onu görüb, əli ilə işarə edərək çağırdı:
— Ay Tural, bir mənə bax.

Tural üzündə təbəssüm, əmisi oğlunun yanına yaxınlaşdı:
— Nolub, Ələsgər, salamatçılıqdır?

— Hə, şükr. Mənə bax, birdən çaşıb ona pul zad verərsən ha. — Deyə ciddi baxışla Turala dedi.
Tural bir anlıq duruxdu qaldı. Çaşqın baxışlarla gözlərini Ələsgərin gözlərinə zilləyib, sanki, «Nə üçün axı?» deyərək cavab gözləyirdi.
— Bəlkə də xəbərin yoxdur, o Əhməd adlanan gəda, narkomandır. Dilənmədiyi adam qalmayıb. Hətta uşaqlar deyir ki, keçən səfər kilsəyə gedib keşişdən də «Uşağım xəstədir» adıyla pul dilənib. — Ələsgər sanki, Əhmədin necə əclaf biri olduğunu sübut etmək üçün əl hərəkətləri ilə də başa salmaq istəyirdi — Bax ha, sənə gəlib, ilişib eləməsin. Buralarda onu görsəm, qəşəngcə onu əzişdirəcəyəm.

Dünya Turalın başına fırlandı. O işıqlı gün, sərin hava onunçun bir anlıq Cəhənnəmə çevrildi. Başını yelləyərək sözü yarımçıq kəsib, özünü tez evə çatdırmaq istəyirdi sanki. Elə bil, beyini işləmirdi. Düşünməkdə aciz idi. Özünü bir təhər qapıya çatdırıb, əlləri əsə-əsə qapını açıb həyətə keçdi. pilləkənin aşağı hissəsində oturub bir anlıq fikrə getdi. «Ay Tural, key Tural, nə qədər sənin başın çatmır. Sən hələ də insanları tanımamısan.» — deyə mırıldanmağa başladı. Əli ilə bir- iki yüngül qapaz da vurdu başına. «Mən axı deyirdim, deyirdim ki, bu insanlar düzələn deyil. Ömürüm hədər getdi, insanlıq öyrənməyə. Mən o qədər ağır fənləri öyrənərək əlaçı oldum, amma bir fırıldaqçını tanıya bilmədim. Ax, lənət olsun mənə. Mənim halalca pulumla gedib əyyaşlıq edəcək.» Dodaq altında bu sözləri işlədərək, gözləri doldu, dodaqları əsməyə başladı.
Çörək isə, artıq soyumuşdu. Daha kardona ehtiyac duyulmurdu. Lakin, Turalın təsəlliyə böyük ehtiyacı var idi. Elə bu zaman qəfil yenə də Ustadının bir kəlamı yadına düşdü:

«Oğul, 
pislik bəzi insanların xarakterinə sızmışdır. Onların pislikdən başqa əllərindən bir şey gəlmir. Bəzi insanlar özlərini yaxşı göstərməyə, yaxşılıq etməyə məcbur edirlər. Bir dəstə insanın isə, yaxşılıq qanına işləyib. Bax, Tural, sən məhz o insanlardansan ki, yaxşılıq etmək qanına işləmişdir. Bunu maymaqlıq, keylik kimi qəbul etmə. Bunu unutma ki, bir insan səni bir dəfə aldatsa, qəbahətli bir iş görüb. Lakin ikinci dəfə aldatsa, bil ki, sən axmaqsan.»

Bu sözlər ona təsəlli olacaq yeganə sözlər idi. O necə də müəllimi üçün darıxırdı. Tural bilirdi ki, səsini çıxartsa, hamı onu keylikdə, həriflikdə ittiham edəcək. Lakin, onu burda anlayan birisi yox idi. Odur ki, dərdini udmaq məcburiyyətində idi. Hər halda, sınmış qəlbi düzəlmək bilmirdi. Və öz-özünə deyirdi: «Axı, nə üçün mən insanları birinci dəfədən tanıya bilmirəm?»

Fərid Abdullah
 

2 şərh

asel
təəssüf ki, mən də insanları tanıya bilmirəm. o qədər aldandığım olub. 
seyidova
Hemişe üreyi temiz insanlar hemişe üreyi yalanla,fırıldaqla,pislikle dolan insanlar terfinden aldadılır :(((