Təşəkkür etmədiyimiz təkcə Odur (İbrətamiz hekayə)

 Bu həyatda hər şey bizə Onun əmanəti və onun xatırlatmasıdır.
Deyirlər ki, bəzən insanın həyatında baş verən qəfil hadisə unutqanlıq və qəflət yuxusundan diksindirib oyatma qabiliyyətinə malikdir. İkiəlli insanın çiyinlərindən yapışıb onu silkələyib oyatmaq bəzən bizim borcumuz olur. Bəzən özümüz kimisə ayıltmağa çalışdığımız zaman özümüz məstlik içərisində oluruq. Bu məstlik qəflət şərabıdır ki, ayılmağa cəhd etmədikcə, insanı çox dərin məstliyə salır və xülyalar içərisində yaşamağa məcbur edir. Bu hekayə bu yuxudan qəfil oyanmış Nazilə haqqındadır. İsti yay günlərinnən biri idi. Çöldə sanki bir canlı gözə dəymirdi. Kimisi bir kölgəliyə çəkilmiş, kimisi isə, evdə ona sərinlik verən kondisioner altında uzanmışdı. Sanki hamı axşamı gözləyirdi. Bu axşam onlara yenidən həyata atılmaq üçün ümüd verirdi. Lakin Naziləni nə isti, nə də sərinlik maraqlandırırdı. O bu gün həkim qəbuluna gedib, protez dişlərinin son yoxlanılması prosedurundan keçməli idi. Onun üçün bu çox vacib idi. Qonşu rəfiqələrinin “Ay Nazilə, inan ki, taxma dişlərin çoxu heç də fərli çıxmır.” – kimi ifadələrinə məhəl qoymayaraq, yenə də məqsədində israrlıydı. ***Nazilə 45-50 yaşlarında tək başına yaşayan qadın idi. Bir oğlu əsgərlikdə səngərdə snayperçi tərəfindən vurulmuşdu, digər oğlu və qızı isə, ailəli idilər. Gənc yaşlarından ərini itirmişdi. Nazilənin əri Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Elə həmin andan Nazilənin həyatının qara səhifələri vərəqlənərək, ağır şərait içərisində, min bir əzabla övladlarını böyüdüb, onlara ali savad vermiş və yerbəyer etmişdi.***Bu yandırıcı istinin insanı bihuş etməsinə baxmayaraq, Nazilə bu gün hökmən getməliydi. Çünki, o çox dəqiq bir insan idi. Gecikməyi, məsuliyyətsizliyi sevmirdi. Bir neçə tin aşağıda “Sağlam səhhət” adlı özəl tibbi klinika var idi. Nazilənin rəfiqəsi orada Kəmalə adlı gənc bir həkimi ona məsləhət etmişdi. Kəmalə çox savadlı, bacarıqlı, gülərüz diş həkimi idi. Ondan hələ indiyə qədər heç kəs şikayət etməmişdi. Kəmalənin əri Cavid isə, diş texniki idi. Cavid də çox vicdanlı, saf, halal-harama diqqət edən bir kişi idi. Yaşı da 32-35 civarında olardı. Camaat elə Cavidin də başına and içirdilər. Onun düzəltdiyi protezlər heç vaxt zay çıxmırdı.
Nazilə qabaqcadan qəbul üçün vaxt almışdı. Odur ki, həmişəki kimi 10-15 dəqiqə qabaqcadan gəlib, gözləyənlər üçün ayrılmış kresloda oturub, öz növbəsini gözləyirdi. Bir az keçmiş, Kəmalə həkim onu çağırdı:
— Nazilə xala, buyur, gəl, nəhayət ki, bu gün axırıncı gündür. Sən də artıq rahatçılıqla yemək yeyə biləcəksən.
Nazilə, cəld yerindən durub içəri keçdi, kresloda ayaqlarını uzadaraq yerini rahatladı. O, səbirsizliklə işin nəticəsini gözləyirdi. Elə bu dəm Cavid içəri daxil oldu, salamlaşıb, qutunun içərisindən alt-üst protezləri çıxartdı. Kəmalə protezləri Nazilənin damaqlarına otuzdurdu:
— Hə, Nazilə xala, bir yoxla görək. Gör, incidib eləmir ki? Ağzında tam oturur?
Nazilə, duruxub qalmışdı. Cavid həqiqətən bu işin öhdəsindən məharətlə gəlmişdi. Nazilə seçimində yanılmamışdı. O heç ağzında protez olduğunu belə hiss etmirdi. Nə ağırlıq edir, nə sıxır, nə də ilişirdi.
— Lap əla! Elə bil ağzımda heç nə yoxdur. Bu ki, lap qiyamətdir. – deyə Nazilə, gülümsəndi – Qızım, zəhmət olmasa, bir güzgü ver, baxım.
Güzgüdə dişlərinə baxan qadın, bir anlıq bunların süni olduğunu da unutmuşdu. O üzünü Cavidə çevirərək:
— Ay oğul, Allah səni var etsin. Bu dünyada neynim deməyəsən. Çox sağ ol, çox sağol, qurban olaram sənə, minnətdaram.
— Allah eləməsin, qurbanın qoyun olsun, ay xala. Borcumuzdur- deyə Cavid sanki bu təşəkkürdən yayınıb, onu eşitmək istəmirdi.
— Yox e, sən bilirsən nə etmisən? Sən mənim qəlbimə rahatlıq verdin. Allah səni uca etsin, çox sağol, çox sağol, balalarının xeyrini görəsən, var olasan.
— Ay xala – deyərək Cavid sözə müdaxilə etdi – bayaqdan mənə təşəkkür edirsən. Halbuki, mən sənin ağızına süni bir şeyin qoyulmasında vasitəçilik etmişəm. Nə isti, nə də soyuğu hiss edəcəksən. Boş, sadə bir şeydir. Sən süni olan bu dişlərə görə bayaqdan mənə təşəkkür edirsən. Bizə, təbii dişləri verən Allaha bir dəfə sidq qəlblə təşəkkür etmişikmi? Ona minnətdarlığımızı bildirib, əmrinə müti olaraq bizə əmanət verdiyi bu dişlərin qayğısına qalmışıqmı?!
Naziləni elə bil ildırım vurdu. Həyatı boyunca ona bu cür tutarlı və yuxudan ayıldan bir cavab verən olmamışdı. O, bir anlıq yarı pərt, yarı sevinc halda başını aşağı saldı. Sanki, o illər boyu axtardığı sualın cavabını tapmışdı, qəlbindəki boşluq dolmuşdu.
O, bu gün onun üçün dəyərli olan diş arxasınca getmişdi, amma haradan biləydi ki, dişdən daha vacib bir söz eşidəcəkdi?
Belə isə, biz axırıncı dəfə Allaha nə zaman təşəkkür etmişik?

Fərid Abdullah

0 şərh