Əbu Əli Sinanın musiqi sahəsində olan məharəti

Əbu Əli Sina musiqi sahəsində də öz ustalığını (məharətini) göstərmişdi və bu barədə dastanlar nəql olunub ki, onlardan biri budur:
Deyirlər, Əbu Əli bir şəhərdən başqa bir şəhərə getmək üçün bir karvanla yola düşdü.
Karvan əhlinin onu tanımadıqlarını anlayıb, o da özünü təqdim etmədi.
Gecə vaxtı, bütün karvan əhlinin şirin yuxuda olduqları zaman, ayağa qalxdı və dəvələrin zınqırovlarını açdı. Onları yenidən elə bağladı ki, o günün səhəri, karvan əhli yuxudan durub yola düşdüklərində,  onların hamısı zınqırovların həzin səsindən dəvələrin üstündə yuxuya getdilər.
 
İkinci gecə, yenə də karvan əhlinin yuxuda olduğu zaman o, dəvələrin zınqırovlarını açıb yenidən elə bağladı ki, bu dəfə getdikləri zaman zınqırovların səsindən karvançıların hamısı şadlanmağa başladı, əl çala-çala ayaqlarını (yerə) vura-vura gülməyə başladılar.
Əbu Əli üçüncü gün də həmin işi təkrar gördü.
Lakin bu dəfə zınqırovları açaraq elə bağladı ki, onların hamısı yola düşən zaman kədərlənilər və hətta qəlbi kövrək olanlar ağlamağa başladı.
Bu işdən bütün karvan əhli təəccüb etdi və bu işin div və pərilərin əməli olduğunu güman etdilər.
Lakin dəqiq şəkildə araşdırdıqda, anladılar ki, bu, onlarla birgə səfər edən bir nəfərin işidir və o Əbu Əli Sinadır.
Onu tanıdıqdan sonra, ona qarşı mehribançılıq göstərdilər.


«Fars dili» — T. Rüstəmova
Tərcümə etdi: Fərid Abdullah

0 şərh