Ədalət və müsavatın fərqi nədir?

Çağdaş zamanımızda düşündürücü və tez-tez rast gəlinən suallardan biri də ədalətlə müsavatın fərqidir. Bəzən beyinlərdə yaranan bu sual insanların düşüncələrini qarışdırır. Elə zənn olunur ki, müsavat və ədalət eyni şeydir. Bəzən də müsavat anlamı insanın ürəyinə daha çox yatır. Çünki, adətən insanlar müsavat tələb edirlər (Baxmayaraq ki, insanların çoxu qəlblərində bu fikirə ziddir). Yalnız məsələyə siyasi istiqamətdən baxış keçirtməmək lazımdır. Bu məsələdə ideoloji nəzər daha əvvələ keçirilməlidir. İlk əvvəl ədalətin nə olduğuna nəzər salaq.


Ədalət nədir?

Ədalət ərəb sözüdür. İnsaf, ədalət; haqq, qərəzsizlik, üzgörməzlik, doğruluq, düzlük və s. mənaları özündə cəm edir. İşlədilmə yeri isə fərqlidir. Ədalət məfhumunu iki əsas yerə bölə bilərik:

1. «Hər şeyin öz yerində olması» 
Cəmiyyətdə ədaləti bərpa etmək həmişə çətin məsələlərdən olmuşdur. İnsanlarda fitrətən ədalətə qarşı sevgi olsa da, özləri bu sifətdən qorxmuş və qorxuları onları ədalətə qarşı çıxmağa vadar etmişdir. Bəli, nə qədər acı olsa da belədir. İnsan ədalətdən qorxur. Ədalət həkimin fəhlə, fəhlənin həkim olmasının qarşısını alır. Cinayətkarı azadlıqdan məhrum edir, dürüst insanları azadlığa qovuşdurur. Kainatda nizam-intizamın hökm sürməsi də, ədalətin bariz nümunələrindəndir. Hər şey öz yerindədir. Əgər öz yerində olmasa, nizam intizam pozula bilər. Sual oluna bilər ki, bəs təbii anomaliyalar, insanlarda olan əlillik və ya yoxsulluq bu dünyadakı ədalətsizliyin bariz nümunəsi deyilmi? Xeyr, bu belə deyil. Şikəst doğulmuş uşağın niyə şikəst doğulmasını araşdırdıqda, səbəbini valideynlərində və ya onun şikəst doğulmasına səbəb olan ətraf mühitdə görəcəyik. Yoxsulluq isə, insanların cəmiyyətdə balansı pozmalarından irəli gəlir. İnsanlar ədalətə riayət edib hər şeyi öz yerində qərar versələr, dünya barış içərisində yaşayar. Xülasə, dünya bu günkü durumundan çıxar. Bəs, hər şeyi öz yerində qərar vermək nədir? İlk əvvəl qeyd edək ki, ədalətin əksi zülmdür. Ədalətə riayət edən adil (ədalətli), etməyən isə zalımdir (zülmkardır). Gülə su vermək ədalət, tikana su vermək zülmdür. Bu barədə şair də gözəl demişdir:

Ədalət nədir? Ədalət hər şeyi öz yerinə qoymaqdır.Zülm nədir? Zülm hər şeyi lazım olmadığı yerə qoymaqdır.Ədalət nədir? Ədalət ağacları sulamaq deməkdirZülm nədir? Zülm tikanları sulamaq deməkdir.

2. «Camaatın haqqına riayət etmək»Bu məsələ də qlobal məsələlərdəndir. Cəmiyyətdə hüquq pozuntuları bərbad nəticələrin yaranmasına səbəb olur. Bəzən hüquq müdafiəçiləri və ya mühafizəkarlar tərəfindən insan hüquqlarının pozulduğunu gördükdə, buna təhəmmül edə bilmirik. İnsan öz haqqından keçə bilər, lakin başqasının haqqını əzməyə onun ixtiyarı yoxdur. Bəzən insanlar belə bir sual edir: «Allah məni bağışlayacaq, mən namaz qılır, oruc tutur, həccə gedir, kasıb-kusuba əl tuturam». Xeyr, bu belə deyil. Allah öz haqqını bağışlaya bilər. Lakin bir nəfər başqasının haqqını tapdalasa, onu bağışlamaq ədalətsizlikdir. Oğru bir insanın bağışlanması üçün iki şərt lazımdır: 1. Oğurladıqlarını haqq sahibinə qaytarmaq. 2. Cəmiyyətdə nizam-intizamı pozduğu üçün cəzalandırılmaq. O, törətdiyi əmələ görə peşman olsa, bir daha etməyəcəyinə dair söz versə, cəzasında yüngüllük yaratmaq olar. Bir halda — oğurladıqlarını qaytarıb, haqq sahibindən üzr istəsin!Bu iki mənaya diqqət etdikdən sonra müsavat haqqında olan fikirlərə nəzər salaq. 

Müsavat nədir? Müsavat ərəb sözüdür. Mənası bərabərlik deməkdir. İşlənilmə yerləri isə fərqlidir: İki və ya daha çox şeyin eyni tərzdə olması, qanun baxımından hər kəsin bərabər tutulması, insanlar arasında ictimai və siyasi hüquq cəhətdən ayrı-seçkilik salmamaq və s. kimi işlədilmə yerləri var. 

NəticəTürk yazıçısı Salah Birsel deyir:, "Bunlar, eşitlikten yana olduklarını söyleseler de, yaptıkları işler hep kendi ipliklerini boyamaya dayanır." (Yəni, baxmayaraq ki, bunlar bərabərlik (müsavat) tərəfdarı olduqlarını söyləyirlər, amma gördükləri işlər şəxsi çıxarları üçündür)Hüseyn Rəhmi Pınarın gözəl bir fikri var: "Hürriyet, müsavat diye herkesin ağzına bir parmak bal çaldılar." (Yəni, Azadlıq müsavat deyə hər kəsi gözəl söz və müxtəlif hədiyyələrlə aldadıb, fikrini yayındırdılar) Sual verə bilərsiz ki, bu iki fikri niyə qeyd etdim. Ona görə ki, müsavat tam olaraq cəmiyyətdə ədaləti bərqərar etmək iqtidarında deyil. Müsavat «Bütün insanlar hüquq baxımından eynidir!» sloqanı ilə gözəldir. Lakin ədalət müsavatdan daha irəli olan ideoloji bir əsasdır. Yadıma gəlir, müəllimim bizə gözəl bir misal vurmuşdu. Sinifdə kök bir oğlana işarə edərək dedi: Müsavat bunu tələb edir ki, mən bu oğlana (kök oğlanı işarə edərək) bir kasa bozbaş verim, o oğlana da (arıq bir oğlanı göstərərək). Lakin bu cür etsəm, ədalətsizlik olar. Çünki, birinin tutumu başqa, o birinin ki, tamam başqadır. Ədalət budur ki, tutumu iki kasa bozbaş olana iki kasa, bir kasa ilə kifayətlənən insana bir kasa bozbaş verim."Bəli, təbiətdə də belədir. Ədalət sayəsində balinanın qəlbi öz cisminə görə, sərçənin qəlbi öz tutumuna görə yaradılıb. Bütün sinifə eyni qiyməti vermək ədalətsizlikdir. Onların bacarığına görə qiymət vermək ədalətdir. Lakin hər bir tələbə şagirddir və onların hər biri şagird hüququna malik və buna riayət etməlidirlər. Bu isə, müsavatdır.
Fərid Abdullah.
 

0 şərh