Xacə Nəsirəddin Tusi ilə Fəxr Razinin “Allahı görmək” mövzusunda fikir ayrılığı

Fəxr Razi özünün “Muhəssəl”, “Ərbəin” və “Məfatihul- ğeyb” kimi bəzi əsərlərində Allahı görməyin mümkün olduğunu iddia etmişdir. Xacə isə İmamiyyə etiqadına uyğun (olaraq)  Allahı görməyin (mümkünlüyü fikrini) inkar edərək Fəxr Razinin bu mövzuda dəlillərini rədd etmişdir. İlk öncə bu mövzuda hər birinin  dəlillərini qeyd edib sonra isə təhlil edəcəyik.

         Fəxr Razi “Muhəssəl” əsərinin Allah taalanın sifətlərinə aid bölməsində “Allahı görmək olar, yoxsa yox?” məsələsi barəsində deyir:

“Bizim əqidəmizə görə Allahı görmək olar. Dəlilimiz isə quran ayələri və rəvayətlərdir (nəqli dəlillər).

  1. “Əraf” surəsnin 143-cü ayəsində buyurulur: “Məni görməyəcəksən, lakin dağa tərəf nəzər sal; əgər öz yerində qalsa (qərarlaşsa), məni görə bilərsən!...”. Bu ayədə Allahı görmək dağın öz məkanında qalmasından asılıdır. Dağın məkanda qalması mümkün olduğu üçün deməli Allah taalanı görmək də mümkün olmalıdır. Əgər desələr: “Bu ayədə Allah taalanı görmək qeyri-mümkün şərtdən asılıdır. Çünki hərəkətdə olan dağın qərarlaşması ilə şərtlənmişdir. Hərəkətdə olan dağın aram olması qeyri mümkündür. Deməli Allah taalanı görmək şərtinin reallaşması qeyri mümkün olduğu üçün onu görmək də qeyri mümkündür”. Cavabı budur ki, hərəkətdə olan dağ qərarlaşmasa da lakin dağ olduğu üçün qərarlaşması və hərəkətsiz olması mümkündür. Deməli onunla şərtlənmiş Allahı görmək də mümkün olmalıdır.
  2. “Əraf” surəsinin 143-cü ayəsində deyilir. Musa ibn İmran Allahdan belə istəyir: “İlahi mənə görün ki, səni görüm”. Əgər Allahı görmək mümkün olmasaydı həzrəti Musanın tələbi yanlış və cəhalətdən qaynaqlanacaqdı. Halbuki belə bir məsələ rəva deyildir.
  3. “Qiyamət” surəsinin 23-cü ayəsində deyilir: “ O gün bəzi üzlər şad olacaq və rəbblərinə tərəf nəzər salacaqlar”. “Nəzər salmaq” yəni görmək yaxud görmək üçün gözün hədəqəsini dolandırmaq. Əgər “nəzər salmaq” birinci anlamda olarsa, deməli Allahı görmək mümkün olmalıdır. Əgər ikinci anlamda olsa, ayənin zahiri nəzərdə tutula bilməz. Bəlkə məqsəd elə həmin “görməkdir”. (Burada) səbəb qeyd edilməklə səbəbkar nəzərdə tutulmuşdur. Əgər desələr “ola bilsin ayədən məqsəd “nemət intizarında olmaq” ya da “İlahi savaba nəzər etməkdir”. Cavab budur ki, nemət intizarında olmaq doğru deyil, çünki intizarda olmaq qəm-qüssənin səbəbidir. Halbuki ayədə nemət ifadə edilir. Əgər nəzər salmaqdan məqsəd savaba diqqət yetirməkdirsə “nəzər salmaq” sözünün mənasında baxmaq (royət) ifadəsi gizlin məna kimi nəzərdə tutulmalıdır. Baxmaq ifadəsi gizlin nəzərdə tutularsa deməli savab mənası gizlin olaraq nəzərdə tutula bilməz və çoxluq olacaqdır. Buna görə də ayədən məqsəd elə Allahı görməkdir. Amma Allahı görə bilməyin mümkünsüz olduğunu iddia edənlərin dəlilləri isə aşağıdakı kimidir:
  4. “Ənam” surəsinin 103-cü ayəsi: Gözlər onu (Allahı) görməz. Deyilənə görə bu ayədən əvvəl və sonra Allah taalanın mədhi haqqında söhbət açılır. Deməli bu ayədə gözlər vasitəsi ilə Allahın dərk edilməməsi, Allahın mədhi olmasına görədir. Nəticə etibarı ilə gözlər vasitəsi ilə Allahın dərk edilməsi Allah üçün nöqsan olduğuna görə qeyri-mümkündür.
  5. Əgər Allahı görmək mümkün olsaydı, deməli hal-hazırda Allahı görə bilməliyik. Halbuki görmürüksə deməli Allahı görmək mümkün deyildir.
  6. Əgər Allah görünən olsaydı bir şeyin müqabilində (bərabərində, qarşısında) və ya müqabil hökmündə qərarlaşardı. Məsələn insan özünü görmək üçün güzgünün qarşısında dayanır. Allah bir şeyin müqabilində qərarlaşmadığı üçün deməli onu görmək mümkün deyildir. Bu dəlillər, Allahı görməyi inkar etmir. Birinci dəlil ona görə doğru deyildir ki, ayədə deyilir: Gözlər onu (Allahı) dərk etməz. İdrak, şeyin bütün tərəflərdən (aspektlərdən) görülməsidir. Allah taalanın tərəfləri olmadığı üçün deməli idrak yəni hərtərəfli görmək ifadəsi Allah taala barəsində qeyri-mümkündür. İkinci dəlil də doğru deyildir. Çünki görülənin  və görmək şərtlərinin mövcudluğunu fərz etsək belə yenə də Allahı görmək vacib deyildir. Əgər görməyin vacib olmasını qəbul etsək belə bu xaliq barəsində deyil məxluqat barəsində (doğru) olacaqdır. Onların üçüncü dəlili də doğru deyildir. Çünki onların görmək haqqında şərt kimi irəli sürdükləri “görünən olsaydı bir şeyin müqabilində və ya müqabil hökmündə qərarlaşardı” şərt, mübahisə predmetidir. Mübahisə predmetinə istinad etməklə istədiyimizi isbat edə bilmərik. Əgər görünəni görmək (bir şeyin) müqabilində və ya müqabil hökmündə qərarlaşmalıdır (şərtini) fərz etsək belə lakin bu şərt hazır olan şeyi görmək üçündür qeyb olan şeyi görmək üçün yox.

Xacə Allahı görmək barəsində Fəxr Razinin dəlilərinə belə cavab verir.

         “Əraf” surəsinin 143-cü ayəsi Allah taalanı görməyə dəlalət etməz. Çünki ayədə qeyd edilən “ أن إستقر مکانه əgər dağ öz yerində qərarlaşarsa”  ifadəsi dağa baxmaq üçün şərtdir Allahı görmək üçün yox. Deməli ayənin mənası belədir. “Dağa bax! O zamanki öz yerində qərarlaşdı”. Fəxr Razinin qeyd etdiyi ayə bunu demək istəyir ki, “hərəkət şərtinin olmaması dağın mahiyyətinin sükunətdə olmasını tələb edir” ifadəsi doğru deyildir. Yenə də Fəxr Razinin qeyd etdiyi “şərt mövcuddursa, şərtlənmişin mövcud olması vacibdir” ifadəsi doğru deyildir. Çünki ola bilsin səbəbiyyətin tamamlanması üçün şərtin mövcud olmasının aidiyyəti olmasın. “Qiyamət” surəsinin 23-cü ayəsi də Allahı görməyə dəlalət etmir. Çünki ondan məqsəd Allahın nemətinin intizarında olmaqdır. Həmin ayə insanların behiştə daxil olmazdan öncəki vəziyyətini qeyd etmiş və onlar da tezliklə behiştə daxil olacaqlarının intizarındadırlar. (Bu isə) qəm qüssəyə deyil, şadlanmağa səbəb olacaqdır. Fəxr Razinin həm də “Ənam” surəsinin 103-cü ayəsini “dərk etmək hər tərəfli görmək olduğu üçün Allahı görməyi inkar etmir” (kimi) izah etməsi də doğru deyildir. Çünki “biz günəş və ya odu dərk etdik” deyərkən məqsədimiz günəş və ya odu  hərtərəfli gördüyümüzü nəzərə çatdırmaq deyildir. Buna görə də ayənin “gözlər Allahı dərk etməz və görməz” ifadəsi tam dəlalətdir.

Nəticə:

         Buraya qədər qeyd etdiklərimizdən belə anlaşıldı ki, Fəxr Razi bir neçə ayəni nümunə göstərməklə Allahı görməyin mümkün olduğunu iddia etmişdir. Xacə onun dəlillərini rədd edərək Quran ayələrinin Allahı görməyə dəlalət etmədiyini bildirdi.

         Xacənin mövqeyini gücləndirən amil budur ki, Fəxr Razi Allahı görməyin mümkünlüyü barəsində Qurandan bir neçə ayəyə istinad etsə də lakin Allahı görməyin isbatinda qeyd edilən əqli dəlilləri qəbul etmir. O, Allah taalanı görmək barəsində Əşairənin əqli dəlilini qeyd etdikdən sonra ona şübhə ilə yanaşaraq həmin dəlili rədd edir. Bu barədə “Muhəssəl” və “Məaleme Usuluddin” (kitablarında) fikri belədir:

         “Əşairə deyir: Covhəri (substansiya), uzun cism və aksidensiya kimi görmək mümkündür. “Ərəz (aksidensiya)” da -rəng kimi- görülə bilər. Deməli görmək substansiya ilə aksidensiya arasında müştərək hökmə malikdir. Bu müştərək hökm üçün müştərək səbəb vardır. Bu isə ya hudus (yenidən yaranma) olacaq və ya vücud. Yenidən yaranma yoxluq qeydinə malik olduğu üçün səbəbiyyət səlahiyyətinə malik deyildir (yaranan demək ki, nə zamansa yox olmuşdur). Deməli görməyin səbəbi vücuddan ibarətdir. Allah da mövcud olduğu üçün görülməlidir. Lakin Allahı görmək barəsində bu dəlil zəifdir. Çünki “substansiya” və “aksidensiya” bir- birinin məxluqudur. Yaradılmaq (isə) onlar arasında müştərək hökmdür. Həmin müştərək hökm üçün müştərək səbəb lazımdır. Bu isə “yaradılma” deyildir. Çünki yaradılma, yoxluq qeydinə malikdir. Deməli substansiya və aksidensiyada müştərək olan “vücud”, “məxluq olmağın” səbəbi olmalıdır. Allah da mövcud olduğu üçün deməli məxluq olmalıdır. Bu isə doğru deyildir. Buna görə də Əşairənin Allahı görmək barəsində isbatı doğru deyildir”.

         Allahı görmək barəsində əqli dəlili rədd edən Fəxr Razinin nəqli dəlilləri də iddiasının doğruluğuna kifayət etmir. Çünki onun qeyd etdiyi ayələr açıq-aşkar həmin mənaya yəni Allahı görməyə dəlalət etmirlər. Digər anlayışa işarə etmələri mümkündür. Xacənin qeyd etdiyi kimi. Maraqlı budur ki, İmamiyyənin Əlinin (ə) isbatında qeyd etdikləri ayə və rəvayətlərin açıq – aşkar dəlalət etməsinə baxmayaraq, Fəxr Razi zəif bir ehtimalı rəhbər tutaraq bu mətnlərin Əliyə (ə) təzim və hörmət ifadə etdiyini bildirmişdir. Onların imaməti isbat etməkdə mötəbər olmadığını bildirmişdir. Elə isə Allah taalanı görmək barədə istinad etdiyi ayələrin əks ehtimalı olduğu halda (niyə onlar Fəxr Razi üçün) öz mötəbərliyini qoruyurlar.

         Bundan əlavə Fəxr Razi “Əlməbahisul- məşriqiyyə” də bildirir ki, Allah nə cism, nə substansiya və nə də aksidensiyadır. Görülə bilən şey isə ya cismdir ya da aksidensiya. Əgər Allah, cism və aksidensiya deyilsə onu görmək necə mümkün ola bilər?

        

 İki İslam filosofu Xacə Nəsir Tusi və imam Fəxr Razi arasında ixtilaflı məsələlərin tədqiqi kitabından

Tərcümə etdi: Şahin Yəhyayev

 

 

Oxşar məqalələr

0 şərh