Əgər alın yazısı varsa, nə üçün əməllərimizdə məsuliyyət daşıyırıq?

  

Əgər qədərimiz və ya alın yazımız qabaqcadan yazılıbsa, aldığımız qərarlara görə nə üçün məsuliyyət daşıyırıq? 

Bu sual insan beynini qarışdıran suallardan hesab olunur. Həm də aktual və tez rast gəlinən suallardandır. Qısa və konkret cavab verməyə çalışaq

Sualdan belə anlaşılır ki, insanın taleyi qabaqcadan hesablanıb və yazılıb. Bir sözlə, proqramlaşdırılmış insan öz əməli sərhəddindən çıxmaqda acizdir və o nə edirsə, günahkar sayılmır. Bütün məsuliyyət onun proqramındadır. Misal üçün biz, Hitleri qınaya bilmərik (bu suala əsasən), çünki o bu cür yaradılıb və həyatda tutduğu missiyası qabaqcadan bəlirlənib.  

Alın yazısı və qədər 

Ümumiyyətlə, (inanc dairəsində) əsas sayılan ideologiya baxışını üç qismə ayırd edə bilərik:

1. İnsan proqram üzrə hərəkət edir, bu hərəkətində hər nə iş görsə Allah tərəfindəndir, Allah insanı yaratmamışdan əvvəl onun nə edəcəyini qabaqcadan bilir və insan o işləri görməyə məcburdur. Əlqərəz, belə çıxır ki, Allahın işləri mühakimə oluna bilməz. Bizi Cəhənnəmə də atsa ədalətdir, Cənnətə də.

Bu məsələni tənqid etmək mümkündür, çünki əgər hər şey qabaqcadan proqramlaşdırılıbsa, Cənnət, Cəhənnəm, Mizan-tərəzi, Qiyamət, Sorğu-sual, qəbir evini bir kənara qoyaq, Quranın, peyğəmbərin göndərilməsi gülməli görsənəcəkdir. Cəhənnəmə gedəcəyəmsə, axı nə üçün məni düz yola istiqamətləndirmək üçün Allah bunca zəhmət çəkir? 

2. Allah insanı yaratmış və onu başlı-başına buraxmışdır. İnsan hər bir şeydə azaddır, məcburiyyətlə qarşı-qarşıya deyil. Hər nə etsə edə bilər. Sadəcə olaraq İlahi buyruqlar ona görə göndərilir ki, insan bunlara baxıb, özündə düzəliş aparsın ki, aqibəti pis nəticələnməsin.

Bu məsələyə də irad bildirmək olar. Çünki, insan tam azad deyil, bəlkə də, müəyyən həddlərdə azad hesab oluna bilər. İlk əvvəl insanın azad olma, bir sözlə, azadlıq strukturlarını bəlirləmək lazımdır. 

3. İnsan həm azad, həm də cəbri məxluqdur. Ona bir sıra şeylərdə azadlıq verilmiş, bir sıra şeylərdə azadlıq verilməmişdir. Bir insan həyat dönəminin pazllarını öz əməlləri ilə qurur və demək olar ki, ilkin nöqtəsi, seçim etmək onun bir həftə sonra başına gələcəkləri müəyyənləşdirə bilər. 

Elə isə alın yazısı nədir?

Alın yazısı xalq arasında tale, müqəddəratın insanın əlində olmaması, onun qabaqcadan bəlirlənmiş olmasını ifadə edir. Buna bəzən “qismət” də deyirlər. Misal üçün, pul itdikdə, nəzər pulun nə üçün itdiyindən qaçırılır, bir sözlə, “qismət bu imiş” deyə, təskinlik mənasını yaratmaq, məsuliyyəti boyundan qaçırmaq üçün bir metaforadır. Alın yazısı, qismət kimi məsələlər insanı yalnız inkişafdan saxlayır. Əgər qismət, alın yazısı varsa, o zaman bizim “Kaş ki” ifadəmiz olmamalı idi. “Kaş ki” deyiriksə, demək ki, işin başqa cür də olmasının labüddüyünü qəbul edirik. Bu bir psixoloji durumdur ki, insan daim etdiyi səhvi bir başqasının üstünə atmağa çalışır. Əgər yan-yörəsində adam olmasa, daha böyük qüvvənin boynuna atır. Bu da, Allahdır. Əgər bir insan etdiyi səhvi qəbul etsə, o şam kimi əriyər, bəlkə intihara qədər gedib çıxar. 

Allah bütün müqəddəratımızı bilirsə, biz nə üçün məsuliyyət daşımalıyıq ki?

Allahın müqəddəratı bilməyi, onun bizim işlərdə birbaşa müdaxiləsi olma anlamına gəlmir. Yəni, deyə bilmərik ki, Yezid İmam Hüseynin qətlinə fərman veribsə, günahkar Yezid deyil, bunu Allah belə istəyib. Xeyr, Allah insanın daxili qüvvəsini və potensialını, hətta nəyi seçə biləcəyini bilir. İnsanın bir şeyi könüllü surətdə seçməyi elə Allahın istəyidir. Amma bir insanın şərab içməyi Allahın istəyi anlamına gələ bilməz. Bir müəllim tələbəsinə “Sən hüquq fakültəsinə daxil ola bilməyəcəksən, sənin potensialın buna uyğun deyil” deyir. Lakin tələbə “Xeyr, mən ora daxil olacağam” deyir və imtahanlardan kəsilir. Nəinki, hüquq fakültəsinə daxil ola bilmir, hətta o ili təhsildən də məhrum olur. Gəlib müəllimini günahkar hesab edir, «Sən bunu bilirdin və mənim pis vəziyyətdə qalmağıma səbəbkar da elə sən oldun» deyərək, müəllimi təqsirkar çıxarır. Adətən, məsələlər bu cür olur. Allah Yezidi pak və məsum yaratmışdır, lakin o həyatda bəzi qəbih əməllər törədərək özünü pis insan kimi formalaşdırıb və nəticədə şəxsi “alın yazısı”nı yazmış olub. 

Bir insanın nə qədər qədəri ola bilər ki?

 Bu mühüm sualdır. Bir insanın müxtəlif cür həyat yolu: bir sabit və bir də dəyişkən yollar var. Həmin insanın tam müqəddəratının nə olmasını Allah qabaqcadan bilir və əsla səhv etməz. Misal üçün, bir insanın aqibətinin necə olacağını qabaqcadan bilir, lakin bunu proqramlaşdırmayıb ki, insan hökmən bunu etmək məcburiyyətindədir. Yəni, bir sözlə, bu şərtsiz qeyd kimi aparılmayıb. İndi, insanın müqəddəratının nə olacağını Allah qabaqcadan bilirsə, nə üçün həmin insanı yaradıb məsələsinə gəldikdə isə, bu başqa mövzuya aiddir və bu haqda gələn məqalələrdə hökmən izah verəcəyik. Bir də dəyişik yol var. Məsələn, insan sədəqə verməklə bəlanı özündən dəf edə bilər, qohum-əqrabanı yad etməklə ömrünü uzada bilər. Zina etməklə ömrünü qısalda, çox gülüb, naməhrəmlə çox danışdıqda qəlbini daşlaşdıra bilər. Deməli insan həm cismi, həm də ruhi cəhətdən özündə dəyişiklik apara bilir. O da, seçimi və o seçimə uyğun əməlləri ilə. Əgər mən narkomanlıq edirəmsə, misal üçün, 60 illik ömrümü 35-ə qədər azaldacağam. Bu maddi durumdadır. Lakin, ruhi baxımdan elə naqis əməllər görə bilərəm ki, narkomanlıqdan daha çox ömrümü kəsib aparsın.

Nəticə

Hər bir insanın boynunda məsuliyyət var. Məsuliyyətdən boyun qaçırtmaq üçün “Alın yazısı”, “Qismət” və s. terminlər ortaya çıxmışdır. Hər birimiz etdiyimiz əməllərə görə cavabdehik. Ən gözəl əməllər Allahın bizə bəxş etdiyi lütfdür ki, buna görə Ona təşəkkür etməliyik. Amma hər növ pislik insan əməlinin nəticəsidir, Allah heç zaman insanı pis yola çəkməz. İnsan özü-özünü uçuruma atır. Buna görə də, haram işlərdən çəkinmək lazımdır. Bu əməllər bizim “Alın yazımızı” bəlirləyir və nəticəsi ilə məhvə məhkum oluruq. Allah Quranda zalımların pis əzabla cəzalanacağını bir təqdir kimi buyurmuşdur. Axı, biz zalım olmaqla nə üçün bu düsturun içinə özümüzü salırıq ki? Zalım olmaq üçün də müqəddimə günah əməllər var ki, onları yığa-yığa, yekə bir zülm dağı yaradırıq. Hər bir insan seçimində diqqətli olmalıdır. Düzgün seçim etməkdə müvəffəq olsaq, sonumuz da gözəl aiqbətə yönələcək.

 

Fərid Abdullah

 

2 şərh

BaRLeLiTa
Pis və yaxşı əməllərlə taleyini insan özü yazır. Qismətini həm yaxşı, həm pis tərəfə yönləndirmək, insanın özünnən asıllıdı deyə düşünürəm. Düz qeyd etmisiz ki, insan etdiyi, və ya başına gələn hər hansı bir hadisəni boynunan atmaq istəyərkən belə qismət imiş deyir. Halbuki həyatımızda baş verənlər birbaşa bizim özümüzdən asıllıdır. Hələdə həyatı yətərin qədər sevməyi və qiymətləndirməyi öyrənmədik. İnsanları sevərək, qayğı göstərərək, qəlblərini qırdığımız zaman, bağışla deyə bilməyi öyrəndiyimiz zaman, mənən və ruhən təmizləndiyimiz zaman bizim öz həyatımız başlar. Bax onda həyat bizə eşidirəm və qulluğun da hazıram deyər.
Məhtəl baxıram o insanlara ki, dəfələrlə etdikləri günahlarına görə Allahdan günahlarının bağışlanmasını istəyirlər. İki saatdan sonra yenidən edəcəyin günaha görə yalvarmaqdansa, elə o günahı etməməyə çalışmamız gözəl olmazmı? Bir insan özü öz taleyini və qismətini yazır. Allah yaradar və sənə nəzarət edər, və o nəzarətə görədə həyatını tənzimləyər, buda qismət yox sənin öz əllinlə yazdığın və layiq olduğun həyat olar. 
Yazıya görə təşəkkürlər, bəyəndiyimi xüsusiylə vurğulamaq istərdim. 
2ral
Sual qoyulub,amma cavab hələ də açıqlanmayıb.
Güclü arqument yoxdur,əksinə, insanı daha da çaşdıran məqalə.