Nə üçün bir insan ona məhrəm sayılan birisi ilə evlənə bilməz?

   
   Nə üçün bir insan ona məhrəm sayılan birisi ilə evlənə bilməz?

Sual oluna bilər ki, nə üçün bir kişi və ya qadın ona məhrəm sayılacaq (ana, ata, bacı, qardaş, nənə və s.) kəslərlə evlənə bilməz? Bunun bir dəlil-sübutu varmı?

Sözsüz ki, hikmət sahibi olan Allahın bu iş üçün göstərişi vardır. Belə bir evlilik İslam dininə görə qəti qadağan edilmişdir. Bu hökmün dəlili isə «Nisa» surəsinin 23-cü ayəsidir. Belə ki, bu ayədə buyurulur:
«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»
Bu ayəyə əsasən Allah-Taala kişilərə ana, bacı, bibi, xala, bacı qızı, qardaş qızı və s. ilə evliliyi əbədi haram etmişdir. Düzdür, bu hökmün həqiqəti, fəlsəfəsi bizim üçün aydın deyil. Lakin Quran təfsirçiləri bu ayə barədə bəzi fikirlər söyləmişlər:
1. Bütün insanlar təbii olaraq bu cür insest yaxınlığa nifrət edirlər. Buna görə də az bir dəstə istisna olmaqla bütün qövm və millətlər məharim ilə evliliyi qadağan etmişlər.
2. Məharim arasında ümumi qayda olaraq, cazibə, cinsi təhrikedicilik yoxdur. Çünki, öz aralarında bir-birilərinə qarşı hörmət və ehtiram göstərirlər. Onlar üçün əks cins adi sayılır. Psixoloji cəhətdən onlar qarşı tərəfi özləri üçün sərhədləmişlər. Amma ümumi hal budur ki, insanı əks cinsi ilə yaxınlığa cinsi cazibə təhrik etdirir. Əgər Allah etməsin, insest hadisə gerçəkləşsə belə, bu süst və hissiyyatsız olacaqdır.
3. Məharim olmayan birisi ilə evlilik, ictimai bağları bir-biri ilə bağlayır. İnsanlar doğru hesab edilmiş evlilik vasitəsilə nəsil artırır, digərləri ilə qohumluq əlaqələri qurur və insanlığın rabitəsini möhkəmləşdirirlər. Bir sözlə, özlərini «dörd divar arasında» görmək istəmirlər. (Şeyx Nasir Məkarim Şirazinin «Nümunə təfsiri»ndə bu barədə qeyd edilmişdir. Müraciət edə bilərsiz, c.3, s.327,328)

Qeyd edək ki, bir çox xarici ölkələrdə bu cür insest hadisələri ara-sıra gözə dəyir. Bu da onun göstəricisidir ki, din və iman olmayan yerdə cinayət və fəsad törəyir. Nəzarətsiz qalmış insan vəhşi yırtıcı kimi saldırğan olur.

Hazırladı: Fərid Abdullah
loading...

0 şərh