Özünüqiymətləndirməyə və öz gücünə inamı yüksəltməyə imkan yaradan məsləhətlər.
İnsanın özünə inamı problemini dərindən araşdırmış məşhur Lazarus, bu mühüm hissə əsaslanan bir sıra keyfiyyətləri xüsusi qeyd etmişdir:
1.Öz istəkləri və tələbatları haqqında açıq-aydın danışmaq bacarığı.
2.“Yox” demək bacarığı.
3.Öz hissləri barədə açıq danışmaq bacarığı.
4.Ünsiyyət qurmaq, davam etdirmək və bitirmək bacarığı.
Təəssüflər olsun ki, xalqımızın bəzi ənənələri öz istəkləri barədə danışmağa əsrlər boyu qadağa qoymuşdur.
Müasir psixologiya özünüqiymətləndirməni və öz gücünə inamı yüksəltməyə imkan yaradan aşağıdakı məsləhətləri təklif edir:
1.Çalış özünü başqaları ilə müqayisə etməyəsən (müqayisənin kimin xeyrinə olması əhəmiyyət kəsb etmir). Ən yaxşı yol odur ki, “bugünkü” özünü “dünənki” özünlə” müqayisə edib, “sabahkı” özünü görə biləsən. Təhlil edərək öz keçmişinlə müqayisədə uğur və nailiyyətlərini gördükdə özünlə fəxr etməyi öyrənməyi bacarmaq lazımdır.
2.Özünü olduğu kimi qəbul et. Çox vaxt insanlar başqalarının nailiyyətlərinə nəzər salıb, onların başqalarına heyran olurlar, bununla yanaşı öz dəyərli keyfiyyətlərini və üstünlüklərini görmürlər. Özümüzdə olan keyfiyyətlərə əsaslanmalıyıq və onlardan daha çox əhəmiyyətlə özümüz üçün istifadə etməliyik.
3.Həyatın hər bir hadisəsinə qarşı özünün mümkün alternativ əməl və düşüncələrini hasil etməyi öyrən. Əgər sənin bir yox, bir neçə arzu və ya məqsədin olarsa, ciddi müvəffəqiyyətsizlik məqamında səndə özünə inamsızlıq hissləri ortaya çıxmaz.
4.Heç zaman, heç bir kimsəyə özünü pisləmə, özünə “səfeh”, “bədbəxt”, “bacarıqsız” və s. kimi adlar vermə. Əgər bacarsan, çalış hətta bu haqda düşünməyəsən.
5.Çalış öz istək və tələblərini çox vaxt düz və açıq söyləyəsən. Söylənməmiş və ya tam söylənməmiş istəklər münasibətlərə anlaşılmazlıq, qeyri-müəyyənlik gətirir ki, bu da nəticə etibarı ilə özünə yalnız ziyan gətirir.
6.İnkar etməyi öyrən. “Yox” demək bacarığı şəxsiyyətin yetkinliyini göstərir. Hər dəfə başqasının düşüncələri arxasınca getmək və ya onunla razılaşmazdan əvvəl fikirləş, sən həqiqətən belə düşünürsənmi? Sənə bu lazımdırmı? Öz istəyin kimi hərəkət etmədikdən sonra özünü necə hiss edəcəksən?
7.Öz düşüncələrin hisslər dilində ifadə etmək vərdişini qazan. Belə özünüifadə tərzi psixoloji problemlərin yığılıb toplanmasına imkan vermir, problemin həllini və yoldaşlarla qarşılıqlı anlaşmanı asanlaşdırır.
8.Öz üzərində işlə. Kommunikativ bacarığını (ünsiyyət saxlamaq bacarığı) inkişaf etdir, etika qaydalarını öyrən, özünüinkişafla məşğul ol. Bilən və bacaran insan üçün özünü dəyərləndirməmək həddən ziyadə çox mürəkkəbdir. Yeni işə başlayarkən, təcrübəni artırmaqla və müvəffəqiyyətlər əldə etməklə sən tədricən özünə inamsız və utancaq insandan, bacarıqlı, maraqlı və özünə inamlı insana çevriləcəksən.
Ali məktəblər üçün dərslik , Bakı – 2006
Müəlliflər R.Ə. Cavadov, G.B. Tağıyeva
9 şərh
Ferbara,sükanı belə saxla))
Redaktə elədim. Ancaq alınmadı. Məcburən səhvimi özüm bildirdim ki, mənə səhv tutmasınlar ))
Sag ol, Fidan.
niyə uğur psixologiyası bloquna əlavə etmirsiz? Təsadüfən gördüm,yoxsa heç vaxt bu barədə bilməyəcəkdim.
Məsləhətlər maraqlıdır.
Burada ən vacib bənd məncə dördüncüdür.4.Heç zaman, heç bir kimsəyə özünü pisləmə.Bizim xalqın çox hisəsi özünü kiçiltməyi,imkanlarını zəif östərməyi xoşlayır.Xoşu gəlir ki,özünü kasıb,səfeh,bədbəxt göstərib altdan-altdan iş görsün.
Çox sağ olun.