Evdarlıq elmi haqqında

Nəsirəddin Tusi
Mənzilə olan ehtiyacın səbəbi, onun
əsasları və ən mühüm cəhətləri

    (...) Doğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun zəhməti də valideynin boynuna düşür. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə (...) ehtiyac yaranar və mənzilin Rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar.
    Buraya qədər deyilənərdən məlum oldu ki,  mənzilin, ailənin rüknləri beşdir: ata, ana, övlad, xidmətçi və azuqə. Hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olduğundan mənzilin nizama salınması da həmin tərkibə daxil olanların necə düzülmələri haqqındakı sənətlə müyyənləşdirirlər. Adı çəkilənlər içərisində öz əməyi və səyi etibarilə mühümü ev sahibidir, ona görə də başçılıq və camaatın ixtiyarı ona verilmişdir ki, necə məsləhətdirsə, mənzili də elə idarə etsin. (...) Mənzil başçısı da ərzaq və zumarın miqdarını, mənzil camaatının ehtiyac və rəftarını nəzərə alaraq onları tərifləyib danlamağa, mükafatlandırıb cəzalandırmağa, vədə verib könüllərini almağa, dava-dalaşa yol verməməyə, mübahisələrə son qoymağa, aralarında sülh və dostluq yaratmağa başlamalı, elə etməlidir ki, hərəsi özünə layiq dərəcəyə çatsın, rahat yaşamaları üçün necə lazımdırsa, aralarında elə də əmək bölgüsü və həmkarlıq olsun.
    Bilmək lazımdır ki, burada «mənzil» dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur. Bu, elə xüsusi quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad (...) arasında müəyyən münasibət olmalıdır. Onların yaşadığı yerin taxtadan, daşdan, çadırdan, komadan, ağac kölgəsindən, mağara və ya köhüldən olması məsələnin mahiyyətini dəyişmir.
    Deməli, mənzilqurma sənəti (buna ailəqurma hakimiyyəti də deyirlər) bu camaatın hamısının xeyrinə olan, məişətlərinin təminini asanlaşdıran, mənəviyyatlarının inkişafını sürətləndirən, ümumən mənafeyini müdafiə edən bir elmdir.
    Bütün insan təbəqələri, istər şah, istər rəiyyət, istər alim, istərsə də nadan belə bir tədbir və quruluşa möhtac olduqlarından, hər kəs öz mərtəbəsində, özündən yuxarıdakının, yəni rəislərinin əmrlərinə tabe olmalıdırlar. (...)
    (...) Bilmək lazımdır ki, evdarlıq (ailə saxlamaq) sənətinin ümumi əsası təbibin insan bədəni tərkibləri arasındakı müvazinəti nəzarəti altında saxlamasına bənzər. Bu müvazinət bədənin sağlamlığına, fəaliyyət bacarığının kamilliyinə dəlalət edər. Bu müvazinət (etidal) mövcud olduqca sağlamlıq da davam edər, pozulduqda sağlamlıq da aradan gedər. Üzvlərdən biri zərər gördükdə (təbib) onu müalicə edərkən bütün üzvlərin, xüsusilə ona yaxın olan, rəis üzvün mənafeyini nəzərə alar, birinci növbədə rəis (baş) üzvün, sonra isə o üzvün hayına qalar, bütün üzvlərin mənafeyi üçün həmin üzvün yarılması, ya ona dağ basılması lazımsa, onu da edər, fəsadın başqa üzvlərə keçməməsi üçün hətta onu bədəndən ayırıb kənara atmaqdan da çəkinməz.
    Eləcə də ailə başçısı birinci növbədə ev əhlinin ümumi mənafeyinə riayət etməlidir. Hər şeydən əvvəl, ailənin tərkibi arasında olan müvazinətə və münasibətə fikir verməli, onu olduğu kimi saxlamaq; ya daha münasib şəklə salmaq haqqında düşünməlidir. Sonra təbib bədənin hər üzvünü müalicə etdiyi kimi, o da ailənin hər üzvünü müayinədən keçirməli, onun hayına qalmalıdır. Ailə üzvlərinin hərəsinin bütün ailəyə olan nisbəti bədən üzvlərinin hərəsinin bütün bədənə olan nisbətinə oxşar, bəziləri rəis olar, bəzilər tabe, bir qismi çox əhəmiyyətli olar, bir qismi az. Doğrudur, hər üzvün özünə məxsus öz münasibəti və öz fəaliyyəti olar, lakin bütün üzvlərin qarşılıqlı və şərikli fəaliyyəti ən bitkin fəaliyyət sayılır. Eləcə də hər ailə üzvünün özünə görə öz xasiyyəti, öz təbiəti olar və müəyyən məqsədə çatmaq üçün fəaliyyət göstərər. Beləliklə, bütün fəaliyyətləri məcmusundan evdə istənilən qayda-qanun yaranar. Bir tərəfdən təbib yerində hesab edilər, digər cəhətdən üzvlərin ən əhəmiyyətlisi olan ailə başçısı hər üzvün xasiyyətinə, təbiətinə, qabiliyyətinə və fəaliyyətinə bələd olmalı, onların birgə işinin ən münasib nəticə verəcəyi şəraiti bilməli və onların hərəsini ev saxlamaq, ailə dolandırmaq qayda-qanunlarının tələb etdiyi dərəcəyə çatdırmalı, bir xəstəlik baş versə, aradan qaldırmalıdır.
    Dediyimiz kimi, ev dolandırmaq peşə, sənətə daxil edilməsə də, bir sənətkarlıqdır (...)

N. Tusi. Əxlaqi-nasiri. Bakı, «Elm».
1980, s. 145-147

Ə.Ə.Əlizadə, A.N.Abbasov
Ailə həyatının etika və psixologiyası üzrə Müntəxəbat
Bakı, «Maarif».
1989, s. 139-141

2 şərh

umud600
Məncə də evi idarə etmək böyük sənətkarlıq tələb edir. Yaman çətindir. Buraxılan xəta isə bağışlanmır.
Aysel218
her kes oz evini seliqeli saxlamalidir...vacib deyil boyuk is xanimidir ve s...gerek ev hemise seliqeli olsun :)