Ailə qurmaq və doğru seçim

Ailənin müvəffəqiyyətində ən tə'sirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki mə'lumatsızlıq və qəflətdir. Bə'ziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bə'ziləri isə həyat yoldaşı seçimində yanlış me'yarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün me'yarlardan istifadə olunmasından asılıdır.
Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mə'nəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.
Əgər yalnız maddi və zahiri məsələləri me'yar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Mə'lum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yə'ni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır.
Təcrübədən mə'lum olur ki, bə'zi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bə'ziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.
 

0 şərh