Oruc və axirət savabı

Axirətin tarlası olan dünyaya axirət üçün əkin əkməyə və ticarət etməyə gələn insanoğlunun qazancı ilə bağlı ramazan orucunun hikmətlərindən biri də budur: ramazanda ibadət və əməllərin savabı birə mindir. Hədisin açıq-aşkar bəyanına görə Quran-Kərimin (oxunan) hər bir hərfinin on savabı var, on həsənə (xeyirli əməl) sayılır, on cənnət meyvəsi gətirir. Ramazanda hər bir hərfin on deyil, min... Və Ayətül-Kürsi kimi ayələrin hər bir hərfi minlərlə... Bu, ramazanın cümə günlərində daha da artır. Qədir gecəsində isə otuz min həsənə sayılır. Çünki "Qədir gecəsi min aydan xeyirlidir" ("Qədr" surəsi, 97/3) ayəsində açıq şəkildə ifadə edildiyinə görə min ay otuz min gün edir. Bəli, hər bir hərfi otuz min əbədi meyvələr verən Qurani-Kərim nurani Tuba ağacı (cənnətdə bitən kökü göylərdə budaqlan aşağıda olan ağacın adı) kimi ramazan ayında möminlərə milyonlarla o əbədi meyvələri qazandırır. İndi gəl bu qüdsi, əbədi, xeyirli ticarətə bax, seyr et və düşün. Bu hərflərin qiymətini təqdir etməyənlərin nə qədər itirdiyini anla...Ramazan, sanki, axirət ticarəti üçün faydalı, qazanclı bazardır. Üxrəvi (axirətə aid) məhsul əldə etmək üçün bərəkətli və münbit zəmindir. Əməl və ibadətləri çiçəkləndirən yaz yağışıdır. İlahi Rübubiyyətin səltənəti qarşısında insan ubudiyyətinin (qulluğunun) rəsmi keçididir. Buna görə də insan yemək-içmək kimi nəfsin heyvani ehtiyac və istəklərinə, mənasız işlərə, şiddətlə arzuladığı faydasız iştahaların toruna düşməmək üçün oruc tutmaqla mükəlləf olmuşdur. Sanki, müvəqqəti olaraq cismani hislərindən uzaqlaşıb mələkliyə və ya axirət ticarətinə girən insan dünyəvi ehtiyaclarını müvəqqəti bir kənara buraxmaqla ruhən üxrəviləşərək orucu ilə ALLAHın Saməd isminə aynalıq edir. Çünki ALLAH-Təala Saməddir. Yəni hər şey ona möhtacdır. O, heç nəyə möhtac deyildir. Yəni yeməyə, içməyə və sair şeylərə ehtiyacı yoxdur. Yeməkdən, içməkdən, evlənməkdən uzaq olan mələklər bununla ALLAHın Saməd isminin aynasıdır. İnsanlar da ramazan ayında mələklərə bənzəyib Saməd isminin aynası ola bilərlər.Ramazan bu fani dünyada, fani ömür içində və qısa bir həyatda insana baqi (əbədi) axirət həyatını qazandırır. Bəli, təkcə ramazan səksən illik bir ömrün meyvələrini qazandıra bilər. Qədir gecəsinin isə Quranın açıq bəyanı ilə min aydan daha xeyirli olması bu sirrə qəti dəlildir. Necə ki bir padşah hakimiyyəti müddətində ildə bir dəfə taxta çıxması münasibətilə, yaxud başqa münasibətdə bəzi günləri bayram edir. Həmin gün sadiq təbəəsini ümumi qanunlar dairəsində deyil, xüsusi lütflərlə, maneəsiz, pərdəsiz qəbullarla, xalis iltifatla mükafatlandırır. Eləcə də on səkkiz min aləmin Əzəli və Əbədi Sultanı ALLAH-Təala o on səkkiz min aləmə, baxan uca, şanlı fərmanını - Qurani Kərimi Mübarək Ramazanda nazil etmişdir. Əlbəttə, o ramazanın xüsusi, İlahi bir bayram, Rəbbani bir sərgi və ruhani bir məclis olmasının hikmətidir.Madam ki ramazan belə bir bayramdır, təbii ki, insanın səfil və cismani məşğuliyyətlərdən ayırmaq üçün orucu əmr edəcək. Orucun ən mükəmməli isə mədə kimi bütün duyğulara: göz, qulaq, qəlb, xəyal və fikrə bir növ oruc tutdurmaqdır. Yəni haram edilən şeylərdən, mənasız, boş-boş işlərdən onları çəkindirmək və hər birisinə məxsusi ibadətə sövq etdirməkdir. Məsələn, dilini yalandan, qeybətdən və ədəbsiz sözlərdən uzaqlaşdırmaqla ona oruc tutdurmaq və o dili Quran oxuma, zikir, fikir, təsbeh, salavat və istiğfar kimi şeylərlə məşğul etmək..Məsələn, gözünü naməhrəmə baxmaqdan, qulağım pis şeyləri eşitməkdən çəkindirib gözünü ibrətə və qulağını Haq Söz və Quran dinləməyə yönəltmək.Ən böyük fabrik olan mədəyə orucla istirahət verilərsə, başqa digər kiçik dəzgahlar da asanlıqla ona tabe olar.
 

0 şərh