Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış

Əbulqasim Qureyşi öz kitabında bəzi səhabələrdən nəql edir ki, Zəhra(s.ə)-nın kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, «Quran» ayəsi ilə cavab verirdi. Ondan soruşdum:
- Sən kimsən?
Dedi: 
- «Və de salam olsun sizlərə, tezliklə biləcəklər». («Zuxruf», 89)
Ona salam verib dedim: 
- Sən burada neyləyirsən?
Qadın cavab verdi: 
- «Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz». («Zümər», 37)
Başa düşdüm ki, yolu azıbdır. Soruşdum:
- Cinlərdənsən, yoxsa insanlardan?
Dedi: 
- «Ey Adəm övladları, bəzəklərinizi, zinətlərinizi götürün». 
(«Əraf», 31)
Əmin oldum ki, Adəm övladıdır. Soruşdum: 
- Haradan gəlirsən?
Dedi:
- «Onlar uzaq yerdən səslənərlər». («Fussilət»,44)
Anladım ki, uzaq yoldan gəlir. Dedim:
-Hara gedirsən?
Dedi: 
- «Allah-təala imkanlı şəxslərə Kəbənin həccini vacib etdi». («Ali-İmran»,97)
Onun Məkkəyə getdiyini bilib dedim: 
- Karvandan nə vaxt ayrı düşmüsən?
- «Biz göyləri və yeri və yerin altında olanları altı günə yaratdıq». («Qaf», 39)
Ayədən məlum oldu ki, altı gündür, karvandan ayrı düşüb. Sual etdim: 
- Yemək istəyirsənmi?
- «Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq». 
(«Ənbiya», 8)
Başa düşdüm ki, acdır. Dedim:
- Tələs, tez gəl.
- «Allah-təala heç kimin boynuna gücündən artıq yük qoymaz». («Bəqərə», 286)
İndi də yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim: 
- Gəl dəvəyə min, arxada əyləş.
- «Əgər yerdə və göydə yeganə Allahdan başqa allahlar olsaydı, yer-göy bir-birinə dəyərdi». («Ənbiya», 22)
Demək, mənimlə birgə dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki dəvəyə mindi, dedi: 
- «Pak və münəzzəhdir o Allah ki, bunu bizə müti etdi». (Müti, yəni itaət edən, tabe olan.) («Zuxruf», 13)
Karvana çatan zaman ondan soruşdum: 
- Karvanda sənin qohum-əqraban varmı?
Dedi: 
- «Ey Davud, biz səni Yer üzündə öz xəlifəmiz etdik(qərar verdik)». («Sad»,26)
- «Mühəmməd Peyğəmbərdən başqa bir şey deyildir». («Ali-imran», 144)
«Ey Yəhya, kitabı möhkəm tut». («Məryəm», 12)
«Ey Musa, mənəm Allah». («Qəsəs», 30)
Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Mühəmməd, Yəhya və Musa adında şəxslər vardır. Onları çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan soruşdum:
- Bunlar sənin nəyindir?
- «Mal və övlad dünya həyatının bəzəyidirlər». («Kəhf», 46)
Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə o dedi: 
- «Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli və əmin bir şəxsdir». («Qəsəs», 26)
Qadın bununla onlara deyir ki, mənim muzdumu versinlər.Onlar mənə bir miqdar pul verdilər. Əmn onlardan soruşdum: 
- Bu xanım kimdir?
Dedilər: 
- Bu qadın həzrəti-Zəhra(s.ə)-nın kənizi, bizim anamız Fizzədir. O, iyirmi ildir ki, Quran ayələrindən başqa bir söz danışmır. (Fizzə «Növbə» əhlindən idi. Sonralar Əli(ə.s.)-nin evinə gəlib həzrəti Zəhra(s.ə.)-nın kənizi olmuşdu. Beləliklə, onun gözəl əxlaqından bəhrələnmiş və böyük məqama yetişmiş, Fatimə(s.ə.)-nin ailə üzvlərindən biri olmuşdu.
 

0 şərh