Shine - Parlaq (Film)



Film: Parlaq
Rejissor: Skot Hiks
Ölkə: Avstraliya
Janr: Dram, bioqrafik
İl: 1996
İMDB xalı: 7.6
Film Fiction xalı: 8.0                        

Əgər həyatınızla bağlı verilən qərarların böyük faizi valideynlər tərəfindən qəbul edilirsə. Və bu qərarlar onların dili ilə desək «sənin xoşbəxtliyinçündür» prinspini özündə cəmləşdirirsə. Əslində xoşbəxtliyə aparan yolun kölgəsində əsas məğz onların sizdən keşmişin qisasını almaq istəməsidirsə,  bu zaman  filmə xoş gəldiniz! Bir az qəliz cümlələrlə başlayan təqdimatın daha asan formasına keçirəm. Filmin əsas qəhramanı Devid Helqot adlı biridir. Klassik musiqiylə maraqlananlar üçün bu ad tanışdı məncə. Tanış olmayanlar üçünsə deyim, Devid Helfqot dünyaca məşhur avstraliyalı musiqiçidir. Filmin ssenarisi onun həyat hekayəsinə əsaslanaraq çəkilib. İndi isə başdan başlyaq.            
Devidin atası böyük musiqi həvəskarıdır. Uşaqlıqda musiqi ilə məşğul olmağa başlamaq istəsə də atası buna icazə verməyib. Elə bununla bağlı bir hekayəni atası həmişə Devidə təkrar-təkrar danışardı: «Bir dəfə mən pul yığıb kamança almışdım. Amma evə gətirəndə atam onu əlimdən aldı və qırdı.» Atasının məcburiyyətilə Devid də kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayır.Atası Devidə pianoda çalmağı öyrədir. Devidin zaman keçdikcə pianoda ifa etmə bacarığı ortaya çıxır. Artıq o, kiçik yaşlarında Şopen, Betxoven, Motsart kimi dahi bəstəkarların bəstələrini pianoda mükəmməl çalmağı bacarırdı. Böyüdükcə Devidin pianoçuluq həvəsi daha da artır. Artıq o, region daxilində keçirilən musiqi yarışlarında iştirak etməyə başlayır. Və bütün yarışlarda onun bir məqsədi var — birinci olmaq. Bu məqsəd əslində atasının onun qarşısında qoyduğu məcburiyyət idi. Oğlu hamıdan birinci olmalı idi. Əslində o qarşısında oğlunu yox, özünü görürdü. Keçmişində əldə edə bilmədiyi şansları, çatmadığı böyük musiqiçi olmaq arzusunu oğlunun timsalında qazanmaq istəyirdi. Yarışlarda iştirakından sonra artlq Devidin istedadı başqalarını heyrətə gətirməyə başlayırdı. Hər kəs onun istedadından danışır, qəzetlər ondan yazırdı. Və hər şey bir gün festivallardan birində Devidin qələbə çalmasından sonra dəyişdi. Dəyişikliyə səbəbsə qalib olduğu festival sonrası ona Amerikada musiqi təhsili almağı barədə təklif oldu. Devidi bu təklif sevindirsə də, atası onun qarşısında dayandı. Artıq atası Devidin timsalında özünü yox, ondan daha bacarıqlı olan oğlunu görürdü. Qısqanclıq yarandı. Çünki Devidin babası vaxtilə atasının musiqiçi olmaq istəyinin qarşısına çıxmışdı. Devid məcburən təklifi rədd etməli olur. Artıq atası ilə arasındakı münasibət soyuqlaşmağa başlayır. Amma heç də hər şey sona kimi belə davam etmir. Yazdığım qədər sadəcə filmin başlanğıc hissəsidir. Və hər şey sonra başlayır. Artıq bunu filmə baxdığınız da görəcəksiniz. Bu yazını oxuduqdan sonra vaxt itirmədən filmə baxın. «Həyat bir anda sona çata bilər. Buna görə də həyatı ən yaxşı şəkildə yaşamaq məcburiyyətindəsən. İstədiyin zaman yaşamağı rədd edə bilməzsən. Hər şey sirrlərlə örtülüdür» Filmin mükafatlarından uzun uzadı yazmaq istəmirəm. Amma bunu da qeyd etməliyəm ki, film 7 nominasiyada Oskara namizəd olub. Yalnız filmdə Devidi mükəmməl şəkildə canlandıran Ceofriy Raş Oskarı əldə edə bilib.

Müəllif: Ferat
Yazı «Film Fiction» jurnalının 4-cü sayından götürülmüşdür.
4-dü sayı yükləmək üçün daxil olun!
 

0 şərh