Şuşanın işğalı

Ermənistan Silahlı Qüvvələrinin Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü - ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan Silahlı qüvvələri genişmiqyaslı hücuma keçməli idilər. Həmin vaxt ərazidə artıq könüllü özünümüdafiə batalyonları formalaşmışdı: Ramiz Qəmbərov, kərkicahanlı İslam və Fəxrəddin Səfərovun dəstəsində ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən birində Müdafiə nazirliyinin bir briqadası (komandir Elbrus Orucov) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı. Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi. Şuşa-Laçın qarnizonun komandiri Elbrus Orucov təyin olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi də.

Eyni vaxtda Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov, İran prezidenti Haşimi Rəfsancaninin vasitəçiliyi ilə atəşkəs haqda ilkin razılığa gəlsə də, vəziyyət Ermənistanın xeyrinə doğru dəyişməyə başlayır. 7-8 gün ərzində Ermənistan Silahlı Qüvvələri bütün gücünü səfərbər edərək, Şuşaya «Svadba v qorax» adlı hücum planı hazırlayır. Həmin plana görə, Ermənistan Silahlı Qüvvələri ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücum edəcəkdi. Azərbaycan Silahlı qüvvələri isə atəşkəsin uzunmüddətli olacağına arxayınlaşıb, hərbçiləri kütləvi halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər hərbçidən yeddi yüzü qalır. Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat var idi.

Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli texnikanın ATƏT nümayəndələrinin gözlənilən səfərindən gizlədilməsi üçün Müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu əmr, demək olar ki, ərazidə olan texnikanın məhvi ilə nəticələnir (Azərbaycan Silahlı Qüvvələri tank və PDM-ləri «aşağı zapravka» deyilən yerə çəkmişdilər). Şuşada son döyüşə cəmi 1 tank və 1 PDM qalmışdı. Mayın 7-sindən 8-inə keçən gecə saat 2-yə 20 dəqiqə işləmiş Ermənistan Silahlı Qüvvələri 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şüşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə «Zastava» deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistan Silahlı Qüvvələrinin artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı. Ağır döyüşlər mayın 8-i axşam saat 8-ə qədər getdi - Şuşa həbsxanasında və «aşağı Zapravka»da 777-ci əlahiddə alay böyük itki verdi - bu döyüşdə alayın 132 əsgərindən yüzü həlak oldu. Könüllü batalyonların döyüşçülərindən və Şuşa sakinlərindən də 200 çox adam həlak oldu və ya itkin düşdü. Şuşa uğrunda gedən döyüşlər zamanı bir insident də diqqəti çəkir: axşam saat 8 radələrində Ağdamdan qalxan helikopter (Azərbaycan Silahlı Qüvvələrinə məxsus idi) Azərbaycanın mövqelərini bombardman etdi - deyildiyinə görə, səhvən. Axşam saat 9-a yaxın Şuşada 2 «QRAD» qurğusu, 1 tank və 1 PDM, 30-40 döyüşçü qalmışdı. Ermənistan Silahlı qüvvələri В«aşağı zapravkaВ» deyilən yeri artıq götürmüşdülər. Xəlfəli, Qaybalı və Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan qoşunun Şuşa şəhərini tərk etməsi barədə şəxsən əmr verir. Hətta şəhərdən çıxmaq istəməyən könüllü döyüşçülərdən bəzilərini əmr yerinə yetirilməsə, güllələməklə hədələyirlər. Beləliklə, qoşun Turşsuya çəkilir.

Mayın 8-də şəhərin müdafiəsi üçün Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovu və onun dəstəsini də Zarıslı kəndində qarşılayıb «Şuşa artıq işğal olunub, geri qayıdın» deyirlər. Sonralar tutulan radiodanışıqlardan məlum olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun şəhərdən çıxmasını tələ hesab edərək 1 gün ancaq kəşfiyyat aparırlar. Və Ermənistan silahlı qüvvələri yalnız mayın 9-unda axşam Şuşada arxayınlıqla mövqe tutur. Erməni hərbçilərinin heç bir maneəyə rast gəlməməsi təəccüb doğurur. Belə ki, Xankəndindən Şuşaya gələn yol minalanmalı idi və o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin dediyinə görə, minalanmışdı. Amma minalar işə düşməmiş və Ermənistan ordusu heç bir itki vermədən Şuşaya yerimişdi. Şuşanın işğalına görə cəmi 2 nəfər cəzalandırıldı: batalyon komandiri Nail Kazımov (13 il həbs cəzasına məhkum edildi və sonradan əfv olundu) və keçmiş müdafiə naziri Rəhim Qazıyev (əvvəlcə ömürlük həbs cəzasına məhkum edildi, sonradan təkrar məhkəmə prosesi nəticəsində ona 15 il iş kəsildi. Sonra isə əfv edildi).

Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.
 

8 şərh

papatürk

Azərbaycan ordusunun 4 T-72 tankı,9 БМП,xeyli Qrad,20 minomyotu vardı.Ermənilər də texniki cəhətdən çox güclü deyildi: 2tank,8 BMP,9 minomyot və s.Ermənilər həm də dezinformasiya edir,bizim Şuşadakı qüvvələrimizdən bir qədərini şəhərdən çıxarıb kəndlərin birini müdafiəyə çəkə bilir.


Həmin müharibənin qəhrəmanı isə erməni qüvvələrinin komandanı Arkadiy Ter-Tadevosyan(Аркадий Тер-Тадевосян) oldu.Boynumuza almalıyıq ki,başı hərb işindən çıxamyan Milli Ordu rəhbərlərindən fərqli olaraq erməni tərəfi bizdən üstün idi. Yalan-gerçək bu dpyüşün niyə Dağlarda Toy adlanmasının da tarixi var.Deyirlər ki,Vazgen Sarkisyan Arkadiylə mübahisə edir,Şuşaya hücum planını bəyənmir.Komandos(Arkadini ermənilər belə adlandırır) deyir ki,əgər Şuşanı alsam,sənin toyunu orda edəcəm.Ona görə də simvolik olaraq əməliyyatın adı belə qoyulur.

Əliyev
O söhbəti mən də eşitmişəm.Eybi yoxdur. Vaxt gələr Şuşada biz də toy eliyərik
təpəgöz
Tacəddin Mehdiyev,Rəhim Qazıyev kimi rəhbərliyi,Rusiya kəşfiyyatına işləyən Müdafiə Nazirliyi generalları olan ordusu,başı siyasi maraqlara qarışmış AXC nümayəndələri olan siyasətçiləri,satqın mediası olan ölkəyə hələ bu da azdır.
Bülbülün,Natəvanın,Üzeyirin büstləri Gürcüstanda metallom kimi satılanda,Cümə məscidi,Gövhər-ağa məscidi dağıdılanda bizimkilərin başı başqa şeyə qarışmışdı. Əgər indi Şuşada 25000 azərbaycanlı yox,3600 erməni yaşayırsa,deməli onların bu şəhərə haqları çatır.Papatürk dediyi kimi Ter-Tadevosyanın haqqı var ki,erməni xalqının igidliyindən danışsın.
Şuşanın alınması Azərbaycan hərb tarixi üçün rüsvayçılıqdır.Allah imkan versin ki,bu rüsvayçılıqdan qurtulaq.
təpəgöz

Şuşa və Laçındakı real vəziyyəti Müdafiə Nazirliyi və AXC rəhbərliyi dəqiq bilirdi. Bəs xalqa hansı məlumatlar çatdırılırdı?


— «Azadlıq» qəzeti 1992-ci il 8 may tarixli sayında yazırdı: «Rayon ərazisində sakitlikdir. Şuşa-Laçın yolundakı maneə aradan götürülüb». Bu qəzet yalnız mayın 12-də xəbər verirdi: "Şuşa üçüncü dəfə dağıdıldı və ilk dəfə işğal olundu".


Rəsmi dövlət qəzeti olan «Xalq qəzeti» isə həmin günlər ya Şuşadakı vəziyyət barədə məlumat vermir, yaxud şəhərin müdafiə olunduğu və işğal edilmədiyi haqqında saxta məlumatlar yayırdı.


Mayın 9-da artıq Şuşa işğal olunsa da, ən yüksək səviyyədə bu həqiqət danılırdı. «Xalq qəzeti» 9 may tarixli sayında respublika Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun bəyanatını dərc etmişdir. Həmin bəyanatda deyilirdi: «Erməni hərbçiləri yeni vəhşi hərəkətə yol veriblər. Bu gün səhərə yaxın Şuşa şəhəri şiddətli bombardımana məruz qalıb. Lakin şəhərin müdafiəçiləri düşmənin təzyiqinin qarşısını ala biliblər».
http://www.anl.az/down/meqale/525/525_may2009/78075.htm

bloqçu
Vəhşilik, insafsızlıq, amansızlıq qorxaqların, yazıqların işidir. Yalın ayaq əhalinin üstünə hücum çəkən vicdansızlardan inanmıram ki nə zamansa insafa gələ. Nə bilim, inşallah bir daha işğalın daha bir ilini qeyd etmərik, inşallah torpaqlar alınar, o günləri keçirərik. Şəhidlərimizin də ruhu şad olar..
 
Hər il ümid edirik, dua edirik, amma, uzandıqca uzanır. Allahdan ümid kəsilməz, yenə inşallah deyib səbr edirik ancaq.

Ferbara

Sağ olsun bütün saytlar bu məqaləni özlərində yerləşdirmişlər. Belə copy-paste işinə varam.


Google axtarış saytında nəticələr: Результатов: примерно 2 430

Freddie
Nə demək istəyirsiniz? Şərhiniz tərifə yönəlib yoxsa tənqidi istiqamətə? Hadisəni gözümlə görmədiyim üçün müxtəlif mənbələrdən istifadə etməli olmuşam. Mən bir mənbədən yox, bir neçə mənbədən istifadə etmişəm. Onları da bura yerləşdirmək vətəndaşlıq borcu idi. Tənqid edəndə də məntiqli yolla edin. Belə olmaz…
Ferbara
Əlbəttə ki, tərifə yönəlib. Belə məqalələri daha çox yaymaq lazımdı. Ermənilər olmayan, yalançı informasiyaları hər yerdə yayıb özlərini yazıq kimi göstərirlər, bizi isə irtica dövlət kimi qələmə verirlər. Biz isə onların yalanlarını üzə çıxarmaq üçün daha çox doğru informasiya yerləşdirməliyik, copy-paste olsa belə. Buna görə də bu cür copy-paste işinə varam.