Cinayətkarın şəxsiyyəti

Cinayətkarın şəxsiyyəti dedikdə fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir.
Biofizioloji əlmatlərə cins, yaş, səhhətin vəziyyəti, sinir sisteminin xüsusiyyətləri və s. aid edilir. Sosial-demoqrafik əlamətlərə cins, yaş, ailə vəziyyəti, təhsil, professional məşğuliyyət növü, maddi vəziyyət, məhkumluq haqda məlumatlar aid edilir. Bu əlamətlər öz-özlüyündə subyekti hər hansı cinayəti törətməyə meyilli olan insan kimi xaqrakterizə etməsə də, digər xüsusiyyətlərlə əlaqələndirdikdə həmin insan haqda ətraflı təsəvvür yaradır. Məsələn, tədqiqatlar göstərir ki, cinayətkarlar arasında qadınlara nisbətən kişilər üstünlük təşkil edir. 25-29 yaşlı şəxslər daha çox kriminogen fəallığa malik olur. Onların ardınca 18-24, 14-17, ən nəhayət 30-35 yaşlı şəxslər gəlir. Qətl, sağlamlığa xəsarət yetrimək, soyğunçuluq, oğurluq, xuliqanlıq 30 yaşına qədər şəxslər tərəfindən törədilir. Əksər müəlliflər fikrincə gənclərin kriminogen fəallığı onların aşağı emosional sabitliyi, yüksək impulsivliyi, aqressivliyi, sosializasiyanın lazmi səviyyədə olmaması, sabit həyat planlarının olmaması ilə bağlıdır. Cinayət törədənlərin ümumi təhsil səviyyəsi bir qayda olaraq aşağıdır. Zorakı və zorakı-tamahkar cinayətlər törədən şəxslərin təhsil səviyyəsi aşağıdır. Təhsil səviyyəsi nisbətən yüksək olan şəxslərin arasında az-çox vəzifə cinayətlərinin törədilməsi üstünlük təşkil edir.

Sosial-psixoloji əlamətlərə isə 4 mühüm alt struktur daxil edilir:
1. İstiqamətlər - şəxsiyyətin nisbətən sabit, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərinin məcmusudur (sərvət meyilləri, sosial ustanovkalar, aparıcı motivlər).
2. Təcrübə altstrukturu- bura aparıcı fəlaiyyət formalarının seçimində təzahür edən bilik, vərdiş, adətlər və s. keyfiyyətlər daxildir.
3. Psixi inikas formaları altstrukturu - bunlar idrak proseslərində, emosional vəziyyətdə təzahür edir.
4. Temperament və digər bioloji, irsi cəhətdən şərtlənmiş altstrukturdur.

İntellektual əlamətlərə əqli inkişaf səviyyəsi, biliklərin həcmi, həyat təcrübəsi, maraqların məzmunu və rəngarəngliyi və s. aiddir. Emosional əlamətlərə sinir proseslərinin gücü, müvazinəti, hərəkətliliyi, hislərin dinamikliyi, emosional oyanıqlıq səviyyəsi, müxtəlif qıcıqlayıcıların reaksiyası, gücü və tempi və s. aiddir. İradi əlamətlərə öz fəaliyyətini şüurlu olaraq tənzimləmək qabiliyyəti, qarşıya qoyulmuş məqsədə çatmaq, qərar qəbul etmək və bu qərarı həyata keçirmək qabiliyyəti, dözümlülük, məqsədyönlülük, təşəbbüskarlıq, inadkarlıq və s. aiddir. Funksional əlamətlər (sosial rollar) dedikdə şəxsin müəyyən sosial qrupa mənsub olması və ictimai münasibətlər sistemindəki mövqeyi ilə şərtləndirilən real sosial funksiyalar başa düşülür.

Cinayətkarın şəxsiyyətinin tipologiyası

Cinayətkarların müxtəlif kriteriyalara görə bir çox tipologiyaları məlumdur.
İctimai təhlükəlilik dərəcəsinə görə a.ağıdakı cinayətkar tipləri fərqləndirirlər (Minkovskiyə görə):
I. Təsadüfi tip -  bu tipə təsadüf nəticəsində cinayət törətmiş şəxslər daxildir. Bu şəxslərin cinayətkar davranışı onların ümumi istiqaməti ilə təzad təşkil edir. Bu qrupa ilk dəfə cinayət törədən, lakin şəxsiyyətinin ümumi istiqaməti müsbət olan şəxslər daxildir.
II. Situativ və qeyri-sabit tip - bu tipə daxil olan şəxslərin istiqamətində ümumi qeyri-sabitlik var. Bu qeyri-sabitlik həmin şəxslərin müvafiq konfliktli şəraitdə cinayət törətməsinə zəmin yaradır.
III. Qəzəbli (qəddar) tip
- dəfələrlə cinayət törətmiş və əvvəllər məhkum olunmuş şəxslər bu tipə aiddir.
IV. Xüsusi təhlükəli tip - bura ağır cinayət törətmiş xüsusi təhlükəli residivistlər daxildir. Bu şəxslərdə sabit antisosial yönümlər və dəyərlər sistemi formalaşmışdır.

Cinayətin xarakterinə görə də cinayətkarların 3 tipi fərqləndirilir:
I. Tamahkar tip
- bu şəxslər çox məhdud, eqoist maraqların, maddi tələbatların daim artması ilə xarakterizə olunur. Elmi ədəbiyyatda tamahkar tipə aşağıdakı tiplər aid edilir:
Həris tip
- simic, hərisdir, dəyərli şeyləri onları toplamaq naminə oğlurlayır. Onların daimi iş yeri olur. İş yerində hörmətə malik olurlar. Onlara etibar edirlər. Bu insanların arasında profesionallar da var.
Özünü təsdiqləyən tip - qarət, oğurluq və s. tamahkar əməllər törədir ki, ətrafdakıların gözündə özünü təsdiq etsin. Bu tip hesab edir ki, tamahkar cinayətin törədilməsi insanlara özünü göstərməyin ən uğurlu yoludur.
Dezadaptiv tip
- bura residivistlər aiddir. Onlar üçün oğurluq, qarət və digər mülkiyyət xarakterli cinayətlər mövcudluq, yaşamaq üçün vasitə əldə etməyin yoludur. Onların adətən ailəsi, iş yeri olmur. Orta və yuxarı yaşlı insanlardan ibarətdir.
Ailə tipi - cinayəti ailənin tələbatını ödəmək üçün törədir. Ailənin qidalanmasından tutmuş, övladının təhsilinə qədər. Bu insanlar özləri çox yığımcıl adam ola bilər və özlərinə oğurladıqlarından heç bir şey götürməyə də bilərlər. Bu şəxslər çox da ictimai təhlükəli tip deyillər.
Oyunçu tip - onlar üçün bu cür cinayətin törədilməsi təhlükə və risklə dolu oyundur. Onlar üçün qarət prosesinin özü əhəmiyyətlidir.
Alkoqolizasiya və narkomaniyaya meyilli tip - bura spirtli içki və narkotik maddələrdən patoloji asılı olan insanlar aiddir. Cinayət bu maddələri əldə etmək üçün törədilir.

II. Zorakı tip
- zorakı tip üçün xarakterik cəhət emosional kütlük, impulsivlik, aqressivlik, xüsusi amansızlıq xarakterikdir. Əksər cinayətləri sərxoş vəziyyətdə törədirlər. Zorakı tip cinayətkarlar arasında cinsi xarakterli cinayət törədənləri, eləcə də, qatilləri, xüsusi fərqləndirirlər.
Elmi ədəbiyyatda seksual xarakterli cinayət törədən cinayətkarların aşağıdakı tiplərini fərqləndirirlər:
Ovçu tip - tanımadıqları qadınlara qəfil hücum edir.
Reqressiv tip - 7-14 yaşlılara hücum edir.
Total özünütəsdiq edən tip - zərərçəkmişə hücum etməzdən əvvəl onun yanındakı kişini qətlə yetirir.
Konform tip - qrupun təsiri altında bu xarakterli cinayəti törədir.
Affektiv tip - 7 yaşına qədər qızlara və yaşlı qadınlara hücum edir.
İmpulsiv situativ tip - onlar üçün əlverişli situasiyada bu cinayəti törədirlər.
İmtina edilən tip- əqli gerilik, psixi anomaliyası olan şəəxs öz cinsi tələbatını başqa yolla ödəyə bilmir və bu cinayətə əl atır.
Passiv oyunçu tip - qadınların provokasiyası nəticəsində cinayət törədir.

Zorakı cinayətkarlar arasında qəzəbli və təsadüfi qatilləri də fərqləndirirlər.
Qəzəbli qatillər - çox ciddi xroniki, emosional-psixoloji gərginlik, həyəcanlılıq hesabına ən əhəmiyyətsiz səbəbdən impulsiv hərəkətlər edir, bu yolla daxili gərginliklərini zəiflətməyə çalışırlar. Öz sabit antisosial yönümləri, mənəviyyatsızlıqları ilə fərqlənirlər. Cəmiyyətin tələblərinə riayət edən nümunəvi şəxslərə nifrət edirlər.
Təsadüfi qatillər - bu şəxslər adətən qətli affekt vəziyyətdə qorxudan, ya da zərərçəkənin provokasiyaları nəticəsində törədirlər. Bu şəxslər üçün xarakterik xüsusiyyət davranışın tənzimində, özünə nəzarətdə nöqsanların olmasıdır.
Bir qayda olaraq, bu tip qatillərdə uzunmüddətli neqativ emosional yaşantıların, iztirabların toplanması nəticəsində konfliktli situasiyaları hüquqi yolla həll edə biləcəklərinə inamsızlıq yaranır və onlar bu cür situasiyadan normal çıxa bilmirlər. Nəticədə ekstremal şəraitdə qətl törədirlər.
Qatillər arasında xüsusi olaraq killerlər diqqəti cəlb edir. Killerlərin 90%-ni 20-35 yaşları arasında kişilər təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdə olmuş, hüquq mühafizə orqanlarında işləmiş şəxslər, professional idmançılar, qaynar nöqtələrdə olmuş şəxslərdən ibarət olur, silahla yaxşı davranmağı bacarırlar.
Öz növbəsində killerlərin də müxtəlif tiplərini fərqləndirirlər:
1. Bir profilli killerlər - bunlar profesional killerlərdir, yalnız sifarişlə qətllər törətməkdə ixtisaslaşırlar.
2. Çox profilli killerlər - müxtəlif cinayətlər, o cümlədən sifarişli qətllər törədənlər.
3. Diletantlar
- onlar üçün qətl pul qazanmaq yoludur, lakin daimi gəlir mənbəyi deyil.

Cinayəti törətmək üsuluna görə killerlərin aşağıdakı tipləri fərqləndirilir:
Atıcılar - odlu silah vasitəsi ilə qətl törədirlər.
Snayperlər - qətli uzaq məsafədən törədirlər.
Partlayıcı vasitələrlə qətl törədənlər - bəzən bu şəxslərin partlayıcılarla işləmək təcrübəsi olmur, yaxud keyfiyyətsiz partlayıcı maddələrdən istifadə edirlər, bu da istənilən nəticəyə səbəb olmur. Belə ki, partlayıcı ya lazımi vaxtdan əvvəl, ya da sonra işə düşür.
Digərləri - bu killer qətli soyuq silah, metal, ağac predmetlər, elektrik cihazlar, avtomobil və kimyəvi maddələr vasitəsilə törədir, çox vaxt qətli özünə sui-qəsd kimi qələmə verməyə çalışırlar.
Professional killerlər - yüksək təcrübəli keçmiş hərbiçi, hüquq mühafizə orqanlarının işçisi, atıcı-idmançılardan ibarət olur.
Qeyri-profesional killerlər - bunlar qeyri-profesional, lakin zorakı xarakterli cinayətlər yönümlü şəxslərdir. 
Birdəfəlik killerlər - məişət zəminində sifarişlə qətllər törədir. Bir qayda olaraq onları başqa sifarişli qətllərə cəlb etdikdən sonra arada götürürlər.

Killerləri motivasiya sahəsində zorakı və tamahkar amillər birləşdirir. Profesional killerlər üçün xarakterik xüsusiyyətlər - qorxu hissinin olmaması, soyuqqanlılıq, eqoizm, riskli əməllərə meyil, məqsədə nəyin bahasına olursa olsun çatma, aqressivliyin olmaması, öz emosiyalarına nəzarət edə bilmək, adi şəraitdə aqressiv deyillər, yalnız iş zamanı aqressivlik nümayiş etdirirlər. Bu şəxslərdə qətlə yetirməyə mənəvi, psixololi, fiziki meyillilik var. Onlar təkcə mənfəət axtarmırlar. ancaq öyrəşdikləri, yaxşı bacardıqları işi edirlər. Müəyyən mənada bu işdən mənəvi zövq almağa çalışırlar. Hesab edirlər ki, cəmiyyətdə lazımdırlar, onlara tələbat var. Əksəriyyəti əlverişsiz ailələrdəndir. Çalışırlar ki, zərərçəkmiş haqda çox informasiyaya malik olmasınlar ki, sonra özlərinə təskinlik verə bilsinlər. Hesab edirlər ki, onların öldürdükləri şəxs buna layiqdir. Onlarda robinqud sindromu var. Tamahkar killerlər isə aqressivdirlər. Çox həyəcanlı, inciyən, konfliktlərə meyillidirlər.

III. Tamahkar-zorakı tip
- bu tip yuxarıda nəzərədən keçirdiyimiz tamahkar və zorakı tipin xüsusiyyətlərini özündə cəmləşdirir. Tamahkar-zorakı tip şəxslər cinayətkar mühitdə hökmranlıq, xüsusi amansızlıq və kobudluq nümayiş etdirirlər.
Sosial adaptivlik xüsusiyyətindən asılı olaraq da cinayətkarların iki tipini fərqləndirirlər (Romanovun tipologiyası): sosial adaptiv və sosial dezadaptiv.
Ümumiyyətlə, sosial adaptivlik xüsusiyyəti ən müxtəlif, o cümlədən kriminal situasiyada insanın davranışına, sosial mühitlə münasibətinə, gündəlik davranış taktikası seçməsinə, ətrafdakı insanlarla münasibətinə, müxtəlif konflikləri hüquqi və ya hüquqazidd yollarla həll etməsinə təsir göstərir.

Sosial adaptiv tip
- yüksək emosional-iradi sabitliyə malikdir. Stressə qarşı çox dözümlüdür. Çətin situasiyalarda fəal reaksiya tipi nümayiş etdirir. Sinir sistemi güclüdür. Yaxşı inkişaf etmiş intellektə malikdirlər. Təfəkkürləri çevikdir. Bunların hesabına bu və ya digər cinayətin törədilmə üsulunu asanlıqla mənimsəyir. Təkcə cinayət törədilən zaman yox, həm də sonrakı şəraitdə hüquq-mühafizə orqanlarının tədbirlərinə qarşı aktiv müqavimət göstərir və hadisələrin sonrakı cərəyanını asanlıqla proqnozlaşdıra bilir. Bu insanların çox geniş maraq dairələri, yaxşı yaddaşları, iti qavrayışları var. Onların motivasiya sahəsində nailiyyət motivi üstünlük təşkil edir. Bu şəxslər bilərəkdən cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına məhəl qoymur. Bütün bu keyfiyyətlər hesabına bu şəxsləri bəzən ifşa etmək olmur. Onlar kriminal təcrübəyə əsaslı yiyələnir. Bu tip şəxslər adətən müxtəlif cinayətkar qruplarda lider, aktiv iştirakçı olur. Yüksək sosial adaptivlik xüsusiyyəti qəzəbli və xüsusi təhlükəli tiplərdə müşahidə olunur.  

Sosial dezadaptiv tip
- bu tipli şəxslərdə emosional-iradi sabitlik aşağıdır. Stressə dözümsüzdürlər, nevrotik simptomlar, qeyri-sabit, epileptoid aksentuasiya tipi, psixi anomaliya, psixopatik keyfiyyətlərlə fərqlənirlər. İntellektləri, proqnostik qabiliyyətləri zəif inkişaf edir. Bu subyektlərin davranışları primitiv tələbatlarla şərtlənir. Vaxtlarını əyləncələrdə, spirtli içki içmək, narkotik maddə qəbul etməklə keçirir. Maraq və sərvət meyilləri primitivdir. Ona görə də onlar üçün davranışlarını proqnozlaşdırmaq çətindir. Öz ani tələbatlarını təmin etməyə çalışırlar. Bu tələbatlar həmişə təmin edilə bilmədiyindən bu şəxslərdə nəzarət olunmayan frustrasiya vəziyyəti təzahür edir. Çox güclü aqressivlik nümayiş etdirməklə müxtəlif zorakı cinayətlər törədirlər.
Aşağı sosial-adaptivlik qeyri-sabit, situativ tip cinayətkarlara xasdır. Onlar çox vaxt şəraitdən asılı vəziyyətdə olur, öz emosional iradi sabitliklərini mühafizə edə bilmir, davranışlarına nəzarət etməyi bacarmırlar. Bu səbəbdən də, onlar affektiv təsirlərə, güclü frustrasiyaya asanlıqla məruz qalırlar.


10 şərh

2ral
Diqqət: Passiv oyunçu tip — qadınların provokasiyası nəticəsində cinayət törədir. :-)
Gülnar
Diqqətinizə görə sağ olun ))
azad_mireyev
Çox gözəl mətndi. Killerin nə olduğunu bilirdim. Amma Killerlerin bölündüyü tiplər haqqında məlumatsız idim. Düşünürəm ki, cinayətkarlar haqqında dəyərli məlumatlar ala bildim. Bu mətnə görə sizə təşəkkür eliyirəm. 
kulturoloq
Bu boluqu  yaratdığınıza görə təşəkkür edirəm.Amma boloqu zənginləşdirmək lazımdır!
Gülnar
Çalışaram. Başqa istifadəçilərdə də bu sahəyə aid maraqlı monoqrafiyalar, yazılar varsa bloqda nəşr edə bilərlər. Bircə şablon, dərsliklərdən köçürmələr olmasın.
Türkəl
Hüquq yox, amma sırf kriminalistika və cinayətkarlar sahəsində biliyim var. Amma bilmirəm maraqlı olar, ya yox.
Gülnar
Əslində bu məqalənin özü «hüquq psixologiyası»na aiddir. Vaxtınız və həvəsiniz varsa yerləşdirin məncə:) 
şərh silinmişdir
şərh silinmişdir